Heydər Əliyev – gənclərin böyük HAMİSİ
“Bizim xalqımızın, cəmiyyətimizin ən qiymətli sərvəti bizim gənclərimizdir, sizsiniz, əziz Azərbaycan övladları. Siz, Azərbaycanın çiçəklənən gənclərisiniz. Siz, XXI əsrdə Azərbaycan bayrağını daha da yüksəklərə qaldıranlarsınız”.
Ümummilli Lider Heydər Əliyev
Gənclik hər bir ölkənin gələcəyinin təməlidir. Gəncliyin yüksək intellektual biliyə, sağlam ruh və bədənə malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi milli prioritet istiqamətlərdən sayılır. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Tarixi vərəqləsək, şahidi olarıq ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr gəncləri nizamsız, pərakəndə topluma çevirməklə yanaşı, onlarda ciddi mənəvi-psixoloji və idealoji problemlər yaratmışdı. Məhz 1993-cü ildə xalqın istək və tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin səyi nəticəsində bu sahədə bütün problemlər aradan qalxdı. Gəncliyin inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyuldu və dövlət gənclər siyasəti öz bəhrəsini verməyə başladı. Bu qəbildən olan onlarla fəaliyyətin həyata keçirilməsində ümummilli liderin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılmasını və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi. Ümummilli lider Heydər Əliyev gənclər ilə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. H.Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi dövlərdə yüzlərlə yeni tədris ocaqları, gənclər üçün mərkəzlər, hərbi məktəblər açılıb. Minlərlə azərbaycanlı gənc keçmis SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alıb, müasir ixtisaslara yiyələniblər. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar sovetlər ittifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 15000-dən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılıb. Bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırlar.
Xüsusilə vurğulamaq lazımdır ki, 1988-ci ildən 1993-cü ilə qədər ölkə gəncliyi ictimai siyasi proseslərdən kənarda qalmışdı. Onun potensialı lazımınca qiymətləndirilmirdi. Ölkədə gənclər siyasəti demək olar ki, unudulmuşdu. Həmin dövrdə qeyri-sağlam ictimai siyasi vəziyyət təhsil sisteminin iflic hala düşməsinə, gənclərdə sabaha inam hissinin itirilməsinə səbəb olmuşdu. Müxtəlif qrupların hakimiyyət uğrunda çəkişmələrində yeniyetmələrin potensialından sui-istifadə halları gəncliyin mənəvi-psixoloji böhran vəziyyətinə düşməsi ilə nəticələnmişdi. Lakin Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi vəziyyəti kökündən dəyişdi. Ümummilli lider Heydər Əliyev ilk görüşlərindən birini də məhz gənclər ilə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” deməklə ümummilli lider onlara inandığını, inamını ifadə etdi. 2 fevral 1996-cı il Azərbaycan gəncliyinin həyatında yeni dövrün başlanğıcı oldu. Müstəqil Azərbaycanın tarixində həmin gün ümummilli lider Heydər Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Ulu öndərin imzaladığı sərəncamla fevralın 2-si ölkəmizdə gənclər günü kimi qeyd olunmağa başlandı. Qanunlar, fərmanlar, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərdi. Ulu öndər Heydər Əliyevin gənclərə dövlət qayğısı və dəstəyinin başqa bir nümunəsi yenicə müstəqillik qazanmış Azərbaycanda demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə 1994-cü il 26 iyul tarixində “Gənclər və İdman Nazirliyi”nin yaradılması barədə fərmanın imzalanması idi. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başlandı. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tam qətiyyətlə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri özündən sonra Azərbaycanı uğurla inkişaf etdirəcək, ölkəmizi dünya dövlətləri sırasında layiqli zirvələrə daşıyacaq və ötən illərdə başlanılmış böyük layihələri, genişmiqyaslı islahatları müvəffəqiyyətlə həyata keçirəcək uğurlu lideri yetişdirmək olmuşdur. Bu mənada müstəqil Azərbaycan dövlətinin 2003-cü ildən bu günə qət etdiyi inkişaf yolu, əldə etdiyi möhtəşəm nailiyyətlər bu seçimin nə qədər mühüm tarixi əhəmiyyətə malik olduğunu, Azərbaycanın davamlı inkişafı üçün ümummilli liderin siyasi kursunun yeganə düzgün yol olduğunu bir daha sübuta yetirmişdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən dövr Azərbaycan tarixinə sabitlik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Tarixi təcrübə göstərir ki, milli həmrəyliyə malik olan, iqtidar-xalq birliyi yüksək səviyyədə təmin edilən ölkələr qarşıya qoyulan hədəflərə müvəffəqiyyətlə çatırlar. Ölkəmizin də inkişafını fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, Azərbaycanda dövlət siyasətinin müəyyənləşməsində cəmiyyətdən gələn sifarişlər əsas götürülür və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttini məhz xəlqilik təşkil edir. Möhtərəm Prezident İlham Əliyev 2003-cü ildə öz vəzifəsinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının prezidenti olacağam” demişdi. Və ötən dövrdə Prezident İlham Əliyev öz əməli fəaliyyəti ilə xalqımızın böyük dəstək və ehtiramını qazanmış, hər bir vətəndaşımızın prezidenti olduğunu sübuta yetirmişdir. Gənc dövlətin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi, uzaqgörənliyi sayəsində mümkün olmuşdur.
Azərbaycanın əldə etdiyi genişmiqyaslı nailiyyətlər dövlət başçısının qətiyyətli, yaradıcı və milli maraqlara söykənən fəaliyyətinin nəticəsidir. Ölkəmizin hərtərəfli inkişafı ciddi konseptual əsaslara malikdir və hər bir sahə üzrə bitkin, siyasi, iqtisadi və sosial cəhətdən əsaslandırılmış fəaliyyət proqramları həyata keçirilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür. Bu müstəqil siyasət, ilk növbədə Azərbaycan xalqının iradəsinə əsaslanır və xalqımızın maraqlarını təmin edir. Ölkəmizin dinamik inkişafını şərtləndirən digər mühüm məsələlərdən biri də həyata keçirilən islahatların ardıcıllığının təmin olunmasıdır. Dövlət başçısı bu islahatların vacibliyini vurğulayaraq inkişaf və tərəqqinin islahatlarsız mümkün olmadığını qeyd edib: “İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk”.
Böyük müvəffəqiyyətlə həyata keçirilən islahatlar çərçivəsində qeyri-neft sektorunun üstün inkişafına nail olunması, azad sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bazar iqtisadiyyatının gücləndirilməsi, xarici investisiyaların regionların inkişafına cəlb edilməsi, regional inkişaf proqramlarının uğurlu icrası və iqtisadi aktivlik coğrafiyasının regionlara doğru genişlənməsi Azərbaycanın iqtisadi həyatında çox ciddi nailiyyətlərin qazanılmasını şərtləndirmişdir. Həmçinin, yeni istehsal sahələrinin yaradılması, qlobal iqtisadi layihələrin həyata keçirilməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması, milli istehsalın və ixracın genişləndirilməsi, modern sənaye quruculuğu kimi başlıca strateji vəzifələrin yerinə yetirilməsi nəticəsində Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Ölkəmizdə liberal, rəqabətə davamlı, ixrac tutumu böyük olan, diversifikasiya edilmiş iqtisadiyyat quruculuğu ilə bağlı yeni hədəflər müəyyənləşdirilmiş və hazırda bu strateji vəzifələr uğurla icra olunur. Son 18 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, o cümlədən sənaye sektoru 4 dəfə, aqrar sektor isə 2 dəfəyə yaxın genişlənmişdir ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadiyyata malik ölkədir. Qlobal iqtisadi sferada müşahidə olunan mənfi tendensiyalar və risklər fonunda Azərbaycan özünün iqtisadi məkanını mənfi təsirlərdən qoruya bilir və milli iqtisadiyyatımız rəqabətqabiliyyətliliyinə görə MDB-də lider mövqeyini tutur.
Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-2021-ci illəri statistik olaraq aşağıdakı kimi təsvir edə bilərik. Belə ki, son 18 il ərzində (2021-ci ildə 2003-cü ilə nisbətən):
- Ümumi daxili məhsul istehsalı 3,4 dəfə, o cümlədən qeyri neft-qaz sektoru üzrə 3,1 dəfə artmışdır;
- Sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri neft-qaz sənayesi üzrə 3,6 dəfə artmışdır;
- Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 2,7 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlər 4,1 dəfə artmışdır;
- Yük daşınması 1,8 dəfə, sərnişin daşınması isə 1,3 dəfə artmışdır;
- İnformasiya və rabitə xidmətlərinin həcmi real ifadədə 15,4 dəfə artmışdır;
- Pərakəndə ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,6 dəfə artmışdır;
- Əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi real ifadədə 5,1 dəfə artmışdır;
- Dövlət büdcəsinin gəlirləri 21,6 dəfə, xərcləri 22,2 dəfə artmışdır;
- Əhalinin nominal gəlirləri 10,0 dəfə artmışdır;
- Əhalinin banklardakı əmanətləri 36,7 dəfə artmışdır;
- İqtisadiyyatın kreditləşdirilməsi 25,5 dəfə artmışdır;
- 2021-ci ilin yanvar-dekabr aylarında orta aylıq nominal əməkhaqqı 2003-cü ilin yanvar-dekabr aylarına nisbətən 9,5 dəfə artmışdır;
- Pensiyaların orta aylıq məbləği 13,9 dəfə artmışdır;
- İşsizliyin səviyyəsi 9,2 faizdən 6,0 faizədək enmiş, işsiz əhalinin sayı 400,9 min nəfərdən 315,7 min nəfərədək və ya 85,2 min nəfər azalmışdır;
- Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,9 faizədək enmiş, yoxsul əhalinin sayı 3714,2 min nəfərdən 589,9 min nəfərədək və ya 6,2 dəfə azalmışdır;
- Minimum əməkhaqqı 27,8 dəfə artmışdır;
- Əmək pensiyasının minimum məbləği 10,0 dəfə artmışdır;
- Əhalinin sayı 1807,3 min nəfər və ya 21,7 faiz artmışdır;
- Nikahların sayı 0,4 faiz artmışdır;
- Xarici ticarət əlaqələri qurulmuş ölkələrin sayı 124-dən 188-dək və ya 51,6 faiz artmışdır;
- Xarici ticarət dövriyyəsi 6,5 dəfə, o cümlədən idxal 4,5 dəfə, ixrac 8,6 dəfə artmışdır;
- Qeyri neft-qaz məhsullarının ixracı 7,3 dəfə artmışdır;
- Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların ümumi həcmi 3,4 dəfə artmışdır. 2004-2021-ci illərdə Azərbaycana ümumilikdə 288,9 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur;
- Xarici investisiyalar 2,2 dəfə artmışdır. 2004-2021-ci illərdə Azərbaycana 142,0 milyard ABŞ dolları həcmində xarici investisiya qoyulmuşdur;
- Qeyri-neft-qaz sahələrinə yönəldilmiş investisiyalar 7,2 dəfə artmışdır. 2004-2021-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 179,5 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur;
- 2004-2021-ci illərdə Azərbaycanın digər ölkələrin iqtisadiyyatlarına qoyduğu investisiyaların ümumi həcmi 28,3 milyard ABŞ dolları təşkil etmişdir;
- 2004-2021-ci illərdə 2587,3 min iş yeri yaradılmışdır;
- 2004-2021-ci illərdə əhalinin mənzil fondunun sahəsi 1,6 dəfəyə yaxın artaraq 2021-ci ilin sonunda 200,7 milyon kv.metrə çatmışdır.
Bu siyahını daha da genişləndirmək olar və uğurlar sonrakı illərdə də davam etdirilib. 2022-ci ildə əsas etibarilə elektroenergetika sahəsində inqilabi addımlar atılıb. Dövlət başçısının iştirakı ilə ölkədə bir neçə yeni elektrik stansiyası açılmaqla yanaşı, iki Ərəb ölkəsi ilə alternativ enerji istehsalı sahəsində müvafiq müqavilələr də imzalanıb. Bu isə o deməkdir ki, neft və qaza görə enerji ölkəsi kimi tanınan Azərbaycan həm də elektrik enerjisi ixracatçısı kimi tanınmağa başlayır. Bütün bunlar isə çox mühüm nailiyyətdir və Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən nüfuzunun artması deməkdir. Həyata keçirilən uzaqgörən siyasət və uğurlu infrastruktur qurucu-luğu sayəsində, eləcə də regionda və dünyada baş verən geosiyasi proseslər nəticəsində Azərbaycan Avroatlantik məkanın mühüm nəqliyyat-tranzit-logistika mərkəzi kimi də aparıcı mövqedədir. Dünyanın əsas yük axını olan Çin-Avropa marşrutu üzərində əlverişli mövqedə yerləşən Azərbaycanın iştirakı ilə daşınmaların 2 həftəyə qədər, daşınma məsafəsinin isə 3000 kilometrə qədər qısaldılması mümkündür. Qeyd edilənlər Azərbaycanın parlaq gələcəyindən, etibarlı iqtisadi inkişafından xəbər verir. Bütün bunların əsasını isə bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiya təşkil edir.
Nəhayət, əldə edilən iqtisadi uğurlara paralel olaraq ordu quruculuğu, müasir texnika və texnologiyanın əldə olunması və tətbiqi, qlobal məkanda müvafiq təbliğat və məlumatlandırma işlərinin aparılması öz məntiqi nəticəsini verdi.
Qarabağ həqiqətlərinin dünya ictimayətinə çatdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirildi. Saysız-hesabsız görüşlərin, tədbirlərin həyata keçirilməsi bu sahədə Azərbaycan həqiqətlərinin dünya ictimayətinə çatdırılmasında mühüm rol oynadı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə beynəlxalq çərçivədə reallaşan tədbirlər və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası dünya dövlətlərinə həqiqəti bəyan etdi, 20-yə yaxın dövlət Xocalı faciəsini soyqırımı kimi tanıdı. Dövlət başçısının rəhbərliyi ilə ölkədə savadlı və vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini 30 il düşmən tapdağında qalan Qarabağın işğaldan azad edilməsilə verdi. Qarabağın düşmən tapdağından azad edilməsi ümummilli liderin nəsihəti və Heydər Əliyev strategiyasının məntiqi davamı idi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri görülür. Bu ərazilər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təmsil olunur ki, hər bir iqtisadi rayonun da özünəməxsus inkişaf potensialı və perspektivləri mövcuddur. İİTKM tərəfindən aparılan araşdırmalara görə, uzunmüddətli təsirlərdə ÜDM-in 3,0%-i, qeyri-neft ÜDM-inin 5,1%-i, kənd təsərrüfatının 10,4%-i, mədənçıxarma sənayesinin 5,3%-i, turizmin 5,5%-i və s. işğaldan azad edilmiş ərazilərin payına düşəcəkdir. Eyni zamanda, gələcəkdə bu rəqəmlərin daha da artması, regionda digər sahələrin də inkişaf etməsi proqnozlaşdırılır. İşğaldan azad edilmiş ərazilərdə aparılan işlər və regionun potensial imkanları buna tam əsas verir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə modeli tətbiq edilir ki, bunun da aparıcı qüvvəsi məhz gənclərdir. Ölkə başçısının müxtəlif vəzifələrə təyin etdiyi gənclər məhz Heydər Əliyev strategiyası əsasında yetişmiş savadlı, müasir dünyagörüşünə malik, vətənpərvər gənclərdir. Məhz bünövrəsi ulu öndər tərəfindən qoyulan gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan gəncləri XX əsrdə toplanılmış bütün təcrübədən səmərəli istifadə edərək, XXI-ci əsrdə doğma, müstəqil Azərbaycan üçün yeni uğurlar gətirəcək.”
Qürurla demək olar ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldur. Prezident İlham Əliyevin rəhbərliyi ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həlli məqsədilə hazırda böyük işlər görülür. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına inamla baxmağa əsas verir. Gənclər siyasətini uğurla davam etdirən dövlət başçısı gənclərə vətənpərvərlik hissinin aşılanmasını vacib hesab edir. Əslində müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri də elə gənc nəslin vətənpərvərlik ruhunda formalaşması oldu. Dövlət başçısının bütün çağırışlarına cavab verən Azərbaycan gəncliyi bunu II Qarabağ müharibəsi ərəfəsində əyani olaraq sübut etdi. Yaşından asılı olmayaraq, hər kəs vətənin müdafiəsi uğrunda birləşdi. İşğalçı Ermənistanın hərbi birləşmələri fərarilik edərək, döyüş meydanından qaçdığı halda, Azərbaycan gəncləri könüllü şəkildə orduya yazılmaq üçün növbələr gözlədi. Döyüş meydanlarında qəhrəmanlıq nümayiş etdirdi. Budur ümummilli lider Heydər Əliyevin etimadını doğruldan, Prezident İlham Əliyevin mətin iradəsi, diqqət və qayğısından güc alan Azərbaycan gəncliyi. Yazını dövlət başçısı, müzəffər Ali Baş komandan İlham Əliyevin gənclər haqqında bir fikri ilə tamamlamaq istərdik: “Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdır ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını onlar layiqincə qoruya bilsinlər. Gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdirildi ki, öz canı-qanı bahasına torpağımızı düşmənin əlindən aldı.”
MÖHÜBBƏT HÜSEYNOV,
Azərbaycan Kooperasiya
Universitetinin kafedra müdiri,
iqtisad elmləri doktoru
ZAUR ƏSƏDZADƏ,
Azərbaycan Kooperasiya
Universitetinin doktorantı