Aqrar strukturun tam modernləşdirilməsi güclü ixrac potensialina aparan yoldur
Ölkəmiz müstəqillik əldə etdikdən sonra iqtisadiyyat dərin böhran durumuna düşmüşdü. Real vəziyyəti düzgün qiymətləndirən ümummilli lider Heydər Əliyev ölkədə irimiqyaslı islahatlara, o cümlədən aqrar islahatlara başladı.
2001-ci ilin martın 2-də ulu öndər tərəfindən «Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı» təsdiqləndi. Həmin Proqram çox mükəmməl konsepsiya olmaqla makroiqtisadi siyasətin bütün ümumi strateji istiqamətlərini özündə ehtiva edirdi. Kənd təsərrüfatını intensiv inkişaf yoluna çıxarmaq, torpaq islahatları, torpaqdan və təbii ehtiyatlardan, otlaqlardan, biçənəklərdən səmərəli istifadə, meliorasiya və irriqasiya sisteminin yenidən qurulması, kəndin texnika ilə təminatı, təsərrüfatlara yardımların və kreditlərin verilməsi bu Proqramın tərkib hissəsi olmaqla aqrar sahənin inkişafına geniş imkanlar açdı. Sonrakı illərdə, demək olar ki, Proqramda nəzərdə tutulan vəzifələrin bir çoxu öz uğurlu həllini tapdı.
İlk addımlar
Aqrar sahəyə xüsusi diqqət və qayğı göstərən ölkə Prezidenti cənab İlham Əliyevin «Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» və «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» 2004-cü ildə imzaladığı sərəncamları bu sahənin inkişafında dönüş nöqtəsi oldu. Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı və onun davamı olan 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramı kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında, emal sənayesinin inkişafında müstəsna rol oynadı. Görülən tədbirlərin nəticəsidir ki, Dövlət Proqramının birinci mərhələsinin yekun ilində, yəni 2008-ci ildə daxili istehsal hesabına adambaşına orta hesabla 135 kq ərzaq buğdası, 90 kq kartof, 182 kq tərəvəz və bostan bitkiləri, 88 kq meyvə və giləmeyvə məhsulları istehsal edilmişdir. Bu Azərbaycan Respublikasında tətbiq edilən minimum istehlak səbəti tərkibində göstərilən normalardan buğda üzrə 25 faiz az, kartof, tərəvəz, bostan və meyvə-giləmeyvə üzrə isə müvafiq olaraq 2,2, 2,4 və 1,8 dəfə çoxdur. 2008-ci ildə adambaşına 23,4 kq ət, 178 kq süd, 105 ədəd yumurta istehsal edilmişdir ki, bu da islahatlara başlandığı 1996-ci ilə nisbətən ət istehsalında 8 kq, süd istehsalında 44 kq, yumurta istehsalında 31 ədəd artım deməkdir. Uzun illər heyvandarlıq məhsulları idxal edən ölkə kimi tanınan Azərbaycan son 5 ildə ilk dəfə olaraq bu məhsulların ixracına başlamışdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi respublikamızda da ən vacib və təxirəsalınmaz vəzifə əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsidir. Bu sahədə «Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı zəruri tədbirlər görülməkdədir. Ölkədə istehsal olunan ərzaq məhsullarının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması məqsədilə İSO standartlarının respublikamızda tətbiq edilməsi üçün Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılmasına dair təkliflər hazırlanmış, aqrar sahənin prioritetləri müəyyənləşdirilmişdir. Kənd Təsərrüfatı Nazirliyi dünyanın 20-dən artıq ölkəsi ilə iqtisadi, elmi-texniki, baytarlıq və bitkilərin karantini sahəsində ikitərəfli əməkdaşlıq üzrə çoxsaylı Anlaşma Memorandumu və Niyyət Protokolu imzalanmışdır. Həmin sənədlər çərçivəsində genetik ehtiyatlar, bitkilərin yeni məhsuldar sortların, toxumların və tinglərin mübadiləsi, onların qarşılıqlı ekoloji sınaqları həyata keçirmiş, həmçinin seminarlar və konfranslar, treninqlər, aqroinformasiya mübadilələri baş tutmuşdur.
İnnovasiya proseslərinin sürətləndirilməsi vacib məsələdir
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, aqrar sahədə iqtisadiyyatın formalaşması bir neçə mərhələdən keçir. Bazar iqtisadiyyatının tam bərqərar olmasına gedən yol keçid mərhələsindən başlayır. İlkin mərhələdə dövlət mülkiyyətinin özəlləşdirilməsi, müxtəlif formalı təsərrüfatların yaradılması baş verir. Yalnız bundan sonra elmi nailiyyətlərin tətbiqi sayəsində aqrar sahədə əsaslı texnoloji dəyişikliklər həyata keçirilir. İkinci mühüm şərt bu sahədə çalışan işçilərin peşəkarlığı üçün lazım olan bacarıq və vərdişlərin aşılanmasıdır. Bu, hər şeydən öncə, aqrar sahə işçilərinin ümumi təhsil və intellektual səviyyəsi və onların yeni iqtisadi münasibətlərin bütün incəliklərini sistemli şəkildə bilmələri ilə ölçülür. Müasir yanaşma onu tələb edir ki, sahibkarlar, fermerlər və aqrosahənin digər mütəxəssisləri geniş iqtisadi biliyə və dünyagörüşə malik olmaqla yanaşı, həm də texniki-texnoloji səmərənin formalaşdırılması kimi mürəkkəb proseslərdən baş çıxarmağı, bu zəncirə daxil olan bütün amillər arasında mövcud olan qarşılıqlı əlaqələri düzgün qiymətləndirməyi bacarmalıdırlar. Azərbaycana gəlincə, qeyd etmək lazımdır ki, aqrar sahədə innovasiya proseslərinin sürətləndirilməsi vacib məsələ kimi qarşıda durur. Hələ ki, bizdə məhsul istehsalının əməktutumu inkişaf etmiş ölkələrə nisbətən yüksəkdir. Eləcə də, hər bir hektar əkin sahəsinin, hər bir inəkdən sağılan südün məhsuldarlığı aşağıdır.
Digər bir məsələ son məhsulun istehsalçıya çatdırılması ilə bağlı olan problemdir. Bu problemin köklü şəkildə həll edilməsi də innovasiya yönümlü tədbirlərin görülməsini tələb edir. Başqa bir problem haqqında söhbət açmazdan öncə kiçik bir statistikaya nəzər yetirək. 2004-cü ildə Azərbaycanda xüsusi mülkiyyətə verilmiş 1 milyon 365 min hektar torpaq sahəsinin 98,4 faizi özəlləşdirilərək torpaq və əmlak hüququna malik olan subyektlərə paylanmışdır. Əmlakın 69,4 faizi təsərrüfat üzvlərinə paylanmış, 22,3 faizi bələdiyyəyə verilmiş, 8,3 faizi dövlət mülkiyyətində saxlanılmışdır. Bunlar öz yerində. Məsələnin digər tərəfinə diqqət çəkmək istərdik. Belə ki, müstəqillik əldə etmiş hər bir təsərrüfat subyekti istədiyi məhsulu əkib-becərməyə başlamış və bu da sonucda ixtisaslaşdırma aparılmasına imkan verməmiş, istehsalda disproporsiya yaratmışdır. Doğrudur nə əkib-becərməsi sahibkarın, fermerin müstəsna hüququdur. Lakin burada istehsalın tənzimlənməsinə və marketinq işinin qurulmasına ciddi ehtiyac vardır. Bundan başqa, ölkənin iqtisadi rayonlarında məhsulların ərazi üzrə təşkilində uyğunsuzluqlar özünü göstərir. Bunun birinci səbəbi kənd təsərrüfatına yararlı torpaq sahələrinin istifadəsində yol verilmiş nöqsanlar hesabına münbit sahələrdən optimal istifadədə edilməməsi, ikincisi əkinə yararlı olmayan torpaqların münbitləşdirilməsinə yönələn tədbirlərin lazımi səviyyədə aparılmaması, eyni zamanda kənd təsərrüfatı üçün məhsuldar torpaqlardan başqa təyinatlar üzrə istifadə olunmasıdır. Kənd təsərrüfatına yararlı torpaqların erroziyasının qarşısının alınması məqsədi ilə bir sıra kompleks tədbirlər görülməli, bu sahəyə hər il iri həcmli investisiya qoyuluşu həyata keçirilməlidir. Əkinçiliyin intensiv inkişafına mənfi təsir göstərən amillərdən biri də suvarmanın təşkili və tənzimlənməsində mövcud olan problemlər, təsərrüfatdaxili suvarma və kollektorların yaxşı vəziyyətdə olmamasıdır. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkədə daimi fəaliyyət göstərən suvarma kanallarının yalnız 4,1 faizində süni örtüklər vardır və torpaq kanallarda su itkisinin illik həcmi 2,3-3,0 milyard kubmetr təşkil edir. Qeyd etmək yerinə düşərdi ki, hazırda bu istiqamətdə intensiv işlər gedir, su anbarları, su kanalları, nəhəng dəryaçalar tikilir. Dövlət Proqramının ikinci mərhələsi çərçivəsində bu işlərin böyük bir qismi öz həllini tapacaqdır. Lakin bütövlükdə aqrar bölmədə görüləsi işlər çoxdur. Hazırda ölkəmizin bir sıra məhsullarla özünütəminetmə məsələsi aktual vəzifə olaraq qarşıda durur. Bunların sırasında taxılla özünütəminat ön sırada dayanır. Bildiyimiz kimi taxıl strateji məhsuldur, ölkənin ərzaq təhlükəsizliyi konsepsiyasında taxıla olan ililk tələbat təxminən 3,5 milyon ton təşkil edir. Ərzaq buğdasına olan tələbat 2 milyon ton civarındadır.
İdxal və ixrac balansının düzgün tənzimlənməsi, burada ixracın hədəf seçilməsində əsas istiqamətlərdən biri də heyvandarlığın inkişaf etdirilməsidir. Bu sahənin bəzi məhsulları ilə ölkənin özünütəminetmə göstəriciləri aşağıdır. Odur ki, əhalinin istehlak etdiyi ərzağın tərkibində heyvandarlıq məhsullarının mütləq və nisbi artımının təmin edilməsinə nail olunmalıdır. Heyvandarlığın inkişaf etdirilməsində bu gün torpaqla əlaqədar çətinliklər özünü göstərir. Bu hər şeydən öncə, örüş-otlaq yerlərinin məhdudluğu, mal-qaranın sayının artması ilə yemlik məhsullarının istehsalı arasındakı uyğunsuzluqla bağlı yaranan problemlərdir.
İdxaldan ixraca doğru
Aqrar bölmədə bütün sahələr üzrə dərin araşdırma və təhlil aparmaq mürəkkəb məsələdir. Buna bir-iki qəzet məqaləsi kifayət edə bilməz. Burada ümumi problemlərə toxunmaqda məqsədimiz Azərbaycanın ixrac strukturunda üstün sahələri açıb göstərməkdir. Bu mövzuda danışarkən bir-iki bitki növləri haqqında söhbət açmaq tamamilə yerinə düşərdi. Bunlardan biri şərq xurması deyilən meyvədir. Demək olar ki, respublikamızın bütün bölgələrində geniş arealda yayılan xurmanı qədim yunanlar «ilahi qidası» adlandırmışlar. Bu meyvə
çürümür, qurdlamır, ləziz dada və ecazkar gözəlliyə malikdir, ağacları uzun ömürlüdür. Xurma bir çox vitaminlərlə, o cümlədən yodla zəngindir. Xurma çox nadir meyvələr sırasına daxildir və ona dünyanın çox az ölkələrində rast gəlinir. O, xüsusi aqrotexniki qulluq istəmir, məhsulun maya dəyəri çox aşağı qiymətə başa gəlir. Buna baxmayaraq dünya bazarında baha qiymətə satılır. Ölkəmizdə yetişdirilən xurma meyvəsi əsasən Rusiya, Ukrayna, Belarus bazarlarına göndərilir. Digər ölkələrə isə hələlik yol tapa bilməmişik. Bunun əsas səbəbi qablaşdırma, saxlanma və daşınma ilə bağlı olan problemlərdir. Təxmini hesablamalara görə (burada dəqiq hesablama aparmaq çətindir) Azərbaycanda hər il 100 min tondan artıq xurma meyvəsi yetişir. Lakin bu sahədə mövcud potensial bir neçə dəfə çoxdur. Satış qiyməti ucuz olduğuna görə meyvə çox vaxt yığılmayaraq ağaclarda qalır. Xurmadan sok, nektar almaq olar. Bu meyvə qurudulduqda dadlı delikates alınır. Lakin bu sahədə respublikamızda bir dənə də olsun emal müəssisəsi yoxdur. Xurmanı Avropa və dünya bazarlarına çıxarmaqla ölkəyə böyük miqdarda valyuta gətirmək olar. Bu barədə uzun illər söz-söhbət getsə də hələlik heç biri irəliləyiş nəzərə çarpmır. Azərbaycanın təbii-iqlim şəraitində yaxşı yetişən, lakin indiyə qədər diqqət yetirilməyən giləmeyvələrdən biri də çaytikanıdır. Çaytikanından alınan yağ, nektar dünya bazarında çox baha qiymətə satılır. Qax və Göy-göl rayonlarının meşə təsərrüfatlarında hibritləşdirilmiş çaytikanı sahələri var. Demək olar ki, Azərbaycanın bütün dağ və dağətəyi ərazilərində bu giləmeyvə yabanı halda bitir. Həmin ərazilərdə mədəni plantasiyalar salmaq və bu sahəni inkişaf etdirmək aqrar sahəyə böyük töhfə olardı. Bundan başqa Azərbaycanda istixanada yetişən tərəvəz-bostan bitkiləri, faraş kartof, zəfəran, acı istiot, sumax və s. məhsullar yaxşı ixrac imkanları qazana bilər. Son vaxtlar Avropa ölkələrində və Çində bostan bitkilərinin genetik tərkibində aşkarlanan zərərli komponentlər ekoloji cəhətdən təmiz məhsul istehsal edən Azərbaycanın önəmini artırır. Rusiya həmin ölkələrdən gətirilən tərəvəz-bostan məhsullarına embarqo qoyub. Sonradan bu embarqo götürülsə belə onun psixoloji təsirləri qalacaq. Onsuz da Rusiya və digər MDB ölkələrində Azərbaycandan gətirilən məhsullara böyük üstünlük verilir. Bu amilin özü də sahibkarların, fermerlərin və bütövlükdə aqrar sahədə çalışanların işində stimullaşdırıcı rol oynayacaqdır.
İqtisadi münasibətlərin keyfiyyətcə dəyişdiyi, istehsalın yeni əsaslarla inkişaf etdiyi müasir dövrdə aqrar strukturlar üçün təbii resurslardan balanslaşdırılmış şəkildə istifadə edilməsi və iqtisadi cəhətdən səmərəli olması önə çəkilir. Bu isə resurslardan optimal istifadəni, təkrar istifadəni, tullantıların emalını, yeni istehlak bazarlarının tapılması zərurətini ortaya qoyur. Bütün deyilənləri yekunlaşdırsaq, ölkəmizin ərzaq bolluğuna təsir etməklə bərabər, güclü ixrac imkanları yaratmağa təsir göstərə biləcək əsas amilləri sadalamaq olar:
- aqrar sahəyə maliyyə yardımının davamlı şəkildə artırılması;
- innovasiya proseslərinin sürətləndirilməsi;
- aqrar sahə üçün modern kadr hazırlığı;
- torpağın, təbii ehtiyatların bərpası, meliorasiya sisteminin modernləşdirilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması;
- regionlarda məhsul istehsalı və emalının ixtisaslaşdırılması sahəsində tənzimləyici tədbirlər;
- iri kəndli-fermer assosiasiyalarının yaradılması;
- saxlama-soyutma terminallarının şəbəkəsinin genişləndirilməsi;
- aqrar sahədə bazar infrastrukturunun yenidən formalaşması.
Zülfi İlyasov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
|