İpək yolu yeni minilliyə gedən yoldur YENİLƏNDİ
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.
Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynayıb.
Mövzu ilə bağlı qonağımız TRASEKA proqramının əsasını təşkil edən ilk beynəlxalq sənədlərin hazırlanmasında iştirak etmiş, məşhur iqtisadçı-alim, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü, akademik Ziyad Səmədzadədir.
- Ziyad müəllim, TRASEKA proqramı Azərbaycan üçün hansı əhəmiyyətə malikdir?
- TRASEKA proqramı bir çox ölkələrin, o cümlədən bizim respublikamızın da maraqlarına toxunur. Əlbəttə, Azərbaycan üçün onun çox böyük əhəmiyyəti vardır. Ölkəmizin əlverişli nəqliyyat şəraitindən, coğrafi mövqeyindən daha səmərəli istifadə etmək üçün real imkanlar yaranır.
Məlumdur ki, bu yaxınlara qədər respublikanın başlıca nəqliyyat dəhlizi şimal istiqamətində dəmir yolu olubdur. İqtisadi-ticarət əlaqələrinin xeyli hissəsi məhz bu nəqliyyat dəhlizi vasitəsilə həyata keçirilibdir.
Sovet İttifaqının dağılmasına qədər respublikanın yük dövriyyəsinin 90 faizə qədəri SSRİ regionlarının, xüsusilə Rusiyanın payına düşürdü. Müstəqillik əldə etdikdən sonra Azərbaycan sərbəst olaraq özünə partnyorlar seçib, xarici iqtisadi siyasətini formalaşdırıbdır. Bu gün respublikanın coğrafi əlaqələrinin strategiyası və strukturu kəskin dəyişib, bu strukturda Yaxın Şərqin, Asiyanın, Avropanın xüsusi çəkisi artıbdır. Azərbaycan əlverişli iqtisadi şəraitdən, güclü nəqliyyat amilindən istifadə edərək, öz iqtisadiyyatının strukturunu yaxşılaşdırmaq, onun səmərəliliyini artırmaq üçün real imkanlar əldə edibdir.
Əlbəttə, yeni nəqliyyat istiqamətinin Azərbaycan üçün əhəmiyyəti təkcə bununla müəyyən edilmir. İri nəqliyyat dəhlizinin mərkəzində yerləşən respublikamız öz ərazisindən keçən yüklərin daşınmasından böyük gəlir əldə edəcək. Burada ölçülər, həqiqətən, çox böyükdür. Biz son 20 ildə bu dəhlizin iştirakçıları olacaq Asiya və Avropa ölkələrindən gələn yük axınlarını təhlil etmişik. Hətta ən cüzi hesablamalara görə, yüklərin yarısı belə Azərbaycanın ərazisindən daşınarsa, bu, hər il azı bir neçə yüz milyon dollar deməkdir.
- Azərbaycanın nəqliyyat sistemi bu cür son dərəcə yüksək ağırlığa davam gətirməyə qadirdirmi?
- Sual yerində verilib. Bu cür geniş vəzifə respublikanın nəqliyyat sisteminin tam yenidən qurulması, daha dəqiq desək, təzələnməsi sayəsində həyata keçirilə bilər. Hələ 1993-cü ilin mayında ciddi hazırlıqdan sonra Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin koordinasiyası və inkişafı üzrə Brüssel konfransında iştirak edərkən bizim nümayəndə heyəti Bakı Limanının, dəmir yolunun, Xəzər Gəmiçilik İdarəsinin respublikanın əsas avtomagistrallarının yenidən qurulması tədbirlərinin planını Avropa Birliyinin müzakirəsinə təqdim edibdi. Deməliyəm ki, bizim nümayəndə heyətinin üzvləri yüksək peşəkarlıq səviyyəsində iş sənədləri hazırlayıb, nəqliyyat sistemində islahatlar aparılmasının konkret aspektlərinə, TRASEKA proqramının hazırlanmasında Azərbaycanın iştirakına dair məruzələr edib, məlumatlar veriblər.
- TRASEKA proqramının hazırlanmasına nə vaxtdan başlanılıbdır?
- Proqramın hazırlanmasının başlanma tarixini konkret deyə bilmərəm. Lakin burada bir şey aydındır: onun hazırlanmasının ilk addımlarından - söhbət hər şeydən əvvəl, tarixi İpək yolunun dirçəldilməsindən gedir – yəni XX əsrin son onilliyindən yeni yanaşmalar, yeni strategiya tələb olunur, çoxsaylı elmi-texniki xarakterli amillərin, ən başlıcası isə geosiyasi amilin nəzərə alınması zərurəti yaranır.
Mən dərindən inanıram ki, avropalılar, Avropa Birliyi, beynəlxalq maliyyə təşkilatları bu proqramı çoxdan hazırlayıblar. 1993-cü ildə yalnız işçi müşavirə keçirilibdir. Buna qədər Bakıya onlarca ekspert gəlib, bizim onlarla görüşlərimiz və söhbətlərimiz olubdur. Brüsseldəki müşavirə olduqca mötəbər idi. Həm də bu yalnız Sovet İttifaqının dağılmasından sonra mümkün ola bilərdi.
- Nəyə görə?
- Ona görə ki, keçmiş İttifaqda vahid nəqliyyat sistemi fəaliyyət göstərirdi və heç bir müttəfiq respublikanın bundan yan ötərək, alternativ layihələrdə və proqramlarda iştirak etməyə hüququ yox idi.
- Bəs niyə yalnız səkkiz dövlət iştirak etmişdir?
- Ona görə ki Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyət göstərməsi ərazisi məhz Qafqazın mərkəzində və Asiyada yerləşən keçmiş müttəfiq respublikaların razılığından çox asılıdır. Konfrans hər şeydən əvvəl onların razılığını almaq məsələsini qoyurdu. Çünki hər hansı dövlətin proqramda iştirakı ilk növbədə həm də ona etibar göstərilməsi və bu dövlətin öz üzərinə müəyyən öhdəliklər götürməsi deməkdir.
Dövlətin və AB nümayəndələrinin ətraflı, ciddi müzakirələrindən sonra Brüssel Bəyannaməsi imzalanıbdır. Bizim respublika adından bəyannaməni nümayəndə heyətinin rəhbəri və texniki yardımın göstərilməsi üzrə milli koordinator kimi mən imzaladım.
- Siz bu bəyannamənin mahiyyətini, məzmununu izah edə bilərsinizmi?
- Məlumat üçün bildirim ki, bəyannaməni Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Ermənistanın, Gürcüstanın, Tacikistanın, Türkmənistanın nümayəndələri və AB-nin iqtisadi komissiyasının təmsilçisi imzalamışlar.
Bəyannamədə deyilir ki, iştirakçı ölkələrin nümayəndələri beynəlxalq daşımalar, ticarət və müvafiq qaydalara dair məsələlərin birgə həll olunacağına öz razılıqlarını bəyan edir, öz ölkələrinin coğrafi mövqeyi nəzərə alınmaqla, tranzit daşımalarının potensialının yüksəldilməsində maraqlı olduqlarını bildirir, qonşu ölkələrin tranzit yüklərinin keçirilməsinin mümkünlüyünü nəzərə alaraq, yüksək buraxılış qabiliyyəti olan etibarlı nəqliyyat yollarının inkişafının zəruriliyini qeyd edirlər.
Bəyannamədə həmçinin nümayəndə ölkələrin nəqliyyat sistemlərinin və bununla əlaqədar regional əsasda ticarət xidmətlərinin inkişafı sahəsində əməkdaşlığın istiqamətləri barədə, Avropa-Qafqaz-Asiya dəhlizinin fəaliyyət göstərdiyi, ərazisindən keçdiyi yeni müstəqil dövlətlərə AB-nin məsləhət, tədris, məlumat, texniki yardımının xarakteri və istiqamətləri barədə arzular öz ifadəsini tapıbdır. Hazırda nəqliyyat sistemində pozitiv dəyişikliklər baş verir. Onu xüsusilə qeyd etmək istərdim ki, son dərəcə çətin şəraitə, maliyyə məhdudiyyətlərinə baxmayaraq, nəqliyyat işçiləri maneələri aradan qaldıra bilmişlər və bu gün bütövlükdə nəqliyyat kompleksi normal fəaliyyət göstərir.
- Daha hansı Asiya dövlətləri bu nəqliyyat dəhlizinin əsaslandırılmasının hazırlanmasında iştirak etmişlər?
- İşgüzar müşavirədə Pakistanın, Monqolustanın və Çinin nümayəndələri var idi. Mən bu dəhlizin məqsədyönlüyünə dair onların konkret hesablamalarını xüsusi qeyd etmək istərdim. Belə ki, Çin mütəxəssislərinin məlumatlarına görə, bu dəhlizin işə düşməsi daşınmaların məsafəsini kəskin azaldır. Misal üçün, Çinin Lyanyunqan limanından Sinqapur və Suveyş kanalı vasitəsilə Rotterdam limanına qədər dəniz daşımasının uzunluğu 19,8 min km, Avropa-Qafqaz-Asiya dəhlizi ilə isə 11 min km-dir, yəni 8 min km azdır. Demək artıqdır ki, bu nə qədər böyük qazanc vəd edən göstəricidir.
Dəhliz ilə şimala gedərək Şimali Avropaya, qərbə gedərək Şərqi və Qərbi Asiyaya, Şimali Afrikaya çatmaq olar. İki qitədən keçən dəhliz Sakit və Atlantik okeanlarını birləşdirir. Göründüyü kimi, bu proqramın reallaşmasında Çinin maraqlı olmasının xeyrinə qənaətbəxş əsaslar vardır. Bildiyiniz kimi, son illər ərzində Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf edir, qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün möhkəm təməl qoyulubdur. Təbiidir ki, bu dəhlizin fəaliyyəti bizim iqtisadi əlaqələrimizin intensivliyinə kömək edəcəkdir. Bu deyilənləri cəsarətlə Asiyanın digər ölkələrinə də aid etmək olar.
- Siz Bakıda çox mötəbər sammitin keçirilməsini necə qiymətləndirirsiniz?
- Son dərəcə yüksək. Bu, tarixi forumdur. Əhəmiyyətinə, sosial-iqtisadi nəticələrinə görə bu sammiti dünya inkişafının qlobal problemlərinə həsr edilmiş ən iri dünya forumları ilə müqayisə etmək olar. Və Ulu Öndərimiz Heydər Əliyevin çox böyük xidməti vardır. Hər bir ölkənin, hər bir xalqın, hətta bütöv bir qitənin tarixi inkişafında elə məsələlər olur ki, onların həlli əsrlərlə tərəqqiyə kömək edir, mahiyyət etibarilə inkişafın daimi amili, həmişəlik gəlir, sabit məşğulluq mənbəyi, inteqrasiya proseslərinin dərinləşməsinin mühüm vasitəsi olur.
Nəzərə almaq lazımdır ki, TRASEKA qlobal strateji proqramdır, ona görə də onun dərindən işlənməsi, elmi əsaslandırılması yalnız bir ölkənin vəzifəsi deyil. Proqramda bir çox ölkələrin milli dövlət maraqları və dünya iqtisadi inkişafının maraqları birləşir. Yalnız uzağı görməyən adamlar, yalnız vətənpərvərlik hissindən məhrum adamlar bu sammitin əhəmiyyətini lazımınca qiymətləndirməyə bilərlər.
Hələ bir neçə il bundan əvvəl AB-nin tövsiyələrinə əsasən bu dəhlizin buraxılış qabiliyyətini müəyyənləşdirmək üçün işçi qrup yaradaraq, Qafqazın, Orta Asiyanın və Qazaxıstanın yük axınları haqqında məlumatları təhlil edərkən, mən dərindən inanırdım ki, əgər bu proqnozların hətta kiçik bir hissəsi həyata keçirilərsə, respublikamız külli miqdarda qazanc əldə edə bilər.
- Siz bu dəhlizin Azərbaycan və digər ölkələr üçün əhəmiyyətindən danışdınız. Bəs Avropa Birliyinin marağı nədədir?
- AB-nin görkəmli rəhbərlərindən biri olan Leon Britten hələ 1993-cü ildə Brüsseldəki müşavirədə çıxışında demişdir: “Mən inanıram ki, bir tərəfdən Orta Asiya və Qafqaz ölkələri, digər tərəfdən Qərbi Avropa ölkələri arasında uzunmüddətli kommersiya əlaqələri və ticarət geniş mənada hamı üçün - həm Orta Asiya, Qafqaz, həm də Avropanın sakinləri üçün böyük əhəmiyyətə malikdir. Ticarətin yeni strukturunun yaradıldığı indiki dövrdə Qərbi Avropa mövcud kommersiya əlaqələrinin təzələnməsində və yenilərinin yaradılmasında son dərəcə maraqlıdır. Aydındır ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işə düşməsi və fəaliyyəti ilə mineral-xammal resurslarının zəngin olduğu böyük bir ərazidə Qərbi Avropanın təsiri güclənəcək, iqtisadi artımın və məşğulluğun yeni mənbələri yaranacaq, nəqliyyat xərcləri azalacaq və s.”
- Bəs Rusiyanın mövqeyi necədir?
- Mən Rusiyanın rəsmi mövqeyini bilmirəm. 1993-cü ildə Brüsseldəki işçi müşavirədə rus ekspertləri, mütəxəssisləri iştirak etməyiblər. Bu cür məsələlərdə mənafelər problemi böyük əhəmiyyətə malikdir. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, hər şeydən əvvəl bu regionun ölkələrinin nəqliyyat xidmətlərinin beynəlxalq standartlar əsasında formalaşmasını nəzərdə tutur. Yəni yüklər Rusiyadan yan ötərək, Qafqazın, Orta Asiyanın, Qazaxıstanın ərazilərindən keçəcəkdir. Yadınıza salmaq istəyirəm ki, hələ bir neçə il bundan əvvəl TRASEKA proqramı haqqında məlumat ortaya çıxanda Rusiyanın rəsmi dairələrində yeni alternativ yollar, onların müqayisəli səmərəliliyi barədə söhbətlər başlanmışdır.
Elm böyük qüvvədir. Nüfuzlu ekspertlərin, elmi mərkəzlərin hesablamalarına görə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi daha səmərəi, rahat, əlverişli və perspektivlidir.
* * * * *
- Bizim maraqlı söhbətimizi yekunlaşdıraraq nə deyə bilərsiniz?
- Gənc, müstəqil Azərbaycan öz xalqının xeyrinə, dünya tərəqqisinin xeyrinə, qarşılıqlı surətdə faydalı əməkdaşlığın xeyrinə əlverişli nəqliyyat şəraitindən, coğrafi mövqeyindən istifadə etmək üçün real imkan əldə edibdir.
Ümumilli lider Heydər Əliyev bu mötəbər sammitin keçirilməsinin fəal təşəbbüsçüsü olmaqla nəinki son dərəcə düzgün tarixi addım atmışdır, həm də dünya birliyini, Avropanın, Qafqazın, Asiyanın bir çox dövlətlərini, beynəlxalq təşkilatlarını inandırmışdır ki, Azərbaycan yeni iqtisadi sistemin yaradılmasında islahatlar yolu ilə inamla irəliləyir, dünya inteqrasiya proseslərində fəal iştirak edir. Bu isə Azərbaycanın gələcəyi haqqında nikbin proqnozlar üçün etibarlı amildir.
Ulu Öndər Heydər Əliyev 1998-ci ilin fevral ayında Yaponiyada ilk rəsmi səfərdə olarkən “En-Eyc-Key” telekanalının müxbirinə demişdir: “İpək yolu müasir infrastruktur yaradılmasını nəzərdə tutur. Buna görə də Yaponiya bir infrastrukturun yaradılmasına öz maliyyə imkanları ilə, əlbəttə, böyük töhfə verə bilər. Məsələn, Bakı dəniz limanını, Türkmənistanda Türkmənbaşı limanını inkişaf etdirmək olar. Gürcüstanda Qara dəniz sahilindəki Poti limanını inkişaf etdirmək lazımdır...”
Ulu Öndər Avropa İttifaqı ilə apardığı danışıqlarda Azərbaycanın strateji mövqedə yerləşməsini, Şərqlə Qərb arasında iqtisadi əlaqələrin genişləndirilməsində müstəsna rol oynadığını bildirir, Bakı dəniz limanının, Xəzər Gəmiçilik İdarəsinin bu baxımdan böyük potensiala malik olduğunu xüsusi olaraq vurğulayırdı. Qeyd edək ki, bütün beynəlxalq qurumlar, dövlət başçıları ilə apardığımız bu danışıqlar və Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, Avropa İttifaqının Azərbaycana bir müstəqil dövlət kimi marağını əhəmiyyətli dərəcədə artırdı.
Avropa İttifaqı “İpək yolu” layihəsi ilə bağlı beynəlxalq səviyyəli bir tədbirin Azərbaycanda keçirilməsinə razılıq verdi. 1998-ci il sentyabrın 20-də Bakı şəhərində “İpək yolu” layihəsi ilə bağlı Azərbaycanın ev sahibliyi etdiyi geniş və yüksək səviyyəli beynəlxalq konfrans keçirildi.
Belə bir yüksək səviyyəli toplantının baş tutmasında da, heç şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xidmətləri müstəsna idi. Tədbir Heydər Əliyevin parlaq, əhatəli, son dərəcədə məzmunlu, gələcəyə hesablanmış giriş və yekun çıxışları ilə də yaddaşlarda qaldı. Konfrans müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, siyasi nüfuzunun artmasına xidmət edən Heydər Əliyev strategiyasının düzgünlüyünü, reallığını bir daha təsdiq etdi. Bakı Sammitinin ölkəmiz üçün, onun sülh, əməkdaşlıq, təhlükəsizlik şəraitində yaşaması üçün nə qədər vacib olduğu barədə Heydər Əliyev demişdir:
“Konfransın Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi bir hadisədir. Biz tariximizi yaxşı bilirik və ona görə də cəsarətlə demək olar ki, Azərbaycanın çoxəsrlik tarixində belə böyük beynəlxalq konfransın keçirilməsi ilk hadisədir. Doğrudur, keçmiş illərdə, xüsusən 60-70-80-ci illərdə Azərbaycanda bir çox böyük tədbirlər keçirilibdir. Onların əksəriyyəti Sovet İttifaqı respublikaları çərçivəsində olubdur. Respublikamızda bəzi beynəlxalq tədbirlər də keçirilibdir. Onlar da ya bəzi sosialist ölkələrinin iştirakı ilə, ya da bəzi beynəlxalq fəhlə hərəkatı, yaxud kommunist hərəkatı təşkilatlarının iştirakı ilə keçirilibdir. Onların heç biri yüksək dövlət səviyyəsində olmayıbdır. Mən bir də deyirəm və qətiyyətlə, cəsarətlə deyirəm ki, tarixə nəzər salarkən Azərbaycan Respublikasının, dövlətinin, ölkəsinin tarixində bu, ilk böyük beynəlxalq konfransdır. Biz bunu yüksək qiymətləndirməliyik və bu, Azərbaycan xalqının, dövlətinin böyük nailiyyəti kimi qiymətləndirilməlidir. Beynəlxalq konfransın Azərbaycanda keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsini, inkişaf etməsini və beynəlxalq aləmdə tamamilə tanınmasını nümayiş etdirir. Bu bizim müstəqilliyimizin, suverenliyimizin rəmzidir. Bu, böyük tarixi hadisədir. Vətənini, torpağını, millətini, ölkəsini sevən hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının bu hadisə ilə fəxr etməyə əsası vardır və bununla hər bir adam fəxr edə bilər. Çünki bu, bizim millətimizin, ölkəmizin, dövlətimizin adıdır. Biz müstəqil dövlət kimi Bakı Sammitində 32 dövlətin və nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə nümayəndə heyətlərini qəbul etdik və dünyanın böyük bir hissəsini əhatə edən əraziyə məxsus böyük bir proqramın - tarixi İpək yolunun bərpası proqramının əsasını qoyduq”.
Konfransda çıxış edən nüfuzlu dövlət və hökumət başçıları tərəfindən Brüssel Bəyannaməsinə geniş şəkildə toxunuldu. Bakı Sammitinin açılışı zamanı Heydər Əliyev dedi:
“Konfransımız yeni müstəqil dövlətlərə kömək edilməsi sahəsində Avropa İttifaqının göstərdiyi səmərəli səylərin nəticəsidir.
Brüssel Bəyannaməsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin əhəmiyyətini, onun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın konkret istiqamətlərini, forma və mexanizmlərini müəyyənləşdirmiş ilk beynəlxalq sənəd olubdur. TRASEKA proqramının uğurla həyata keçirilməsi, Avropa İttifaqı Komissiyasının və iştirakçı ölkələrin gördükləri böyük iş, əməkdaşlığımızın konkret müsbət nəticələri daha geniş miqyaslı layihələrin işlənib hazırlanmasına təkan veribdir. Tarixi Böyük İpək yolunun bərpası bu layihələr arasında başlıca yer tutur.
O vaxtdan 5 il keçibdir. Bu gün biz şahidi oluruq ki, həmin zəmin çox dəyərli, etibarlı olmuş və böyük beynəlxalq təşkilata çevrilibdir. Bu gün Azərbaycanda, bəlkə də, onun tarixində, daha dəqiq desək, dövlət müstəqilliyi qazandıqdan sonra ilk dəfə olaraq, belə bir beynəlxalq konfrans keçirilib, 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri burada, Bakıda toplaşıblar. Biz bunu müstəqil, suveren Azərbaycana, ölkəmizə böyük hörmət kimi qəbul edirik və bu etimada, hörmətə layiq olmaq üçün bütün tədbirləri görəcəyik”.
Ulu Öndər çıxışının sonunda bildirdi ki, Bakı konfransı bizləri daha da yaxınlaşdırır, daha çox əməkdaşlığa, qarşılıqlı anlaşmaya, dostluğa çağırır.
TRASEKA proqramında iştirak edən ölkələrin, şübhəsiz ki, hər biri belə bir konfransın öz ölkəsində keçirilməsinin arzusunda olub və namizədliyini veribdir. Azərbaycan da konfransın Bakıda keçirilməsi təklifini irəli sürübdür. Bununla bağlı Heydər Əliyev qeyd edirdi ki, bu, çox məsuliyyətli, çətin işdir: “Ermənistan - Azərbaycan münaqişəsi mövcud olduğu zaman belə böyük beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bizim üzərimizə həm böyük vəzifələr və həm də məsuliyyət qoyur. Ancaq həm Avropa Birliyinin Komissiyası, həm də TRASEKA proqramında iştirak edən ölkələrin əksəriyyəti bu konfransın Azərbaycanda keçirilməsinə razılıq verib və bu tədbirlə bağlı qərar qəbul ediblər”.
TRASEKA proqramının reallaşmasında Azərbaycan dövlətinin qurucusu və memarı, böyük öndər Heydər Əliyevin xidmətləri müstəsnadır, əvəzedilməzdir. Məhz onun qətiyyəti və böyük, yenilməz iradəsi sayəsində bir sıra önəmli layihələr kimi, bu layihə də gerçəkliyə çevrilə bildi.
Heydər Əliyev çıxışında demişdir:
“Tarixi İpək yolunun bərpası, yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi, xalqlarımızın yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi bu dövlətlərdə demokratik islahatların, bazar iqtisadiyyatı islahatlarının uğurla aparılması üçün güclü təkan verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcək. Böyük İpək yolu keçmişdə başlansa da, gələcəyə doğru gedən yoldur. Mən inanıram ki, əgər biz əməkdaşlıq edə-edə, bir-birimizə hörmət bəsləyərək və bir-birimizi dəstəkləyərək bu yolla birlikdə getsək, o, xalqlarımızı firavanlığa və tərəqqiyə gətirib çıxaracaq”. Heydər Əliyev bu sözləri ilə konfransın bütövlükdə hədəflərinin nədən ibarət olduğuna tam aydınlıq gətirdi və perspektivlər, gələcək əməkdaşlıq üçün bir “yol xəritəsi” cızmış oldu...
Konfransda digər ölkələrin də dövlət və hökumət başçıları, bir sıra beynəlxalq qurumların, ən əsası Avropa İttifaqının nümayəndəsi çıxış edərək, önəmli mesajlar verdilər... Həqiqətən də, Bakı konfransı çox tarixi, çox unikal, illərlə deyil, bəlkə də əsrlərlə xatırlanacaq, üzərinə qayıdılacaq, tez-tez istinad olunacaq bir konfrans idi.
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Xəzərin statusunun qəbul edilməsi, Yeni Bakı limanının, Bakı Gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Xəzər Dənizçilik Donanmasının müasir gəmilərlə təminatının ildən-ilə yaxşılaşması, Ələt Xüsusi İqtisadi Zonasının yaradılması, eləcə də nəqliyyat kompleksinin inkişafına xidmət edən mühüm tədbirlərin həyata keçirilməsi təkcə Azərbaycanın deyil, Türk dövlətlərinin iqtisadi gücünü, beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artıracaq.
Ramid İbrahimov,
www.bakivaxti.az