MƏQALƏLƏR

Güclü və hazırlıqlı ordu

  • 24.06.2011

Güclü və hazırlıqlı ordu


Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın  9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Lakin 22 may 1998-ci il tarixli Prezident fərmanı ilə həmin fərman qüvvədən düşərək 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilmişdir.

Azərbaycan hər bir sahədə olduğu kimi hərbi sahədə də inkişaf etməkdədir. Artıq Azərbaycanın hərbi potensialı regiona nəzərən yüksək səviyyədədir. Belə ki, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat (135 milyon ABŞ dolları) olduğu halda, 2010-cu ildə 2,2 milyard manat (2,7 milyard ABŞ dolları) təşkil etmiş, 2011-ci ildə isə Azərbaycanın müdafiə xərclərinin 2 mlrd. 600 mln. manat (3 mlrd. 270 mln. ABŞ dolları) təşkil edəcəkdir. Yeri gəlmişkən bildirək ki, Azərbaycanın hərbi büdcəsinin sürətlə artması mənfur düşmənlərimizi və onların himayədarlarını ilk gündən narahat edir. Niyə də narahat etməsin ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən yüksəkdir.

Belə ki, Azərbaycanın Milli Ordusu Cənubi Qafqazda güclü və hazırlıqlı ordu hesab edilir. Bunu yalnız Azərbaycan bəyan etmir. Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun dünya ölkələrinin hərbi potensialını qiymətləndirən illik hesabatında da bu aydın şəkildə göstərilir.

Hesabatda deyilir ki, Azərbaycanın təxminən 67 min nəfərlik ordusu var. Ermənistan ordusu bundan təxminən 35 faiz azdı - 42 min nəfər. Ehtiyat qüvvələrinin sayına görə də Azərbaycanın imkanları Ermənistandan genişdir. Azərbaycanın səfərbər etməyə 300 min, Ermənistanın isə təxminən 200 min qüvvəsi var.            Azərbaycanın tankları və BTR-ləri Ermənistandan 3 dəfə çoxdur. Azərbaycanın 320 tankı və 470-ə yaxın «BTR»-i var. «BMP»lərə gəldikdə isə qüvvələr arasında fərq böyük deyil - Azərbaycanın 127, Ermənistanın isə 104 «BMP»si var.

Hesabata görə, Azərbaycanın 47 döyüş qabiliyyətli təyyarəsi var. Ermənistanın döyüş qabiliyyətli təyyarələrinin sayı bundan 3 dəfə azdır. Tank əleyhinə silahlara gəldikdə, hesabata görə, burda Azərbaycanın arsenalı Ermənistandan təxminən 10 dəfə çoxdur.

Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, müdafiə sənayesi potensialının artırılması istiqamətində atılan addımlar da ordumuzun gücünə güc qatır. Qeyd edək ki, son bir neçə il ərzində Azərbaycanda müasir hərbi sənaye kompleksinin yaradılması dövlətin diqqət mərkəzindədir.  Bu məqsədlə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Azərbaycanda bu sahədə istehsal olunan məhsullar dünyanın ən yüksək standartlarına cavab verir. Silahlı Qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün 2009-cu ildə də MSN-nin müəssisələrində yeni istehsal sahələri yaradılıb.

Nəzərinizə onu da çatdıraq ki, Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksək ixtisaslı kadrların hazırlanması haqqında  Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Texniki Universitetində "Xüsusi texnika və texnologiya" fakültəsi və müvafiq kafedralar yaradılır. Bu fakültələrin və kafedraların yaradılmasının əsas səbəbi isə Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksək ixtisaslı kadrları hazırlamaqdır.

Onu da bildirək ki, Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var. Belə ki, Azərbaycan Silahlı Qüvvələri 1994 -cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir. Başqa ölkələrlə əlaqələr,  Azərbaycan ordusunun güclənməsinə daha da yardım edir. Azərbaycan Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri tam şəkildə NATO standartlarına uyğunlaşdırılıb. NATO çərçivəsində Azərbaycanın hərbi qulluqçuları treninqlər keçirir və xarici dil kurslarında iştirak edirlər. Sülh Naminə Tərəfdaşlığın ən işlək mexanizmi olan Fərdi tərəfdaşlıq Fəaliyyəti Proqramı genişsahəli tədris və təlim işlərini əhatə edir. Hər il NATO-Azərbaycan arasında olan Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin 1000-dən çox şəxsi heyəti müxtəlif hərbi sahələr üzrə tədris tədbirləri və təlimlərdə iştirak edir.

2010-cu ildə Azərbaycan ordusu gücünü başqa bir istiqamətdə də göstərməyə nail oldu. Bu da Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlıqla şəhidlik zirvəsinə qalxması  idi. Onun qəhrəmanlığı hər bir azərbaycanlı üçün qürur mənbəyi idi. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın hər bir övladı Mübariz kimi Vətən yolunda şəhid olmağa hazırdır. Təki Vətən sağ olsun......

Artıq düşmən də Milli Ordumuzun hansı gücə malik olmasını yaxşı bilir. Onu da qeyd edək ki, ölkə başçısı Azərbaycanda və ölkədən kənarda keçirdiyi görüşlərdə mütəmadi olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və heç bir zaman torpaqlarımızın bir qarışını belə ermənilərə verməyəcəyimizi qeyd edir. Həmçinin Prezident sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə, Azərbaycanın müharibə  yolu ilə alternativə əl ata biləcəyini də istisna etmir. Söz yox ki, bu tip bəyanatların arxasında Azərbaycanın daim inkişafda olan iqtisadiyyatı və güclü ordusuna inam hissi dayanır.

Bəli, Azərbaycan ordusu  anbaan inkişaf edir, güclənir. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan məhz bu ordunun gücü ilə işğal olunmuş torpaqlarımızı düşmən caynağından azad edəcək. Amin!

                                                                                                              Günel Zeynalzadə