MƏQALƏLƏR

İnformasiya təhlükəsizliyinin möhkəmlənməsinə fərqli baxış perspektivi

  • 23.09.2023

Təhlükəsizliyə diqqət etməyən şəxsin, müəssisənin və təşkilatların gördüyü iş əsgəri müharibəyə silahsız göndərmək kimidir.
İnformasiya texnologiyalarının inkişafı özü ilə təhlükəsizlik məsələlərini də aktuallaşdırır. İnformasiya texnologiyalarının inkişafına və onunla paralel təhlükəsizliyə diqqət etməyən şəxs, müəssisə və təşkilatların gördüyü iş müharibəyə əsgəri silahsız göndərməklə eyni mahiyyəti daşıyır. İtki verəcəyi qaçılmazdır.
Təhlükəsizliyin əsas kökü əməliyyat sistemindən asılıdır. Bir binanın təməli, strukturu nədirsə, İT avadanlıqlar üçün də əməliyyat sistemi eynidir. Təməli olmayan bina üzərində nə qədər yüksək keyfiyyətli materiallardan istifadə edilsə də, təməl sarsılarsa, keyfiyyətli materialların faydası olmayacadır. Fərqli əməliyyat sistemlərində olan boşluqlar və öz təcrübələrini artırmaq bəhanəsi ilə istifadəçilərdən alınan razılıqlar, toplanılan məlumatlar və s. araşdırılması çətin və şübhəli məsələlərdir. Paralel olaraq, əməliyyat sisteminin pullu olması bir çox istifadəçiləri pirat ƏS-inə yönləndirir. Aydındır ki, pulsuz alternativlər və istifadəçinin təhlükəsizliklə bağlı məlumatsızlığı bu məsələni bir qədər də alovlandırır.
Türkiyə Pardus adlanan öz əməliyyat sistemini dövlət dəstəyi ilə 2003-cü ildə TUBİTAK tərəfindən yaratmışdır və dövrün tələblərinə uyğun olaraq daima inkişaf etdirir, hərbi qurumlarda və bəzi dövlət orqanlarında tətbiq edir, həmçinin tətbiqi genişləndirilir. Eyni zamanda, qonşu Rusiyada hökumətin 2010-cu ildə verdiyi qərarla Astra Linux ƏS sisteminin yaradılmasına başlandı. Silahlı qüvvələrin və kəşfiyyat orqanlarının ehtiyacını ödəmək məqsədi və digər xarici əməliyyat sistemlərinin uzaqlaşdırılacağı barədə elanlar edildi. Hətta Rusiya öz istehsalı olan “Elburus” adlı mikroprosessorlarına Astra Linux əməliyyat sistemini köçürdüyünü 2018-ci ildə elan etdi. İrəlidə fikrimcə, milli əməliyyat sisteminin yaradılması və tətbiq olunması dövlətimizin maddi xərclərini azaldacaq, valyuta ehtiyatlarının qorunmasına səbəb olacaq.
Digər arzuolunan məsələ informasiya texnologiyaları üzrə avadanlıqların ölkəmizdə istehsalının genişləndirilməsidir. Aydındır ki, bu məsələnin çox zəhmət tələb edən müəyyən iqtisadi əsasları var və potensial alıcılıq, rəqabətlilik, bazarda ayaqda qalmaq üçün tələb-təklif qaydalarını da özü ilə paralel gətirir. Amma bu, bizi dayandırmamalıdır və həvəsdən salmamalıdır. İnandırmaq istəyirəm ki, təhlükəsizlik ən qiymətli məsələdir və işə başlamaq o işin yarısını bitirmək deməkdir. Necə ki, müzəffər ordumuz torpaqlarımızı qoruyur və müdafiə sahəsində istehsalatımız gün keçdikcə güclənirsə, kənardan gələn hazır İT texnologiyalar, avadanlıqlar və həllər bizi öz istehsalatımıza biganə qoymamalıdır. Biz daha da güclənməliyik.
Açıq mənbələrdə göstərilən tarixi hadisələrdən öyrənirik ki, qardaş Türkiyədə Osmanlı dövründən keçən əsrin ortalarına qədər havacılıq texnologiyaları və təyyarə istehsalı ilə bağlı inkişaf daim təqib edilmişdir. Amma İkinci Dünya müharibəsindən sonra 1950-ci illərdə ABŞ Marşall yardım layihəsi ilə Türkiyənin hava sənayesinə yardım göstərdi. Bu yardımlardan sonra Türk Hava Qurumu ordudan yetərli sifariş ala bilmədi və maliyyə çətinliklərinə düşdü. 1952-ci ildə fəaliyyətinə son verən Türk Hava Qurumu işlərini Makina Kimya Sənayesinə təhvil verdi. Bu qurum da Model 3 adlı təyyarələri istehsal etmək qərarı alsa da, yenidən ABŞ-ın Türkiyəyə Lockheed T-33 tipli reaktiv təlim təyyarələrini bağışlaması ilə Türkiyədə istehsal qərarından vaz keçildi və 1962-ci ildə bütün havacılıq fəaliyyəti dayandı. Sonra Türkiyənin tarixi hadisələrdən dərs çıxararaq gəldiyi indiki yüksək səviyyə hamımızın gözü önündə baş verir. Görürük ki, xarici şirkətlərin yardım və endirimləri ilkin olaraq xoş görünsə də, gələcək plan və perspektivləri xoş görünmür və fərqli məqsədlər daşıyır.
Bu, bizim üçün də gözəl misaldır. Hal-hazırda xaricdən gələn İT avadanlıqları və onların əməliyyat sistemlərini tam sınaqdan keçirmək imkanlarımız yoxdur. Sadəcə alırıq, konfiqurasiya edirik və işlədirik. Xarici İT şirkətləri yaxşı marketinq siyasəti həyata keçirərək, bir çox ölkələrdə etdiyi kimi, bizdə də yüksək ideya müəllifi yox, satdığı avadanlıqları yaxşı konfiqurasiya edə bilən mütəxəssislər yetişdirir. Konfiqurasiya etməyi öyrəndikdən sonra isə sertifikatlar verir, stimullaşdırır, iş imkanlarının yaranmasına şərait yaradır. İdeya müəllifliyi və öz yanaşma və istehsalatımız olmadığı müddətcə özümüzü hazır hiss etməməliyik.
44 günlük müharibədə Bayraktar pilotsuz dronlarına kamera satmayanlar sabah bizim hansısa haqlı davamızda xaricdən aldığımız İT avadanlıqlara servis, qarantiya, çip və digər ehtiyat hissələri və yenilərinin ixracını dayandıra və şübhələr var ki, mövcud işləyən avadanlıqları da bloklaya bilərlər.
Yəqin bilirsiniz ki, artıq bəzi post-sovet ölkələrində bu kimi istehsalatla bağlı işlər mövcuddur. Xüsusilə, Baltikyanı dövlətlərdə istehsal mövcuddur və biz bu təcrübələri də dəyərləndirə bilərik. Biz də Open-Source (Açıq Mənbə) sistemlər əsasında yeni cihazların istehsalına başlamaq və zaman keçdikcə əsas detallarının ölkədə istehsalına çalışmalıyıq. Təbii ki, bu, uzun vaxt tələb edəcək, amma bizdən bir sonrakı nəsillərə milli mayak rolunu oynayacaq.
Bunun üçün arzu ediləndir ki, böyük İT şirkətləri ölkəyə xarici İT avadanlıqların satış və servisindən daha çox İT avadanlıqların ölkəmizdə istehsalı ilə bağlı məsələlərə təkan versinlər. Bunun üçün fikrimcə, texnoparklarda yaranan imkanlardan istifadə edərək, istehsalı ölkəyə çəkmək mümkündür. Bu istehsalatda işləyən tələbələr, işçilər bir neçə il sonra təcrübəli yerli mühəndislərə çevriləcəklər. İndi bu işlərə başlasaq, illər sonra sıfırdan İT avadanlıqların tam istehsalından danışa biləcəyik. Əks halda rəqib yox, sadə istifadəçi olmaqdan kənara çıxa bilməyəcəyik. İT mühəndisliklə bağlı universitetlərdə ixtisasların tələblərə uyğun tərtib olunması, İngiltərə, Yaponiya, ABŞ, Sinqapur kimi ölkələrdə olan İT yanaşmaların tətbiqi bizə yeni pəncərələr aça, inkişaf etmiş ölkələrin bu sahədə təcrübələri baxışımızı bir az da genişləndirə bilər.
Həqiqi elm və tədqiqat əslində həm də iqtisadi güc və qazanc deməkdir. Təsadüfi deyil ki, 1 barel neft ilə 1 ədəd printer katricinin qiyməti haradasa eynidir.
Eyni zamanda, İT sahəsində elmin inkişafı, tədqiqatların artması və sənayedə real tətbiqi ciddi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Yaponiya büdcəyə patentlərdən gələn qazanc üzrə lider ölkədir. İnformasiya texnologiyalarının müxtəlif sahələri üzrə bakalavr, magistr, doktoranturada ixtisasların daha da çoxalması sevindirici olardı. Bütün müəssisələrdə İT kadrların inkişafına münasib şərait yaradılması arzuolunandır. Çünkü İT-nin olmadığı sahə yoxdur. Varsa, bazardan silinib çıxmağa məhkumdur.
Ola bilər ki, elmə verilən təkanın ilkin göstəriciləri zəif olsun, amma uzun müddətli sərmayə sayılan elm sahəsinin zaman keçdikcə nələr gətirə biləcəyi Yaponiya, ABŞ və Sinqapur kimi ölkələrin misalında aydındır.
Konfiquratorluqdan yaradıcılığa gedən yolu bayrağımızın 8 guşəli ulduzundakı 8 yol kimi obrazlı təsvir etmək istərdim:
1. Beyinlərdə işıq yanmalıdır;
2. Dilimiz bu məsələləri müzakirə etməlidir;
3. Təşviq olmalıdır;
4. Təşəbbüslər göstərilməlidir;
5. Birliklər yaranmalıdır;
6. Planlar və hədəflər təyin olunmalıdır;
7. Əlaqədar kadrlar toplanmalı və komandalar qurulmalıdır;
8. İşlər bölünməli, vaxtlar təyin olunmalı və yüksək inamla yorulmadan davam etməliyik.

Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını azad edən dövlət qüdrətlidir və böyükdür. Bizim heç birimizin kiçiklik kompleksi yaşamağa haqqımız yoxdur. Böyüklük beyinlərdə, təsəvvürlərdə başlayır. Hər bir həmkarıma bu yolda birlikdə addımlamağı, birlikdə səy göstərməyi arzulayıram.

 

Bəhruz Əliyev,
informasiya texnologiyaları üzrə mühəndis-ekspert, tədqiqatçı