MƏQALƏLƏR

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib

  • 18.05.2023

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə may ayının 10-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qospitalında tədbir keçirilib. Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-vəzifə borclarının icrası zamanı həlak olmuş hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Milli Məclisin deputatı Ziyad Səmədzadə, hərbi ekspert, istefada olan polkovnik Elxan Şıxəliyev, Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev, şəhid ailələrinin üzvləri tədbirdə iştirak ediblər. Hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edən qonaqlar Ulu Öndər Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Həmçinin əlavə edilib ki, Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.
Daha sonra “Heydər Əliyev və 44 günlük Zəfər yolu” sənədli filmi nümayiş etdirilib. Tədbirin rəsmi hissəsinin sonunda Qospitalın komandiri, Əməkdar həkim, tibb xidməti polkovniki Şəmsəddin Heydərov çıxış edərək, gələn qonaqlara minnətdarlığını bildirib. Sonda qonaqlarla xatirə şəkli çəkilib və tədbir musiqi proqramı ilə davam etdirilib.