MƏQALƏLƏR

Qlobal avtomobil sənayesi: trendlər və meyillər

  • 24.06.2011
 

Qlobal avtomobil sənayesi: trendlər və meyillər

Son illər ekoloji və təhlükəsizlik ilə bağlı  standartlar, avtomobil elektronikasındakı sürətli inkişaf qlobal avtomobil sənayesində bir sıra dəyişikliklərə gətirib çıxartmışdır. Benzinin qiymətinin artması, Çinin istehsal və satış mərkəzi kimi formalaşması da avtomobil sənayesinə  öz təsirini göstərməkdədir.

 Dünyada hər 4 avtomobildən 1-i Çində istehsal olunur

2000-ci ildə dünyada 58,4 milyon ədəd avtomobil istehsal edilmişdi. Həmin il dünyada ən çox avtomobil istehsal edən ölkələr ABŞ (12,799,857 ədəd), Yaponiya (10,140,796), Almaniya (5,526,615 ədəd), Fransa (3,348,361 ədəd), Cənubi Koreya (3,114,998 ədəd) və  İspaniya (3,032,874 ədəd) idi. Çin isə on il əvvəl cəmi 2 milyon ədəd avtomobil istehsal etmişdi.

Lakin dünya avtomobil sənayesində  hegemonluq etmiş ölkələr zaman keçdikcə bu sahədə zəifləyirlər. Onların yerini Çin, Hindistan, Cənubi Koreya, Rusiya, Braziliya və Meksika tutub. On il əvvəl avtomobil istehsalında hökmran olan ölkələrdən  təkcə Almaniya istehsal həcmini qoruyub saxlaya bilib. Avtomobil İstehsalçılarının Beynəlxalq Təşkilatının məlumatına görə (OİCA) 2010-cu ildə dünyada ən çox avtomobil istehsal edən ölkə Çin (18,264,667 ədəd) olmuşdur. Çindən sonra ən iri istehsalçı  ölkələr Yaponiya (9,625,940 ədəd) və ABŞ-dır (7,761,443 ədəd).  Ümumiyyətlə, 2010-cu ildə dünyada 77 milyon 609 min ədəd avtomobil istehsal olunmuşdur ki,  bu göstərici də 2009-cu ildə olduğundan 25,8 faiz çoxdur. Mütəxəssislər 2010-cu ildə qeydə alınmış artımı 2009-cu ildə qlobal maliyyə böhranı ilə əlaqədar olaraq çətin günlər keçirən dünya avtomobil sənayesinin yenidən dirçəlməyə başlaması kimi şərh edirlər.

Avtomobil istehsalının İnkişaf Etməkdə Olan Ölkələrin əlinə keçməsi heç də qlobal avtomobil istehsalçılarının istehsal həcmlərinin azalması demək deyil. Son on il ərzində qlobal avtomobil istehsalçıları öz zavodlarını Çin, Hindistan kimi ölkələrə köçürüblər ki, bunun da nəticəsində həmin ölkələrin avtomobil istehsalında payı artıb.

Ötən il Toyota  (7.400.451),Volkswagen Qrupu (7.281.854),  Hyundai-Kia    (5.876.159),    General Motors     (5.868.795),  Renault- Nissan (5.377.494), Ford-Mazda  (4.942.757) ən böyük avtomobil istehsalçıları olmuşlar.

 İstehsalçılar “sağ qalmaq” istəyirlər

Son illər avtomobil sənayesində texnoloji və təşklati dəyişikliklər daha sürətlə baş verməkdədir. Belə ki, avtomobilin ağırlığının azaldılması, yeni gövdə dizaynın yaradılması, konfortun və elektronik cihazlarla təchizatın artırılması əsas texnoloji dəyişiklilərdədir.

Avtomobil istehsal edən şirkətlərin birləşməsi, satın alınması sahəsində baş verən proseslər qlobal avtomobil sənayesinin təşkilati qurluşunun dəyişməsinə gətirib çıxardır. Qlobal maliyyə böhranında çətin vəziyyətə düşmüş şirkətlər, həmçinin texnoloji yeniliklərə tab gətirə bilməyənlər özlərinə sərmayədarlar axtarırlar ki, çox zaman da onların köməyinə çinli sahibkarlar çatır. Məsələn, ötən ay çətin günlər keçirən Saab-ın köməyinə çinli şirkət olan Pangda yetişib.

 Toyota taxtından düşüb

Yaponiyanın avtomobil sektorunda zəlzələ və tsunamidən sonra sarsıntı davam edir. Əvvəllər dünyada avtomobil satışına görə sırada birinci olan Toyotanın mart ayında satışı 62 faiz azalmışdır. 2010-cu ilin birinci rübündə isə Toyotanın satışları 12 faiz azalıb. Bununla da Toyota satış həcminə görə siyahıda General Motors və Volkswagenin ardından 3-cü sıraya geriləyib. Toyotanın icraçı direktoru Akio Toyodanın sözlərinə görə şirkət ilin sonundan əvvəl istehsalın normal vəziyyətinə qayıdacağını gözləmir. 

 Həmçinin mart ayında  Nissan-ın istehsalı 52.4 faiz, Honda-nın istehsalı isə 62.9 faiz azalmışdır.

 Avtomobil sahəsi üzrə mütəxəssislər Yapon avtomobil istehsalçılarının zəifləmələrindən daha çox digər Uzaq Şərq markalarından olan Kia və Hyundainin faydalanacağını təxmin edirlər. Elə 2011-ci ilin ilk rübündə KİA-nın gəlirləri 91 faiz, Hyundainin gəlirləri isə 46 faiz artmışdır.

 Avropada satışlar azalıb, ABŞ-da isə artıb

2011-ci ilin aprel ayında Avropa Birliyi ölkələrində  avtomobil satışları 3,8 faiz azalaraq 1 milyon 128 min 327 ədədə geriləmişdir. Həmçinin bu ilin yanvar-aprel  aylarında Avropa ölkələrində satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq 4 milyon 820 min 870 ədəd olmuşdur. Avropada satışların azalmasının səbəbi böhran ilə əlaqədar həyata keçirilmiş dövlət təşviqlərinin sona çatması ilə bağlıdır.

ABŞ-da isə 2011-ci ilin aprel ayında yeni avtomobil satışı 18 faiz artaraq 1 milyon 16 min ədəd təşkil etmişdir. Aprel ayında General Motors (GM), Chrysler ve Ford-un satışları Toyota, Nissan ve Honda-nın satışlarından artıq olub.

 Satılacaq hər 10 avtomobildən biri elektrikli olacaq

Dünya avtomobil sənayesinin gələcəyinin elektrikli avtomobillər müəyyən edəcəyi artıq dəqiqləşib. Renault şirkətinin elektrikli avtomobillər layihəsinin direktoru Thierry Koskas 2020-ci ildə satılacaq hər 10 avtomobildən birinin elektrikli avtomobil olacağını təxmin etdiyini bildirmişdir. Artıq Avropanın bir sıra ölkələri elektrikli avtomobil alışını təşviq etməyə başlayıblar. Fransada belə avtomobil alanlara dövlət tərəfindən 5000 avro yardım edilir. Almaniya hökuməti isə 2020-ci ilə qədər ölkənin yollarında elektrikli avtomobillərin sayını 1 milyon ədədə çatdırmaq üçün 1 milyard avroluq vergi güzəştləri və təşviq tədbirləri görəcək.

Seymur Yunusov