MƏQALƏLƏR

Xoşbəxt Bağı oğlu Yusifzadə

  • 05.10.2023

Onun fəaliyyəti neftçilərin gənc nəsilləri üçün əsl həyat məktəbidir

                                                                                                                 Heydər Əliyev


 

Xoşbəxt Yusifzadənin Azərbaycanın bütün dövrlərdə neft sənayesinin inkişafında böyük əməyi var. Xoşbəxt Yusifzadə bizim neft tariximizdə xüsusi bir səhifə, onun keçdiyi həyat yolu və gördüyü işlər isə ayrıca bir mərhələdir. Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərmiş, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmışdır. Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neftqaz yatağı kəşf edilib istismara verilmişdir. Müstəqil Azər­bay­canın yeni neft strategiyasının müvəf­fəqiyyətlə həyata keçirilməsində onun xüsusi xidmətləri olmuşdur. Geoloq-alimin neft və qaz sənayesinin aktual problemlərinin həllinə dair araşdırmaları layiqincə qiymət­lən­dirilmişdir.
Akademik Xoşbəxt Yusifzadə şərəfli, başqa­la­rına örnək olacaq qədər də çox maraqlı ömür yolu keçib. Hətta bu ömrün ən maraqlı an­larını, ən gözəl xatirələrini müəllifi olduğu “Ömrümün illəri və izləri” kitabında həkk edib. Kitab 2010-cu ildə işıq üzü görüb. Biz Xoşbəxt müəllimin həmin kitaba salmadığı, 2019-cu ildə baş vermiş və bu gün xoş xatirəyə çevrilmiş bir hadisəni, daha doğrusu, Xoşbəxt müəllimin dövlət başçısı ilə dialoqunu yada salmaq istərdik. “10 may 2019-cu il. Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanda neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Xoşbəxt Yusifzadəyə Heydər Əliyev Mükafatı verildi. Prezident İlham Əliyev şəxsən özü bu Mükafatı akademik Xoşbəxt Yusifzadəyə təqdim etdi. Prezident İlham Əliyev: - Xoşbəxt müəllimdə Azərbaycan dövlətinin və o vaxtkı Sovet İttifaqının, demək olar ki, bütün mükafatları var və buna öz əməyi ilə layiq görülüb. İndi təkcə bu mükafat qalmışdı, bunu da bu gün təqdim edəcəyik. Azərbaycanda elə bir adam yoxdur ki, Xoşbəxt müəllimi sevməsin, ona hörmət göstərməsin. O, neftçilərin simvoludur. O, ən təcrübəli, bilik­li, qayğıkeş, əsl Azərbaycan ziyalısıdır, Azər­baycan geoloqudur, Azərbaycan neft­çisidir. Biz Xoşbəxt müəllimlə fəxr edirik. Mükafata görə təşəkkürünü bildirən Xoşbəxt Yusifzadə: - Çox sürprizlər görmüşdüm, amma bugünkü mükafat mənim üçün lap gözlənilməz oldu. Heydər Əliyev cənablarının anadan olan günündə mənə bu mükafatın verilməsi bir daha onu göstərir ki, doğrudan da, mən xoşbəxt adamam. Ötən 67 ildə neft sənayesində nəyə nail olmuşamsa, hamısını Heydər Əliyev cənablarının rəhbərliyi altın­da əldə etmişəm. Cənab Heydər Əliyev haki­miy­yətdə olduğu bütün dövrlərdə təkcə mə­nə yox, bütün neftçilərə, neft sənayesinə bö­yük qayğı göstərib. Hamınız bilirsiniz ki, Ulu Öndər yenidən hakimiyyətə gələndə respublikada iqtisadi vəziyyət çox ağır idi və onu tez bir zamanda düzəltmək mümkün de­yildi. Ancaq cənab Heydər Əliyev bilirdi ki, Azərbaycanın iqtisadi vəziyyətini yaxşılaş­dırmaq üçün neft sənayesini inkişaf etdirmək lazımdır. Odur ki, bütün gücünü neft səna­yesinə yönəltdi. Prezident İlham Əliyev bura­da “Əsrin müqaviləsi”ndən danışdı. Bu il “Əsrin müqaviləsi”nin 25 ili tamam olacaq. Bu müqavilə heç də asan başa gəlməyib, 1994-cü ildə biz ay yarım Hyustonda olduq, müqaviləyə istəyimizə uyğun qol çəkdirmək üçün çox əzablar çəkdik. Bu müqavilə həqiqətən Heydər Əliyevin şah əsəridir. Bu müqavilə ilə bağlı üç məqamı qeyd etmək istəyirəm. Birincisi odur ki, bu müqavilə imzalanandan sonra bütün dövlətlər, bütün şirkətlər başa düşdülər ki, Azərbaycan sabit ölkədir, burada işləmək olar. Heç də təsadüfi deyil ki, bundan sonra 34 müqavilə də imzalandı. İkincisi, “Əsrin müqavilə”sinin ən böyük əhəmiyyəti o oldu ki, 1997-ci ildə Azərbaycanda neft hasilatının səviyyəsi 9 milyon tona, 2010-cu ildə isə 51 milyon tona çatdı. Mən onu demək istəyirəm ki, bütün bunların hamısı Heydər Əliyevin xidmətlərinin nəticəsidir. Bu günə qədər “Azəri-Çıraq-Günəşli” yatağından 481 milyon ton neft hasil olunub ki, bunun da 279 milyon tonu mənfəət neftidir. Həmin o mənfəət neftidir ki, Azərbaycanın bugünkü inkişafını təmin edib. Ulu Öndərin ikinci şah əsəri Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu. Mən rəqəmlər söyləmək istəyirəm, Azərbaycandan xaricə nəql olunan 503 milyon ton neftin 383 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınıb. Əgər bu kəmər olmasaydı, bu neft xaricə necə çıxarıla bilərdi? "Şahdəniz" Heydər Əliyevin üçüncü böyük əsəridir. "Şahdəniz"ə də mane olanlar var idi. Amma cənab Heydər Əliyevin rəhbərliyi ilə bu layihə də həyata keçdi. İndi onun bəhrəsini biz hər yerdə görürük. Dahi Heydər Əliyevin yolunu indi cənab Prezident İlham Əliyev davam etdirir. Heydər Əliyev cənablarının əsasını qoyduğu strategiyanı cənab İlham Əliyev çox uğurla davam etdirir. Bu gün Azərbaycanın nailiyyətlərini saymaqla qurtarmaq olmaz. Necə deyərlər, 10-15 il Azərbaycanda olmayan adam gəlib görsə tanımaz. Təkcə Bakı deyil, bütün rayonlar müasirləşib. Nə qədər yollar çəkilib, nə qədər məktəblər, nə qədər tibb müəssisələri tikilib. Qısa bir vaxtda bu qədər işin görülməsi, doğrudan da, böyük nailiyyətdir. Elə neft sənayesinin özü də çox inkişaf edib. Cənub Qaz Dəhlizi, TANAP, STAR neft emalı zavodu, Sumqayıtda yeni zavodlar neft sənayesində əldə olunan nailiyyətlərdir. Bunların hamısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Cənab İlham Əliyev neft sənayesinin çətinliklərini çox yaxşı bilir, çünki 10 il bizimlə çiyin-çiyinə çalışıb. Buna görə də o, neftçilərə həmişə diqqət və qayğı ilə yanaşır.
Mən həm də ona görə xoşbəxtəm ki, neftimizin həm milyardıncı, həm də iki milyardıncı tonunun çıxarılmasında iştirak etmişəm və bu gün artıq üçüncü milyard ton neftin çıxarılmasında gənc həmkarlarımla birlikdə çalışıram. İllərimiz bizim müdriklik xəzinəmizdir”...


* * * * *
Bu gün Azərbaycanın neft salnaməsinin canlı əfsanəsi, böyük neftçi alim Xoşbəxt Yusifzadə ömrünün 94-cü ilində vəfat etmişdir. Bu, ictimaiyyətimiz, elmimiz, neft sənayemiz üçün böyük itkidir. O böyük və şərəfli ömrünün 68 ilini Azərbaycanın neft sənayesinə həsr etmiş, zəngin neft yataqlarının kəşf edilməsi, işlənməsi üçün var qüvvəsi ilə çalışmış və buna nail olmuşdur. Xoşbəxt müəllimi Xəzər dənizində karbohidrogen yataqlarının kəşfiyyatı və işlənilməsinin patriarxlarından biri adlandırırlar. Həm bir milyardıncı, həm də iki milyardıncı ton Azərbaycan neftinin çıxarılmasında iştirak etdiyinə görə özünü xoşbəxt sayırdı Xoşbəxt müəllim. Bu gün biz akademik Xoşbəxt Yusifzadənin timsalında dünya şöhrətli dəyərli neftçi alimimizi, işıqlı ziyalımızı, təvazökar bir insanı itirdik. Onun gördüyü işlər daim xatırlanacaq, xoş xatirələri hər zaman qəlbimizdə yaşayacaq. Allah ona rəhmət eləsin!

Akademik Ziyad Səmədzadə