MƏQALƏLƏR

Azərbaycanın iqtisadi gücünün təntənəsinə çevrilən quruculuq (YENİLƏNDİ)

  • 13.09.2023

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri hərtərəfli, sürətli və planlıdır

2023-cü ilin iyun ayında dövlət büdcəsinə edilmiş dəyişikliklərdən sonra xərclər 3 milyard manat artırılaraq 36 milyard manata çatdırıldı ki, bu da müstəqil Azərbaycanın tarixində rekord göstəricidir. Xərclərə əlavə edilən 3 milyard manatın təqribən 1,8 milyardlıq hissəsinin Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə ayırlması isə belə bir həqiqətin növbəti təsdiqi oldu ki, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın milli prioritetidir. Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu barədə konkret şəkildə bildirmişdir: «Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir».

İşğaldan azad olunmuş ərazilərdə yeni həyat başlayır

İyulun 21-də Şuşada “4-cü sənaye inqilabı dövründə yeni media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi zamanı media təmsilçilərinin suallarını cavablandıran Prezident İlham Əliyev azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı milli priorietləri bir daha diqqətə çatdırıb. Dövlət başçısının qeyd etdiyi kimi, bu ilin sonuna Qarabağ və Şərqi Zəngəzurun bərpasına 12 milyard manata yaxın vəsait yönəldiləcək və ilk mərhələdə 8 şəhər və 100 kənd bərpa ediləcək: «Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Yəni, bu, ancaq başlanğıcdır. Mərhələlərə bölünən bu proqramın icrasının da nə qədər çəkəcəyini demək çətindir. Çünki birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar - Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində».
Artıq ilkin nəticələr var. Məsələn, iyul ayında Zəngilanın Ağalı kəndinin bərpasının 1 ili tamam oldu. Bu gün Ağalıda artıq oturuşmuş və öz axarına düşmüş həyat var, kənd sakinlərinin yaşayışı üçün bütün infrastruktur yaradılıb. 86 ailənin yaşadığı Ağalıda ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb. Kəndin enerjiyə olan tələbatı alternativ enerji mənbələrindən əldə edilir. Ağalıda 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası da tikilib. Burada poçt, “ASAN xidmət” və DOST, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri təsis olunub. Kənddə tikiş fabriki, tibb məntəqəsi, aptek, mağaza, kafe, mobil operator xidməti də fəaliyyət göstərir.
2023-cü ilin mart ayında Tərtərin Talış kəndinin, may ayında isə Laçın şəhərinin sakinləri 31 ildən sonra doğma evlərinə qayıdıblar.
Talış Ağalıdan sonra məcburi köçkünlərin qayıtdıqları ikinci kənddir. İlk mərhələdə kəndə 20 ailə qayıdıb, burada sakinlərin yaşaması üçün əlverişli şərait yaradılıb. İkinci mərhələdə isə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda kənddə bərpa-quruculuq işləri davam edir. Digər evlərin tikintisi çox qısa vaxt aparacaq. Çünki əsas infrastruktur layihələri icra olunub.
Laçın şəhəri Azərbaycanın nəzarətinə keçən sonuncu yaşayış məntəqəsi olmasına baxmayaraq, artıq şəhərin doğma sakinləri öz evlərinə geri qayıdıblar. Azərbaycan ordusunun nəzarətinə keçməsindən cəmi 9 ay sonra, 2023-cü ilin may ayında Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. Bu müddətdə şəhərdə 620 fərdi yaşayış evi, 9 çoxmənzilli bina bərpa edilib. Artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. 2023-cü ilin iyun ayına qədər Laçın şəhərində 55 ailə, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib. Ümumilikdə isə, birinci mərhələdə Laçında 4 minə yaxın insan yaşayacaq.
Hazırda Şuşa, Ağdam, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər şəhərlərində, Şuşa rayounun Daşaltı kəndində, Xocavəndin Hadrut qəsəbəsində və Tuğ kəndində, Laçının Zabux kəndində bərpa və quruculuq işləri davam edir. Ermənilərin tamamilə dağıtdığı Ağdam, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər şəhərləri demək olar ki, yenidən qurulur. Bu il ərzində bəzi şəhərlərdə ilk yaşayış məhəllələrinin tikinti işlərinin başa çatması gözlənilir.
Sözügedən şəhər və kəndlərlə yanaşı, Füzuli rayounun 3 (Dövlətyarlı, Pirəhmədli və Dədəli kəndləri), Cəbrayıl rayonunun 3 (Xudafərin qəsəbəsi, Şükürbəyli və Horovlu kəndləri), Laçın rayonunun 3 (Güləbird, Şəlvə kəndləri və Qorçu qəsəbəsi), Ağdam rayonunun 3 (Xıdırlı, Kəngərli, və Sarıcalı kəndləri), Qubadlı rayonunun 2 (Xanlıq və Mahruzlu), Kəlbəcər rayonunun 2 (Yanşaq və Zallar kəndləri), Zəngilanın 1 (Cahangirbəyli) yaşayış məntəqəsi tamamilə yenidən bərpa edilir. O cümlədən, işğaldan ilk azad edilən Suqovuşanda bərpa və quruculuq işləri aparılmaqdadır.
Bunlar indiyə qədər bərpa işləri aparılan və ya təməlləri qoyulan yaşayış məntəqələridir və göründüyü kimi, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışlarını təmin etmək üçün hər bir rayon üzrə kənd və qəsəbələrin bərpası həyata keçirilir. Əlbəttə, ki, azad edilmiş ərazilərin bərpası yalnız evlərin tikintisi ilə məhdudlaşa bilməz. Ona görə bu gün Qarabağ və Şərqi Zəngəzurda həm də infrastrukturlar yenidən qurulur, iqtisadi fəaliyyət sahələri yaradılır, ermənilərin məhv etdiyi təbiətimiz bərpa edilir. Bu yazıda da Böyük Qayıdış Proqramı çərçivəsində ayrı-ayrılıqda hər bir dövlət qurumu tərəfindən azad edilmiş ərazilərdə görülən işlərə nəzər salacağıq.

Minaların təmizlənməsi və müdafiə tədbirləri prioritetdir

2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq etmişdir. Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı hədəflərin, qarşıya qoyulan vəzifələrin sistemli, uzlaşdırılmış və nəticə etbarilə effektiv şəkildə həyata keçirilməsi üçün yol xəritəsi olan və görülən işlərin daha da sürətləndirilməsinə xidmət edən Proqramda qarşıya qoyulan məqsədlər azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, bu ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək, sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq, təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək, turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq, ekoloji təhlükəsizliyi təmin etmək, təbii resurslardan səmərəli və effektiv istifadə etmək, “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqini təşviq etmək və sairdir. Bu məqsədlərin reallaşması üçün demək olar ki, respublikamızın bütün nazirlikləri, komitələri və agentlikləri, səhmdar cəmiiyyətləri və müxtəlif qurumları səfərbər olunublar. Bununla belə, bu prosesdə əsas bir neçə dövlət qurumu var ki, Qarabağ və Şərqi Zəngəzurdakı bərpa və quruculuq işləri də onların çiyninə düşür. Bu yazıda onların gördüyü işlər fonunda aparılan bərpa və quruculuq işlərinə nəzər yetirəcəyik.
Təbii ki, azad edilmiş ərazilərin bərpası ilə bağlı birinci vəzifə Qarabağ və Şərqi Zəngəzurun təhlükəsizliyidir. Təhlükəsizlik tədbirləri isə həm Qarabağ və Şərqi Zəngəzurda etibarlı hərbi müdafiənin təşkilini, həm də azad edilmiş ərazilərin minalardan təmizlənməsini əhatə edir.
Təxmini hesablamalara görə, Ermənistan ordusu tərəfindən ərazilərimizdə bir milyondan çox mina basdırılıb. Bu, bir daha Ermənistanın terrorçu siyasətini təsdiq edir. Bu terrorçu fəaliyyətin nəticəsidir ki, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan və Ermənistan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bəri işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində ümumilikdə 303 nəfər vətəndaşımız minaya düşüb, onların 50 nəfərə yaxını həlak olub.
30 ilə yaxın işğal müddətində Azərbaycan ərazilərində basdırılan minaların xəritələri haqqında dəqiq məlumatın verilməməsi, münaqişə bitdikdən sonra təxribatların davam etdirilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən minalarla çirkləndirilməsi və nəticədə mülki şəxslərin və hərbçilərin həyatına qəsd kimi cinayətkar əməlləri Ermənistanın hərbi-siyasi rəhbərliyinin terrorçu mahiyyətinin göstəricisidir. Xüsusilə qeyd etməliyik ki, Ermənistanın son aylaradək mina terrorunu davam etdirməsi bir daha bu ölkənin bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq üçün ciddi bir maneə olmasından xəbər verir.
Hazırda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bu ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsidir. Bu məsələ Qarabağ və Şərqi Zəngəzurda dayanıqlığa nail olmaq üçün təhlükəsizliyin təmin edilməsinin əsas prioritetidir. Çünki ərazilərimizin Ermənistan tərəfindən minalarla həddindən artıq çirklənməsi hazırda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması zamanı qarşılaşdığımız böyük problemdir. Minalar və digər partlamamış sursatlar yenidənqurma səylərinə və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıtmasına əsas maneədir. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.
Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən, hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun - digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. ANAMA tərəfindən 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. 2023-cü ilin ötən dövrü ərzində 19 840 hektar ərazi partlayıcı qurğulardan təmizlənib. Dövlət Proqramına əsasən, 2023-2026-cı illərdə ümumilikdə 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026-cı ilin sonunda ümumilikdə 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq.Bu işlər üzrə əsas icraçı Minatəmizləmə Agentliyi, digər icraçılar isə Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətidir.
Qarabağ və Şərqi Zəngəzurda dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, bu ərazilərdə yeni hərbi hissələrin yerləşdirilməsi, onların maddi-texniki təminatının gücləndirilməsi, bütövlükdə Silahlı Qüvvələrimiz üçün müvafiq infrastrukturun və DTX-nın fəaliyyət məntəqələrinin yaradılması, dövlət sərhədində, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarında sərhəd buraxılış məntəqələrinin təşkili, əhalinin və ərazilərin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq infrastrukturun formalaşdırılması Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrdir.
Fəxr hissi ilə qeyd etməliyik ki, ötən dövrdə Qarabağ və Şərqi Zəngəzurda həm Müdafiə Nazirliyinin, həm Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissələri yaradılmış, bu məqsədlə müvafiq infrastruktur inşa edilmişdir. Proqramla bu sahədə yeni vəzifələrin müəyyən edilməsi göstərir ki, işğaldan azad olunmuş ərazilərdə hərbi quruculuq istiqamətində tədbirlər davam etdiriləcək.
Azərbaycanın 2023-cü il dövlət büdcəsində hərbi xərclər üçün 5,3 milyard manatdan artıq vəsait nəzərdə tutulmuşdur. 2023-cü ilin iyun ayındakı dürüstləşmədən sonra bu vəsait daha 1,1 milyard manat artırılıb. Bu onu göstərir ki, Dövlət Proqramında hərbi və digər təhlükəsizlik məsələləri ilə bağlı vəzifələrin yerinə yetirilməsi tam təmin ediləcək. Ötən il noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə Prezident İlham Əliyev bu barədə deyib: «Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb. Sual oluna bilər nə üçün, müharibə arxada qaldı, iki il keçib. Cavab çox sadədir. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır.Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq».

2300 km-lik 20 avtomobil yolu

Son 20 ilin mənzərəsi göstərir ki, dövlət proqramları, əsaslı investisiya qoyuluşları yol-nəqliyyat kompleksindəki problemlərin həllində, bu sistemin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynayıb. Nəticə etibarilə ümumi istifadədə olan yerli əhəmiyyətli magistral yolların, eləcə də rayonlararası, şəhərdaxili yolların təmiri və yenidənqurulması prosesi geniş vüsət alıb. Görülmüş tədbirlər nəticəsində ölkədə yol infrastrukturu daha da yaxşılaşdırılıb və beynəlxalq standartlara uyğunlaşdırılıb, Azərbaycan qlobal nəqliyyat qovşağı kimi mövqelərini möhkəmləndirib.
Torpaqlarımızın işğaldan azad edilməsi isə yol-nəqliyyat infrastrukturu sahəsində çağırışları yeniləyib və azad edilmiş ərazilərdə yolların bərpasını bu sahə üzrə məsul olan qurumların bir nömrəli vəzifəsinə çevirib. Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında ilk addım da avtomobil yollarının yenidən qurulması ilə bağlı oldu. Cəmi 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda onlarla yeni yolun təməli qoyulub və onlardan bir neçəsinin inşası başa çatdırılıb.
Məlumdur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş ərazilərin bərpası ilə bağlı göstərişlərini hələ Vətən müharibəsinin davam etdiyi günlərdə vermiş, ilk olaraq azad olunmuş Suqovuşan, Talış və Çaylı kəndlərinə aparan yolların bərpasına başlanılmışdı. Prezident İlham Əliyevin azad edilmiş rayonlara ilk səfəri zamanı, 2020-ci ilin noyabrın 16-da isə Füzuli rayonu ərazisindən Şuşa şəhərinə çəkiləcək yeni avtomobil yolunun – qəhrəman hərbçilərimizin Şuşaya doğru saldıqları cığırlar üzərində layihələşdirilən «Zəfər yolu»nun təməli qoyulmuşdu. Prezident İlham Əliyevin bu yolu “Zəfər yolu” adlandırması təsadüfi deyil. Bu yolboyu torpaqların hər qarışına şəhid və qazilərimizin qanı qarışıb. Başqa sözlə, qəhrəman Azərbaycan Ordusu döyüşərək, şəhidlər verərək, Şuşanı düşməndən azad edib, zəfər qazanıb.
Fəxarət hissi ilə qeyd etməliyik uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış yolunun və 101,5 km-lik “Zəfər yolu”nun tikintisi vaxtında - 2021-ci ildə başa çatdırılıb. Xatırladım ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilmişdi. Bu yol uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdı. Prezident İlham Əliyevin göstərişi ilə qısa zamanda yenidən qurulan bu yolun davamı olan 22 km-lik Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolunun inşası isə davam edir.
«Zəfər yolu» Qarabağ iqtisadi rayonunun inkişaf planı nəzərə alınaraq, 2 hərəkət zolaqlı olmaqla inşa olunub. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.
2022-ci ilin oktaybr ayında Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsi, 2023-cü ilin may ayında isə 8,2 kilometrlik hissəsinin açılışı olub. Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunan 39,7 kilometrlik bu yol işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.
2023-cü ilin may ayında isə işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Ümumi uzunluğu 12,3 kilometr olan yol birinci texniki dərəcəlidir. Bu yol başlanğıcını “Zəfər yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.
Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yolların bərpası və yenidən qurulması işləri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər sürətlə davam etdirilir. Ümumi uzunluğu 2241,5 km təşkil edən 18 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilir. Bu layihələrdən 12-sinin icrasının 2023-cü, 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci, 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
Belə ki, bu il 22 km-lik, 2 hərəkət zolaqlı Talış-Tapqaraqoyunlu-Qaşaltı, 44,5 km-lik, 4 hərəkət zolaqlı Bərdə-Ağdam, 28,5 km-lik, 2 hərəkət zolaqlı Qubadlı-Eyvazlı, 26,4 km-lik, 2 hərəkət zolaqlı Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, 22 km-lik, 2 hərəkət zolaqlı Horadiz-Tuğ-Azıx mağarası, 70,4 km-lik, 4 hərəkət zolaqlı Xudafərin-Qubadlı-Laçın yollarının çəkilişi başa çatdırılacaq. 39,7 km-lik, 4 hərəkət zolaqlı Şükürbəyli-Cəbrayıl-Hadrut, 64,8 km-lik, 4 hərəkət zolaqlı Ağdam-Füzuli, 45 km-lik, 2 hərəkət zolaqlı Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarının, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İranla bağlantısının və Araz çayı üzərində körpülərin tikintisinin, həmçinin 1182,7 km təşkil etməklə və 2 hərəkət zolaqlı olmaqla Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinin də bu il başa çatdırılması planlaşdırılır.
2024-cü ildə 81,6 km-lik, 4 hərəkət zolaqlı Əhmədbəyli-Füzuli-Şuşa və Laçında hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin, 2025-ci ildə 123,9 km-lik, 4-6 hərəkət zolaqlı Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, 81,6 km-lik, 2-4 hərəkət zolaqlı Toğana-Kəlbəcər-İstisu və 76,3 km-lik, 2-4 hərəkət zolaqlı Kəlbəcər-Laçın avtomobil yolunun tikintisinin başa çatdırılması nəzərdə tutulur. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olacaq. Digər tərəfdən bu yol Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.
İşğaldan azad edilmiş ərazilərimizdəki yol layihələrinin əsas hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, bir neçə layihə isə Türkiyə şirkətləri tərəfindən icra olunur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşası da həyata keçirilir.
2026-cı ilə qədər həm də azad edilmiş bütün şəhərlərin daxili yollarının tikintisinin başa çatdırılması proqnozlaşdırılır.
Qeyd edim ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu təxminən 2300 km-ə yaxın 20 avtomobil yolu layihəsinin və Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi qarşıya qoyulub.
Diqqəti çəkən məqamlardan biri odur ki, hazırda bu ərazilərdə hətta sovet dövründə olmamış marşrutlarda da yeni yollar salınır və bütün Qarabağ və Şərqi Zəngəzuru əhatə edən geniş yol-nəqliyyat şəbəkəsi yaradılır.
Yol həm də inkişaf, yüksəliş və rifah deməkdir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda salınan yollar azad olunmuş ərazilərimizin bərpasında böyük rol oynadığı kimi, gələcəkdə bu torpaqların inkişafına xidmət göstərəcək.
Azad edilmiş ərazilərdə yaradılan yeni yollar həm də Azərbaycanın quruculuq əzminin göstəricisidir. Ən əsası bu yolların hər biri dövlətimizin gücünü, malik olduğu potensialı, Prezident İlham Əliyevin qətiyyətini və siyasi iradəsini təcəssüm etdirir. Təbii ki, həyata keçirilən layihələr son deyil, çünki şəhər və kəndlərimiz bərpa olunduqca, yerli və məhəlli əhəmiyyətli yeni yollar inşa ediləcək.

200 kilometrə yaxın dəmir yolu xətti

İşğldan azad edilmiş ərazilərimizin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması yalnız avtomobil yollarının inşası ilə yekunlaşmır. Bu sahədə həyata keçirilən layihələrin bir qismini də regionda dəmir yolu xətlərinin bərpası və yeni xətlərin çəkilişi təşkil edir. Dəmir yolu ilə yüklərin daşınması iqtisadi baxımdan daha sərfəlidir. Xüsusən logistikanın ucuzlaşdırılması baxımından dəmir yolları şəbəkəsinin yaradılması və köhnə yolların yenidən işlək vəziyyətə gətirilməsinin ciddi əhəmiyyəti var.
Xatırladım ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının 240,4 km sahəsi işğal altına düşmüşdü. Bura Horadiz-Ordubad sahəsi üzrə 144 km (o cümlədən, Mehri rayonu üzrə 43,4 km), Mincivan-Qafan sahəsi üzrə 39,1 km, Təzəkənd-Xankəndi sahəsi üzrə 51 km, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 km sahə daxildir. İşğal nəticəsində dəmir yolunun təsərrüfatlarına təxminən 45 mln. 60 min dollar məbləğində ziyan dəyib.
1992-ci ilin aprel ayından Mincivan dövriyyə deposu tamam dağıdılıb. Depoda olan 10 ədəd müxtəlif markalı teplovoz blokadada qalıb, təqribən 14 mln. dollar həcmində ziyan dəyib. Vaqon təsərrüfatına dəyən ziyanın təqribi miqdarı 4 mln. 860 min dollar məbləğindədir. Horadiz-Mincivan-Qafan-İmişli stansiyalarında olan vaqonların texniki-müayinə məntəqələri, cari təmir sexləri, qaldırıcı mexanizmlər, vaqonların təmiri üçün xüsusi dalan yolları, xeyli miqdarda yük vaqonları və sairə texniki avadanlıqlar dağıdılıb. Yol təsərrüfatı üzrə dəyən ziyanın miqdarı 10 mln. 250 min dollar təşkil edir. Bura istehsal gücü 200 min kub olan çınqıl zavodu, yol distansiyalarının emalatxanaları, drezinlər, qaldırıcı qurğular, ağır maşın-mexanizmləri, inzibati binalar, yoldəyişdirici qurğular, müxtəlif tipli relslər, böyük və orta körpülər, tunellər, qalereyalar, keçidlər və s. avadanlıqlar daxildir.
Hazırda azad edilmiş ərazilərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərinin tikintisi həyata keçirilir.
Horadiz-Ağbənd dəmir yolu xətti azad olunmuş ərazilərimizdə həyata keçirilən ən iri yol-nəqliyyat layihələrindəndir. Layihənin təməli 2021-ci il fevral ayının 14-də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri zamanı qoyulub. Həmin gün Laçın rayonunda Güləbird su elektrik stansiyasının istifadəyə verilməsi zamanı bu dəmir yolu barədə danışan Prezident İlham Əliyev deyib: «Bizim böyük planlarımız var. Biz bərpa işlərinə start verdik. Çalışacağıq ki, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və bununla paralel olaraq, artıq infrastruktur layihələrinə start verildi. Bu gün Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək».
İndiyədək dəmir yolu xəttinin layihələndirilməsi işləri 78% yerinə yetirilmiş, tikinti işlərinin isə 38%-i (53,2 km) icra edilmişdir. Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan dəmiryol körpüsünün tikintisi üzrə işlərin 85%-i tamamlanmışdır. Yolun inşasının 2024-cü ildə başa çatdırılması nəzərdə tutulub.
Ümumi uzunluğu 140 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Belə ki, bu dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq. Onun istifadəyə verilməsi ilə işğaldan azad olunan ərazilərimizə gediş-gəliş daha da asanlaşacaq, vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər.
Digər tərəfdən, dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi kontekstində bu yolun istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir. Çünki beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq. Eyni zamanda, bu yol Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək.
Azərbaycanla yanaşı, regionda maraqları olan dövlətlər də bu dəhlizdən maksimum yararlanmaq imkanı əldə edəcəklər. Misal üçün, Rusiya uzun müddətdir ki, Yaxın Şərqə quru yolla yüklərin daşına bilməsi üçün marşrutlar axtarışındadır. Bu baxımdan çox əlverişli vəziyyət yaranır. Çünki Rusiya məhz həmin dəhlizdən istifadə edərək, öz yüklərini Türkiyə və Yaxın Şərq istiqamətində daşımaq imkanı əldə edir. Eyni ilə də Türkiyənin Rusiya bazarlarına çıxışı həmin dəmir yolu vasitəsilə baş verəcək. Yəni, bu iqtisadi cəhətdən, həm də geostrateji nöqteyi-nəzərdən olduqca uğurlu layihədir.
Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən inşa olunan Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 47,1 kilometr (yan yolları ilə birlikdə 57 kilometr) olan bu dəmir yolu təkxətlidir. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Dəmir yolu xəttinin layihələndirilməsi işləri 90 faiz yerinə yetirilib, Ağdam vağzalının təməli qoyulub. Dəmir yolu xəttinin 32,8 kilometrlik hissəsində relslər quraşdırılıb.

*******

 

3 beynəlxalq hava limanı

Yollarla yanaşı, artıq azad edilmiş ərazilərdə iki beynəlxalq hava limanı inşa olunub. Bunlar “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xətti ilə inşa olunmuş Füzuli və Zəngilan beynəlxalq hava limanlarıdır.

2021-ci il yanvarın 14-də təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanı cəmi 9 aya inşa edilib və 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olub.
Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanında avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi də tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir.
2021-ci ilin may ayında təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanının tikintisi 2022-ci ilin oktyabr ayında başa çatdırılıb. Bu, işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq.
Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Azad edilmiş ərazilərdə növbəti hava limanı Laçında inşa olunur. Laçın Beynəlxalq Hava Limanı bütövlükdə işğaldan azad edilmiş ərazilərdə inşa edilən ən böyük infrastruktur obyektlərindən biridir. 2021-ci ilin avqust ayında təməli qoyulan hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.

 

Ümumi gücü 53,6 meqavat olan 11 su elektrik stansiyası

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərinin bir istiqamətini də enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində elektrik enerjisi ilə etibarlı təminat məsələləri təşkil edir. Dövlət proqramına əsasən vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun elektrik təchizatı şəbəkəsinin qurulması, Şuşa, Xocavənd, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarının yaşayış məntəqələrində elektrik təchizatı şəbəkəsinin tikintisi, yarımstansiyaların, “yaşıl enerji” konsepsiyası çərçivəsində rəqəmsal yarımstansiyaların və su elektrik stansiyalarının tikintisidir. İlk gündən bu məsələyə kompleks yanaşılıb, yəni azad edilmiş ərazilərdə həm enerjinin istehsalı, həm şəhər və kəndlərin enerji ilə təminatı üçün lazımi infrastrukturun yaradılması paralel şəkildə həyata keçirilib. Ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurda yol-nəqliyyat sahəsində olduğu kimi, enerji ilə təminat məsələsi də ilk günlərdən diqqət mərkəzində saxlanılıb.

Qarabağ və Şərqi Zəngəzurun çaylarının üzərində vaxtilə 30-a yaxın su elektrik stansiyası mövcud olub. Ona görə bu ərazilərdə elektrik enerjisinin 90 faizindən çoxu su elektrik stansiyalarında istehsal edilib. Hətta burada istehsal edilən elektrik enerjisi tələbatdan artıq olduğundan işğal dövründə Ermənistana da ötürülüb. Təkcə 2019-cu ildə Qarabağdan Ermənistana 85 mln. kilovat/saat elektrik enerjisi göndərilib. 2020-ci ildə Qarabağdan Ermənistana təxminən 200 mln. kilovat/saat elektrik enerjisinin ötürülməsi planlaşdırılmışdı. 2021-ci ildə isə Ermənistana 330 mln. kilovat/saat elektrik enerjisi ötürülməsi nəzərdə tutulurdu. Lakin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ermənilərin bu niyyətini gözlərində qoydu.
Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın edi­b, avadanlıqlar çıxarılaraq Ermə­nis­tana daşınıb. Apara bilmədiklərini yandırıblar, stansiyaların binalarını isə dağıdıblar və ya partladıblar.
Hazırda enerji sahəsində prioritetlərdən biri Qarabağ və Şərqi Zəngəzurda elektrik stansiyalarının bərpası və ya yenilərinin inşasıdır. Bu ərazilərdə istifadəyə verilən ilk su elektrik stansiyası Laçın rayonundakı Güləbird SES-dir. Bu stansiya Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş, bu il fevralın 14-də istifadəyə verildi. Güləbird SES-in generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranıb və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə etməyə başlamışıq.
Daha sonra gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” stansiyalarında isə təmir-bərpa işləri başa çatdırılaraq istifadəyə verilib. Bu stansiyalar Suqovuşan və Talış kəndlərinin enerji təchizatını ödəməklə birlikdə Tərtər 110 kilovotluq yarımstansiyasında “Azərenerji” sistemi ilə əlaqələndirilir.
Hazırda “Azərenerji” ASC tərəfindən Zəngilan və Laçın rayonlarında 7 yerdə ümumi gücü 70,5 meqavat olan su elektrik stansiyalarının tikintisi aparılır. Oxçuçayın üzərində yerləşən və Zəngilan rayonunun ərazisində yaradılan “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” su elektrik stansiyaları yeni tikilir və həmin stansiyaların hər birinin gücü 10,5 meqavat olmaqla, ümumilikdə 42 meqavat təşkil edəcək. Laçın rayonundakı 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” stansiyaları isə yenidən qurulur. Laçındakı “Mirik”, “Qaraqışlaq”, “Ağbulaq”, “Zabux” və Kəlbəcərdəki “Zar” Su Elektrik stansiyaları isə yaxın vaxtlarda tamamilə yenidən qurulacaq. Eyni zamanda, Kəlbəcər rayonu ərazisindəki “Nadirxanlı”, “Yuxarı Vəng”, “Aşağı Vəng” və işğaldan azad edilən Murov dağın aşağı istiqamətində “Toğanalı” kiçik su elektrik stansiyaları yeni layihə əsasında tikiləcək. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək bu stansiyaların hər biri rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olmaqla yanaşı, stansiyalara Bakıdan və digər yerlərdən nəzarət etmək əlçatan olacaq.
İndiyədək “Azərenerji” tərəfindən azad edilmiş ərazilərdə 11 yerdə ümumi gücü 53,6 meqavat olan su elektrik stansiyaları yenidən qurulub. Ümumilikdə isə böyük Zəfərdən sonra işğaldan azad edilən ərazilərdə tikilən su elektrik stansiyalarının ümumi sayı tezliklə 25-ə çatdırılacaq və onlardan 200 meqavata yaxın ekoloji cəhətdən təmiz, hidro yaşıl enerji istehsal etmək mümkün olacaq.

 

 

12 elektrik yarımstansiyası, 700 km yüksəkgərginlikli elektrik verilişi xətti

Azad olunmuş ərazilərimizin elektrik enerjisi ilə təminatının bir strateji istiqamətini də elektroenergetika strukturunun yaradılması, paylayıcı elektrik şəbəkələrinin inşası və onların respublikamızın enerji sisteminə inteqrasiyası təşkil edir. İşğal dövründə Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən dağıdılmış və ya talan olunmuşdur. Sovetlər dönəmində bu ərazilərdə 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 MVA olan 20 yarımstansiya mövcud olmuşdu. Həmin ərazilərdə uzunluğu 81 km olan 330 kV-luq, 690 km olan 110 kV-luq və 615 km olan 35 kV-luq 3 yüksək gərginlikli elektrik veriliş xətti, eləcə də uzunluğu 6197 km olan 10 kV-luq və 8865 km olan 0,4 kV-luq elektrik veriliş xətləri və ümumi gücü 245.7 MVA olan 2435 ədəd transformator var idi. İndi bunların heç biri yoxdur, işğalçı Ermənistan tərəfindən hamısı dağıdılıb.

Prezident İlham Əliyevin tapşırıqlarına, dövlət proqramında qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq “Azərenerji” ASC tərəfindən işğaldan azad edilən ərazilərdə elektroenergetika strukturunun yaradılması, paylayıcı elektrik şəbəkələrinin inşası və onların respublikamızın enerji sisteminə inteqrasiya edilməsi istiqamətində enerji strategiyası həyata keçirilir. Bu strategiya hər bir rayonda 110 kVt-lıq yarımstansiyaların tikintisini və onların yüksəkgərginlikli xətlərlə ölkə sisteminə inteqrasiyasını, bu məqsədlə elektrik verilişi xətlərinin çəkilişini əhatə edir.
Artıq indiyə kimi azad edilmiş ərazilərdə 12 yarımstansiya inşa edilib. Bunlar 110/35/10 kV-luq “Şuşa”, “Füzuli”, “Şükürbəyli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı”, “Ağdam-1”, “Ağdam-2”, “Qorçu” , “Laçın” və 330/110 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyalarıdır.
Bu yarımstansiyalardan birincisi olan “Şuşa” yarımstansiyası 2021-ci ilin may ayında istifadəyə verilib. Bundan təxminən bir ay sonra, 2021-ci il iyunun 14-də “Füzuli” yarımstansiyasının açılışı olub. 110/35/10 kilovoltluq bu yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edir.
İşğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyası da genişləndirilərək tam yenidən qurulub. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.
Qarabağ və Şərqi Zəngəzurda tikilən 12 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb. 12 yarımstansiyanın hər biri yerləşdikləri rayonu dayanıqlı elektrik enerjisi ilə təchiz edir. Beləliklə, işğaldan azad olunan bütün rayonlar elektrik enerjisi ilə təmin olunub.
Yarımstansiyaların arasında elektrik verilişi xətlərinin çəkilişi də başa çatdırılıb. Belə ki, 110 kV-luq “Şükürbəyli ‒ Şuşa”, “Şükürbəyli” yarımstansiyasına 110 kV-luq əlavə xəttin çəkilişi, 110 kV-luq “Daşkəsən – Kəlbəcər”, 110 kV-luq “Şükürbəyli – Cəbrayıl”, 110 kV-luq “Qubadlı – Zəngilan”, 110 kV-luq “Xındırıstan – Ağdam-1 – Ağdam-2”, 110 kV-luq “Cəbrayıl – Qubadlı”, “Güləbird – Qubadlı”, 110 kV-luq “Güləbird – Laçın şəhər” və 110 kV-luq “Kəlbəcər – Qorçu”, elektrik verilişi xətləri çəkilib. Ümumilikdə 700 kilometrə yaxın yüksəkgərginlikli ötürmə xətti çəkilib.
2026-cı ilə qədər 1 ədəd 500 kV və 1 ədəd 330 kV-luq, 10 ədəd 110 kV-luq yarımstansiyaların, 110 km-lik 500 kV, 222 km uzunluğunda 330 kV-luq və 451 km-lik 110 kV-luq elektrik verilişi xətlərinin çəkilişi nəzərdə tutulur.
Ağdamda inşa olunan Qarabağ Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi isə Qarabağ regionunun elektrik təchizatının mərkəzi dispetçer sisteminə inteqrasiyasını təmin edir.
Bunlarla yanaşı, azad edilmiş ərazilərdə 35 KV-luq rəqəmsal yarımstansiyaların da tikintisi nəzərdə tutulur. Artıq Şuşa və Füzulidəki rəqəmsal yarımstansiyalar istismar edilir. Rəqəmsal şəbəkələrin təməl elementi olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərclərini azalır.
Rəqəmsal yarımstansiyadan qidala­nan istehlakçılar elektrik enerjisi ve­rilişində fasilələrin yaranması ba­rə­də məlumatları onlayn qaydada əvvəlcədən ala bilirlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə əlaqələndirilməsini tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir.

* * * * 

8 şəhər Baş plan əsasında yenidən qurulur, hər birində yeni yaşayış məhəllələri salınır

Yazının əvvəlində şəhər və kəndlərin qurulması barədə bəhs etdik. Konkret olaraq qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı və Laçın şəhərlərinin baş planları təsdiq edilib. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri zamanı bu planlar təqdim olunub. Hər bir baş plan hazırlanarkən şəhərin özünəməxsusluğu və coğrafiyası nəzərə alınıb. Məsələn, Şuşa şəhərinin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Plana əsasən mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində həyata keçiriləcək və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
İndi isə bərpa edilən şəhərlər üzrə inşa edilən sosial infrastruktur layihələrinə və digər inşaat işlərinə nəzər yetirək. Vurğulayaq ki, hazırki quruculuq və bərpa prosesində yaşayış məhəllələrinin salınması, məktəb və xəstəxana tikintisi prioritetdir.
İndiyədək Şuşa, Füzuli, Cəbrayıl Zəngilan, Laçın, Ağdam, Kəlbəcər, Qubadlı və Xocavənd rayonunun Hadrut qəsəbəsində və Tuğ kəndində ilk yaşayış məhəllələrinin təməli qoyulub və xeyli sayda yaşayış binasının tikintisi həyata keçirilib. Prezident İlham Əliyev şəhərlərin bərpası ilə bağlı deyib: «İşğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Onu da bildirməliyəm, biz bərpa işlərinə start verməzdən əvvəl keçmiş məcburi köçkünlər arasında qeyri-rəsmi sorğu keçirdik ki, onlar öz dədə-baba torpaqlarına qayıtmaq fikrindədirlər, yoxsa yox. Sevindirici hal ondan ibarətdir ki, məcburi köçkünlərin mütləq əksəriyyəti müsbət cavab verib. Bu da təbii ki, görüləcək işin həcmini daha da böyüdür və hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq».

8 məktəb, 6 xəstəxana
Qarabağ və Şərqi Zəngəzurda hələlik 6 xəstəxana inşa edilir. Bunlar Şuşa Rayon Mərkəzi Xəstəxanası, Füzuli Rayon Mərkəzi Xəstəxanası, Zəngilan Rayon Mərkəzi Xəstəxanası, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanası və Qubadlı Rayon Mərkəzi Xəstəxanasıdır.
Məktəblərə gəldikdə, hazırda 8 məktəb və 1 peşə liseyinin - Şuşa real məktəbinin, Şuşa 1 nömrəli 960 şagird yerlik tam orta məktəbinin, Füzuli şəhər peşə liseyinin, akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin, Ağdam şəhər 1 saylı orta məktəbinin, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəbin, Zəngilan şəhərində 960 şagird yerlik məktəbin, Qubadlıda 600 şagird yerlik tam orta məktəbin binalarının tikintisi davam edir.
Bunlardan başqa, Füzuli şəhərində daha bir məktəb qardaş Özbəkistan Respublikası tərəfindən reallaşdırılır. Bu məktəb də 960 şagird yerlikdir.
Bunlarla yanaşı, azad edilmiş ərazilərdə 8 rayonu əhatə etməklə təməli qoyulmuş Dövlətyarlı, Pirəhmədli, Dədəli, Şükürbəyli, Horovlu, Güləbird, Şəlvə, Xıdırlı, Kəngərli, Sarıcalı, Xanlıq Mahruzlu, Yanşaq, Zallar, Cahangirbəyli kəndlərində, Xudafərin və Qorçu qəsəbələrinin hər birində məktəb, uşaq bağçası, inzibati bina və tibb məntəqəsi inşa ediləcək.
Təbii ki, aparılan quruculuq işləri bununla bitmir. Bərpa edilən şəhərlərdə inzibati binalar və otellər də inşa edilir. İndiyə kimi Şuşada 3 otel istifadəyə verilib. Daha 2 otel Ağdamda, 1 otel isə Zəngilanda inşa edilir.

3 yeni su anbarının tikintisi başlayıb
Qarabağ və Şərqi Zəngəzurun ərazisindən keçən çayların bəzilərinin üzərində vaxtilə 9 su anbarı inşa edilmişdir. Bunlar Xudafərin, Sərsəng, Qız Qalası, Xaçın, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1, Kön­dələnçay-2 və Ağdamkənd su anbar­larıdır. Bu anbarlardan ən böyüyü Xudafərin (1 milyard 612 milyon kubmetr) su anbarıdır. Təxmini hesablamalara görə, ərazilərimizin və su qovşaqlarının işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb ki, hazırda respublikamızın su təsərrüfatı və meliorativ orqanları bu istiqamətdə genişmiqyaslı fəaliyyət planı həyata keçirirlər.
Ərazilərin su təchizatı magistral sisteminin qurulması ilə bağlı 2023-cü il ərzində meliorasiya və su təsərrüfatı obyektlərinin texniki vəziyyətinin qiymətləndirilərək elektron kadastr məlumatı və xəritəsi hazırlanacaq, Suqovuşan su anbarı 5,2 km uzunluğunda magistral kanalla birlikdə, Xaçınçay su anbarı isə 7 km uzunluğunda kanalla birlikdə təmir və bərpa ediləcək, Tərtərçay Sol Sahil kanalı yenidən qurulacaq. Həmçinin Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay- 2 su anbarları da təmir və bərpa olunacaq. Suqovuşan hidroqovşağının təmirindən sonra 100 min hektar, Tərtərçay Sol Sahil kanalının yenidən qurulmasından sonra 29,6 min hektar, Xaçınçay su anbarının bərpasından sonra 7 min hektara yaxın, Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay- 2 su anbarlarının təmirindən sonra 6,2 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmini yaxşılaşacaq.
Həmçinin 2026-cı ilədək olan dövrdə Bərgüşadçay, Həkəriçay və Zabuxçay su anbarları, Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi həyata keçiriləcək.
Bərgüşadçay, Həkəriçay və Zabuxçay su anbarlarının tikintisi artıq başlayıb. Bərgüşadçay su anbarı Qubadlı rayonu ərazisində təqribən 12 min hehtar yeni torpaq sahəsinin suvarılmasını və Qız qalası hidroqovşağından çıxan kanalın qidalandırılmasını, Həkəriçay su anbarı Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarında 3 milyona yaxın əhalinin yüksək keyfiyyətli içməli su ilə təchizatını, Zabuxçay su anbarı isə Qubadlı və Zəngilan rayonları ərazisində 12100 ha torpaq sahəsinin suvarılmasını təmin edəcək.
Bunlarla yanaşı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları üzrə ayrı-ayrılıqda meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı ilə bağlı layihələr də həyata keçiriləcək. Bu ərazilərin suvarılan torpaqlarının suvarma suyu ilə təminatı və su ehtiyatları ilə bağlı məlumatları Elektron Su Təsərrüfatı İnformasiya Sisteminə davamlı inteqrasiyası həyata keçiriləcək, mövcud su anbarları, suvarma və paylayıcı kanallar, nasos stansiyaları, subartezian quyuları, hidroqovşaqlar və digər su təsərrüfatı obyektləri mərhələli şəkildə təmir və bərpa olunacaq, yeraltı və yerüstü su mənbələrinin əsas göstəriciləri qiymətləndiriləcək, onların məlumat bazası və elektron su xəritəsi hazırlanacaq. Kəhrizlərin tədqiqi, bərpası və səmərəli istifadəsinin elmi əsaslarının işlənməsi də diqqət mərkəzində olacaq.

3 sənaye parkı, 1 aqropark
Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının hərəkətə gətirilməsi və geri dönən vətəndaşların məşğulluğunun təmin edilməsi üçün azad edilmiş ərazilərdə iqtisadi subyektlərin yaradılması da dövlət tərəfindən təşviq olunur və İqtisadiyyat Nazirliyinin sahibkarlara dəstəyi ilə iri iqtisadi layihələr həyata keçirilir.
İndiyə kimi bu məqsədlə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Ağdam Sənaye Parkının, Laçın Aqro və Sənaye Parkı Parkının və Zəngilanda “Dost Aqropark”ın təməli qoyulub.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünür. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaq.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ölkədə mövcud digər sənaye parklarında olduğu kimi, sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, Sənaye Parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s.) təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək tədbirləri göstərilir. Həmçinin bu il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə güzəştlər də daxildir.
Artıq burada “Avto Lizinq Azərbaycan” MMC servis mərkəzi istifadəyə verilib. 2023-cü ilin may ayında isə “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməlləri qoyulub.
Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkı isə rayonun sosial-iqtisadi həyatında mühüm rol oynayacaq. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.
Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin 2023-cü ildə yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. İyun ayından artıq keramik məhsullar fabriki fəaliyyətə başlayacaq. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili də nəzərdə tutulub.
Ağdam Sənaye Parkı Qarabağın iqtisadi inkişafına və əhalinin məşğulluğunun təmin edilməsinə böyük töhfə verəcək. Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
İndiyədək burada 7 müəssisə rezident, 2 müəssisə isə qeyri-rezident kimi qeydiyyatdan keçmişdir.
2022-ci ilin oktyabr ayında Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin də təməli qoyulub.
Daha bir iqtisadi subyekt Zəngilanda yaradılır. Türkiyəli və azərbaycanlı sərmayədarlar tərəfindən burada həyata keçirilən “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunur. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.
Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

İlham ƏLİYEV: «Hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir»
Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Qarabağ və Şərqi Zəngəzurdakı bərpa və quruculuq işlərinin sürətlə icra olunduğunu bəyan edərək deyib: «Hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik».
Dövlət başçısının da dediyi kimi, Qarabağ və Zəngəzurda bütün işlər sürətlə yerinə yetirilir. Eyni zamanda, hər ötən gün icra olunan layihələrin sırasına yenisi əlavə olunur.
Bu məqalədə toxunduğum məsələlər ayrı-ayrı dövlət orqanlarının fəaliyyəti timsalında Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin gedişatını təhlil etmək idi. Təhlildən ortaya çıxan nəticələr çoxdur. İlk nəticə ondan ibarətdir ki, hələ 2020-ci ilin noyabrında heç kimin ağlına belə gəlməzdi ki, qısa dövrdə Azərbaycan dövləti bu cür genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirəcək. Lakin indi bu, reallıqdır və təxminən 10 min kvadratkilometr ərazidə həyata keçirilən bərpa işləri Azərbaycan dövlətinin qətiyyətindən xəbər verir.
İkincisi, gəlinən nəticələrdən biri odur ki, iki dost ölkənin layihəsini çıxmaq şərtilə, Azərbaycan dövləti bütün bu işləri yalnız və yalnız özünün maliyyə imkanları hesabına həyata keçirir.
Üçüncüsü, xarici şirkətlər quruculuq prosesində iştirak etsələr də, görülən işlərin mütləq əksəriyyəti yerli inşaat qurumaları tərəfindən həyata keçirilir.
Bu amil ondan xəbər verir ki, bizim tikinti sahəsində çox böyük təcrübəmiz və peşəkar kadrlarımız var.
Nəhayət, gəlinən əsas nəticələrdən biri də odur ki, hazırki gedişat bütün layihələrin vaxtında icra ediləcəyini, ilkin hədəf olan 2026-cı ilə qədər Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyətli dərəcədə bərpa ediləcəyini göstərir.

 

Ziyad SƏMƏDZADƏ,
akademik