MƏQALƏLƏR

Qobustanda kiçik və orta biznesin dinamik və dayanıqlı regional inkişafda roluna dair müzakirə keçirilib

  • 13.09.2023

9 sentyabr 2023-cü il tarixində Qobustan rayonunda KOBİA-nın qrant dəstəyi ilə həyata keçirilən “Mikro, kiçik və orta biznesin Dağlıq Şirvan iqtisadi rayonunun inkişafında rolunun artırılması” layihəsinin icrası çərçivəsində KOBİA-nın region üzrə koordinatoru və KOB dostlarının dəstəyindən yararlanmaqla yerli sahibkarlarla görüş keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin məsul şəxsləri də iştirak etmişlər.
Layihənin icraçıları qismində görüşdə akademik Ziyad Səmədzadə, professor Rəsul Balayev iştirak etmişlər. İcraçılar tərəfindən mikro, kiçik və orta biznes potensialının Dağlıq Şirvan iqtisadi rayonunun dinamik sosial-iqtisadi inkişaf imkanlarının tədqiqi və onların gerçəkləşdirilməsi haqqında təkliflərin əsaslandırılmasının zəruriliyi, KOB amilinin dinamik, dayanıqlı və tarazlı regional inkişafda rolunun artırılması barədə tədbir iştirakçılarına məlumat verilmişdir.
Qobustan rayonunun tədbirdə iştirak edən KOB subyektləri təmsilçiləri həyata keçirilmiş tədbirlər, mikro, kiçik və orta biznesin istifadə olunmamış potensialı, sahibkarların üzləşdiyi problemlər və onların həlli istiqamətlərinə dair fikirlərini bildirmişlər. Rayonun sahibkarları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi səmərəli sosial-iqtisadi siyasətdən, ölkə başçısının sahibkarlara göstərdiyi qayğıdan, Qobustan rayonunda mikro, kiçik və orta biznesin inkişafında mühüm rola malik olan dövlət himayəsindən böyük razılıqla danışdılar. Rayon ərazisində bütün yaşayış məntəqələrinin elektrik enerjisi və təbii qazla etibarlı surətdə fasiləsiz təmin edildiyi, mövcud yolların təmiri və yeni yolların çəkilməsi istiqamətində geniş miqyaslı işlərdən bəhs olundu. Qeyd olundu ki, sadalanan və digər sistemli tədbirlərin nəticəyönümlüyü KOB subyektlərinin işgüzar fəallığına müsbət təsir göstərir.
Sahibkar Təmraz Ağaquliyev bildirdi ki, ölkə miqyasında nailiyyətlər çox böyükdür. Qobustan rayonunda da son illər dinamik inkişaf və onun müsbət nəticələri göz qabağındadır. Bununla belə, bir sıra hallarda sahibkarların müraciətlərinə lazımi reaksiya vermək üçün rayon səviyyəli orqanların səlahiyyətləri kifayət etmir.
Təklə kəndinin sakini, sahibkar Həsənağa Hüseynov göstərdi ki, son illər Qobustan rayonunda taxıl əkini sahələri xeyli dərəcə genişlənmişdir. Hazırda rayonumuz adambaşına taxıl əkini sahəsinə görə ön sıradadır. Bununla belə, kəndlərdə heyvanların sayı və heyvandarlıq məhsulları istehsalı kəskin azalır. Yemin tədarükündəki çətinliklər və hazır məhsulun bazara çıxışı vəziyyəti bu azalmanı şərtləndirən əsas səbəblərdir. Əlbəttə, emal müəssisələrinin olmaması da əsas problemlərdəndir. Rayon ərazisində heyvandarlıq məhsulları emalı üzrə kiçik müəssisələr yaratmaq məqsədəuyğundur.
Sahibkarlar elit toxumun kiloqramını 80-90 qəpikdən əldə etmiş, yaxşı aqrotexniki qulluq və cari ilin nisbətən yağıntılı olması sayəsində əvvəlki illərə nisbətən yüksək məhsuldarlığa nail olmuşlar. Buğda və arpanın keyfiyyəti də yüksəkdir. Bununla belə, taxılın 1 kiloqramının satış qiyməti 30 qəpik civarında olmaqla maya dəyərindən aşağıdır.
Fermer Məzahir Ağayev toxumluq taxılın baha olduğunu, on tonlarla (150 ton) hazır məhsulu sata bilmədiyini qeyd etdi. Bildirdi ki, cari ildə hər hektardan 35 sentner taxıl əldə edib. Ötən il buğdanın kiloqramını 50-60 qəpiyə satdığını söyləyən fermer göstərdi ki, bu il taxılın kiloqramını 31 qəpiyə istəyirlər. Bu fikri dəstəkləyən digər sahibkarlar bildirdilər ki, ilkin hesablamalara görə rayonda 5 min tona yaxın satılıq buğda vardır.
Aqrar sahədə çalışan kiçik sahibkar Natiq Qasımov güzəştli kreditləri əldə etməyin çətinliyini, girov qoyulmalı torpağın və daşınmaz əmlakın sənədləşdirilməsinin başa çatmadığını qeyd etdi. Görüş iştirakçıları bu problemin rayon mərkəzi üçün də xarakterik olduğunu göstərdilər. Qeyd edildi ki, aidiyyəti qurumlara müraciətlər edilmişdir. Kiçik torpaq sahələrinin pərakəndəliyi torpaqdan istifadə səmərəliliyini aşağı salır. Çoxsaylı müraciətlər həmçinin torpağın təyinatının dəyişdirilməsi ilə əlaqədardır.
Rayonda quşçuluğun inkişaf etdirilməsi üçün imkanlar mövcuddur. Belə ki, rayonda təcrübəli mütəxəssislər vardır. Yem bazasını yaratmaq mümkündür. Quşçuluğun inkişaf etdirilməsi üçün torpaq sahəsi ayrılmasına ehtiyac vardır.
Qobustan rayonu təbii-iqlim şəraitinə görə Dağlıq Şirvan iqtisadi rayonunda su probleminin daha kəskin olan ərazisidir. Müsbət haldır ki, rayonda içməli su problemi həll olunmuşdur. Bununla belə əkinlər üçün suvarma suyu və heyvanların su ilə təminatında ciddi problem vardır. Sel sularının sonrakı istifadəsi üçün onların yığılması üzrə anbarlar və müvafiq infrastruktur şəbəkəsinin yaradılmasının zərurliyi fikri xüsusi olaraq vurğulandı. Tədbir iştirakçısı olan KOB təmsilçiləri Qaradüzlü, Xilmilli və Sündü kəndlərində su anbarlarının inşasının məqsədəuyğun olduğunu söylədilər.
Sahibkar Mədət Əlləzov gənclərin heyvandarlığa, ümumilikdə kənd təsərrüfatına marağının az olduğunu bildirdi. Müvafiq istiqamətdə maarifçiliyin gücləndirilməsinin məqsədəuyğunluğunu qeyd etdi. Sahibkar Ağayar Bədəlov maldarlıqda cins tərkibinin yaxşılaşdırılmasında yem amilinin rolunu xüsusi vurğuladı. O bildirdi ki, yeni cinslərin yemə tələbatı yüksəkdir. Heyvandarlıq kompleksləri yaradılsa, bu problemi həll etmək olar.
Maliyyəyə çıxışın çətinliklərindən bəhs edənlər, həmçinin sığortalı sahibkarlara baş vermiş təbii fəlakətlər və bədbəxt hadisələr nəticəsində onlara çatacaq vəsaitin verilməsində ləngimələr olduğunu dedilər.
Qobustan qədim yaşayış məskənidir və burada xalq sənətkarlığı ənənələrinin bərpası insanların, o cümlədən qadınların, gənclərin məşğulluq səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynaya bilər.


Layihənin rəhbəri,
professor Rəsul Balayev