Azərbaycan iqtisadiyyatı 100 illiyin zirvəsində
Bakı Biznes Universitetində 08 iyun 2023-cü il tarixində Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyinin təqdimatına həsr olunmuş “Azərbaycan iqtisadiyyatı 100 illiyin zirvəsində” mövzusunda müzakirə keçirilib. Müzakirədə akademik Z.Səmədzadə, Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov, universitetin professor-müəllim heyəti və doktorantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Biznes Univeristetinin rektoru İbad Abbasov bütün iştirakçıları salamlayıb və təqdimat-müzakirənin universitetdə keçirilməsindən məmnun olduğunu ifadə edib. Rektor belə mötəbər beşcildliyi ərsəyə gətirdiyinə görə Z.Səmədzadəyə təşəkkürünü bildirib və təbriklərini çatdırıb. O, qeyd edib ki, bu zəngin məlumatları toplamaq, təhlil etmək və gələcək nəsillərə ötürmək çox şərəfli və müqəddəs işdir. Bu, eyni zamanda olduqca böyük məsuliyyət tələb edir. Rektor kitabın bütün ziyalılar üçün qiymətli bir mənbə olduğunu sözlərinə əlavə edib. İ.Abbasov kitabda Azərbaycan iqtisadiyyatının son 100 ildə keçdiyi yolun fundamental tədqiq edildiyini vurğulayıb. Kitab Azərbaycanın iqtisadi inkişaf meyillərini, iqtisadi prosesləri, faktları, mühüm informasiyaları, o cümlədən 400-dən artıq cədvəl və qrafiki özündə ehtiva edir. Bu baxımdan beçcildlik Azərbaycanın sovet dövrü və müstəqillik tarixinin öyrənilməsi və təbliğində xüsusi əhəmiyyətə malik olacaqdır.
İ.Abbasov, həmçinin “Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyinə ən yaxşı şərhin verilməsi üzrə professor-müəllim heyəti arasında qrant müsabiqəsini də elan edib. Daha sonra tədbirdə çıxış edən Ziyad Səmədzadə Bakı Biznes Universitetini 30 illik yubiley münasibəti ilə təbrik edib, universitetə yeni-yeni uğurlar arzulayıb. Akademik Bakı Biznes Universitetinin şərəfli yol keçdiyini, nəinki ölkə daxilində, hətta beynəlxalq miqyasda böyük nüfuza malik olduğunu söyləyib. Z.Səmədzadə qeyd edib ki, “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı kitabı yazmaqda əsas məqsəd Azərbaycan iqtisadiyyatının tarixini dərindən öyrənmək, təbliğ etmək və gələcək nəsillərə ötürməkdir. Hələ 1997-ci ildə ulu öndər Heydər Əliyevin AMEA-nın müxbir üzvləri ilə görüşündə XX əsrdə, eləcə də müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı söylədiyi fikirlər kitabın ərsəyə gəlməsində əsas rol oynayıb.
Müəllif Azərbaycan alimləri tərəfindən ölkənin, xüsusilə XIX əsr iqtisadi tarixinin öyrənilməsindən və yazılan kitabların tariximiz üçün nə qədər əhəmiyyətli olmasından danışıb. “Bu kitab biz və gələcək nəsillərimiz üçün eyni əhəmiyyətə malikdir”, - deyə akademik sözlərinə əlavə edib. Daha sonra Z.Səmədzadə kitabın hər bir cildi barəsində dinləyicilərə məlumat verib və ümumilikdə kitabın ərsəyə gəlməsində 10 minə yaxın arxiv materiallarına müraciət edildiyini söyləyib. Qeyd edilib ki, kitabın I və II cildləri Azərbaycan iqtisadiyyatının müstəqilliyimizin bərpasına qədər olan mərhələdəki inkişaf yoluna həsr edilib. Kitabın III və IV cildlərində müstəqillik illərində ölkəmizdə yeni iqtisadi münasibətlərin yaradılması ilə bağlı məsələlər öz əksini tapıb. V cild isə Qarabağ mövzusuna həsr edilib.
Ziyad Səmədzadə tədbirdə Bakı Biznes Universitetinə 20 ədəd “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyi ilə yanaşı, müəllifi olduğu 15 adda müxtəlif iqtisadi ədəbiyyatları da hədiyyə edib. Tədbirdə çıxış edən i.e.d., prof. İslam İbrahimov akademik Ziyad Səmədzadəni salamlayıb və səmimi təbriklərini çatdırıb. O. kitabın yüksək dəyərə malik olduğunu və böyük həcmdə tədqiqatın aparıldığını qeyd edib. İ.İbrahimov kitabın iqtsadçı alimlərin, tədqiqatçıların dəyərli istinad mənbəyinə çevriləcəyini xüsusilə vurğulayıb.
Sonda universitetin rektoru, i.e.d.,prof. İbad Abbasov bir daha akademik Ziyad Səmədzadəyə təşəkkür edib və fəaliyyətlərində yeni uğurlar arzulayıb.