KOB subyektləri ilə görüş keçirilib
19 iyul 2023-cü il tarixində Ağsu rayonunda KOBİA-nın qrant dəstəyi ilə həyata keçirilən "Mikro, kiçik və orta biznesin Dağlıq Şirvan iqtisadi rayonunun inkişafında rolunun artırılması” layihəsinin icrası çərçivəsində KOBİA-nın regional koordinatoru və Ağsu rayonunun KOB dostlarının dəstəyindən yararlanmaqla yerli sahibkarlarla görüş keçirilmişdir. Görüşdə habelə rayon icra hakimiyyətinin məsul şəxsləri iştirak etmişlər.
Layihənin icraçıları qismində görüşdə akademik Ziyad Səmədzadə, professor Rəsul Balayev və Maqsud Quliyev iştirak etmişlər. Onlar tərəfindən mikro, kiçik və orta biznes amilinin iqtisadi rayonun inkişaf potensialının yüksəldilməsi imkanlarının tədqiqi və həmin imkanların reallaşdırılması barədə təkliflərin əsaslandırılmasının zəruriliyi, sahibkarlıq amilinin tarazlı və dinamik regional inkişafda artan rolu barədə müxtəsər məlumat verilmişdir.
Layihənin keçirilməsində məqsəd Dağlıq Şirvan iqtisadi rayonunun dinamik sosial-iqtisadi inkişafında KOB-un rolunun artırılması imkanlarının aşkar edilməsi və həmin imkanların reallaşdırılması üzrə istiqamət və vasitələrin müəyyən edilməsidir. Eyni zamanda, iqtisadi rayonda KOB-un inkişafı və təşviqi üzrə təklif və tövsiyələrin hazırlanması, onların həyata keçirilməsi imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.
Layihənin məqsədinə nail olmaq üçün Dağlıq Şirvan iqtisadi rayonunun sosial-iqtisadi inkişafının tarazlıq və dayanıqlılıq meyarları baxımından qiymətləndirilməsi; iqtisadi rayonda KOB-un inkişaf səviyyəsinin qiymətləndirilməsi; Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan Şamaxı, İsmayıllı, Qobustan və Ağsu inzibati rayonlarında KOB-un təşviqi üzrə əldə edilən nəticələrin səciyyələndirilməsi; Şamaxı, İsmayıllı, Qobustan və Ağsu inzibati rayonlarında KOB-un inkişafı imkanlarının aşkar edilməsi və onların reallaşdırılması yollarının müəyyən olunması nəzərdə tutulur.
Layihə bütövlükdə respublika üzrə KOB subyektlərinin inkişaf strategiyasının təkmilləşdirilməsinə töhfə verəcəkdir. Layihədən Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan inzibati rayonların KOB subyektləri faydalanacaqdır.
Qeyd edək ki, “Mikro, kiçik və orta biznesin Dağlıq Şirvan iqtisadi rayonunun inkişafında rolunun artırılması” layihəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən qrant vəsaiti hesabına maliyyələşdirilir.
Tədbirdə iştirak edən sahibkarlar, o cümlədən “Azqranata” MMC-dən Cabbar Məmmədov, “Buta” marketdən Asəf Babaşov, “Sanif” marketdən Sanif Həsənov və “Sünbül” MMC-dən İlham Mirzəyev mikro, kiçik və orta biznesin istifadə edilməmiş potensialı, mövcud problemlər və onların həlli istiqamətləri barədə mülahizələrini bildirmişlər. Onlar ölkə başçısı cənab İlham Əliyevin sahibkarlara daimi qayğısından, Dağlıq Şirvan iqtisadi rayonunda mikro, kiçik və orta biznesə göstərilən dövlət dəstəyindən razılıqla danışmışlar. Xüsusi olaraq qeyd edilmişdir ki, rayonun bütün ərazisi fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin edilir. Yolların təmiri və yeni yolların çəkilməsi sahibkarların iqtisadi fəallığı üçün əlverişli şərait yaradır.
Bir sıra sahibkarlıq subyektlərinin nümayəndələri son illər gördükəri işlər və əldə olunmuş nəticələr barədə danışmışlar. Onlar mikro, kiçik və orta biznesin inkişaf perspektivlərini şərtləndirən əsas amillər qismində, ilk növbədə biznesin maliyyəyə və hazır məhsulun bazarın müvafiq sektoruna çıxışının vəziyyətini qeyd etmişlər.
Eyni zamanda, istehsal etdikləri məhsulların və göstərdikləri xidmətin dəyərində enerji daşıyıcılarının xüsusi çəkiyə malik olduğunu bildirmişlər. Dağlıq Şirvan iqtisadi rayonunun digər əraziləri kimi Ağsu rayonunda da su ilə təminatın yaxşılaşdırılması istiqamətində atılan addımlar qeyd olunmuşdur. Eyni zamanda, göstərilmişdir ki, aqrar sahibkarlıqda su təminatı ilə bağlı çətinliklər məhsuldarlığı azaldır və rentabelliyi aşağı salır.
Su təminatı nisbətən yaxşı olan Ərəbmehdibəy, Qasımbəyli və Yuxarı Şirvan kanalına yaxın bir sıra digər kəndlərdə kənd təsərrüfatı məhsulları istehsalının inkişafı üçün bazara çıxışın asanlaşdırılması mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, Ağsu rayonu ərazisində fəaliyyət göstərən supermarketlərin yerli sahibkarlardan məhsul alması vəziyyətinin yaxşılaşdırılmasına ehtiyac vardır.
Maliyyəyə çıxışın vəziyyətinə gəldikdə isə sahibkarlar Ağsu rayonunda bankların sayının az olmasını qeyd etmişlər. Onlar bildirmişlər ki, həmin bankarın yerli biznesə güzəştli kreditlər (hazırda 5%-li) verməkdə kifayət qədər maraqlı olduğunu söyləmək çətindir.
2021-ci ilin iyul ayının 8-də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və KOBİA arasında mikro, kiçik və orta biznesin inkişafını dəstəkləmək məqsədilə anlaşma memorandumu imzalanmışdır. Bu əməkdaşlıq çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan İsmayıllı rayonunda 2022-ci ildə 70 min ABŞ dolları məbləğində yardım ilə meyvə-tərəvəz emalı üzrə müəssisə yaradılmışdır. Burada əsasən qadınlar üçün yeni iş yerləri açılmışdır. Görüş iştirakçıları haqqında danışılan tərəfdaşlıq çərçivəsində Ağsu rayonunda süd emalı, Qobustanda yun emalı üzrə qadın assosiasiyaları yaratmağı məqsədəuyğun hesab etmişlər.
Ağsu rayonunda quşçuluq fabrikləri fəaliyyət göstərmişdir. Yem bazasının vəziyyətini və təcrübəli mütəxəssislərin mövcudluğunu nəzərə alaraq, əvvəlki məkanlarda quşçuluq fabriklərini yenidən yaratmaq olar. Rayonda xalq sənətkarlığı sahələrində ənənələrin bərpası istiqamətində sahibkarlığın inkişafı baxımından böyük potensial mövcuddur. Rayonun Bico və Qəşət kəndlərində xalçaçılıq ənənələrini bərpa etmək mümkündür. Bununla da bir sıra kəndlərdə qadınlar üçün yeni iş yerləri yaratmaq olar.
Sahibkarlar (Sanif Həsənov) bildirdilər ki, Bico və Qəşəd kəndlərində vaxtilə üzüm emalı zavodları fəaliyyət göstərmişdir. Onların bərpası üçün tədbirlər görülməli və ilk növbədə həmin kəndlərin su təminatı yaxşılaşdırılmalıdır. “Sünbül” İstehsal Kooperativinin nümayəndəsi (İsmayıl) taxılçılığın inkişafı istiqamətində gördükləri işlər barəsində danışaraq, məhsuldarlığın yüksəldilməsi baxımından su təminatının yaxşılaşdırılması məsələlərini önə çəkmişdir.
Ağsu rayonunda 130 mindən artıq qoyun bəslənir. Bildirildi ki, rayonda dəri qəbulu və emalı müəssisəsinin yaradılması ət kəsimi məntəqələrinin fəaliyyətinə nəzərəçarpacaq dərəcədə müsbət təsir edə bilər.
Aqrar sahibkarlar münasib, yəni kənd icmasının mənafeyinə toxunmayan örüş yerlərində əkin aparılması məqsədi ilə müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsini arzu etdiklərini bildirdilər. Bu qəbildən yerli sahibkarların digər təklifi Ağsu rayon ərazisində mini soyuducu anbarların inşası ilə bağlı oldu. Qeyd edildi ki, kifayət qədər böyük bağı olan sahibkarlar həmin bağların ərazisində soyuducu anbarın inşasının sənədləşdirilməsində çətinlik çəkirlər.
Rayonda aqropark uğurla fəaliyyət göstərir. Burada süd və ət emalında istifadə edilən mütərəqqi texnologiyaların tətbiq dairəsinin genişləndirilməsi, aqroparkın yeni rezidentlərinin cəlb edilməsinin perspektivləri qeyd edildi.
KOBİA-nın dəstəyi ilə İsmayıllı rayonunda turizm biznesi infrastrukturu inkişaf etdirilmişdir. Bu istiqamətdə Ağsu rayonunda da tədbirlərin həyata keçirilməsini arzu etdiklərini bildirdilər. Ağsu rayonu, o cümlədən Dilman, Kalva, habelə yol infrastrukturunun yaxşılaşdırılması davam etdirilərsə, Xatman və Hacıman kəndləri turizmin inkişafı baxımından əlverişli potensiala malikdir. Bununla belə, əsas nəqliyyat xətlərindən bir qədər kənarda olduğuna görə burada turizmin inkişaf imkanları istifadə edilməmiş qalır.
KOBİA-nın Dağlıq Şirvan üzrə koordinatorunun sahibkarların maarifləndirilməsi üçün davamlı addımların atılmasının zəruriliyi, bu məqsədlə iqtisadi rayon ərazisində olan ali və orta ixtisas təhsili müəssisələrinin potensialından istifadənin məqsədəuyğun olması barədə fikri maraqla qarşılandı. Görüşdə həmçinin, yerli ali təhsilli kadrların əksəriyyətinin öz kəndlərinə dönməmələri, texniki peşə məktəblərinin açılması, torpaqların şoranlaşması məsələləri də müzakirə edildi.
Görüşdə “Azqranata” MMC-nin nümayəndəsi bildirdi ki, nar məhsulu həm yerli sahibkarlardan satın alınır, həm də öz bağlarımızdan əldə edilir. Hazırda öz nar və üzüm bağlarımızda çalışanlar da nəzərə alınmaqla müəssisənin 1128 işçisi var. Bu günlərdə kompota tələbin artması ilə əlaqdar daha 120 işçinin cəlb edilməsi planlaşdırılır.