MƏQALƏLƏR

Dəyərlərimizə sahib çıxaq

  • 13.09.2023

XALQ YAZIÇISI ÇİNGİZ ABDULLAYEVİN ƏLEYHİNƏ YERSİZ İTTİHAMLAR BÜTÖVLÜKDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ QARŞI YÖNƏLDİLMİŞ İTTİHAMLARDIR.
Bu yaxınlarda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə ölkəmizdə ilk dəfə Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirildi. Ümumiyyətlə, ölkəmizdə keçirilən bu cür yüksək səviyyəli tədbir, forum və elmi-ədəbi müzakirələrin ədəbiyyatımıza faydası şübhəsizdir və bizi çox sevindirir.
Amma və lakin... İstər dövlətin, istər özəl sektor nümayəndələrinin təşkil etdiyi, təşəbbüs göstərib həyata keçirdiyi bu cür mötəbər və möhtəşəm işlərdən sonra bir qrup insanın qaşınmayan yerdən qan çıxarmağa çalışmasını hər dəfə böyük təəssüf hissi ilə müşahidə edirik. Görülən işlərin faydasını görmək istəməyən bu insanlar hansısa əhəmiyyətsiz bir məqamı böyüdüb bütün diqqətləri ora yönəltmək üçün çalışırlar.
Azərbaycan Dili və Ədəbiyyatı Forumundan sonra həmin dəstə yeni mövzu tapıb. Bu dəfə onların hədəfinə Azərbaycanın Xalq yazıçısı, bütün dünyada sevilə-sevilə oxunan məşhur detektiv əsərlərin müəllifi Çingiz Abdullayev tuş gəlib. Ümumiyyətlə, artıq neçənci dəfədir ki, Xalq yazıçımızın nitqini hədəfə alan "psevdointellektuallar" müxtəlif sosial platformalarda var gücləri ilə onu "şəbədə" obyektinə çevirməyə çalışırlar.
Əvvəla, bunu xatırlatmaq istəyirik ki, Çingiz Abdullayevin əsərləri onlarla xarici dilə çevrilib və nəinki MDB məkanında, ABŞ, Bolqarıstan, Rumıniya, İsrail, Fransa, İsveç, Norveç, Türkiyə kimi ölkələrdə milyonlarla nüsxə satılır. Onun kitabları əsasında Rusiyada - "Dronqo" və "Lisenziyasız detektiv" serialları, Azərbaycanda isə "Məhkumların cənnəti", "Tərsinə çevrilmiş dünya" və "Xeyir və Şərin rəqsi" filmləri çəkilib.
Sual veririk - Azərbaycanın dünya miqyasında bu sanbalda tanınan və əsərləri milyonlarla nüsxədə satılan ikinci bir yazıçısı varmı? İkinci sualımız - həmin şəbəkə şəbədəçilərindən hansısa biri Çingiz Abdullayevin bu vətənə verdiyi mənəvi faydanın milyonda biri qədər xidmət göstəribmi?
Yazıçıya yönələn hədyanların fonunda onun ölkədən çıxıb getməklə bağlı fikir səsləndirməsi başadüşüləndir, lakin bu vətəni və milli dəyərlərimizi qoruyan və yaşadan xalqımızı bir ovuc qaragüruhun ümidinə qoyaraq meydandan çəkilib getmək qəbuledilməzdir. Çingiz Abdullayev bu vətənin, bu millətin təəssübkeş oğludur və hər zaman dövlətinə, xalqına ləyaqətlə xidmət edib. Biz dəfələrlə onun önəmli müstəvilərdə dövlətimizin, xalqımızın haqq işini necə hərarətlə müdafiə etdiyinin şahidi olmuşuq. Çox da uzaq tarix deyil - 44 günlük Vətən müharibəsi dönəmində Çingiz Abdullayevin 2020-ci il oktyabrın 7-də "Rossiya 1" telekanalında "Vladimir Solovyovla axşam" siyasi tok-şousunun efirindəki möhtəşəm çıxışını da unutmamışıq: "Razılaşın ki, bu, azərbaycanlıları olduqca incidir - niyə heç kim onların taleyindən bəhs etmir? Hər onuncu şəxs praktiki olaraq öz doğma evindən məhrumdur. Azərbaycan nə istəyir? Məncə, bizim prezidentimiz dəqiq və aydın söylədi: erməni işğalçı qüvvələrinin bu 7 rayondan çəkilməsini və burada azərbaycanlıların məskunlaşmasını. Özü də o, sadəcə 7 rayon demədi, o anlayır, qarşı tərəfi - Ermənistanı da anlamaq istəyir, deyir: gəlin torpaqların mərhələli boşaldılmasına başlayaq - Dağlıq Qarabağ ətrafındakı 5 rayonu və 2 rayonu - onların bəhs etdiyi həmin o dəhlizi. Mərhələli boşaldılma. Xarici qoşunların geri çəkilmə qrafikinə ehtiyac var. Sonra Qarabağda heç kim heç kimi qovmağa hazırlaşmır. Bundan əlavə, prezident dedi: Azərbaycan və erməni əhalisi, yüz illərdir olduğu kimi, hazırda Bakıda olduğu kimi, birlikdə, dostluq şəraitində yaşamalıdırlar. Axı niyə heç kim demir ki, bu gün Azərbaycanda - Bakıda 30 min erməni yaşayır? Ermənistanda isə bircə nəfər də azərbaycanlı yoxdur. Bizim beynəlmiləl respublika olduğumuzu, bizdə 150 mindən çox rus əhalisinin yaşadığını, gürcülərin yaşadığını demirlər. Bu gün bizim bəhs etdiyimiz əsas şey - bizim torpaqlarımızın azad edilməsidir. Niyə heç kim bizi başa düşmək istəmir?! Hər iki tərəfdən infrastruktur məhv edilir, amma bu, bizim torpağımızdır, Azərbaycan torpağıdır. Nəhayət, başa düşün ki, hər şeydən əvvəl, biz əziyyət çəkirik. Bu müharibə bizdə gedir. Sizin Çeçenistanda müharibəniz gedəndə biz sizin ağrınızı anlayırdıq. Çünki bu, Rusiyanın ərazisi idi. Siz nəyə görə bu gün bizim ağrımızı anlamaq istəmirsiniz? Çünki artıq 30 ildir ki, bu danışıqlar heç nəyə gətirib çıxarmadı, insanları bu müharibəyə getməyə sadəcə məcbur etdilər və indi azərbaycanlılar yalnız bir şey istəyir - istəyirlər ki, xarici dövlətin işğalçı qoşunları bizim torpaqları tərk etsin. Vəssalam...”
Hələ onu demirik ki, bir çox xarici ölkələrdə kitab mağazalarında Çingiz Abdullayevin kitablarını almaq üçün növbəyə dayanan oxucuların sayı kifayət qədərdir. Bu qaragüruhlar hələ də dərk edə bilmirlər ki, hansı dildə çap olunmasından, yaxud onun müəllifinin hansı dildə danışıb, hansı ləhcədə fikrini ifadə etməsindən asılı olmayaraq, Çingiz Abdullayev imzalı dəyərli sənət əsərləri xarici ölkələrdəki kitab rəflərində məhz Azərbaycan yazıçısının mənəvi ünvanı olaraq yer alır.
Yeri gəlmişkən, xatırlatmaq istərdik ki, "Azərbaycan" qəzetinin baş redaktoru, hörmətli Bəxtiyar Sadıqov 2021-ci ilin mayında sosial şəbəkə terroru haqqında dəyərli bir yazı yazmışdı.
Düşünürük ki, həmin yazıdan bəzi fikirləri burada xatırlatmağa yenidən ehtiyac yaranıb: “Sosial şəbəkələrdə insanların bir-birlərini təhqir etməsi, hayıf çıxması, ələ salıb məsxərəyə qoyması ürək ağrıdır! Axı sosial şəbəkə ictimai söz meydanıdır, burada yazılanları hamı görür, oxuyur! Görünməyən təkcə içimizdəki xıltdır, üz qızartısıdır, ürək tutmalarıdır.
Hərdən düşünürük ki: niyə bəzən cəmiyyətin seçilmişlərinə, ziyalılarımıza, dövlət məmurlarına qarşı bu qədər kinliyik, amansızıq? Bəlkə bu, sovet repressiyasının ziyalılara, tanınmışlara və seçilmişlərə qarşı cəzalandırma, asma, kəsmə, güllələmə, sürgünə göndərmə kampaniyalarının şüurumuzda kök salmış qalıqlarıdır?.. Vay o gündən ki, bir ziyalının əlindən bir xəta çıxa... Vay o gündən ki, bir tanınmış yanlış addım ata... Vay o gündən ki, bir deputat ağzından "bişməmiş söz" çıxara, yaxud "redaktə olunmamış" fikir söyləyə... Paho!!! Dünya qopur! Dünya dağılır! Dərhal sovet dövrünün terror maşınına bənzəyən "sosial şəbəkə mexanizmi" işə düşür!
...Elə bil bir qisim adam marığa yatıb. Elə bil fürsət gözləyirlər: Kimisə qaralamağa... Kimisə yaralamağa... Kiminsə axırına çıxmağa... Niyə hamı özündən başqa qeyrilərini "natəmiz", "cinayətkar" sayır?!
Bu nə mövqedir?! Bu nə yanaşmadır?! Niyə 44 günlük Zəfər müharibəsindəki möhtəşəm birliyimizi qoruyub saxlamayaq?!"
Bəxtiyar Sadıqov həmin yazıda Xalq şairi Fikrət Qocanın çox sevdiyimiz şeirindən bir bənd misal da çəkib. Şeirin müəllifinə rəhmət, onu yazısında qeyd edənə minnətdarlıq duyğusu ilə o misraları yenidən xatırladırıq:

Babalarımız qoçaq olub,
mərd olub,
Bəs bu namərdlər hardandı,
Bax, bu mənə dərd olub...

...Çingiz Abdullayevi şəxsən tanıdığımız, onun doğma Azərbaycanımıza, dilimizə, tariximizə və mədəniyyətimizə nə qədər bağlı insan olduğunu bildiyimiz üçün ona yönələn haqsız hücumlar, yersiz ittihamlar bizi də incidir. Biz Xalq yazıçısı Çingiz Abdullayev əleyhinə yersiz ittihamları Azərbaycan mədəniyyətinə qarşı yönəldilmiş ittihamlar kimi qəbul edirik.
Çingiz Abdullayev artıq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri ilə bir sırada dayanır və bunu görməmək sadəcə riyakarlıqdır. Digər tərəfdən, indiki çox həssas məqamda, tariximizin çətin bir mərhələsində görkəmli ziyalılarımıza qarşı bu cür ittihamlar irəli sürmək düşmənlərimizin dəyirmanına su tökməyə bərabərdir. İttiham edəndə düşünmək lazımdır ki, sən özün kimsən və kimi ittiham edirsən. Özü də dərindən düşünmək gərəkdir...

Hüseynbala MİRƏLƏMOV,
Rövşən AĞAYEV