Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
“Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına
Hörmətli konfrans iştirakçıları!
Sizi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans münasibətilə səmimi qəlbdən salamlayıram.
Məhz Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz səyləri, polad iradəsi sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulmuşdur. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz bu ildə biz Ulu Öndər tərəfindən təməli qoyulmuş, dinamik inkişaf edən güclü iqtisadiyyat görürük.
Müstəqilliyimizin ilk illərində iflasa uğramış ölkə iqtisadiyyatını dirçəltməyin yeganə yolunu bazar iqtisadiyyatına keçiddə, dünya iqtisadiyyatına inteqrasiyada görən Ümummilli Lider irimiqyaslı islahatlara start vermişdir. Onun rəhbərliyi ilə korporativ idarəetmənin təkmilləşdirilməsi, azad rəqabət mühitinin dəstəklənməsi sahəsində görülən fundamental tədbirlər azad sahibkarlığın inkişafını ön plana çəkmişdir. Eyni zamanda Heydər Əliyevin uzaqgörən siyasəti, böyük dövlətçilik təcrübəsi və strateji baxışı ölkənin iqtisadi inkişafını təmin etməklə yanaşı, çoxvektorlu iqtisadi siyasətimizin əsasını qoymuş, Azərbaycana dünyada etibarlı tərəfdaş statusu qazandırmışdır.
Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaratmışdır.
Hesabatlılığın və obyektiv keyfiyyətli informasiya təminatının başlıca amili qismində şəffaflıq həm də resurslardan səmərəli və məqsədyönlü istifadənin əsası kimi dəyərləndirilməlidir. Müasir dövrümüzün qlobal çağırışlarına effektiv və çevik reaksiya verilməsi, eləcə də hazırkı dönəmdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri ölkəmizdə maliyyə sektorunda aparılan islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd edir. Dövlətin maliyyə resurslarının qorunub saxlanılması, onlardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün bu sahədə nizam-intizamın möhkəmləndirilməsi, şəffaflığın artırılması və dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi vacibdir. Həmçinin milli iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən amillər qismində yeni dövrün tələblərinə uyğunlaşdırılmış dövlət nəzarəti və müstəqil audit sisteminin, habelə qeyri-dövlət nəzarətinin önəmli bir forması kimi ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.
Hörmətli konfrans iştirakçıları!
Bugünkü konfrans dayanıqlı inkişaf, hesabatlılıq, şəffaflıq məsələləri ilə bağlı qlobal gündəlikdə dayanan çağırışların və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsətdir. İnanıram ki, tədbir hesabatlılıq və şəffaflıq mühitinin daha da yaxşılaşdırılması imkanlarının müəyyənləşdirilməsi baxımından faydalı olacaq, ölkələrimizin rifahının yüksəlməsinə töhfə verəcəkdir.
Bir daha sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr 2023-cü il
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2023-cü il 15 sentyabr tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd dayanıqlı inkişaf modelinə keçid şəraitində hesabatlılıq anlayışına yeni yanaşma, maliyyə göstəriciləri ilə yanaşı, qeyri-maliyyə, ekoloji, sosial və digər amilləri özündə ehtiva edən hesabatlılıq və nəzarət sisteminin qurulması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzrə fikir mübadiləsi aparmaq və tövsiyələr işləyib hazırlamaqdan ibarət olmuşdur.
Konfrans öz işinə başlamazdan əvvəl tədbir iştirakçıları Fəxri Xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.
Konfransda Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumları və 11 ölkəni – Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Latviya, Litva, Makedoniya, İtaliya, Hindistan və Fransanı təmsil edən 150-dən çox nümayəndə iştirak edib.
Beynəlxalq elmi-praktik konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub və Prezidentin konfransın işinə uğurlar arzuladığını əlavə edib.
Daha sonra tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Auditorlar Palatasının sədri, professor Vahid Novruzov qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb və konfransın əhəmiyyətindən bəhs ediblər.
Konfrans çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində təcrübələr müzakirə edilmiş, bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi zərurəti və onun reallaşdırılması şərh edilmiş, yaşıl iqtisadiyyat, sosial məsuliyyət və ekoloji tarazlığın təmin edilməsi sahəsində faydalı fikir mübadiləsi aparılmışdır.
Konfransda həmçinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev, Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Salvador Marin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, İstanbul Sertifikatlı İctimai Mühasiblər Palatasının (ISMMMO) katibi Halim Bursalı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyev, Rusiya Federasiyası “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının İdarə heyətinin sədri İqor Kozırev, həmin qurumun İdarə heyətinin sədr müavini Nadejda Kobozeva, Azərbaycan Respublikası Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev, həmin qurumun Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin aparıcı məsləhətçisi Maya Rüstəmova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Türkiyə, Azərbaycan və Gürcüstan ölkələri üzrə rəhbəri Filiz Demiröz, Makedoniya Respublikasının Sertifikatlı Auditorlar İnstitutunun prezidenti Draqan Dimitrov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Auditorlar Palatası Şurasının üzvü, «Ernst & Yanq Holdinqs (SiAyEs) Bi. Vi.» şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyev, “Deloitte & Touche” MMC-nin Audit üzrə partnyoru Camal Həsənov, Hindistan İmtiyazlı Mühasiblər İnstitutunun Mərkəzi Şurasının üzvləri Chandrashekhar Vasant Chitale və Durgesh Kabra, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Saleh Məmmədov, Latviya Sertifikatlı Auditorlar Assosiasiyasının İdarə heyətinin üzvü, Təhsil komitəsinin sədri Sandra Vilcane, Latviya Sertifikatlı Auditorlar Assosiasiyasının üzvü, Andlı Auditor, Sertifikatlı PL/TMM üzrə mütəxəssis Kiril Kondratovs, Gürcüstan Mühasiblər İttifaqının Baş direktoru Tata Beridze, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşad Səmədzadə, “JPA International” prezidenti Jak Potdevin, “JPA International” Qafqaz və Orta Asiya ölkələri üzrə rəhbəri Giorgi Rusiashvili, Litva Auditorlar Palatasının Prezidenti İngrida Puriene və həmin qurumun vitse-prezidenti Saulius Lapsinskas məruzələrlə çıxış ediblər. Konfransın yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, habelə təqdim edilən materialların toplu şəklində nəşr etdirilməsi və tövsiyələrin hazırlanması qərara alınıb.
Konfrans çərçivəsində 16 sentyabr tarixində iştirakçılar Heydər Əliyev mərkəzini ziyarət edib, sonra isə xarici ölkələrin audit və mühasibat qurumlarının nümayəndələri ilə auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi aparıb və Bakı şəhəri ilə tanış olublar.