MƏQALƏLƏR

Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirilib

  • 18.05.2023

Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclası keçirilib.
İclası açan spiker Sahibə Qafarova bildirib ki, Milli Məclisin xüsusi iclası xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Sahibə Qafarova bu yubiley tədbirində iştirak edən xarici ölkələrin parlament sədrlərini və sədr müavinlərini, millət vəkillərini, beynəlxalq təşkilatların təmsilçilərini, diplomatları, bütün qonaqları Milli Məclisin adından səmimi salamlayaraq qeyd edib ki, xüsusi iclasda xarici ölkələrin 12 parlament sədri, 15 sədr müavini, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçiləri iştirak edirlər. Spiker diqqətə çatdırıb ki, ümumiyyətlə, xarici ölkələrin 228 nəfər nümayəndəsi Bakıya təşrif buyurub, qonaqlarımızın təmsil etdikləri ölkələrin coğrafiyası dörd qitəni əhatə edir və bu gün iclasda hörmətli qonaqların ürək sözləri dinləniləcək.
Sonra Milli Məclisin sədri kürsüyə keçərək böyük şəxsiyyət və müdrik rəhbər Heydər Əliyev haqqında düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.
Spiker Sahibə Qafarova qeyd edib ki, həqiqi milli liderlər həm sağlığında, həm də dünyasını dəyişəndən sonra onların əməllərinin və ideyalarının sönməz nuru mənsub olduqları xalqın həyatına və tale yoluna işıq salır. O, bildirib ki, Azərbaycanın öz tarixi ərzində yetişdirdiyi ən böyük siyasi və dövlət xadimlərindən biri olan Heydər Əliyevin keçdiyi ömür yolu doğma torpağa və xalqa məhəbbət və sədaqət meyarına çevrilmiş, fəaliyyəti dünya siyasət sənəti xəzinəsinə daxil olmuşdur. Onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilmişdir.
Spiker vurğulayıb ki, Heydər Əliyevin dövründə keçmiş SSRİ məkanında İttifaq büdcəsindən dotasiya almayan iki respublikadan birinə çevrilən Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşaya bilməsinə imkan verən zəngin iqtisadi potensial yaradıldı.
Sahibə Qafarova xüsusi vurğulayıb ki, Moskvada çalışanda da Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün qüvvə və bacarığını əsirgəmirdi.
Milli Məclisin sədri Sahibə Qafarova bir məqama diqqəti cəlb edərək bildirib ki, Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi, Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrlərin təhlili göstərir ki, etibarlı və səriştəli siyasi rəhbərlik amili cəmiyyətin və dövlətin inkişafında həlledici rol oynayır. Bu həqiqəti xalqımızın 1988–1993-cü illərin faciəli hadisələri zamanı bir daha yəqin etdiyini vurğulayan Sahibə Qafarova deyib ki, respublika rəhbərliyində bir-birini əvəz edən şəxslərin qeyri-peşəkarlığı, bəzən də xəyanət yoluna düşməsi, müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərc-mərclik, xaos Azərbaycanı fəlakət həddinə gətirib çıxarmışdı. Ermənistandan azərbaycanlıların kütləvi şəkildə qovulması, Sumqayıt fitnəsi, Qanlı yanvar qırğını, xalqımızın maddi və mənəvi sərvətlərinin talan edilməsi, Xocalı soyqırımı, digər faciələr, Şuşanın, Laçının, başqa torpaqlarımızın işğal edilməsi, insanlarımızın öz vətənində didərgin salınması − bütün bunlar Azərbaycana qarşı yönələn məkrli planın mərhələ-mərhələ həyata keçirilməsinin nəticələri idi.
O vaxt çoxlarında Azərbaycanın bu qədər böyük təhlükələrdən qurtulacağına və 1991-ci ildə bərpa etdiyi müstəqilliyini qoruyub saxlayacağına inamın itdiyini deyən Sahibə Qafarova bildirib ki, 1993-cü ilin iyun ayında Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildi, xalqımızın mənliyi və ləyaqəti müdafiə olundu.
Sahibə Qafarova vurğulayıb ki, o vaxt ölkədə cərəyan edən proseslərə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, bu gün müstəqil Azərbaycan dövləti haqqında danışmaq çox çətin olardı. Ulu Öndərin o dövrdəki fəaliyyətinin əhəmiyyəti onun belə bir kəlamında çox dəqiq ifadə olunub: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
Sahibə Qafarova vurğulayıb ki, tale Heydər Əliyevi xüsusi bir missiya üçün seçmişdi və o özü də bunu hiss edirdi. Bu hiss, bu duyğu ona güc verir, başqalarını aciz edən çətinlikləri aradan qaldırmaqda, xalqımız üçün hazırlanmış buxovları qırmaqda ona kömək edirdi.
Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin fəaliyyəti haqqında dediyi sözlərindən sitat gətirib: “Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul etmişdir.
Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir”.
Spiker əminliklə bildirib ki, Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti daim var olacaq, Ulu Öndərin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”.

* * *

Sonra Milli Məclisin xüsusi iclasında iştirak edən xarici ölkə parlamentləri sədrlərinin, parlamentlərin vitse-spikerlərinin, komitə sədrlərinin, parlamentlərarası dostluq qrupları rəhbərlərinin, beynəlxalq təşkilatların başçılarının çıxışları dinlənilib.
Tədbirdə Parlamentlərarası İttifaqın sədri Duarte Paçeko, Misir Nümayəndələr Palatasının sədri Hanafi Qibali, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, İordaniya Nümayəndələr Palatasının sədri Əhməd Ali Safadi, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğızıstan Jokorku Keneşinin sədri cənab Nurlanbek Şakiyev, Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid Əl Alami, Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç, Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula, Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Əlcəzair Xalq Palatası sədrinin müavini Səlim Şennofi, Belarus Parlamentinin Respublika Şurası sədrinin müavini Valeri Belski, Belarus Parlamentinin Nümayəndələr Palatası sədrinin müavini Valeri Mitskeviç, Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviç, Macarıstan Milli Assambleyası sədrinin müavini Şandor Lejak, Malavi Parlamenti sədrinin müavini cənab Madalitso Kazombo, Moldova Parlamenti sədrinin müavini Mixail Popşoy, Pakistan Milli Assambleyası sədrinin müavini Zahid Akram Durrani, Rumıniya Parlamentinin Deputatlar Palatası sədrinin müavini Vasile-Daniel Suçiu, Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin, Rusiya Federal Məclisinin Dövlət Duması sədrinin müavini Aleksey Qordeyev, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası sədrinin birinci müavini Hamad Əl Rahumi, Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk, İtaliya Senatının Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Marko Skurria, Malayziya Nümayəndələr Palatasının Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Tuan Aminolhuda bin Hassan, Türkiyə Böyük Millət Məclisinin Büro katibi, millət vəkili Bayram Özçelik, Türkmənistan Parlamentinin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Beqmurat Muhamedov, Venesuela Parlamentinin İnzibati və xidmətlər daimi komissiyasının sədri Pedro Karreno, Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl Asumi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, Qırğızıstan Parlamentinin 1-ci sədri Medetxan Şeremkulov çıxış ediblər.
Xarici ölkə nümayəndələri bildirib­lər ki, Ümummilli Lider Heydər Əli­yevin yüksək liderlik keyfiyyətləri, uzaqgörənliyi sayəsində müasir Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya və möhkəmləndirməyə nail olub. Onun Azərbaycanın tərəqqisi və inkişafında danılmaz xid­mətlərindən bəhs ediblər. Ulu ön­dərin xilaskarlıq missiyasını uğurla yerinə yetirdiyini vurğulayıblar. Azər­baycanın beynəlxalq səviyyədə tanınmasında, nüfuzunun möhkəmlənməsində Heydər Əliyevin önəmli rolunu qeyd ediblər.
Çıxışlarda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin bir çox çətinlikləri dəf edərək öz əzmi ilə ölkəsinin iqtisadi müstəqilliyinin əsasını qoyduğu qeyd olunub. Onun müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında, Azərbaycan dilinin, zəngin mədəni irsinin qorunmasında müs­təsna xidmətlərindən danışılıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin qurulmasında və inkişafında xidmətləri qeyd olunaraq, onun nəinki Azərbaycan xalqının, dost ölkə xalqlarının da taleyində xüsusi yerinin olduğu bildirilib. Vurğulanıb ki, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasında, iqtisadi potensialının gücləndirilməsində, ölkənin regionda və dünyada nüfuzunun artmasında Heydər Əliyevin müdrik siyasəti önəmli rol oynayıb.
İclasda Heydər Əliyevin bütün türk dünyasının birliyi, həmrəyliyi naminə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər, türk dünyasının beynəl­xalq nüfuzunun güclənməsinə verdiyi böyük töhfələr qeyd olunub. İclas iştirakçıları müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev ideyalarının ölkə Prezi­denti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıblar.
Bildirilib ki, hazırda Azərbaycan mötəbər beynəlxalq təşkilatlarda da dünya ölkələri ilə əməkdaşlığını uğur­la həyata keçirir. Qoşulmama Hərə­katının sədri kimi Azərbaycan səmərəli fəaliyyət göstərir, bir çox mühüm təşəbbüslərlə çıxış edir.
Çıxışlarda dövlətlərarası əlaqələrin inkişafında parlamentlər səviyyəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Parlament diplomatiyasının xüsusi rolundan danışan qonaqlar Azərbaycanın tə­şəb­büsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əlaqələrin möhkəmlənməsinin vacibliyindən bəhs ediblər.
Xarici ölkə nümayəndələri müasir Azər­baycan dövlətinin qurucusu, gör­kəmli siyasi xadim, dahi şəxsiyyət, xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin daim hör­mət və ehtiramla anılacağını bildiriblər. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasına yekun vuran parlamentin sədri Sahibə Qafarova bildirib ki, Böyük siyasi və dövlət xadimi Heydər Əliyev bütün xalqlara və ölkələrə böyük ehtiramla yanaşırdı və Azərbaycanın dostlarının sayının çox olmasına çalışırdı. Çünki bilirdi ki, dövlət öz dostları və tərəfdaşları ilə güclüdür.
Sahibə Qafarova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan naminə yorulmaz fəaliyyəti ilə hələ sağlığında xalqımızın dərin hörmət və məhəbbətini qazanaraq onun qəlbində özünə möhtəşəm abidə ucaltmışdır. Onun ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaqdır. Nə qədər ki Azərbaycan var, Heydər Əliyev də var olacaqdır.