MƏQALƏLƏR

Azərbaycan Ağsaqqallar Şurasının və «Azərbaycan» qəzetinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

  • 15.06.2023

7 iyun tarixində Azərbaycan Ağsaqqallar Şurasının inzibati binasında Şuranın və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik və Milli Qurtuluş Gününün 30 illik yubileylərinə həsr olunmuş “Azərbaycanın qurtuluş salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov, Tahir Süleymanov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Şuranın İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, akademik Arif Həşimov, professorlar Misir Mərdanov və İbrahim Quliyev, Akif Rəfiyev, Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov, Azərbaycan Ağsaqqallar Şurasının Bakı şəhəri üzrə rayon sədrləri və başqaları iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans iştirakçılarını salamlayan Eldar Quliyev ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Azərbaycanda çoxsaylı tədbirlərin keçirildiyini qeyd edib. Vurğulayıb ki, hər zaman öz fəaliyyətində ulu öndərin dəyərli irsini rəhbər tutan Azərbaycan Ağsaqqallar Şurası cari ilin may ayının 2-də Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqı ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirib. Konfransda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan olan görkəmli alimlər, ictimai-siyasi xadimlər, eləcə də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvləri, o cümlədən respublikamızın tanınmış alimləri, ağsaqqallar və ziyalılar iştirak ediblər. Daha sonra Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışan Eldar Quliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə iyun ayının 15-də Ali Sovetin sədri seçildikdə xalqımız rahat nəfəs aldı. Çünki hər kəs əmin idi ki, əgər bu dahi şəxsiyyət hakimiyyət sükanının arxasındadırsa, deməli, bütün təhlükələr dəf ediləcək və belə də oldu. Ona görə də biz hər zaman Milli Qurtuluş Gününü yüksək ehtiramla, qədirbilənliklə qarşılayırıq. Ata vəsiyyətini layiqincə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altındakı torpaqlarımızı azad etməsindən danışan natiq bildirib ki, bu gün ulu öndərimizin ruhu şaddır və davamlı iqtisadi inkişaf fonunda ölkəmizi yeni nailiyyətlər, qələbələr gözləyir. Bu yolda bütün xalqımız, o cümlədən ağsaqqallarımız hər zaman olduğu kimi, bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx səfərbər olacaqlar.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edə­rək, Milli Qurtuluş Gününün da­şıdı­ğı böyük əhəmiyyətdən, döv­ləti­mizin xilas olunmasında və möhkəm­lənmə­sində ulu öndər Heydər Əli­yevin mi­silsiz xidmətlərindən söhbət açıb. Şahidi olduğu həmin çətin, ağır günlərdə Azərbaycanı vətən­daş qarşı­dur­masından, iqtisadi tənəz­zül­dən, xaos­dan, ölkəni parçalan­maq təh­lü­kə­sindən qurtaran ümum­milli lider Heydər Əliyevin xilaskarlıq mis­si­ya­sını öz üzərinə götürərək, xal­qına və dövlətinə sahib çıxmasından ətraflı bəhs edib.
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Ağsaqqallar Şurası ilə birgə keçirdikləri bu konfransdan məmnun olduğunu bidirərək tədbir iştirakçılarını, ağsaq­qalları salamlayıb. Ulu öndər Heydər Əliyevin ölkəmizin inkişaf yoluna çıxması, iqtisadi cəhətdən güc­lənməsi və tanınması üçün çox bö­yük əhəmiyyətə malik işlər gördü­yünü qeyd edən natiq bildirib ki, ümummilli lider, ilk növbədə xalqımızda ruh yüksəkliyi və gələcəyə inam yaratmağı bacardı. Neft sənaye­sinin böhrandan çıxarılmasına və bu sahəyə əsaslı investisiya qoyulmasına, kənd təsərrüfatında dirçəliş yaratmağa, ölkədə elmin və təhsilin tərəqqisinə, Azərbaycanın keçmiş ittifaqın ən tanınmış və inkişaf etmiş respublikalarından birinə çevrilməsinə nail oldu. Hazırda bu inkişaf xəttini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük nailiyyətlərlə davam etdirir.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov öz çıxışında qurtuluşa gedən yolun çox çətin olduğunu bildirərək, həmin tarixi dövrlə bağlı öz xatirələrini bölüşüb. Qeyd edib ki, xilaskarlıq missiyasını öz üzərinə götürərək, xalqımızın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Ölkədə siyasi sabitlik yaradaraq, geosiyasi imkanlardan istifadə edərək, Azərbaycanın müstəqilliyini qoruyub sax­lamağa, ölkəmizi sürətli inkişaf yo­luna çıxarmağa, xalqımızın milli, mənəvi sərvətlərinə sahib çıxmasına, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının vahid məfkurə ətrafında birləşdirilməsinə nail oldu. Məhz ulu öndərin səyləri nəticəsində Azərbaycanın dayanıqlı inkişaf yoluna çıxdığını bildirən Eldar İbrahimov deyib ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev ümummilli liderin başladığı enerji, nəqliyyat və bir çox digər layihələri uğurla davam etdirir.
Daha sonra çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, Şuranın sədr müavinləri – professor Elmira Süleymanova və Bayram Yusifov Milli Qurtuluş Gününün ictimai, siyasi və tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə xalqımız və dövlətimiz qarşısındakı dəyərli xidmətlərindən, ümummilli liderin dövlət idarəçiliyi sahəsində apardığı uğurlu islahatların, ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi böyük işlərin, möhtəşəm layihələrin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ata vəsiyyətini həyata keçirən Müzəffər Ali Baş Komandanın Zəfər salnaməsindən bəhs ediblər. Vurğulayıblar ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi ilə xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır.