Rəcəb Tayyib Ərdoğana olan yüksək etimadın növbəti təsdiqi (YENİLƏNDİ)
Qlobal miqyasda 2023-cü ilin əsas siyasi hadisələrindən biri may ayında Türkiyədə keçirilən prezident və parlament seçkiləri oldu. Hətta bu seçkilər beynəlxalq maraq baxımından dünyadakı bütün prosesləri və hadisələri geridə qoydu. Avropa, Qərb, bütün region dövlətləri, beynəlxalq təşkilatlar Türkiyədəki seçkilərə köklənmişdilər. Bu da təsadüfi deyildi. Tarix göstərir ki, məhz nüfuzlu, qlobal proseslərə təsir göstərə bilən dövlətlərdə keçirilən seçkilər dünyanın diqqət mərkəzində olur. Qardaş Türkiyə də belə dövlətlərdəndir. Bu gün Türkiyə regionun lideri, söz sahibi, müxtəlif qaynar nöqtələrdə təkbaşına hərbi əməliyyatlar həyata keçirən, öz mənafelərini qətiyyətlə təmin edən dövlətdir.
Amma o da aydındır ki, Türkiyənin yüksəlişindən narahatlıq keçirənlər də var və ona görə qardaş ölkədəki seçkilərlə yaxından maraqlanan xarici siyasi dairələrin heç də hamısı bu seçki prosesini xoş niyyətlə izləmirdilər. Türkiyənin son illərdə əhəmiyyətli dərəcədə güclənməsindən, nüfuzlu dövlətə çevrilməsindən, öz milli maraqlarını qətiyyətlə təmin etməsindən narahat olan siyasi dairələr qardaş ölkənin yüksəliş yolunun dayandırılması üçün bütün ümidlərini məhz bu seçkilərə bağlamışdılar.
Onların bu niyyətini isə Türkiyə müxalifətinin «Altılı masa» adını alan «Millət ittifaqı» həyata keçirməli idi. Amma Türkiyə xalqı buna imkan vermədi və həm parlament, həm də prezident seçkilərində səsini «Cümhur» İttifaqının namizədlərinə verməklə, Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməklə hazırki siyasi kursun davamını və gələcəkdə daha böyük uğurlar qazanmasını təmin etdi.
Türkiyədə siyasi və dövlət idarəetməsi:parlament üsul idarəçiliyindən prezident idarəçiliyi formasına
Türkiyə prezident idarəetmə üsuluna malik respublikadır. Ölkə konstitusiyasına əsasən, prezident xalq tərəfindən 5 il müddətinə iki dəfədən çox olmamaqla seçilir. Prezidentin fəaliyyət qabiliyyəti olmadıqda və ya vəfat etdikdə onun səlahiyyətlərini Türkiyə Böyük Millət Məclisinin sədri icra edir. Buna qədər isə Türkiyə parlament idarəetməsinə malik olan dövlət idi. Mətləbə keçməzdən əvvəl 1923-cü ildə yaradılmış Türkiyə Cümhuriyyətinin 100 illik tarixində mövcud olmuş siyasi idarəçilik və hakimiyyət bölgüsü tarixinə nəzər salaq. 1923-1950-ci illərdə Türkiyədə təkpartiyalı sistem mövcud olub. 1923-cü il sentyabrın 9-da Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulan Cümhuriyyət Xalq Partiyası (CHP) 1946-cı ilə kimi ölkədə yeganə siyasi partiya, 1950-ci ilə qədər isə hakmiyyətdə təmsil olunan tək partiya olub.
1946-cı il yanvarın 7-də yaradılan Demokratik Partiya 1950-ci ildə siyasi hakimiyyətə gəldi. CHP-dən istefa vermiş millət vəkili Cəlal Bayarın qurucusu olduğu yeni partiya 1950-ci il 14 may seçkilərində (52,7 faiz) qələbə qazanaraq CHP-nin 27 illik siyasi hakimiyyətinə son qoydu. 1950-1960-cı illərdə Demokratik Partiya təkbaşına hakimiyyətdə olub. Lakin 1960-cı il mayın 27-də Türkiyə ordusu hərbi çevriliş etdi, Demokratik Partiya bağlandı və 10 il baş nazir səlahiyyətlərini icra etmiş Adnan Menderes edam olundu.
1961-ci ildə Türkiyə siyasi tarixində ilk dəfə olaraq koalisiya hökuməti qurulub və bu, 2002-ci ilə qədər davam edib. 41 ildə Türkiyənin siyasi tarixi göstərir ki, əksər hallarda koalisiya hökumətləri siyasi qərarların qəbulunda ortaq məxrəcə gələ bilməyiblər. Məsələn, 1961-1980-ci illərdə Türkiyədə qurulan bütün koalisyon hökumətlər dağılıblar. Bu dövrdə koalisyon hökumətlərin yeganə uğuru 1974-cü ildə Kipr adasına qoşun çıxarılaraq, buradakı türklərin təhlükəsizliyinin təmin edilməsi olub.
1980-ci ildə baş vermiş çevrilişdən sonra yeni konstitusiya qəbul edilsə də, 90-cı illərdə qeyri-sabit siyasi şərait hökumətlərin tez-tez dəyişməsinə yol açıb.
1991-ci ilin iyun ayında Məsut Yılmazla 48-ci hökumətin qurulmasından 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi Abdullah Gülün qurduğu 58-ci hökumətədək 11 il ərzində 11 hökumət qurulmuş, bunların 9-u müxtəlif siyasi konfiqurasiyalardan formalaşan koalisiyaların hökumətləri olaraq, orta ömürləri 1 ildən az olmuşdur. Bu dönəmdə parlamentə seçkilərin heç biri planlaşdırılan zamanlarda keçirilməmiş, hamısı erkən seçkilər olmuşdur.2002-ci ildə Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) parlament seçkilərində böyük üstünlüklə qalib gələrək, təkpartiyalı hökumət qurmağa müvəffəq olub. Və həmin dövrdən etibarən də AKP bütün seçkilərin qalibidir. Belə ki, 2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyası 2023-cü il seçkilərinə qədər 6 parlament (noyabr 2002, iyul 2007, iyun 2011, iyun 2015, noyabr 2015, iyun 2018), 4 bələdiyyə ((2004 - 41,67 faiz, 2009 - 38,39 faiz, 2014 - 42,87 faiz və 2019 - 44,33 faiz), 2 prezident seçkisi (2014 - 51,79 faiz və 2018 - 52,59 faiz) və 3 referendumda (2007- 68,95 faiz, 2010 - 57,88 faiz, 2017- 51,41 faiz) qalib olub.
AKP ilk olaraq 2002-ci ilin parlament seçkilərində 550 nəfərlik qanunverici orqana 363 mandat qazanaraq təkbaşına hökumət qurub. 2007-ci il seçkilərində 550 mandatın 341-ni, 2011-ci ilin seçkilərində 327-ni götürən Ədalət və İnkişaf Partiyası hakim statusunu saxlayıb. 7 iyun 2015-ci il seçkilərində 550 mandatın 258-ni alan Ədalət və İnkişaf Partiyası təkbaşına hökumət qura bilməyib, koalisiya danışıqları isə uğursuz olduğu üçün növbədənkənar seçkiyə gedilib. 1 noyabr 2015-ci ilin parlament seçkilərində 317 mandat götürən Ədalət və İnkişaf Partiyası yenə təkbaşına hökumət formalaşdırıb. 2018-ci ildə isə AKP parlament seçkilərində 42,56 faiz səs toplayaraq 295 deputat mandatı əldə edib.
Partiya 2004, 2009, 2014 və 2019-cu illərin bələdiyyə seçkilərində də üstün gəlib.
Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə konstitusiyaya yenilik referendumları keçirilib, prezidentin parlamentdə deyil, ümumxalq səsverməsində seçilməsi, parlament idarəçiliyində üstünlüyün azadılması, prezident idarə üsuluna keçid rəsmiləşib. Yeniliklər 2007-ci ildə 68,95 faiz, 2010-cu ildə 57,88 faiz, 2017-ci ildə 51,18 faiz səslə dəstəklənib. Bu referendumlarla Türkiyədə hökumət sistemində mühüm dəyişikliklər edilib. Belə ki, referendumların nəticələrinə əsasən, Türkiyədə prezidenti artıq parlament yox, xalq seçir.
Üçüncü referendum 2016-cı il 15 iyulda hərbi çevriliş cəhdindən sonra son 40 ildə hakimiyyətdə və siyasətdə olan liderlərdən Turqut Özalın, Süleyman Dəmirəlin, Alparslan Türkeşin xəyalı olsa da, reallaşdıra bilmədikləri prezidentlik sisteminin gətirilməsini nəzərdə tutan referendumda dəyişikliklər 51,41 faiz səslə xalqdan dəstək aldı. Bununla da hakimiyyətdəki iki adamlı icra ortadan qaldırılıb, icra səlahiyyətləri yalnız prezidentə aid olub. Bununla da qanunvericilik və icra anlayışları bir-birindən ayrılıb. Eyni zamanda, prezidentin hərəkətləri və hüquqi toxunulmazlığı sona çatıb. Yalnız vətənə xəyanət deyil, hər cür qeyri-qanuni hərəkəti cinayət və siyasi məsuliyyət sayılıb.
Rəcəb Tayyib Ərdoğan 2003-cü il martın 14-dən baş nazir olub, 2014-cü il avqustun 10-da 21 milyon səslə (51,79 faiz) prezident seçilib. 2014-cü ildə isə konstitusiya dəyişikliklərinə əsasən, Rəcəb Tayyib Ərdoğan ilk dəfə olaraq xalq tərəfindən prezident seçilib. 24 iyun 2018-ci ildə keçirilən parlament və prezident seçkilərində AKP və Rəcəb Tayyib Ərdoğan (52,59 faiz) qalib gəliblər.
Göründüyü kimi, son 20 ildə Türkiyənin siyasi sistemində böyük dəyişikliklər baş verib, koalisyon hökumətlər ənənəsinə və parlamentin üstün idarəçiliyinə son qoyulub, prezident üsul-idarəsinə keçid təmin edilib.
Tez-tez dağılan hökumətlərdən güclü Türkiyə dövlətinə
Türkiyədə siyasi idarəetmədəki dəyişiklikləri təhlil edən bəzi siyasi analitiklər hesab edirdilər ki, parlament üsul-idarəsinin aradan qaldırılması ciddi problemlər yarada bilərdi. Məlum olduğu kimi, parlament idarəçiliyində hakimiyyət bölgüsü olsa da, əsas söz sahibi olan orqan parlamentdir. Belə sistemdə hakimiyyət bölgüsü yumşaq formadadır və prezidentlik institutu siyasi proseslərə təsir etmək imkanından uzaqdır. Parlament Nazirlər Kabinetini formalaşdıra və onu istefaya göndərə bilir. Bu sistemdə müxalifət də yetərli söz haqqına sahibdir. Amma nə qədər mütərəqqi olsa belə, parlament üsul-idarəsini seçmiş bir çox dövlətlərin, o cümlədən Türkiyənin koalisyon hökumətlər praktikası, tarixi hadisələr göstərir ki, bu idarəetmə forması əksər hallarda, o cümlədən kritik vəziyətlərdə siyasi qərarların qəbulunda, xarici siyasətdə, bütövlükdə dövlətin siyasi kursunun həyata keçirilməsində, iqtisadi, sosial və digər istiqamətlərdə proqramların hazırlanmasında fikir müxtəlifliklərinə səbəb olur ki, bu da nəticə etibarilə ciddi problemlərə, hətta siyasi böhrana gətirib çıxarır.
Belə idarəetmədə müəyyən qərarlarda həm prezidentin, həm baş nazirin imzası lazım olduğu üçün hər ikisinin ortaq məxrəcə gəlməsi çətin ola bilir. Elə buna görə də Türkiyədə 1961-ci ildən 90-cı illərə qədər çoxsaylı koalisyon hökumətlər sona qədər duruş gətirə bilməyiblər.
Bir tarixi faktı xatırlatmaq istərdim. 2000-ci ildə Türkiyəyə səfər edən Prezident Heydər Əliyev o zaman qardaş ölkənin Prezidenti olan Əhməd Necdət Sezərə belə bir sual vermişdi ki, əgər Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, Türkiyə Azərbaycana hərbi dəstək verə bilərmi? Əhməd Necdət Sezər isə cavabında bildirmişdi ki, Türkiyə NATO üzvü olan dövlətdir və NATO-nun icazəsi olmadan Azərbaycana bir patron da verə bilməz. 1993-cü ildə isə Azərbaycan dövləti Kəlbəcərin işğalı zamanı Türkiyədən köçkün düşən vətəndaşlarımızın daşınması üçün iki vertalyot istəmiş, lakin qardaş ölkə bundan imtina etmişdi.
Bütün bunların səbəbi isə 90-cı illərdə Türkiyənin parlament idarəçiliyinə malik olması, hökumətlərin bir neçə partiya tərəfindən koalisyon şəkildə formalaşdırılması idi. Prezidentin ölkə idarəçiliyində rolu minimal idi və hökumətin qərar qəbul etməsinə təsir göstərə bilmirdi. 1940-cı illərdə Türkiyəyə qaçıb sığınmış 100-dən artıq azərbaycanlının sovet hərbçiləri tərəfindən öldürülməsinə səbəb olmuş CHP-nin qətiyyətsiz siyasətini Türkiyənin koalisyon hökumətləri də davam etdirmiş və bu, qardaş ölkənin həm regional, həm qlobal siyasətdə rolunu minimuma endirmişdi. Az-çox müstəqil siyasət yürütməyə cəhd göstərmiş hökumətlər isə Türkiyənin vaxtilə mövcud olmuş konstitusiya normalarından irəli gələrək ordu tərəfindən devrilmişdir. Ən yaxşı halda belə hökumətlərə etimadsızlıq göstərilmiş və kabinet dağılmağa məhkum olmuşdur.
Türkiyədə hakimiyyətlərin hərbi yolla devrilməsinin sifarişçiləri və ya hökumətlərin koalisiyalarının dağılmasının əsas səbəbkarları isə Qərbin hərbi-siyasi mərkəzləri olmuşlar. Məsələn, 1974-cü ildə Kiprdə hərbi əməliyyatlar Bülənt Ecevit və Nəcməddin Ərbakanın formalaşdırdığı hökumətin qərarı ilə həyata keçirilmişdi. Bundan cəmi bir il sonra, 1975-ci ildə onların hökuməti dağıldı. Əlbəttə ki, Türkiyə xalqı ölkənin milli maraqlarını təmin etmiş bir hökumətə qarşı etimadsızlıq göstərə bilməzdi və bu, mümkün deyildi. Onların hökumətinin dağılmasının əsas səbəbi Türkiyə hakimiyyətinin müstəqil siyasət yürüdərək, Kiprə qoşun çıxarmasının Qərb tərəfindən həzm edilməməsi idi.
Prezident idarəçiliyində isə səlahiyyətlər prezidentdə olduğu üçün vahid qərar qəbulu mexanizmi sürətlənir. Parlament idarəçiliyində xaos rejiminin səbəbi koalisiya hökumətləri olduğu üçün, prezident üsul-idarəsi dolayısı ilə qarışıqlığı aradan qaldırır.
Türkiyədə 2017-ci il aprelin 16-da ümumxalq səsverməsi ilə qəbul edilən prezident idarəçilik sisteminin tam tətbiqi sadəcə bu ölkənin daxili siyasətində deyil, xarici siyasətində də yeni dövrün başlanğıcı oldu. Elə bunun nəticəsidir ki, bir vaxtlar sıradan bir dövlət olan Türkiyə qısa müddətdə dünyanın vacib siyasi oyunçusuna və qlobal güc mərkəzinə çevrilib. Xüsusən son illərdə Türkiyənin beynəlxalq arenada formalaşan supergüc ölkə imici, dövlətlərin onunla hesablaşma ehtiyacı, güclü əks cəbhələrə baxmayaraq, regionda öz maraqlarını müdafiə edə bilməsi, Suriyanin şimalında kürd terror təşkilatlarına qarşı «Fərat qalxanı» və «Zeytun budağı» hərbi əməliyyatlarını keçirməsi, Liviyanın qanuni hakimiyyətini müdafiə etməsi, 44 günlük haqq savaşında Azərbaycanın yanında dayanması bu dövlətin müstəqil uğurlu xarici siyasət formalaşdırdığının göstəriciləridir.
Bütövlükdə, Türkiyədə prezident idarəçilik sisteminin tətbiqi prezidentə daha çox səlahiyyət verməklə sistemli və uzunmüddətli hədəflərin müəyyən edildiyi bir siyasətin həyata keçirilməsinə şərait yaratdı. Prezidentin həm ali baş komandan, həm də xarici siyasətdə əsas fiqura çevrilməsi müvafiq tarazlığın qurulmasına imkan verir. 2002-ci ildən artıq Türkiyədə koalisyon hökumətlərin qurulması praktikasına son qoyulub. Tədricən konstitusiyaya edilən dəyişikliklərlə prezident üsul idarəsinə keçid təmin edilib və bunun ən böyük və tarixi nəticəsi Türkiyənin bu gün regional və qobal miqyasda nüfuzlu və güclü dövlət kimi tanınmasıdır.
Son iyirmi illik dövr Türkiyənin dövlətçilik tarixində ən sürətli dəyişikliklərlə, miqyaslı tranformasiyalarla zəngin olub. Birinci Dünya müharibəsindən sonra, 1923-cü ildə Osmanlı mirası üzərində qurulan Türkiyə Cümhuriyyəti 100 il sonra dünya siyasətində aparıcı ölkələr sırasında yer alır. Bu illər ərzində Türkiyə beynəlxalq siyasi arenada təkcə öz milli maraqlarını qorumayıb, regionun, türk və islam dünyasının mənafelərini müdafiə edib, prinsipial və qəti mövqeyi ilə dünyada özünə güclü nüfuz və etibar qazanıb. Yaxın Şərqdən Afrikayadək və keçmiş sovet məkanında baş verən hərbi-siyasi münaqişələr və ənənəvi hərbi-siyasi blokların dağılması fonunda Türkiyə beynəlxalq ədaləti təmin edən yeni nizam irəli sürüb.
Türkiyə öz xarici siyasətində müşahidəçi roldan aktiv və beynəlxalq miqyasda təsirli ölkə statusuna Ərdoğanın hakimiyyəti dövründə yüksəlib. Tarixdə «Atatürk dövrü», «Menderes dövrü», «Özal dövrü» kimi liderlərin adı ilə simvollaşan siyasi mərhələlər indiki halda «Ərdoğan dövrü» üçün də xarakterikdir. Bütün qitələrdə ölkənin təsir gücü artıb, sağlam ambisiyaları güclənib və sülhün-təhlükəsizliyin təminatına xidmət edən siyasi xətt inkarolunmaz fakta çevrilib. “Dünya 5-dən böyükdür” doktrinası beynəlxalq nizamdakı ədalətsizliyə diqqəti çəkib, əzilən xalqların himayəçisi kimi Türkiyə özünə çoxlu müttəfiqlər qazanıb. Miqrant problemi, milyonlarla köçkünə sığınacaq verilməsi və müsəlmanlara qarşı ayrı-seçkiliyə davamlı etiraz Türkiyəyə beynəlxalq siyasətdə yeni status qazandırıb.
Türkiyədəki seçkilər Azərbaycan-Türkiyə münasibətləri kontekstində
Məzmununa və miqyasına görə beynəlxalq münasibətlər sistemində Azəbaycan-Türkiyə əlaqələrinin analoqunu tapmaq mümkün deyil. Türkiyədə keçirilən seçkilər Azərbaycanda hər zaman maraqla izlənilib. Lakin 2023-cü ilin may seçkiləri Azərbaycan üçün xüsusilə önəmli idi ki, bunun da səbəblərini ötən 20 ildə, xüsusən 2010-cu ildən sonra yeni keyfiyyət dəyişiklikləri əxz edən münasibətlərin məzmununda axtarmaq lazımdır.
Belə ki, sovetlər birliyinin dağılmasından sonra Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkə olmasına baxmayaraq, yalnız son 20 ildə Azərbaycan və Türkiyə arasında siyasi münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 15 sentyabr 2010-cu il tarixində İstanbulda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması iki dövlətin xarici və daxili siyasətində yeni zirvələrin qazanılmasında müstəsna hüquqi-siyasi hadisəyə çevrilib. 2021-ci il iyun ayının 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində imzaladıqları «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi» iki qardaş dövlətin siyasi-hərbi müttəfiqliyini yeni mərhələyə yüksəldib. Ümumilikdə isə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı son 20 ilin mənzərəsini qiymətləndirərkən önə çıxan əhəmiyyətli hadisələrə nəzər yetirək.
Öncə onu qeyd edim ki, Azərbaycanla Türkiyə beynəlxalq müstəvidə güclərini birləşdiriblər, əksər hallarda vahid xarici siyasət yürüdüblər və yeni geosiyasi ittifaqların qurulmasında tarixdə heç vaxt görünməyən status qazanıblar.
Qlobal iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, «Orta Dəhliz»in önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolunun, Cənub Qaz Dəhlizinin reallaşması Türkiyə və Azərbaycan arasında siyasi-iqtisadi tərəfdaşlığı tamamilə yeni mərhələyə yüksəldib. 2023-cü ildə Azərbaycanın Avropanın 10 ölkəsində mavi yanacaqla bağlı qazandığı tərəfdaşlar həmin siyasətin birbaşa nəticəsidir, hər iki ölkənin regional və qlobal mövqelərini gücləndirir. Türkiyə və Azərbaycan bir birinin iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdir, 13 mindən artıq Türkiyə şirkətinin investisiyalarının həcmi 11 milyard dollardan çoxdur.
Azərbaycanın isə Türkiyəyə yatırdığı investisiyanın həcmi daha böyükdür - 20 milyard ABŞ dolları. Göründüyü kimi, iki ölkə arasında iqtisadi bağlar sərmayə yatırılmasında da zirvəyə yüksəlib.
Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyədə olması 2020-ci ilin Vətən müharibəsində özünü daha yaxından göstərdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatından sonra Prezident İlham Əliyevə ilk zəng edən dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmuşdur. Türkiyə prezidentinin çox cəsarətli və qətiyyətli bəyanatları bəzi ölkələrə xəbərdarlıq oldu. Prezidentlə yanaşı, müharibənin gedişatında Türkiyənin hərbi komandanlığı birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdilər. Ermənistanın təəssübünü çəkən siyasi dairələr gördülər ki, Azərbaycan tək deyil. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. 44 gün davam edən savaş günlərində xalqımız kimi Türkiyə ictimaiyyəti də qələbəyə köklənmişdi.
Müharibə günlərində və ondan sonra isə Türkiyədən Azərbaycana müxtəlif səviyyələrdə çoxsaylı rəsmi və işgüzar səfərlər edildi. Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun, sabiq milli müdafiə naziri Hulusi Akarın, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Mustafa Şentopun, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, hazırda milli müdafiə naziri olan Yaşar Gülərin və başqa rəsmi şəxslərin respublikamıza səfərləri ilk növbədə qardaş dövlətin Azərbaycana dəstəyinin təcəssümü kimi yadda qaldı.
Bu müharibə qardaşlığımızı daha da möhkəmləndirdi, sarsılmaz etdi. Türk dünyasının öndərləri olan Heydər Əliyevin «Bir millət iki dövlət» və Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir» kəlamları bir daha öz təsdiqini tapdı. Prezident İlham Əliyev bizim müştərək, ortaq şanlı tariximiz olduğunu bildirərək deyib: «Otuz illik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq».
İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazanılan zəfər Türkiyə ictimaiyyətində Azərbaycana, eləcə də ölkəmizdə türk xalqına sevgini yeni səviyyələrə qaldırdı. Təsadüfi deyil ki, Türkiyənin Qurtuluş hərəkatı ilə Qarabağın xilası arasında paralellik aparılır, hər iki xilaskarlıq missiyasının liderləri - Mustafa Kamal Atatürk və Heydər Əliyevin müəyyənləşdirdikləri strateji kursun qələbəsi vahid siyasət kimi qəbul edilir.
Əvvəldə qeyd etdiyim kimi, 90-cı illərdə Türkiyə Azərbaycana iki vertalyot göndərə bilməmişdi. Amma Vətən müharibəsində Türkiyənin F-16 təyyarələri Azərbaycanda idi. Görünən odur ki, Azərbaycan-Türkiyə münasibətləri iki vertalyotun verilməməsi qətiyyətsizliyindən F-16 təyyarələrinin Azərbaycanda saxlanılması qətiyyətinədək böyük bir yol keçib və hərbi-siyasi müttəfiqliyimiz zirvə nöqtəsinə çatıb. Belə strateji müttəfiqlik qardaşlıq münasibətlərindən də yüksəkdir. Keçmiş sovet məkanından və Afrikadan ərəb yarımadasına qədər geniş coğrafiyada qardaş millətlər arasında yaşanan konfliktlər sübut edir ki, bizim xalqların münasibətləri qardaşlıqdan yüksəkdir və onun əldə olunmasında hər iki ölkəyə rəhbərlik edən liderlərin rolu əvəzsizdir. Şuşanın azad olunmasından heç bir il keçməmiş məhz 2021-ci ilin iyunun 15-də - Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə Şuşa Bəyannaməsinin imzalanması, Rəcəb Tayyib Ərdoğanın indiyə kimi iki dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin dönməz xarakterini göstərdi.
Şuşa Bəyannaməsi Qars müqaviləsindən sonra iki ölkə arasında münasibətlərin yeni mərhələdə inkişafını əks etdirən böyük tarixi razılaşmadır. Çünki Bəyannamə Azərbaycanla Türkiyə arasında münasibətlərin daha dərin strateji məzmununu müəyyən etdi və əlaqələri yüksək səviyyəyə qaldırmaqla, keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına yol açdı. Azərbaycan-Türkiyə münasibətlərinin 2021-2023-cü illərdəki mənzərəsi də təsdiq edir ki, Bəyannamə hər iki dövlətin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq, onların regional və beynəlxalq rolunu və çəkisini daha da artırıb. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur.
Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Bu müstəvidə Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: «Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək, birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır».
Belə bir müddəanın Bəyannamədə yer alması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm mesajdır və tərəflərdən birinin ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, digər tərəfin öz ordusu ilə onun yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdırmaq istəyən hərbi-siyasi dairələrdən gedir. Artıq onların hər biri bilir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
Azərbaycanla Türkiyə həm də silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlıq və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlib. Bütün bunlar, o cümlədən hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir.
İki qardaş dövlət regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər.
Bu tarixi razılaşmaya əsasən, Azərbaycan və Türkiyə dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək, bu sahələrin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər. Sahib olduqları silah və sursatla bir-birini təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər. Bu gün Türkiyə işğaldan azad olunan ərazilərdə bərpa işlərinin aparılmasında da Azərbaycanla bir yerdədir. Qarabağ və Şərqi Zəngəzurda bir çox nəhəng layihələrin reallaşdırılması Türkiyə şirkətlərinə həvalə olunub.Türkiyənin regiondakı yeri və çəkisi həm də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində böyük rol oynayır. Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin açılması üçün Azərbaycanın mövqelərinə ən yüksək siyasi-diplomatik və informativ dəstək məhz Türkiyə tərəfindən verilir.
Bu gün Şuşa Bəyannaməsindən və qardaşlıq münasibətlərindən irəli gələrək, Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq səviyyəsinin artırılmasına və modern orduya çevrilməsinə böyük dəstək göstərir. “EFES”, “Qış Təlimi”, «Anadolu Qartalı», «Sarsılmaz Qardaşlıq», «TurAz Qartalı» kimi təlimlər Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş peşəkarlığının artırılmasında böyük rol oynayır. İki ölkə arasında müdafiə sənayesi və hərbi kadr hazırlığı sahəsində də dərin əməkdaşlıq mövcuddur. Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi təkcə Cənubi Qafqazda deyil, eləcə də Avrasiya qitəsində daimi sülhün və təhlükəsizliyin təminatında mühüm rol oynayır.
Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda, habelə Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı üzrə Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komissiyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir.
Bütün bunların məntiqi təcəssümü kimi, Türkiyədə 2023-cü il seçkilərində prezidentliyə namizədliyini irəli sürən 4 namizəd arasında qlobal liderlik xüsusiyyətləri daşıyan Rəcəb Tayyib Ərdoğanın, parlament seçkilərində isə AKP və Milliyətçi Hərəkat Partiyasının (MHP) koalisiyası olan «Cümhur İttifaqı»nın Azərbaycan cəmiyyətində böyük rəğbət qazanması tamamilə başadüşülən idi. Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyinə, hərbi-siyasi müttəfiqliyin yeni mərhələyə yüksəlməsinə, dövlət başçıları arasındakı şəxsi dostluq münasibətlərinə, Türkiyənin Xarici İşlər və Milli Müdafiə nazirliklərinin Azərbaycanın haqq işini bütün səviyyələrdə qətiyyətlə dəstəkləmələrinə görə xalqımız Türkiyədə məhz Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə AKP hakimiyyətinin davamını arzulayırdı. Prezident İlham Əliyev 2023-cü il martın 16-da keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Türkiyəni dünyada mühüm güc mərkəzlərindən birinə çevirmiş cənab Rəcəb Tayyib Ərdoğanın qarşıdakı prezident seçkilərində növbəti dəfə xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq qalib gələcəyinə inamını ifadə edərək bildirmişdi: «Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir». Ümumiyyətlə, qeyd edək ki, çoxaktorlu müxalifətin üzərində uzlaşa biləcəyi xarici siyasi kursun mümkünlüyü bir sıra ekspertlər tərəfindən də riskli hesab edilir. Bu təhdid Türkiyənin təkcə Azərbaycana yönəlik siyasət üçün deyil, bütövlükdə region, Yaxın Şərq, türk-islam dünyası və Rusiyaya yönəlik siyasəti üçün də xarakterik hesab olunur. Ona görə Azərbaycan ictimaiyyətinin mütləq əksəriyyətinin həm milli maraqlarımız, həm türk dünyasının birliyi baxımından Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə AKP hakimiyyətinin həyata keçirdiyi siyasi kursa rəğbəti seçkidən öncə aydın idi.
Xalqımız tərəfindən bu kursun davamlılığına güclü istək vardı və iki qardaş ölkə arasındakı siyasi münasibətlərin kəskin dəyişəcəyinə səbəb ola biləcək qüvvələrin Türkiyədə hakimiyyətə gəlmə ehtimalı Azərbaycanda isti qarşılanmırdı.
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusu da Azərbaycan ictimaiyyətinin bu rəğbətinə aydınlıq gətirib. Mərkəzin sorğusuna əsasən, respondentlərin 83,8 faizinin Türkiyənin seçkilərlə bağlı siyasi gündəmini yaxından izlədiyi məlum olub və onların mütləq əksəriyyəti, yəni 90,4 faizi seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyib. Ərdoğanı dəstəkləyənlərin 96,7 faizi isə onun qalib gələcəyini ehtimal edib.
* * * *
Ərdoğanın tarixi qərarı: seçkilər təxirə salınmadı
Hələ 2023-cü ilin əvvəllərində Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinin tarixi ilə bağlı fərqli fikirlər səsləndirilirdi. Seçkilər əvvəlcə iyunun 18-də keçirilməli idi, lakin hökumət universitet imtahanları, həcc ziyarəti və yay tətilinin başlaması ilə üst-üstə düşməməsi üçün seçkilərin tarixini bir ay önə çəkdi və Prezident Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində seçkilərin mayın 14-də keçiriləcəyini bəyan etdi. Siyasi təhlilçilər isə bu tarixin təsadüfi seçilmədiyi qənaətində idilər. Məsələ ondadır ki, 73 il öncə 1950-ci il 14 may tarixində Türkiyənin keçmiş baş naziri Adnan Menderes «Bəsdir! Söz növbəsi millətindir», - deyərək 27 il hakimiyyətdə olan CHP-ni məğlub etmişdi.
Bununla belə bu tarixlə bağlı yekun qərar verilmədiyindən seçkilərin 16 və ya 30 apreldə keçiriləcəyi də ehtimal edilirdi.
2023-cü ilin fevral ayının 6-da Türkiyənin 11 vilayətində baş verən dağıdıcı zəlzələ seçkilərin tarixi ilə bağlı müzakirələri yenidən qızışdırdı. Bir çoxları seçkilərin hətta iyunun 18-də belə keçirilməsini qeyri-mümkün hesab etdi. O cümlədən, mediada Türkiyə Ali Seçki Komissiyasının prezident və parlament seçkilərinin təxirə salınması təşəbbüsü ilə çıxış edə biləcəyi haqqında xəbərlər işıq üzü gördü. Çünki zəlzələnin coğrafiyası 11 vilayəti və 10 milyondan çox vətəndaşı əhatə edirdi. Seçkilərin təxirə salınmasına qarşı çıxanlar isə əsasən müxalifət təmsilçiləri idi ki, onlar da dağıdıcı zəlzələni seçkilərdə qalib gəlmək üçün göydəndüşmə fürsət kimi dəyərləndirirdilər. Bu məqsədlə «Millət» İttifaqının təmsilçiləri zəlzələ bölgəsinə çoxsaylı səfərlər edir, keçirdikləri görüşlərdə hakimiyyət orqanlarını zəlzələnin fəsadlarını vaxtında aradan qaldırmamaqda, zərərçəkənlərə yardım göstərməməkdə ittiham edirdilər.
Seçkilərin iyunun 18-dən sonra keçirilməsi üçün isə konstitusiyaya dəyişiklik edilməli idi. Ölkədə yaranmış çətin vəziyyətə baxmayaraq, Prezident Rəcəb Tayyib Ərdoğan mart ayında növbəti prezident və parlament seçkilərinin təxirə salınmayacağını və may ayının 14-də keçiriləcəyini elan etdi. Əvvəldə qeyd etdiyim kimi, 1950-ci ilin məhz bu tarixində Türkiyədə keçirilmiş seçkilərdə CHP-nin 27 illik iqtidarı başa çatıb. Politoloqların və jurnalistlərin fikrincə, 14 mayın seçki günü kimi müəyyən edilməsi də simvolik olaraq həmin siyasi hadisə ilə əlaqədardır.
Onu da qeyd etmək yerinə düşər ki, Türkiyədəki dağıdıcı zəlzələyə ən çox məruz qalmış Qaziantep və Kahramanmaraş vilayətlərinin əhalisi bütün seçkilərdə, əsasən AKP-ni dəstəkləyiblər. AKP və Rəcəb Tayyib Ərdoğan indiyədək keçirilmiş hər bir seçkidə bu vilayətlər üzrə böyük fərqlə qalib olublar. Bu mənada bir çoxları Rəcəb Tayyib Ərdoğanın seçkilərin 14 mayda keçirilməsi ilə bağlı qərar verərkən böyük riskə getdiyini düşündülər. Lakin bu riskə getməklə Rəcəb Tayyib Ərdoğan nə qədər müdrik və təcrübəli siyasətçi olduğunu bir daha təsdiq etdi. Belə ki, dövlətin tarixi sınaqdan keçdiyi bir dövrdə seçkilərin təxirə salınmaması ilk növbədə Ərdoğanın siyasi nüfuzunu daha da yüksəldən mühüm amilə çevrildi. Zaman Rəcəb Tayyib Ərdoğanın seçkiləri təxirə salmamaqla nə qədər doğru və tarixi qərar verdiyini göstərir.
Türkiyədə keçirilən prezident seçkilərində AKP, MHP, Böyük Birlik Partiyasının və Yenidən Rifah Partiyasının təmsil olunduğu «Cümhur» İttifaqı Rəcəb Tayyib Ərdoğanın, CHP, İyi, Deva, Gələcək, Səadət və Demokratik partiyalarının birləşdiyi «Millət» İttifaqı (PKK terror təşkilatı və onun siyasi qanadı olan Xalqların Demokratik Partiyası (HDP) açıq şəkildə müxalifətə dəstək verdiyi üçün «Millət İttifaqı»nı «Yeddili masa» da adlandırırlar) CHP-nin sədri Kamal Kılıçdaroğlunun, Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyalarının birliyi olan «Ata» İttifaqı Sinan Oğanın namizədliyini irəli sürdü. Məmləkət Partiyası isə qurucusu və sədri olan Məhərrəm İncənin namizədliyini verdi.
Lakin seçkilərə 3 gün qalmış Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri götürdü.
Türkiyəni qlobal gücə çevirən siyasi kurs
Prezident və parlament seçkilərində kimin qalib gələcəyi və ya hansı siyasi partiyanın Türkiyə Böyük Millət Məclisində daha çox təmsil olunacağı ilə bağlı müzakirələr isə hələ ötən ildən başlamışdı. Sözsüz ki, Türkiyənin son 20 ildə keçdiyi inkişaf yolu nüfuzlu dövlətə çevrilməsi, öz milli maraqlarını qətiyyətlə təmin edə bilməsi, PKK terror təşkilatının əhəmiyyətli dərəcədə zəiflədilməsi, kürdlərin problemlərinin həlli istiqamətində atılan addımlar, həmçinin İkinci Qarabağ savaşında Azərbaycanın qələbəsi, AKP iqtidarının uğurunu təmin edən amillər kimi özünü göstərirdi.
Türkiyə son 20 il ərzində məhz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında dünya siyasətində regional oyunçudan qlobal aktora qədər, NATO çərçivəsində ikinci hərbi gücə qədər böyük inkişaf yolu keçmişdir. Bu gün Türkiyə ABŞ-ın hədə və etirazlarını qətiyyətlə dəf edərək, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alaraq, öz təhlükəsizliyini təmin edən dövlətdir. ABŞ-ın etirazlarına baxmayaraq, Türkiyə Suriyada öz milli təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyatlar həyata keçirir, Suriya müxalifətinə hərbi yardım göstərir, türkmənlərin təhlükəsizliyini təmin edir, İraqın şimalındakı PKK-nın düşərgələrini darmadağın edərək, terror təşkilatını gücdən salıb.
Türkiyənin Liviya hakimiyyətinə dəstəyi isə Qərbin xarici siyasətinə uyğun olsa da, ABŞ və Fransa kimi dövlətlər bu məsələdə də qısqanclıqlarını gizlətmirlər.
Eyni zamanda, son illərdə Şərqi Aralıq dənizində baş verənlər bir daha Türkiyənin güclü dövlət olduğunu göstərdi. Yunanıstan, ABŞ və Fransa bütün imkanlarını səfərbər edərək, Türkiyənin Şərqi Aralıq dənizində qaz yataqlarının kəşfi ilə bağlı işlərinin qarşısını almağa cəhd etsələr də, Ankaranı öz yolundan döndərə bilmədilər.
Dünya liderlərinin həll edə bilmədiyi qlobal təhlükəsizlik məsələlərinin tənzimlənməsində Prezident Ərdoğanın xidmətləri misilsizdir. Məsələn, təxminən 4 milyon nəfərə qədər suriyalı qaçqına qucaq açıb, onların bütün təminatını üzərinə götürməklə, həm də Avropanı böyük miqrasiya böhranından xilas etmişdir.
Bütün dünya Prezident Ərdoğanın qlobal liderliyini Rusiya-Ukrayna müharibəsi fonunda gördü. Rusiya-Ukrayna dialoqunun təşkil olunması sahəsində də cənab Ərdoğanın atdığı addımlar «köhnə qitə»də sülh prosesinə ciddi töhfə olmuşdur. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi kontekstində Yaxın Şərqdə və Afrika ölkələrində yaranmış ciddi buğda qıtlığı böhranının aradan qaldırılmasında Türkiyə liderinin fəaliyyəti həlledici rol oynamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il martın 16-da şəxsi təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə xüsusi olaraq vurğuladı ki, «Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir».
O da faktdır ki, Türkiyənin yüksəlişi paralel olaraq daim Qərbin bir sıra dairələrinin dərin narahatlığı və qısqanclığı ilə müşahidə olunub. Ona görə son onillikdə Türkiyə dövlətinin konstitusion idarəçilik modelinin dəyişməsindən sonra Türkiyədə baş verən pozitiv dəyişikliklər, dövlətin qlobal rolunun artmasına mane olan ənənəvi hökumət böhranlarının aradan qalxması fonunda Ankaraya qarşı qondarma ittiham və təzyiqlər də çoxalıb. Bir sıra Avropa təşkilatları demokratiya və insan haqları adı altında Türkiyəyə kənar müdaxilələri intensivləşdirib, etnik-milli qrupların, siyasi və dini cərəyanların toqquşdurulması cəhdlərini artırıb. Həmin siyasi dairələrin seçkilərdə Türkiyə müxalifətinə açıq şəkildə dəstək göstərmələri də Türkiyəni öz yolundan döndərmək niyyətindən irəli gəlirdi.
Məlum olduğu kimi, Türkiyə müxalifətinin birləşdiyi «Millət İttifaqı» və ya «Altılı masa» seçkilərdə alib gələcəyi təqdirdə tədricən parlament üsul idarəsinə qayıtmağı, Suriyada və Liviyada hərbi iştirakdan imtina etməyi planlaşdırırdı. O cümlədən, «Altılı masa» bəyan etmişdi ki, qalib gələcəyi təqdirdə Azərbaycanla Ermənistan arasındakı məsələdə neytral mövqedə dayanacaq. «Millət İttifaqı»nın seçki proqramı hətta son illərdə əhəmiyyətli dərəcədə möhkəmlənmiş türk dövlətlərinin birliyini də şübhə altına alırdı. «Millət İttifaqı»nın prezidentliyə namizədi və CHP sədri Kamal Kılıçdaroğlunun «həyatının layihəsi» adlandırdığı nəqliyyat dəhlizi layihəsində Azərbaycanı kənarda saxlaması isə Azərbaycan-Türkiyə münasibətlərinə xəyanət idi.
Ümumiyyətlə, «Altılı masa»da birləşən bütün partiyaların siyasi baxışları bir-birindən kəskin fərqlənir. Onları birləşdirən yeganə məsələ son 20 ildə Türkiyəni qlobal güc mərkəzinə çevirmiş AKP-nin iqtidardan uzaqlaşdırılması, Türkiyədə Avropa və ABŞ-ın maraqlarını təmin edən, yəni sözəbaxan hökumətin qurulması idi ki, bu da xalqa xəyanətdən başqa bir şey deyildi. «Altılı masa» bu yolda hər fürsətdən yararlanmağa çalışırdı. Türkiyə müxalifətinin fevralın 6-da baş vermiş dağıdıcı zəlzələni seçkilərdə qalib gəlmək üçün bir fürsət kimi dəyərləndirməsi də xalqa xəyanət idi. Lakin müxalifətin bu məqsədlə hazırladığı bütün planlar artıq seçkiyə qədər iflasa uğramışdı. Çünki Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələnin baş verdiyi ilk anlardan dövlətin bütün resurslarını səfərbər edərək, təbii fəlakətin ağır nəticələrinin aradan qaldırılması prosesinə başladı. Zəlzələ bölgələrinə çoxsaylı səfərlər edərək, insanlara hərtərəfli dəstəyin göstərilməsi kimi olduqca mürəkkəb prosesin uğurlu təminatı üçün bütün mümkün vasitə və mexanizmləri işlək vəziyyətə gətirdi. Prezident Ərdoğan zəlzələdən böyük ziyan çəkmiş yaşayış məntəqələrində insanlar qarşısında çıxış edərkən inamla bildirirdi ki, cəmisi 1 il ərzində 319 min ev tikilib qanuni sahiblərinə təhvil veriləcək, bütövlükdə isə 650 min ev tikiləcək. Mart və aprel aylarında bu istiqamətdə həyata keçirilən işlər Türkiyə hökumətinin zəlzələnin nəticəsinin sürətlə aradan qaldırılmasındakı güclü iradəsindən xəbər verdi ki, bu da müxalifətin bütün çirkin planlarını darmadağın etdi.
Son 20 ildə Türkiyənin ixracı 2 trilyon 793 milyard ABŞ dolları təşkil etmişdir
Seçkilərdə kimin qalib gələcəyi ilə bağlı müzakirələrdə ən çox qabardılan məsələlərdən biri də Türkiyənin iqtisadi vəziyyəti ilə bağlı idi. Aydındır ki, ölkənin iqtisadi durumu, adambaşına düşən milli gəlirin səviyyəsi, ixracatın illik həcmi, ölkəyə cəlb edilən investisiyalar və digər göstəricilər də iqtisadi stabilliyə təsir etməklə seçici davranışlarında mühüm rol oynayır. Son illərdə ölkədə iqtisadi sahədə özünü göstərən çətinliklər, inflyasiyanın sürətlə yüksəlməsi, türk lirəsinin dollar qarşısında dəyər itirməsi Türkiyə cəmiyyətində müəyyən narahatlıqlara yol açmışdır. Bu arqumentlərdən çıxış edənlər seçkilərdə hakimiyyətin vəziyyətinin heç də asan olmayacağını proqnozlaşdırdılar.
Amma Türkiyədə AKP hakimiyyətinin 20 illik hakimiyyəti böyük iqtisadi yüksəlişlə də əlamətdardır. Son 20 ildə Türkiyədə baş verən iqtisadi artım bu ölkənin əvvəlki 80 illik tarixinin iqtisadi göstəricilərindən qat-qat yüksəkdir. İqtisadi göstəricilərə nəzər salaq. Məsələn, 1991-ci ildən 2002-ci ildə qədər Türkiyədə qurulmuş 11 hökumətin iqtidarı dövründə istehlakçı inflyasiyası 866,5 faiz, (illik ortalama 77,77 faiz), toplam inflyasiya isə 851 faiz (illik ortalama 77,36 faiz) təşkil etmişdi. AKP-nin 20 illik iqtidarı dönəmində istehlakçı inflyasiyası 284,98 faiz (illik ortalama 14,25 faiz), toplam inflyasiya 374,78 faiz (illik ortalama 18,73 faiz) olmuşdur. 2020-ci ildə pandemiyayadək 17 illik göstəricilərdə istehlakçı inflyasiyası 170 faiz (illik ortalama 10 faiz), toplam inflyasiya 172 faiz (illik ortalama 10,1 faiz) artmışdır.
2018-ci il seçkilərindən sonrakı 4 ildə ölkədə istehlakçı inflyasiyası 126,79 faiz (illik ortalama 36,7 faiz), toplam inflyasiya 210 faiz (illik ortalama 52,53 faiz) təşkil etmişdir. Xüsusilə, 2018-ci il seçkilərinədək ölkədə inflyasiya təkrəqəmli olduğu halda, son 4 ildə ortalama inflyasiya 4-5 dəfə yüksəlmişdir. Bu rəqəmlərin sürətlə yüksəlməsi əsasə qlobal miqyasda gedən proseslər və Qərbin Türkiyəyə qarşı tədbirləri nəticəsində baş vermişdir. Bununla belə, ötən 5 ildə orta inflyasiya həddi AKP-dən öncəki 11 hökumətin orta inflyasiyasının yarı həddini keçməmişdir.
Türkiyədə 2002-ci ildə adambaşına düşən milli gəlir 3688 ABŞ dolları ikən, hazırda 10 min 655 dollar təşkil edir.
Türkiyədə hər il, hətta pandemiya dövrü də daxil olmaqla iqtisadi böyümə qeydə alınıb. İllik ortalama iqtisadi böyümə təxminən 5,33 faiz olmuşdur.
Türkiyə iqtisadiyyatında önəmli bir göstərici də ixracatın həcmi ilə bağlıdır. 2002-ci ildə Türkiyənin ixracatının həcmi 36 milyard 59 milyon dollar olmuşdur. Bu rəqəm AKP iqtidarının ilk 10-cu ilinə qədər hər il yüksəlmiş və ixrac həcmi 2012-ci ildə 3 dəfədən çox artaraq 113 milyard 883 milyon dollar təşkil etmişdir. 2022-ci ildə ixracatın həcmi 235 milyard 236 milyon dollara çatmışdır. Bu, 2002-ci ildəkindən 6,52 dəfə, 2012-ci ildəkindən 2,06 dəfə çoxdur. İxracatda istehsalın payı 94 faiz qeydə alınmışdır.
Müqayisə üçün qeyd edək ki, Türkiyənin 2003-cü ilədək 80 illik cümhuriyyət dönəmində toplam ixracatı 395 milyard 22 milyon dollar olduğu halda, son 20 ildə 2 trilyon 793 milyard dollara çatmışdır. AKP-yədək Türkiyənin illik ortalama ixracı 4,9 milyard dollar olduğu halda, son 20 ilin ortalaması illik 139 milyard 650 milyon dollardır.
Yalnız son 2 ildə ixracatın həcmi 460 milyard dollar olmuşdur ki, bu da rəqəmlə 2003-cü ilədək 80 ildə olan ixracarın həcmindən 16,4 faiz çoxdur.
Türkiyənin iqtisadiyyatının böyüməsi sadəcə ixrac rəqəmlərini artırmayıb, idxal rəqəmləri də sürətlə yüksəlib və xarici ticarət böyüməyə davam edib, 2022-ci ildə 107 milyard dollara çatmışdır. 2022-ci ildə idxalın həcmi 342 milyard dollara, xarici ticarətin həcmi isə ümumilikdə yarım trilyon dolları keçərək, 577 milyard dollara yüksəlmişdir.
Bütün bunlara baxmayaraq, bir çoxları xüsusən 2022-ci ildə özünü göstərən iqtisadi çətinliklərin, inflyasiyanın yüksək olmasının, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinin, işsizliyin artmasının seçkilərdə AKP iqtidarının əleyhinə yönələcəyini proqnozlaşdırırdılar.
Bununla belə, Türkiyədə güclü və dayanıqlı sosial müdafiə sistemi formalaşmışdır ki, bu da iqtisadi çətinliklər fonunda AKP hakimiyyətinin nüfuzuna təsir edən mühüm faktordur. Belə ki, Türkiyədə ölkə vətəndaşları üçün ödənişsiz səhiyyə xidmətləri sisteminin formalaşması, ehtiyacı olanlar üçün dərman vasitələrinə əlçatanlığın təmin edilməsi, sosial müdafiə sahəsində müəyyən sosial layihələrin tətbiqi, yaşlı və tənha insanlarla bağlı xüsusi dəstək proqramlarının həyata keçirilməsi, mükəmməl infrastrukturun yaradılması sadə vətəndaşların hökumətə rəğbətini formalaşdıran amillər kimi özünü göstərir.
Türkiyə xalqı milli maraqları qətiyyətlə təmin edən siyasi kursa səs verdi
Türkiyədə prezident və parlament seçkilərinin birinci turu may ayının 14-də keçirildi. Yekun nəticələrə əsasən, «Cümhur» İttifaqının namizədi, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, «Millət İttifaqı»nın namizədi, CHP-nin sədri Kamal Kılıçdaroğlu 44,85 faiz, «ATA» İttifaqının namizədi Sinan Oğan 5,17 faiz səs topladı. Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44 faizi səs verdi. Bu turda rezidentliyə namizədlərdən heç biri lazım olan 50+1 səsi toplaya bilmədi. Heç bir namizəd prezident seçilməsə də, Rəcəb Tayyib Ərdoğanla Kamal Kılıçdaroğlu arasında səs fərqi 2 milyon 538 min 671 idi.
Millət vəkili uğrunda mübarizədə isə «Cümhur» İttifaqı yenə də böyük üstünlüklə qalib gəldi. Seçkinin nəticələrinə əsasən, Türkiyə Böyük Millət Məclisinin 600 deputat yerindən 316-sını «Cümhur» İttifaqı qazandı. Bunun 266-sını AKP, 50-sini isə MHP üzvləri əldə etdilər. Bununla da parlamentdə üstünlük «Cümhur» İttifaqınındır.
May ayının 28-də prezident seçkilərinin ikinci turu keçirildi. Bu turda 64,1 milyon seçicinin 84,15 faizi iştirak etdi ki, olduqca yüksək göstəricidir və Türkiyə xalqının ölkənin siyasi taleyinə həssas münasibətindən xəbər verdi.
Seçkilərin nəticəsinə əsasən, Türkiyə seçicilərinin 52,18 faizi öz səsini ölkə Prezidenti, «Cümhur» İttifaqının namizədi, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğana verdi. «Millət» İttifaqının namizədi, CHP-nin sədri Kamal Kılıçdaroğlu isə səslərin 47,82 faizini aldı. Bu turda Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğludan 2 milyon 330 min 140 çox səs topladı.
Elə həmin gün Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edərək, seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik edib. Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək, əmin olduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Həmin gün Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu da ünvanlayıb. Məktubda deyilir: «Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə yenidən qazandığınız qələbə münasibətilə Sizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Azərbaycan xalqı da bu seçkiləri böyük diqqət və həyəcanla izləyirdi.
Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir.
Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək, beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır».
Prezident İlham Əliyevin həm zəngi, həm məktubu Azərbaycan-Türkiyə qardaşlığının, eyni zamanda iki dövlətin rəhbərləri arasındakı möhkəm dostluq münasibətlərinin təcəssümü idi. Bu zəng və məktub həm də bütövlükdə Azərbaycan ictimaiyyətinin Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə bağlı sevincinin ifadəsi idi.
Seçkilərdən bir neçə gün sonra Türkiyədə yeni kabinet formalaşdırılmışdır. Onların siyahısından göründüyü kimi, Türkiyə hökuməti bu dəfə də sağlam, dövlətini və millətini sevən insanlardan ibarətdir. Xüsusilə qeyd edilməlidir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və xarici işlər naziri Hakan Fidan Azərbaycana dost və yaxın insanlardır. Bu təyinata qədər Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Hakan Fidan isə Milli İstihbarat Təşkilatının sədri vəzifəsində çalışırdı. Bu vəzifələrdə çalışdıqları dövrdə onların hər ikisi Azərbaycana səfərlər ediblər. Xüsusən Vətən müharibəsi günlərində onların Azərbaycana səfərləri yaddaşlardan silinməyib.
Azərbaycan xalqının yaxından tanıdığı və dərin ehtiram bəslədiyi keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu və keçmiş milli müdafiə naziri Hulusi Akar isə bundan sonrakı fəaliyyətlərini Türkiyə Böyük Millət Məclisində davam etdirirlər. Onlardan Hulusi Akar hazırda Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədridir.
Seçkilərin nəticələri Türkiyənin uğurlarının davamlı olmasını təmin etdi
2023-cü ilin may seçkilərinin yekunları 21 ildir hakimiyyətdə olmasına baxmayaraq, xalqın böyük əksəriyyətinin AKP və onun sədri Rəcəb Tayyib Ərdoğana etimadının təcəssümü oldu. Bəziləri bu seçkilərdə onun siyasi erasının başa çatacağını düşünürdü. Ancaq seçkilər sübut etdi ki, o, bundan sonra da öz xalqının siyasi lideri olaraq qalacaq və Türkiyəni güclü dövlətə çevirən siyasi kurs davam etdiriləcək.
Eyni zamanda, Türkiyə xalqı Cümhuriyyətin yaradılmasının 100-cü ilinə təsadüf edən bu seçkilərdə dövlətçiliyə sadiqliklə bağlı sınaqdan da uğurla çıxdı. Belə ki, xalq dövləti zəiflədəcək, onu öz yolundan döndərəcək partiyaların iqtidara gəlməsinə imkan vermədi. Bu baxımdan bu seçki həm də xarici dairələrin Türkiyə ilə bağlı planlarının növbəti dəfə darmadağın edilməsi, o cümlədən CHP sədri Kamal Kılıçdaroğlunun Azərbaycandan kənar keçən nəqliyyat dəhlizi arzusunun fiaskoya uğraması ilə nəticələndi. 2016-cı ildə olduğu kimi, bu dəfə də Türkiyə dövlətinin qüdrətlənməsinin qarşısını almağa hesablanmış cəhdlər iflasa uğradıldı.
2023-cü ilin may ayında keçirilən seçkilərin nəticələri ilk növbəbə Türkiyənin bir dövlət olaraq uğurlarının davamlı olmasını təmin etdi. Seçkilərin nəticələri isə təkcə Türkiyə dövlətinin milli maraqları çərçivəsi ilə yekunlaşmadı, milli sərhədləri aşaraq qlobal məna və məzmun kəsb etdi.
Bu seçkilərin nəticələri Azərbaycanda da böyük sevinclə qarşılandı. Çünki güclü Türkiyə həm də güclü Azərbaycan deməkdir. Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana məktubunda deyildiyi kimi, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi «Bir millət iki dövlət» və «Bir yumruq» fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcək.
(davamı gələn sayımızda)
Akademik Ziyad SƏMƏDZADƏ