SDU-da elmi-praktiki seminar keçirilib
İyulun 3-də Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Müasir Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin aktual problemləri və onların həllində iqtisadçı alimlərin rolu” mövzusunda elmi-praktiki seminar keçirilib.
Elmi-praktiki seminarda Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Vüqar Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, əməkdar müəllim Məhiş Əhmədov və universitetin professor-müəllim heyəti iştirak edib.
Elmi-praktiki seminarı SDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov açaraq universitetin rektoru, professor Elxan Hüseynovun adından qonaqları salamlayıb və onları universitetdə görməkdən məmnunluğunu ifadə edib.
Elmi-praktiki seminarın əhəmiyyətindən bəhs edən prorektor bildirib ki, möhtərəm Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam.
imzalayıb. Bu məqsədlə SDU-da silsilə tədbirlər keçirilir. İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə keçirilən bu seminar Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin misilsiz xidmətlərini önə çıxarır.
Professor Ramazan Məmmədov onu da qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Azərbaycanı hərtərəfli tərəqqi yоluna çıxaran Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir. İctimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sоsial təsisatlar, qüdrətli оrdu, regiоnda lider mövqe, beynəlxalq aləmdə nüfuz - bütün bunlar günümüzün reallığıdır. Prorektor onu da vurğulayıb ki, üç il bundan öncə qazandığımız Zəfər Cənubi Qafqazın və bütövlükdə region ölkələrinin gələcək inkişafı üçün də yeni imkanlar açmışdır. Dayanıqlı sülh və sabitliyin təmin edilməsi bölgə ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni fürsətlər yaratmaqla yanaşı, bütövlükdə bölgənin dünya iqtisadiyyatına inteqrasiyasının da sürətlənməsinə imkanlar yaradır.
Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik, Milli Məclisin deputatı Ziyad Səmədzadə “Müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin yaradılmasında Heydər Əliyevin misilsiz rolu və müasir dövrdə bu istiqamətdə iqtisadçı-alimlərin strateji vəzifələri” mövzusunda geniş məruzə edərək bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsi, əhalinin rifah halının yaxşılaşdırılmasının əsas şərtlərindən biri respublikanın iqtisadi potensialıdır. Vaxtilə Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında iqtisadi sahədə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Akademik onu da qeyd edib ki, Ulu Öndərin hakimiyyətə gəldiyi birinci dönəmdə - ötən əsrin 70-ci illərinə kimi, Azərbaycan, əsasən, aqrar ölkə statusu daşıyırdı. Respublikamızda istehsal olunan milli məhsulun böyük bir hissəsi aqrar bölmənin payına düşürdü. Ulu Öndərimizin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və ardıcıl işlər nəticəsində Azərbaycan aqrar ölkədən sənaye respublikasına çevrildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasət strategiyası bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, respublikamızın dünya miqyasında nüfuzu daha da artmışdır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, xalqla birbaşa ünsiyyətdə оlması Ümummilli Liderimiz tərəfindən başlanılmış işlərin məntiqi davamıdır. Bu gün dövrün tələblərinə uyğun оlaraq, iqtisadi islahatların kоmpleks və əlaqəli şəkildə aparılması, prоqnоzlar əsasında fоrmalaşdırılmış dövlət prоqramlarının, yerli, regiоnal və beynəlxalq investisiya layihələrinin həyata keçirilməsi dünya iqtisadiyyatına inteqrasiya ilə əldə edilmişdir. Bütün bunların məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və mövqeyi ilbəil artmaqdadır.
Milli Məclisin deputatı Vüqar Bayramov “Azərbaycanın iqtisadi inkişaf hədəflərinin əsaslandırılmasında elmi-iqtisadi araşdırmaların rolu” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmasında və ayrı-ayrı dövlətlərlə əlaqələrinin qurulmasında və inkişafında beynəlxalq münasibətlər olduqca vacib rol oynayır. Bu mənada ölkəmizin yürütdüyü xarici siyasət kursu beynəlxalq təşkilatlara münasibətdə pozitiv məcraya yönəlib. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbət göz qabağındadır.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, əməkdar müəllim Məhiş Əhmədov “Azərbaycanda iqtisad elmində fundamental tədqiqatların təşkili və səmərəli aparılmasının müasir problemləri”, SDU-nun Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyev “Sosial-iqtisadi inkişafın aktual problemlərinin həlli yollarının müəyyənləşdirilməsində konseptual elmi-iqtisadi yanaşmaların formalaşdırılması prioritetləri” mövzularında məruzə ediblər. Onlar qeyd ediblər ki, Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkələr sırasındadır. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Seminarın sonunda akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin Sumqayıt Dövlət Universitetinin iqtisadçı-tədqiqatçı alimlərinə təqdimatı olub.