Əbədiyyət üfüqündə doğan günəş
Dünya tarixində özünəməxsus iz qoyan və onun səhifələrinin müəyyən qismini şərəflə yazan, yaradan, adını əbədi olaraq həmin səhifələrə qızıl hərflərlə həkk etdirən və xalqının azadlıq, istiqlaliyyət, inkişaf tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, fenomenal yaddaş, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik və qətiyyətli dövlət xadimi kimi düşmüşdür.
O, mənsub olduğu və varlığını həmişə uca tutduğu xalqını arxasınca aparmış və taleyüklü məqamlarda doğru yola yönəltmişdir. Ötən illərə nəzər saldıqda onun rəhbərliyi altında Azərbaycan xalqının qazandığı mühüm tarixi nailiyyətlərin şahidi oluruq. Ümummilli liderimizin müdrikliyi, qətiyyəti, uzaqgörənliyi, möhkəm iradəsi, gərgin əməyi, zəngin dövlətçilik təcrübəsi və bacarığı sayəsində respublikamız layiq olduğu mərtəbəyə yüksələ bilmişdir. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə intibah və milli şüurun oyanışı başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.
1993-cü ilin yayında ulu öndər Heydər Əliyevin vətənini sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik” sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi.
1994-cü il iyunun 21-də Prezident sarayında keçirilən müşavirədəki yekun nitqində ulu öndər demişdir: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".
Xalqın təkidli tələbi ilə respublikada siyasi rəhbərliyə qayıdan Heydər Əliyev yeni tarixi şəraitdə mühüm vəzifələrin – Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsinin aradan qaldırılması, dövlət müstəqilliyimizin qorunub saxlanması, əbədi edilməsi, habelə dünyəvi, demokratik dövlət quruculuğunun həyata keçirilməsinin həlli istiqamətində cahanşümul işlərə başladı. Müdrik rəhbərimizin gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində tarixən qısa zaman kəsiyində dövlət müstəqilliyimizin dönməz xarakter alması təmin olundu, demokratik hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyuldu, siyasi sabitlik, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar olundu.
Bütün bunların sayəsində ulu öndər Heydər Əliyev milli dəyərlər zəminində çağdaş dövlətçilik sistemimizin əsaslarını yaradaraq, müstəqilliyimizi əbədi etmişdir. Məhz belə tarixi missiyanı müvəffəqiyyətlə həyata keçirmiş Heydər Əliyev Azərbaycan xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider zirvəsini fəth etmişdir.
Başqa sözlə, ulu öndər Heydər Əliyev tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirmişdir. Xalqımız yaxşı bilir ki, müasir Azərbaycan cəmiyyətinin formalaşması və qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etmiş və qalib Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, ulu öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.
"Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” deyən xalqımızın böyük oğlu azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi, öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, ölkəmizin regionda lider dövlətə çevrilməsinə nail olmuşdur.
Bu gün biz hamımız böyük iftixar hissi ilə qeyd edirik ki, Azərbaycan Respublikasının siyasi tarixinin qürurvericiliyi ulu öndər Heydər Əliyevin adı, onun Azərbaycan xalqının bu gününə və gələcəyinə yönəlmiş uğurlu siyasəti ilə bağlıdır.
Sovet hakimiyyəti illərində Heydər Əliyev təxminən 14 ilə yaxın müddət ərzində respublikaya rəhbərlik etmiş və həmin dövrdə onun fəaliyyətinin mühüm istiqamətlərindən birini iqtisadiyyatın səmərəli şəkildə təşkili və idarə edilməsi əsasında respublika əhalisinin maddi və mədəni həyat səviyyəsinin yüksəldilməsi problemi təşkil etmişdir. Məlum olduğu kimi, XX əsrin 70-ci illərinin əvvəllərinədək Azərbaycanın iqtisadi və sosial inkişafında lazımi dönüş yaradılmamış, respublikanın malik olduğu iqtisadi, elmi-texniki və humanitar potensialdan tam dolğun və səmərəli şəkildə istifadə edilməmiş, bu isə istər-istəməz sosial-iqtisadi inkişafın ümumi səviyyəsinin o vaxtkı orta İttifaq göstəricilərindən çox aşağı olması ilə nəticələnmişdir.
Keçmiş SSRİ zamanında geridə qalmış respublikalardan sayılan Azərbaycanda doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar aparmağa başladı. Onun hakimiyyətə gəlişi görünməmiş canlanma və yüksəlişə, tikinti-quruculuq işlərinin geniş vüsət almasına səbəb oldu. Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahələrində böyük uğurlar əldə edildi.
Bütövlükdə, 1970-1982-ci illər Azərbaycan Respublikası üçün böyük quruculuq illəri, iqtisadi inkişafla yanaşı, sosial sferanın da inkişafında böyük qayğı illəri olmuşdur. 1970-ci illə müqayisədə 1982-ci ildə milli gəlir 2,3 dəfə, sənaye məhsulları 2,2 dəfə, kənd təsərrüfatı məhsulları 2,25 dəfə artmış, 220-dən çox yeni sənaye müəssisəsi fəaliyyətə başlamışdır.
Təkcə 1971-1975-ci illərdə respublikada 64 iri dövlət sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Onlardan Bakı Məişət Kondinsionerləri, Sumqayıt Kompressor zavodları, Üst trikotaj fabriki, Xankəndi ayaqqabı fabriki, Gəncədə ət kombinatı və qənnadı fabriki, Lənkəranda və Xudatda konserv müəssisələri və başqalarını göstərmək olar. Çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi. Yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Neft-maşınqayırma sənayesi yenidən quruldu.
1971-1975-ci illərdə Azərbaycan Respublikasının neft-maşınqayırma sənayesi SSRİ neft-mədən avadanlığının 1/3-dən çoxunu, neftçıxarma texnikasının 70 faizdən çoxunu verirdi. SSRİ-də neft çıxarılmasında Azərbaycanın mövqeyi möhkəmləndi.
Kənd təsərrüfatında texniki təchizat yaxşılaşdı. Baş Mil, Yuxarı Şirvan, Şəmkir kanalları çəkildi, Sərsəng və Şəmkir su anbarları yaradıldı. Tərtərçay və Yuxarı Xanbulançay su təsərrüfatı kompleksləri, Araz, Arpaçay, Sirab dəryaçaları, Baş Mil və Lənkəran kanalları istifadəyə verildi. Respublika üzüm istehsalına görə birinci yerə, pambıq toplanışında dördüncü yerə, barama istehsalına görə ikinci yerə çıxdı. Belə uğurlara dəlalət edən faktları çox göstərmək olar.
Sənayenin inkişaf səviyyəsinə görə respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Mütərəqqi texnologiyaların və elmi-texniki nailiyyətlərin istehsalata tətbiqi sahəsində Azərbaycan sovetlər məkanında qabaqcıl mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyəti əvvəlki dövrlərlə nisbətdə müqayisə olunmayacaq səviyyədə idi. Azərbaycan bir çox mühüm istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yerlərdən birini tutdu. 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. 1970-1985-ci illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi.
Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə (1969-1982) sosial-siyasi və hüquqi sahədə əldə edilən nailiyyətlərdən bəhs etməmək olmaz. Bu illər ərzində Aşıq Alının və Aşıq Ələsgərin yubileylərinin qeyd edilməsi və N.Gəncəvi irsinin yenidən öyrənilməsi haqqında qərar verildi.
Şuşada Vaqifin məqbərəsi inşa edildi. H.Cavidin nəşi İrkutskdan gətirilərək Naxçıvanda dəfn edildi. Bakı şəhəri “Lenin” ordeni ilə təltif olundu.
Məhz bu inkişaf sayəsində Azərbaycan keçmiş SSRİ-nin ən geridə qalan respublikalarından ən qabaqcılına çevrildi.
XX əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə maraq artdı, bu sahədə də oyanış başladı. Hələ o zaman ermənilərin sərsəm millətçi niyyətlərini bilən və bunun qarşısını hər vəchlə almağı bacaran dahi liderimiz Kəlbəcərə “Murov yolu” nu çəkməklə Kəlbəcərin iqtisadi mövqeyini möhkəmləndirərək erməni separatçılarının niyyətlərini puça cıxardı. 1977-ci ildə ermənilərin Qarabağ məsələsinə dair yenidən qaldırdıqları ərazi iddialarının qarşısı alındı.
1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR-in üçüncü konstitusiyasının 73-cü maddəsinə Heydər Əliyevin iradəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması əlavə edildi.
Məhz həmin illərdə bugünkü müstəqilliyimizin təməli qoyuldu. Milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Milli kadrların yaradılması istiqamətində qətiyyətli addımlar atıldı. Hər il yüzlərlə azərbaycanlı gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin 170 ən qabaqcıl ali məktəblərinə göndərildi. O, hərbi təhsilin inkişafına xüsusi diqqət yetirirdi. Bu məqsədlə1971-ci ildə “İxtisaslaşdırılmış internat məktəbi”nin yanında C.Naxçıvanski adına hərbi lisey yaradılmışdı. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahat olan Heydər Əliyev gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.
Hakimiyyətdə olduğu illər ərzində ciddi kadr dəyişiklikləri apardı, respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. Artıq dövlət vəzifələrində çalışanların əksəriyyəti azərbaycanlılar idi. Sovet hakimiyyəti dövründə ilk dəfə olaraq vəzifədən sui-istifadə, rüşvətxorluq, korrupsiya kimi halların olduğunu və onların aradan qaldırılmasının vacibliyini elan etdi və bu kimi mənfi hallarla qəti mübarizəyə başladı. Qanunverici orqanlara ən bacarıqlı və layiqli adamların seçilməsinə imkan yaratdı. Bu orqanların işi xeyli fəallaşdı, yeni komissiyalar formalaşdırıldı və onların səmərəli fəaliyyəti təmin edildi. 1970-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı.
Azərbaycanın Sovet dövründə yüksəlməsinin ən uğurlu nəticəsi o oldu ki, həmin dövrdə əldə edilən iqtisadi, elmi-texniki, mədəni inkişaf respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratdı.
1991-ci ilin oktyabrında özünün dövlət müstəqilliyini elan edərkən respublikamız əslində siyasi-hərbi böhranla yanaşı, həm də dərin sosial-iqtisadi böhranla üz-üzə qalmışdır. Ölkənin ictimai-siyasi həyatında baş verən mürəkkəb proseslər, iqtisadiyyatda idarəetmə və istehsal intizamının pozulması, Azərbaycanın məcburən cəlb olunduğu müharibə və bunun nəticəsində ayrı-ayrı bölgələrin bir-birinin ardınca Ermənistanın silahlı qüvvələri tərəfindən zəbt edilməsi, qaçqın və məcburi köçkünlər ordusunun gündən-günə artması, müxtəlif şəxslərə və siyasi qruplaşmalara tabe olan silahlı dəstələrin hakimiyyət uğrunda mübarizəyə cəlb edilməsi, separatçılıq meyillərinin güclənməsi, dövlət çevrilişinə cəhdlərin bir-birini əvəzləməsi iqtisadi inkişafa ciddi zərbə vurmuş, məhsul istehsalını kəskin surətdə azaltmış, əhalinin rifahının nəzərəçarpacaq dərəcədə pisləşməsinə səbəb olmuşdur. Nəticədə 1993-cü ildə ÜDM-in həcmi həmin göstəricinin 1988-ci ildəki səviyyəsinin cəmi 60 faizini təşkil etmişdir. 1992-1994-cü illər ərzində real daxili məcmu məhsul ildə orta hesabla 20 faiz, milli gəlir 50 faiz azalmışdı; 1991-ci ildən etibarən hər il dövlət büdcəsi böyük kəsirlə formalaşdığından, yalnız Mərkəzi Bankın yeni kreditləri hesabına maliyyələşdirilirdi. 1993-cü ildə büdcə kəsiri 23,8 milyon manat təşkil etmişdi ki, bu da ÜDM-in 14,4 faizinə bərabər idi; həmin il idxal və ixracın həcmi 50 faizdən çox azalmış, tədiyə balansında mənfi saldo 23 milyon dollar təşkil etmişdir. 1990-cı illə müqayisədə isə üç ildə ÜDM-in real həcmi iki dəfə azalmış, sənaye istehsalı 63 faiz, kənd təsərrüfatı istehsalı 47 faiz aşağı düşmüş, sürətli inflyasiya prosesi nəticəsində əhalinin həyat səviyyəsi 3,6 dəfə aşağı enmişdir. Azərbaycan xalqı öz xilasını Heydər Əliyev şəxsiyyətində görərək, böyük ümidlərdən qaynaqlanan bir təkidlə onu əvvəllər də qurucusu olduğu respublikaya yenidən başçılıq etməyə dəvət etdi. 1993-cü il iyun ayının 15-i xalqımız üçün qurtuluş günü oldu.
Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı bir zərgər dəqiqliyi ilə bacarırdı. Ulu öndər belə qeyd edirdi: “Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun”.
Ulu öndər, eyni zamanda həm keçmişin ağır mirası ilə çarpışır, həm də ölkənin gələcəyi üçün əlindən gələni edirdi.
Hakimiyyəti dövründə ulu öndərin ən vacib saydığı vəzifələrdən birincisi ordu quruculuğu idi. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Azərbaycan ordusunun formalaşdırılması, döyüş bacarıqları yüksək və olkəmizin sərhədlərini, xalqımızın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Müstəqilliyin ilk illərində tüğyan edən iqtisadi tənəzzülün, Azərbaycanın şimal və cənubunda insanları vətəndaş müharibəsinə cəlb etmək istəyən ekstremist qüvvələrin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və ölkədə sabitliyin bərpası və qorunması məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar hər bir vətəndaşın həyatında hiss olundu. Azərbaycanla Ermənistan arasında 1994-cü ildə atəşkəsin əldə olunmasına, “Əsrin müqaviləsi”nin imzalanmasına, 1995-ci ildə konstitusiyanın qəbul edilməsinə, şərqlə qərbi birləşdirən qədim İpək Yolunun bərpasına və digər mühüm və əhəmiyyətli layihələrin həyata keçirilməsinə nail olundu.
Heydər Əliyevin iqtisadi baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır:
1) iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaq və bu islahatlar vasitəsilə ölkə iqtisadiyyatını inkişaf etdirmək;
2) mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan yüksəltmək, onun dağılmasına yol verməmək və bu potensialı bütün Azərbaycan xalqının sərvəti kimi, respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək.
Məhz bu baxımdan müstəqillik şəraitində, heç kimə ümid olmadan iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, özü də təkcə siyasi-mənəvi deyil, həm də maddi nəticələr əldə etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt sayan Heydər Əliyev deyirdi: “Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizin sahibi olaq və bu sərvətlərdən istifadə edərək xalqımız daha yaxşı yaşasın”.
Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək, fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli və uzunmüddətli dinamik inkişafın əsasını təşkil edən zəngin bir konsepsiya idi. Bu mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına, kompleks islahatların reallaşmasına möhkəm əsas yaratdı.
Qeyd edilənlərə yekun vuraraq belə bir nəticəyə gəlmək olar ki, ulu öndərin iqtisadi siyasət strategiyası:
1) sabitləşdirmə;
2) islahatlaşdırma;
3) dünya iqtisadi inteqrasiyasına qoşulma;
4) sosial-iqtisadi inkişaf və bunların da nəticəsində nail olunmuş xalqın rifahının yüksəldilməsi cəmiyyət həyatının bütün sahələrinə dair düşünülmüş, genişmiqyaslı radikal islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində artıq 1996-cı ildən etibarən yeni Azərbaycan quruculuğunun, o cümlədən milli iqtisadiyyatın sürətli inkişaf və yüksəliş dövrü başlanmışdır.
Bir məsələni də xüsusi vurğulamaq yerinə düşər ki, ulu öndər həmişə nominal islahatların, yəni islahat xatirinə islahatların aparılmasının əleyhinə olub. İslahatların keçirildiyi bir dövrdə mövcud iqtisadi strukturların və inzibati-amirlik metodlarının olduğu kimi saxlanması onun iqtisadi baxışlar sistemində yolverilməz hesab edilirdi. Əksinə, o, iqtisadi islahatlar həyata keçirilərkən iqtisadi qanunların və dünya təcrübəsinin əsas götürülməsini, islahatların sistemli, kompleks şəkildə aparılmasını və sosial yönümlü olmasının zəruriliyini vurğulayırdı.
Heydər Əliyevin konkret situasiyaya və ölkənin iqtisadi “landşaftına” hesablanmış iqtisadi konsepsiyasına əsasən islahatların üç mərhələdə həyata keçirilməsi daha məqsədəuyğun hesab edilmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadiyyatın dirçəlişinə və yüksək xətlə inkişafına nail olmaq lazımdır.
Beləliklə, Heydər Əliyev islahatları dünya təcrübəsində müşahidə etdiyimiz bütün proqramlardan bir əsas əlaməti ilə fərqlənir: onun islahatlar keçirdiyi ölkə dörd bir tərəfdən blokada, müharibə və sosial sarsıntılar (qaçqınlar problemi) içərisində olmasına baxmayaraq, Azərbaycanı 1993-cü ildən 1997-ci ilin iqtisadi artımına ardıcıl siyasi və iqtisadi addımlar həyata keçirməklə gətirmişdir.
Keçid dövrünün Azərbaycan üçün xarakterik xüsusiyyətləri nəzərə alınmaqla iqtisadi islahatların aparılması onun müvəffəqiyyətini təmin etmiş və burada Heydər Əliyev dühasının əvəzolunmaz rolu vardır. Belə ki, ilk növbədə, onun fövqəladə zəhməti sayəsində bağlanan neft sazişləri iqtisadiyyatın bütün sahələrinin dirçəlməsində əhəmiyyətli rol oynadı.
Çox böyük əhəmiyyəti olan beynəlxalq kontraktların bağlanması, dünya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi, Azərbaycana investisiya axınının güclənməsi, iqtisadi inteqrasiyanın dərinləşməsi və s. məhz Heydər Əliyevin müdrik daxili və xarici siyasətinin məntiqi nəticəsi kimi mümkün olmuşdur. Bütün bunlar Azərbaycanın sabahına inam yaratmış, respublikamızın ümdə problemlərinin həllinə, əhalinin rifahının yüksələcəyinə böyük ümidlər doğurmuş, xalqın iqtisadi fəallığının artmasına təsir etmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və sosial yönümlü bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti artıq iyirmi ilə yaxındır ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması, misilsiz tarixi qələbəmiz - 30 il işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir.
Ayrı-ayrı dövlət proqramlarında, Böyük Qayıdış strategiyasında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.
Biz Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında Heydər Əliyev imzası qoymuş ümummilli liderimizin, bu imzanı uğurla davam etdirən və yeni sistemə çevirən Prezident İlham Əliyev cənablarının siyasəti ilə gələcəyə uğurla və inamla addımlayırıq.
Ümummilli liderimizin dediyi kimi: “Biz azadıq, biz müstəqilik, biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik və öz taleyimizi yalnız biz həll edə bilərik”.
Kadr hazırlığı idarəsinin rəisi E.Behbudova