Azərbaycanın ehtiyacı olduğu zavod
Azərbaycanın ehtiyacı olduğu zavod
İyul ayının 21-i fəaliyyətə başlamasının bir ilini qeyd edəcək Masazır Duz Zavodu qarşıya qoyduğu hədəflərinə çatmaqla bərabər, yeni layihələr də həyata keçirməkdədir.
Ötən çərşənbə axşamı media nümayəndələrinin Masazır Duz Zavoduna ekskursiyası olmuşdur. Dördüncü hakimiyyətin nümayəndələri zavodda istehsal prosesləri ilə tanış olmaqla bərabər, zavodun imkanları və gələcək planları haqqında öyrəniblər. Masazır Duz Zavodunun direktoru Əli Kamal Yılmaz, istehsalat direktoru Ceyhun Salmanov və “Azərsun Holdinq” şirkətlər qrupunun İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərov jurnalistlərə geniş məlumatlar verərək onların suallarını cavablandırdılar.
Zavodun gücü 90 min ton, daxili tələbat isə 30-35 min ton
Jurnalistlərin Masazır Duz Zavoduna gəlmələrindən şad olduğunu deyən zavodun direktoru Əli Kamal Yılmaz sözlərinə davam edərək bildirdi ki, zavod Azərbaycanın süfrə duzuna illik 30-35 min ton həcmində olan tələbatını tam ödəmək gücündədir: “Masazır Duz Zavodunun 90 min ton istehsal gücündə olması nəzərdə tutulub. Həmin səviyyəyə hazırda tikintisi davam edən 30 min ton istehsal gücündə olacaq qeyri-qida istiqamətli duz istehsalı sahəsi istifadəyə verildikdən sonra nail olunacaqdır. Hazırda zavod gün ərzində 80-100 ton məhsul istehsal edir, iki əlavə avadanlıq quraşdırıldıqdan sonra gündəlik istehsal gücü 300 tona çatacaqdır”. Əli Kamal Yılmazın sözlərinə görə dünyada duzun yalnız 10%-i qida sahəsində işlədilir, qalan böyük bir hissəsi qeyri-qida sahələrində-maldarlıqda, suyumuşaltma sənayesində və s. istifadə edilir.
Duz əl dəymədən istehsal olunur
Masazır Duz Zavodunun istehsalat direktoru Ceyhun Salmanov xammalın qəbulundan hazır məhsul alınana qədər aparılan istehsal prosesi haqqında məlumat verərək bildirdi ki, zavodun xammalı Masazır gölünün suyu və gölün kənarından yığılan duzdur. İlk öncə tərkibində 22-23 % duz olan gölün suyu zavodun iki hovuzundan birinə doldurulur. Birinci hovuzda su 3 gün ərzində çökdürülür, onun tərkibi qum, gil, maqnezium-kalsium birləşmələrindən azad olur. Sonra təmiz, şəffaf duzlu su istehsal prosesinin davamlılığını təmin etmək üçün ikinci hovuza axıdılır. Bu hozdan isə su sperator aparatına ötürülür və burada suya duz əlavə edilərək duzluluq 25-26%-ə çatdırılaraq doymuş vəziyyətə gətirilir. Vakum altında doydurulan suda duz kristalları əmələ gəlməyə başlayır. Növbəti mərhələdə isə kristalların üzəri yuyularaq bunkerlərə göndərilir. Bunkerlərdən yodlaşdırma prosesinə daxil olan nəmli duz yodlaşdırıldıqdan sonra qurudulur. Nəhayət, hazır məhsul olan quru duz qablaşdırılaraq anbara verilir. Masazır Duz Zavodunda ən müasir avadanlıqlarda rafinasiya olunaraq əldə edilən duz ekstra keyfiyyətli duzdur, yəni tərkibi 99,82 % natrium xloriddir. Zavodda bütün istehal prosesi tam avtomatlaşdırılıb, məhsul əl dəymədən istehsal olunur.
Gürcüstan bazarı fəth olunur
Gürcüstan duz ehtiyatı ilə elə də zəngin olmayan ölkədir. Buna görə də bu ölkə daxili tələbatı ödəmək üçün duzu xarici ölkələrdən, xüsusilə Ermənistandan alır. Amma, Masazır Duz Zavodu ermənilərin gürcülərə saxta duz yedizdirmək əməllərinə son qoymaqdadır. Azərbaycan istehsalı olan “Bizimduz” və “Azərduz” markalı məhsullar Gürcüstanda bəyənilib və bu məhsulun qonşu ölkəyə ixracına başlanılmışdır.
Duzun digər ölkələrə ixracına gəldikdə isə, Masazır Duz Zavodunun direktoru Əli Kamal Yılmaz bildirdi ki, duz özü ucuz, daşınması isə bahalı olan məhsul olduğundan bu məhsulun uzaq ərazilərə ixracı sərfəli deyil. Həm də duza demək olar ki, bütün ölkələrdə rast gəlinir.
“Bu, bir sosial layihədir”
“Azərsun Holdinq” şirkətlər qrupunun İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərovun sözlərinə görə Masazır Duz Zavodunun açılması daha çox sosial layihədir. “Siz zavoddan tonlarla qumun, gilin daşındığının şahidi ola bilərsiniz. Artıq onlardan bir təpə formalaşıb. Həmin qum, gil duzun təmizlənməsi nəticəsində əmələ gəlir. Əvvəllər göldən götürülən duz çirkli şəkildə satılırdı və bu qədərziyanlı maddə demək olar ki, insanların orqanizminə daxil olurdu. Masazır Duz Zavodu istifadəyə verildikdən sonra isə insanlar təmiz duz əldə edə bilirlər. Duz gəlirli sahə deyil, amma bu zavod Azərbaycanın ehtiyacı olduğu bir zavoddur. Belə bir səviyyədə zavod nəinki bizim bölgədə, hətta yaxın bölgələrdə yoxdur. Afiq Səfərovun sözlərinə görə Masazır Duz Zavodu göldən duz yığıb gəlir əldə edən insanları da işsiz qoymayıb: “Zavod göldən duz toplayanlardan əvvəllər onların gün ərzində satdıqlarından bir neçə dəfə çox duz alır”. Həmçinin hazırda zavodda 130-a yaxın işçi çalışır.
Duzun saxlanılması qaydalarına əməl edin!
Masazır Duz Zavodu duzun qablaşdırılması şərtlərinə ciddi əməl edir. Duzun üzunmüddətli keyfiyyətli qalması və kənar təsirlərdən mühafizəsi üçün şəffaf olmayan paketlərdən istifadə olunur. Masazır Duz Zavodunun İstehsalat direktoru Ceyhun Salmanovun sözlərinə görə duz ağzıaçıq saxlanıldıqda onun tərkibində olan yod uçur. Bu səbəbdən duz ağzıqapalı və nəmli olmayan şəraitdə saxlanılmalıdır.
Qüsursuz istehsal
Zavod 24 saat fəaliyyət göstərən müasir laboratoriyaya malikdir. Laboratoriyada hər 6 saatdan bir müayinə aparılır. Yodun müayinəsi isə hər 4 saatdan bir aparılır. Duzun yodunda, nəmliyində, maqnezium və kalsium miqdarında problem olarsa yenidən emala qaytarılır. Həmçinin hazır məhsul laboratoriyada yoxlanıldıqdan sonra satışa verilir.
Bildirildi ki, Masazır Duz Zavodunda standartın tələbinə uyğun olaraq hər 100 ton duza 3-5 kq yod əlavə edilir, həmin yod dünyada ən keyfiyyətli yod olan Çili yodudur. Qeyd edək ki, ölkəmizdə qanunla yodsuz duzun nəinki insanlara satılması, hətta heyvanlara belə verilməsi qadağandır.
Əlavə edək ki, Masazır Duz Zavodu “Azərbaycan Duz İstehsalat Birliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. Birliyin səhmdarları “Azərsun Holdinq” MMC (payı 75%) və “Azərbaycan İnvestisiya Şirkəti” MMC-dir (payı 25 %).
Seymur Yunusov