Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirən uğurlu siyasət
İqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. İqtisadiyyat və siyasətin qarşılıqlı əlaqəsinə dair Prezident İlham Əliyevin fikirləri xüsusi olaraq maraq doğurur: “İqtisadi inkişaf, siyasi inkişaf, cəmiyyətin demokratikləşməsi prosesi - bunlar hamısı paralel getməlidir... İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir... İndi dünyada gedən proseslər onu göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr dünyada öz yerini daha da möhkəm tuturlar, öz siyasətini daha da cəsarətlə aparırlar... İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyinə öz töhfəsini verir. İqtisadi cəhətdən heç kimdən asılı olmayan ölkə öz siyasətini də müstəqil şəkildə apara bilər və Azərbaycanın timsalında biz bunu görürük”.
Dünya təcrübəsi də göstərir ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyət sayəsində mümkün olur. Bu baxımdan Azərbaycanda iqtisadi inkişaf proseslərinin dönməz xarakter almasında Prezident İlham Əliyevin iradəsi və prinsipiallığı, xalqın ona inamı və davamlı dəstəyi həlledici rol oynamışdır. Bütün bunların nəticəsi kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən sonra ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət almışdır. Tarixi reallıqlar ondan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın daha sürətlə şaxələndirilməsinə nail olmaq üçün mühüm proqramlar qəbul olunmuşdur. Ən əsası, Azərbaycan heç bir beynəlxalq donor təşkilatından asılı olmadan milli iqtisadiyyatını inkişaf etdirmək gücündə olan dövlətə çevrilmişdir. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nəticələr beynəlxalq hesabatlarda da əksini tapmış, müxtəlif meyarlar üzrə reytinq cədvəllərində ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
44 günlük Vətən müharibəsinin yekunu ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət olduğunu bir daha təsdiq etmişdir. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları sayəsində bütün parametrlər üzrə özünün böyük resurs üstünlüyünü yaratmış Azərbaycan geosiyasi prosesləri öz xeyrinə dəyişməklə yanaşı, regionun iqtisadi coğrafiyasını yeni formata salmışdır.
Prezident İlham Əliyev Zəfər Gününün birinci ildönümündə Şuşada hərbçilər qarşısında çıxış edərkən bu barədə deyib: “Biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq, biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi. Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır. İqtisadi müstəqillik əldə edilməsəydi, siyasi müstəqillikdən söhbət gedə bilməzdi. Biz asılı vəziyyətdə ola bilərdik. Necə ki, bu gün bir çox ölkələr asılı vəziyyətdədir və məhz buna görə öz iradəsini ortaya qoya bilmirlər. Siyasi müstəqillik imkan verdi ki, biz bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qura bildik. Beləliklə torpaqlarımızın azad edilməsi üçün əsas şərtlərdən biri təmin edilmişdi.”
Güclü Azərbaycan Ordusu tarixi missiyasını yerinə yetirdi
Güclü ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır. Dayanıqlı iqtisadi inkişaf Azərbaycanda bütün sahələrdə olduğu kimi, qüdrətli ordu quruculuğu istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirməyə imkan vermiş, ölkəmizin müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələri formalaşdırılmışdır.
Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektiv vəzifələr barədə danışan Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir.”
Azərbaycan Silahlı Qüvvələrinin inkişafına yönəlmiş tədbirlər 2003-cü ildən sonra ardıcıllıqla və uğurla davam etdirilmişdir. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırması idi. Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olmasını yalnız yerli deyil, xarici mütəxəssislər də təsdiq edirlər. Reytinq agentliklərinin hesabatlarında Azərbaycan güclü orduya malik ölkələr sırasında yer alır.
Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi azad olundu. Tezliklə Ermənistanla dövlət sərhəddinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Cəbhənin elə bir sahəsi olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın. Bununla yanaşı, əsas olan odur ki, bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq, bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar.
Savaş meydanının son zirvəsi - alınmaz Şuşa qalasının azad edilməsi ayrıca bir qəhrəmanlıq dastanı, Zəfər xronikasının baş səhifəsidir. Qəhrəman Azərbaycan hərbçiləri, əsgər və zabitləri çətin relyef şəraitində yorulmadan, tərəddüd etmədən addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini misilsiz cəsarət və mərdliklə yarıb keçdilər. Yaralanan və həlak olan döyüş dostlarını yerdə qoymayıb çiyinlərinə alaraq, başlarına yağan güllə yağışı altında sıldırım qayalara dırmaşaraq, əlbəyaxa döyüşlə Şuşanı işğalçılardan azad etdilər.
İlham Əliyevin uğurlu və uzaqgörən diplomatiyası
Vətən müharibəsində qələbənin əldə edilməsində Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı ilə yanaşı, Prezident İlham Əliyevin misilsiz diplomatiyası əhəmiyyətli rol oynamışdır. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” çağırışı ilə böyük Zəfərə aparan diplomatiyası Azərbaycanın dünya birliyi tərəfindən qüdrətli bir ölkə kimi yenidən kəşf olunmasına gətirib çıxarmışdır.
Xatırladım ki, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqe özündə bir neçə vacib elementi ehtiva etmişdir. İlk növbədə, ölkəmizin ərazi bütövlüyü tanınır və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu təsdiqlənirdi. İkincisi, işğalın aradan qaldırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etməsi tələb olunurdu. Üçüncüsü, qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüququ təsbit edilirdi. Bütün bunlar Azərbaycanın mühüm diplomatik uğurları idi.
Azərbaycanın işğal altında olan ərazilərində işğalçı Ermənistan tərəfindən həyata keçirilən qanunsuz fəaliyyət, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin aparılması, bu torpaqlardakı Azərbaycan xalqının zəngin tarixi, mədəni, dini irsinin məhv və talan edilməsi, təbii sərvətlərin qanunsuz istismarı, bu ərazilərdəki şəxsi və ictimai mülkiyyətin qanunsuz mənimsənilməsi və digər qeyri-qanuni addımlar da beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlərdə geniş yer almışdı. Bütün bunlar Azərbaycanın beynəlxalq təşkilatlara çoxsaylı müraciətləri və aparılan uğurlu xarici siyasəti nəticəsində mümkün olmuşdu.
Prezident İlham Əliyev demişdir: “Biz Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bildik. Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik. Ona görə dünyada müharibə ilə bağlı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Biz bunu aradan qaldırdıq. Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş apararaq, bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirdik. Bütün bu işlər bugünkü reallıq üçün hüquqi bazadır. Çünki bu gün biz düşməni torpağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik.”
Vətən müharibəsi günlərində bir sıra dünya liderləri ilə aparılan telefon danışıqları, ölkəmizə edilən səfərlər çərçivəsində xarici nümayəndə heyətləri ilə keçirilən görüşlər, beynəlxalq tədbirlərdə iştirak, xarici ölkələrin aparıcı mətbuat nümayəndələrinə verilən çoxsaylı müsahibələr dövlətimizin başçısının Zəfər diplomatiyasının önəmli tərkib hissələrini təşkil edir. Vətən müharibəsi ərzində Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Qətər, Belarus liderləri, BMT Baş katibi, Avropa İttifaqı Şurasının prezidenti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə telefon zəngləri edilmiş, xarici dövlət və təşkilatların rəhbərləri silahlı qarşıdurma ilə bağlı narahatlıqlarını bildirərək, bölgədəki son vəziyyətlə maraqlanmışlar.
Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” çağırışı ilə böyük Zəfərə aparan diplomatiyası Azərbaycanın dünya birliyi tərəfindən qüdrətli bir ölkə kimi yenidən kəşf olunmasına gətirib çıxardı.
Bu il sentyabrın 19-dan Azərbaycanın başlatdığı antiterror tədbirləri zamanı tarixdə bənzəri olmayan taktika ilə düşmənə elə zərbə endirildi ki, o həmin zərbədən özünə gələ bilmədi. “Dəmir yumruq” növbəti dəfə düşmənin başını əzdi. Havada tam üstünlük əldə edən Ordumuz ermənilərin kommunikasiya, toplanma məntəqələrinə, silah anbarlarına endirdiyi sarsıdıcı zərbələrlə onları bir sutka ərzində təslim olmağa vadar etdi. Vətən savaşında olduğu kimi lokal antiterror tədbirlərinin keçirilməsi ilə Azərbaycan ikinci dəfə dünya hərb tarixinə öz adını yazdırdı.
Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisi olan Qarabağda 23 saatlıq lokal antiterror tədbirləri qlobal miqyasda separatizmlə mübarizədə ən effektiv və rasional addım hesab oluna bilər. Xüsusən, separatizmin dünyada iri güclərin əsas nəzarət alətlərindən birinə çevrildiyi, bu sahədə ikili standartların hökm sürdüyü mürəkkəb dövrdə qazanılan bu Qələbə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun və xalqının birliyinin rəmzidir.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Mənbə: Ziyad Səmədzadə “Azərbaycan iqtisadiyyatı 100 ildə”, V cild