Heydər Əliyevin Azərbaycan sahibkarlığının inkişafına verdiyi töhfələri
İqtisadiyyat istənilən bir dövlətin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan dövləti heç zaman güclü hesab etmək olmaz. Odur ki, istənilən dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur və o, özünəməxsus inkişaf metodu ilə fərqlənir.
Bütün bu cümlələr, ifadələr, Ümummilli Lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" ifadəsindən qaynaqlanır.
Əsrlər, illər ərzində güclü iqtisadiyyata malik olan dövlətlərin ən qabarıq xüsusiyyəti kimi möhkəm, şəffaf, düzgün, dayanıqlı sahibkarlığa malik olmasını göstərmək olar.
Yəni, güclü iqtisadiyyat varsa, onunla birbaşa bağlı olan amil davamlı sahibkarlıqdır.
Ölkəmizdə iqtisadiyyatın, sahibkarlığın inkişafının özünəməxsus taleyi mövcuddur.
Sahibkarlığın, sahibkarlıq fəaliyyətinin formalaşdırılması üçün əsas ana qanun kimi “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu misal göstərmək olar. Qanunun tələblərinə görə, “Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir”.
Bununla bağlı olaraq belə bir sual meydana gəlir. Bəs sahibkarlığa, sahibkarlığın inkişafına dövlət dəstəyi, dövlət köməyi necə olmalıdır?
Dövlət sahibkarlıq fəaliyyətini qanunvericilik, inzibati-hüquq, büdcə, vergi və pul-kredit sistemləri vasitəsi ilə tənzimləyir.
Dövlət maddi-texniki, maliyyə, əmək, informasiya və təbii ehtiyatlardan istifadə sahəsində mülkiyyət və təşkilati-hüquqi imtiyazlara və qeyri-bərabərliyə yol vermir.
Sahibkarlığın sürətli inkişafını təmin etmək üçün dövlət sahibkarlıq fəaliyyətinin öncül istiqamətlərini və buna müvafiq olaraq güzəştlər sistemini müəyyənləşdirir.
Dövlət sahibkarlığa kömək məqsədi ilə informasiya, məsləhət, elm və tədris mərkəzləri, maliyyə fondları yaradır, vergi ödənişlərinin, Azərbaycan Respublikası Mərkəzi Bankının ssudalarının faizlərinin, amortizasiya ayırmalarının güzəştli dərəcələrini və vergi tutulmayan digər ayırmaları müəyyənləşdirir.
Məhz Ümummilli Lider Heydər Əliyev sahibkarlığın inkişafında dövlət öhdəliklərinin yerinə yetirilməsinə imzaladığı normativ aktlarla, qəbul etdiyi qərarlarla çoxlu töhfələr vermişdir.
Faktiki olaraq, 1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının iqtisadi xaos və tənəzzül dövrü kimi səciyyələnir. Yeni müstəqillik qazanmış ölkə üçün müharibə gözlənilməz idi. Ölkədə gedən bu müharibə həm büdcəni zəiflədir, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Pərakəndəlik və özbaşınalıq artıq baş alıb gedirdi.
Heydər Əliyev bu iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın qadir olduğunu dönə-dönə vurğulayırdı: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
Heydər Əliyevin söylədiyi bu fikirlər qısa zamanda öz nəticəsini göstərdi.
Dövlətimiz böyük neft-qaz ehtiyatlarına malik bir ölkədir. Əlbəttə, ilk olaraq bütün dünyada olduğu kimi, bizdə də bu sektorun yeni standartlar, yeni dövrün çağırışları əsasında qurulması tələb edilirdi.
İlk baxışda belə görünür ki, bu istiqamətdə işlərin görülməsi çox sadədir.Amma qeyd edim ki, bu fikir tamamilə yanlışdır, hətta deyərdim, çox çətin məsələdir.
Yəni, ilkin olaraq xarici dayanıqlı investorların ölkəmizə cəlb edilməsi ən vacib məsələdir. Bununla əlaqədar ölkədə stabillik olmalıdır, sağlam sahibkarlıq mühiti yaradılmalı və ən əsası qoyulan investisiyaların geri qayıtmasına zəmanətlərin verilməsi ilə bağlı işlər görülməlidir.
Məhz Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycan dünyanın aparıcı neft şirkətləri ilə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsinin birgə kəşfiyyatı və işlənməsi üzrə 7 ölkənin 11 məşhur şirkəti ilə “Əsrin müqaviləsi” adlandırılan sazişi bağlamış və ABŞ, Rusiya, Böyük Britaniya, Yaponiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanı neft şirkətlərinin iştirakı ilə konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılmışdır. “Əsrin müqaviləsi” Xəzər dənizində ilk irimiqyaslı layihənin həyata keçirilməsində beynəlxalq əməkdaşlığın əsasını qoydu. Dünyanın ən nufuzlu və yüksək texnologiyalarına malik olan neft şirkətləri ilə neft sazişinin bağlanması ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafının əsasını qoydu və nəticədə bu tədbirlərin həyata keçirilməsi hal-hazırkı davamlı və dinamik inkişafın təmin edilməsində müstəsna əhəmiyyətə malik oldu. Eyni zamanda, Azərbaycanda etibarlı investisiya mühitinin və əlverişli investisiya şəraitinin yaradılması qısa müddətdə bir neçə perspektivli strukturların birgə kəşfiyyatı və işlənməsinə dair əlavə, daha 20 müqavilə bağlamağa imkan vermişdir. Bağlanmış müqavilələrə görə, birbaşa xarici investisiyaların ümumi məbləği təqribən 60 milyard ABŞ dolları təşkil edirdi. 1997-ci ilin noyabr ayından ilk müqavilə üzrə neft hasilatına başlandı və qısa müddətdə 12 milyon ton xam neft hasil edilərək, xarici ölkələrə ixrac olundu və ümumən neft hasilatı artaraq 2000-ci ildə 14,1 milyon tona çatmışdır.
Həyata keçirilən bu tədbirlərin ölkədə əlverişli investisiya mühitinin yaradılması, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında mühüm rolu olmuşdur. Belə ki, bu istiqamətlərin ölkəmizdə qəbul edilən “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənməsi təmin edildi.
Bunlarla yanaşı, keçid iqtisadiyyatının ilk illərində ölkəmizin maliyyə imkanlarının məhdudluğu şəraitində xarici investisiyaların iqtisadiyyatın neft-qaz sektoruna cəlb edilməsi nəticəsində ölkənin maliyyə imkanları genişlənməyə başladı, inkişaf etmiş ölkələrin yeni texnika və texnologiyalarının, innovativ layihələrinin, mütərəqqi əmək vərdişlərinin, üsul və vasitələrinin, peşə və ixtisaslarının iqtisadiyyatımıza cəlb edilməsi Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərini təşkil etmişdir. İqtisadi inkişaf modelinin əsas cəhətlərindən biri də onun möhkəm elmi konseptual baza və mütərəqqi qanunvericilik əsasları üzərində formalaşmasıdır. Qanunvericilik təşəbbüsləri və tövsiyələri əsasında müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, dövlətin idarəedilməsinin təkmilləşdirilməsi, iqtisadiyyatımızda bazar iqtisadi sisteminin əsaslarının yaradılması, ölkə əhalisinin sosial-iqtisadi rifahının və hüquqlarının təmin edilməsi ilə bağlı əksər qanunvericilik sənədləri və normativ-hüquq aktlar qəbul edilmiş, onların səmərəli işlək mexanizmi hazırlanmışdır.
Əvvəldə də qeyd etdiyim kimi, neft-qaz sektorunun inkişafı ilə paralel qeyri-neft-qaz sektorunun da inkişafı, yeni sahibkarlıq subyektlərinin, obyektlərinin yaradılması dövlətin qarşısında duran vacib məsələlərdən biri idi.
Bundan əlavə, karbohidrogen fəaliyyətindən əldə edilən gəlirlərin düzgün xərclənməsi, düzgün istiqamətləndirilməsi, iqtisadiyyatın digər sahələrinə yönəldiməsi də peşəkarlıq tələb edirdi.
Odur ki, Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. Ölkədə iş yerlərinin çoxu bağlanmış və işsizlərin sayı çoxalmış, müharibə nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması iqtisadi böhranı aradan qaldırmağa mane olurdu. 1993-cü ildə təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarların sayının artmasına, xarici ölkələrlə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərmişdir. Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirmişdi. Belə ki, aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradıldı. 1995-ci il fevralın 18-də “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanunlar qəbul olundu.
Artıq görülən işlərin davamı olaraq 1996-cı illərdən Azərbaycanda inkişaf sürətlənmişdir. Bu dövrlərdə bir çox irimiqyaslı müqavilələr bağlanmış, mühüm əhəmiyyət kəsb edən sənədlər və aktlar imzalanmışdır. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və artırılması üçün dövlət tərəfindən müxtəlif dövrlərdə qəbul olunmuş “Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respubliksaında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” Azərbaycanda sahibkarlığın inkişafına təkan verdi.
1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqında” mühüm qanunlar qəbul edildi. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə əlaqədar olan 100-dən yuxarı normativ-hüquqi akt qəbul olunmuşdur.
Heydər Əliyevin gərgin əməyi nəticəsində vergi sahəsində də bir çox islahatlar aparılmış və həyata keçirilmişdir. Bir sıra dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində dövlətə ödənilən verginin faizində artım olmuşdur. Bir çox sahələrdə özəlləşdirmə dövlətə ödənilən verginin artmasına və milli büdcənin artımına gətirib çıxarırdı. Torpaq sahəsində özəlləşdirmə torpaq sahibkarlarına öz pay torpaqlarını azad əkib, becərmək imkanı verdi. Vergi münasibətlərini tənzimləyən bir sıra Qanunlar – “Mədən vergisi haqqında” (1995-ci il), “Əmlak vergisi haqqında” (1995-ci il), “Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında” (1996-cı il) qanunlar qəbul edilmiş və qüvvədə olan qanunlara (“Əlavə dəyər vergisi haqqında”, “Fiziki şəxslərin gəlirlərindən vergi haqqında” və s.) bir sıra əlavə və dəyişikliklər edilmişdir. 01 yanvar 2001-ci il tarixdən “Azərbaycan Respublikasının Vergi Məcəlləsi” qüvvəyə minmişdir. Həyata keçirilən bütün bu qanunlar Azərbaycanda vergi sistemini möhkəmləndirdi. Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin həyatında tarixi hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım oldu.
Sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi təşkil edilmişdir.
Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində vacib işlər görülmüş, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradılmışdır.
Bütün bunlarla yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqlar dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və vəzifədən sui-istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə 7 yanvar 1999-cu il tarixində “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərman imzalandı.
Fərmanda yoxlama və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan çoxsaylı şikayət və müraciətlər nəzərə alınaraq, "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 iyun tarixli 463 nömrəli Fərmanında bu orqanlar tərəfindən yol verilən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşların və hüquqi şəxslərin qanuni hüquq və mənafelərinin təmin olunması üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur.
7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərmanla sahibkarlara süni maneələrin aradan qaldırılması üçün bir çox dövlət orqanlarına tapşırıqlar verilmişdir.
Ötən müddət ərzində dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm həlqələrindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş vermişdir. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək, dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük vermişdir ki, bunlardan da biri səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sisteminin tətbiqi olmuşdur. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olunmuş və burada mövcud boşluqların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutmuşdur.
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli Fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirilmişdir.
Bunlardan əlavə, 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında" və 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanlar imzalanıb ki, bu sənədlər əsasında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilməklə onların qarşısının alınması üçün kompleks islahatlar aparılıb.
Həmçinin 17 avqust 2002-ci il tarixli Fərmanla “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı” da təsdiq edilib ki, bu da özəl sektorun dirçəlişində vacib addımlardan biri oldu. Bu sahədə ən mühüm addımlardan biri də 27 avqust 2002-ci il tarixli Fərmanla Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsinin təsdiqlənməsi və onun strukturunun formalaşdırılması idi. Hazırda da bu Fond ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərir, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olur.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş yeni iqtisadi siyasət, bazar iqtisadiyyatına keçid, iqtisadi və sosial islahatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkədə ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmişdir. Ölkədə sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış və bu, sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaratmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin azaldılması və sosial yönümlü müxtəlif problemlərin aradan qaldırılması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olmuşdur.
Qeyd etdiyim kimi, ölkə başçısı İlham Əliyev sahibkarlığın inkişafı, sahibkarlara dəstək, kölgə iqtisadiyyatının aradan qaldırılması ilə əlaqədar qanunlar imzalamış, fərman və sərancamlar qəbul etmişdir. Bundan əlavə, bu istiqamətdə mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir, müvafiq dövlət orqanlarının rəhbərlərinə, struktur bölmələrinə tapşırıqlar verir.
Bütün sahibkarların ən çox sevdiyi, ən çox praktiki olaraq onların müdafiəsini özündə əks etidirən qanunlardan biri də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunudur.Həmin qanunun tələblərinə görə sahibkarlıq subyektlərində, obyektlərində bir çox dövlət qurumlarının yoxlamaları müvəqqəti olaraq təxirə salınmışdır.
Deyərdim ki, bu qanunun tələbləri yerinə yetirdikcə praktiki və davamlı olaraq sahibkarlıq subyektlərində şəffaflıq daha da artır.
Həmçinin, bütün dünyada olduğu kimi, ölkəmizdə də innovativ fəaliyyətlər artır, idarəetmə, nəzarət mexanizimləri rəqəmsallaşır, kənardan idarəetmə prinsipləri həm vaxta qənaətə, həm xərclərin azaldılmasına və həm birbaşa kölgə iqtisadiyyatının aradan qaldırılmasına gətirir.
Vergi məcəlləsində son illərdə edilmiş dəyişikliklər birbaşa əmək müqavilələrinin leqallaşmasına, əmək münasibətlərinin düzgün qurulmasına gətirib çıxaran addımlar olmuşdur. Kölgə iqtisadiyyatının ünsürlərindən biri qeyri-qanuni əmək münasibətləridir. Əgər bu, aradan qalxırsa, deməli kölgə iqtisadiyyatını yaradan amillərdən biri də ləğv olmuş olur.
Prezident İlham Əliyevin vergi məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı imzaladığı bu son qanunlar təkcə sahibkarlığın möhkəmlənməsinə, davamlılığına, dayanıqlılığına gətirən addım yox, yeni rəqəmsal, innovativ sahibkarlıq fəaliyyəti subyektləri və obyektlərinin yaranmasına təkan verən addımdır.
Bundan əlavə, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” 2 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu da qeyd etdiyim kimi, son dövrdə sahibkarların çox yararlandığı normativ aktlardandır.
Son olaraq bildirmək istərdim ki, hər bir sahibkar çalışmalıdır ki, sahibkarlıq fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun formalaşdırsın, qanunvericilik ilə müəyyənləşdirilmiş vergiləri, digər icbari ödənişləri vaxtında həyata keçirsin, əmək münasibətlərini leqallaşdırsın, sahibkarlıq subyektlərinə qeyri-qanuni müdaxilələrə dərhal reaksiya versin və lazımı dövlət orqanlarını məlumatlandırsın, kölgə iqtisadiyyatına səbəb olan addımlar atmasınlar. Bütün bu qeyd olunanlar dayanıqlı sahibkarlıq, güclü iqtisadiyyat deməkdir.
CƏFƏROV ALTAY,
sərbəst auditor