MƏQALƏLƏR

Milli intibahımızın baş memarı (YENİLƏNDİ)

  • 16.11.2023

 “...Azərbaycanda iqtisadiyyat hərtərəfli inkişaf etməlidir. Düzdür, neft amili uzun illər ərzində hələ həlledici rola malik olacaqdır. Bu da təbiidir. Çünki qoyulan sərmayələr çox böyükdür və gələcəkdə gözlənilən mənfəətlər də çox böyükdür. Amma, eyni zamanda əgər biz bu gün iqtisadiyyatımızın hərtərəfli inkişafına nail olmasaq, bu, ölkəmizi gələcəkdə çətin problemlərlə üz-üzə qoya bilər. Ona görə məqsədimiz budur ki, Azərbaycanda iqtisadiyyat hərtərəfli inkişaf etsin, təkcə Bakıda yox, bütün regionlarda bu inkişaf müşahidə olunsun. Mən əminəm ki, bu belə də olacaqdır”.

İlham ƏLİYEV

 * * *

Azərbaycan xalqı xüsu­sən son 3 ildə özünün müstəqillik və müasir dövlətçilik tarixinin ən qürurverici mərhələsinə qədəm qoyub. 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. 44 gün davam edən savaşda xalqımız özünün beynəlxalq hüquqla təsbit edilmiş hüquqlarını təmin etdi.
2023-cü ilin sentyabr ayında isə Vətən müharibəsinin məntiqi davamı olaraq Azərbaycan dövləti tarixi torpaqlarımız olan Qarabağda suverenliyini təmin etdi, erməni separatizminə həmişəlik son qoydu. Ordumuzun həyata keçirdiyi bu antiterror tədbirlərinin uğurlu nəticəsi hər birimizə sonsuz qürur yaşatdı, fərəhləndirdi. Bununla torpaqlarımızda xarici qüvvələrin təsiri ilə reallaşdırılması planlaşdırılan 200 illik saxta erməni layihəsinə son qoyuldu. Qarabağda ikinci erməni dövləti yaratmaq xülyası status iddiaları kimi birdəfəlik tarixin zibilliyinə göndərildi.
Azərbaycan dövlətinin bu tarixi uğurlarının memarı isə Prezident İlham Əliyev cənablarıdır. Olduqca xoşdur ki, Prezident İlham Əliyevin respublikamıza müdrik rəhbərliyinin 20-ci ilinin tamamını bu cür möhtəşəm qələbələrlə qarşılayırıq…
2003-cü ilin 15 oktyabrında xalqımızın milli iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev həyata keçirdiyi çoxşaxəli inkişaf prosesləri, ölkəmizə və xalqımıza qazandırdığı parlaq nailiyyətlərlə bu 20 ili Azərbaycan həyatında əsl intibah tarixinə çevirməyə müvəffəq olmuş, tarixin ən qüdrətli Azərbaycanını cari strateji dövrün böyük hədəflərinə yetirmiş, ölkəmizin gələcəyi üçün möhkəm təməllər formalaşdırmışdır.

Heydər Əliyevin ən təcrübəli və layiqli siyasi davamçısı
Dövlətlərin və xalqların tarixinin yazılmasından başlamış, dünya birliyində özünə layiqli yer tutmasının və tanınmasının zamanın süzgəcindən keçərək, özünü doğruldan aydın şərtləri var. Tarix həmin şərtləri dönə-dönə sübut edərək göstərir ki, dövlətlərin və xalqların inkişafı, yüksəlişi üçün onun malik olduğu maddi və mənəvi zənginliklər vacib olsa da, yetərli sayıla bilməz. Bu baxımdan onların taleyində lider amilinin bütün şərtlərin fövqündə dayanması ən mühüm siyasi reallıqdır.
Bu il anadan olmasının 100-cü ildönümünü böyük sevgi ilə qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin adı hər zaman məhz belə liderlərin cərgəsində çəkiləcək. Azərbaycanın yüksəlişini, beynəlxalq miqyasda qazandığı nüfuzu qiymətləndirərkən ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Ulu öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmışdır. Azərbaycanın indiki sürətli yüksəlişinin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır.
Dahi şəxsiyyətin böyüklüyü həm də ondadır ki, ulu öndər yalnız Azərbaycanın davamlı inkişaf strategiyasının möhkəm təməlini qoymaqla kifayətlənməmiş, cənab İlham Əliyevin timsalında bu strateji kursu davam etdirməyə qadir istedadlı, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider də yetişdirmişdir. Ötən 20 ildə keçdiyimiz inkişaf yolu da təsdiq edir ki, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev sayılıb-seçilən, öz xalqının milli maraqlarını hər zaman təmin etməyi bacaran liderlər sırasındadır və bunu biz yox, xarici siyasi və iqtisadi institutlar da təsdiq edirlər.
Amma bu da həqiqətdir ki, İlham Əliyevin Azərbaycanın siyasi həyatında özünün yüksək siyasi-diplomatik və liderlik keyfiyyətləri ilə fərqlənməsi, öz fəaliyyətində dövlətimizin milli maraqlarını hər şeydən uca tutması, respublikamızda və onun hüdudlarından kənarda nüfuzlu siyasətçi kimi tanınması hələ prezident seçilməsindən çox-çox əvvələ təsadüf edir.
Bu baxımdan cənab İlham Əliyev hələ Azərbaycana rəhbərlik etməmişdən əvvəl də ölkəmizin siyasi və iqtisadi həyatında, beynəlxalq münasibətlərində çoxsaylı uğurların müəllifi olmuşdur. Məsələn, ulu öndər Heydər Əliyevin liderliyi ilə aparılan neft danışıqları Azərbaycanın müstəqillik tarixinin ən mühüm hadisələri sırasında dayanır. İlham Əliyevin yaxından iştirakı ilə aparılan danışıqların nəticəsi olaraq imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, iqtisadi inkişafın təmin edilməsində, respublikamızın beynəlxalq mövqelərinin möhkəmlənməsində tarixi rol oynadı və bu gün də dövlətimiz və xalqımız «Əsrin müqaviləsi»nin bəhrəsini görür. Bütövlükdə, ulu öndər Heydər Əliyevin Azərbaycanın zəngin neft və qaz yataqlarının işlənilməsi istiqamətində müəyyən etdiyi strateji məqsədlərə respublikamız İlham Əliyevin işgüzar keyfiyyətləri sayəsində qətiyyətlə nail oldu.

Heydər Əliyev: Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm
2003-cü ilin prezident seçkiləri vaxtı ulu öndər Heydər Əliyevin təklifi və təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası tərəfindən cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsində də onun malik olduğu yüksək siyasi keyfiyyətlər, Baş nazir kimi qısa müddətdə nail olduğu uğurlar, idarəçilikdəki novatorluğu, xarizması, cəmiyyətdə və qlobal miqyasdakı yüksək nüfuzu mühüm rol oynamışdı. Ona görə Heydər Əliyev İlham Əliyevə özü qədər inanırdı.
2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyev xalqımıza müraciətində deyirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Həmin ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində xalqımız İlham Əliyevin ətrafında sıx səfərbər olmaqla ilk növbədə Heydər Əliyev yolunun davamına səs verdi. Çünki cəmiyyətimiz yaxşı bilirdi ki, Əliyev siyasi kursunun davamı xalqımızın və dövlətimizin etibarlı və firavan gələcəyi deməkdir. Odur ki, Azərbaycan xalqı ilk dəfə 2003-cü ildə cənab İlham Əliyevə etimad göstərməklə Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Qafqazdakı lider rolunun möhkəmlənməsinə, xoşbəxt və firavan gələcəyinə səs verdi.
Bu günlərdə cənab İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsinin 20 ili tamam olur. Bir dövlətin tarixi baxımından 20 il kiçik zaman kəsiyidir. Lakin bu 20 ildə Azərbaycan dövləti o qədər möhtəşəm inkişaf yolu keçib ki, ölkəmizlə qürur duya bilərik.
2003-cü ildə prezident kimi Vətənə və xalqa sədaqət andı içən Prezident İlham Əliyev ölkəmizin inkişaf perspektivləri və gələcək prioritetlərlə bağlı öz proqramını bəyan edərək demişdi: “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik. Xüsusilə qeyri-neft sektoruna böyük diqqət göstəriləcəkdir. Yeni zavodlar, fabriklər istifadəyə veriləcəkdir. Sahibkarlığın inkişafı üçün tədbirlər planı, Azərbaycanda iqtisadi inkişaf proqramı hazırlanır. Bu çoxşaxəli inkişaf proqramı Azərbaycanı qısa müddət ərzində zəngin dövlətə çevirməyə imkan verəcəkdir. Bizdə bütün imkanlar – təbii sərvətlər, insan potensialı və ən önəmlisi, xalqın iradəsi vardır. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik”.
Bəli, ötən 20 ildə Azərbaycanın keçdiyi inkişaf yolu ilk növbədə ulu öndər Heydər Əliyevin nə qədər müdrik və uzaqgörən şəxsiyyət olduğunu təsdiq edir. Və bu 20 ildə Azərbaycanın əldə etdiyi bütün uğurlar ondan xəbər verir ki, Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı kimi and içərkən verdiyi bütün vədləri layiqincə yerinə yetirir, qarşıya qoyduğu bütün milli hədəflərə inamla çatır. Ötən 20 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir. Geridə qoyduğumuz hər bir ilin yekunları təsdiq edir ki, Prezident İlham Əliyev ulu öndərin ən layiqli davamçısı olaraq onun başladığı, təməlini qoyduğu taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır. Məhz Heydər Əliyevin dühasından və qüdrətli zəkasından ilham alan milli inkişaf strategiyası Azərbaycanın müstəqillik və inkişaf yolunda inamla addımlamasını təmin edir.

Beynəlxalq miqyaslı enerji layihələrinin reallaşması İlham Əliyevin ölkə prezidenti kimi fəaliyyətinin mühüm siyasi-iqtisadi hadisələridir
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin ən böyük uğurlu göstəricilərindən biri iqtisadi sahədə baş verən tarixi dəyişikliklər, sürətli və hərtərəfli inkişafdır. 30 il əvvəl hərbi-siyasi burulğanlardan keçən, hətta müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycan indi siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınır. Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf etməkdə olan, bölgənin əsas iqtisadi potensialına sahib qüdrətli dövləti də məhz Azərbaycandır. Prezident İlham Əliyev isə çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan iqtisadi uğurların müəllifinə çevrilib.
İqtisadiyyatda uğurlara nail olmaq üçün isə bir sıra strateji məqsədlərə nail olundu ki, bunlardan da ən mühümü Heydər Əliyevin əsasını qoyduğu enerji siyasətinin davam etdirilməsidir. Məlumdur ki, müstəqillik dövründə xalqımızın nail olduğu ən böyük uğurlardan biri ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının təntənəsi və Azərbaycan dövlətinə gətirdiyi siyasi və iqtisadi dividendlərdir. 1993-cü ilin ortalarına qədər bir-birini əvəzləmiş iqtidarların neft-qaz siyasətindən kəskin fərqlənən bu strategiyanın əsas mahiyyəti onun Azərbaycan dövlətinin və xalqının milli maraqları ilə uzlaşması idi. Məhz bu strategiyasının uğurla reallaşmasının nəticəsi olaraq dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatına cəlb olundular.
Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyə başladıqdan sonra nail olduğu ən böyük uğurlardan biri «Əsrin müqaviləsi»nin imzalanması idi. Cənab İlham Əliyevin də prezident kimi ilk uğurlarından biri enerji məsələləri ilə bağlı idi. Belə ki, 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi Prezident İlham Əliyevin əsası Heydər Əliyev tərəfindən müəyyən edilmiş enerji siyasətini qətiyyətlə davam etdirməsinin nəticəsi idi. BTC-nin və Bakı-Tbilisi Ərzurum qaz kəmərinin işə düşməsindən sonra karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yarandı. Yəni, Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başladı ki, bu da Azərbaycanın enerji siyasətinin həm də müstəqil olmasından xəbər verdi. Bu enerji layihələrinin işə düşməsi 2006-cı ildən bəri Azərbaycana milyardlarla dollar gəlir gətirib. Bu illər ərzində Azərbaycanın iqtisadi inkişafında məhz həmin gəlirlər əhəmiyyətli dərəcədə rol oynamışdır. Azərbaycanın İlham Əliyevin rəhbərliyi ilə bugünkü inkişafının təməlində də məhz neft strategiyasının uğurları dayanır.
Xəzər dənizinin Azərbaycana aid hissəsi təkcə neftlə deyil, tə­bii qazla da zəngindir. 2010-cu ildə Azərbaycan neftçiləri və mütəxəssisləri tərəfindən “Ümid” yatağının, 2011-ci ildə isə “Abşeron” blokunda böyük qaz yatağının aşkarlanması Azərbay­canın həm də böyük təbii qaz potensialına malik olduğunu göstərdi. 2013-cü ilin sonlarında isə “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarı imzalandı. “Şahdəniz-2” layihəsi isə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə TANAP və TAP qaz boru kəmərlərinin tikintisi ilə bağlı təşəbbüslərin reallaşmasına təkan verdi, nəticə etibarilə 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyuldu.
Cənub Qaz Dəhlizi ilk günündən Prezident İlham Əliyevin siyasi və iqtisadi iradəsinə söykəndi. O zamanlar Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsi xəyal kimi görünə bilərdi. Çünki hələ 1994-cü ildə «Əsrin müqaviləsi» imzalananda bəziləri onun gələcəyinə inana bilmirdilər. Azərbaycan prezidenti Avropa İttifaqını, ayrı-ayrı dövlətləri, beynəlxalq maliyyə qurumlarını bu layihənin ətrafında səfərbər etdi. Avropa İttifaqı bununla bağlı ilk gündən Azərbaycanın təşəbbüslərini dəstəklədi, Xəzərdən hasil olunan təbii qazın Avropaya çatdırılması üçün ölkəmizlə əməkdaşlığa həvəslə qoşuldu. Cənub Qaz Dəhlizi üzrə Azərbaycan və Gürcüstanda həyata keçirilən layihələr 2018-ci ilin mayında başa çatdırıldı. 2018-ci ilin may ayında Bakıda Cənub Qaz Dəhlizinin, iyun ayında isə Türkiyənin Əskişəhər şəhərində dəhlizin mühüm hissəsi olan TANAP qaz boru kəmərinin açılışı oldu. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının TANAP vasitəsilə Türkiyəyə göndərilməsinə başlanıldı. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. 2020-ci ilin sonunda Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin yekunlaşdırılması ilə Cənub Qaz Dəhlizinin inşası tam başa çatdırıldı. Bundan sonra 2020-ci il dekabrın 31-də Azərbaycanın müasir tarixinin növbəti əlamətdar hadisələrindən biri baş verdi: həmin gün Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qaz Avropaya çatdırıldı. Bu, Vətən müharibəsindəki şanlı Zəfərdən sonra xalqımızı və dövlətçiliyimiziyi şərəfləndirən növbəti tarixi uğur idi.
Beləliklə, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi kimi Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qazı təxminən 3500 kilometr qət edərək, tarixdə ilk dəfə 2020-ci il dekabrın 31-də Avropaya çatdırıldı. Bəzilərinin vaxtı ilə mümkünsüz hesab etdiyi, 3500 kilometr uzunluğunda, bir-birinə bağlanan üç qaz boru xəttinin inşası reallığa çevrildi. İlham Əliyevin müdrikliyi və siyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə insitutları ilə əməkdaşlıq, Avropa İttifaqının siyasi dəstəyinin təmin olunması bu layihənin hər bir mərhələsinin uğurla tamamlanmasını təmin etdi.
Bütövlükdə isə reallaşan bütün enerji layihələri cənab İlham Əliyevin ölkə prezidenti olaraq fəaliyyətinin mühüm siyasi-iqtisadi hadisələri kimi ötən dövrdə həm Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində, həm də strateji tərəfdaşlarının sayının artmasında böyük rol oynamaqdadır. Bu uğurları ilə ötən 20 ildə Avrasiyanın enerji xəritəsinə ciddi korrektələr edən Azərbaycan artıq qlobal enerji təhlükəsizliyi dialoqunun söz sahibi olan tərəf kimi tanınır.

 * * *

Neft gəlirlərindən səmərəli istifadə strategiyası

Enerji siyasətinin uğurları həm də Azərbaycan iqtisadiyyatının inkişafının əsas lokomotivi olmaqla, respublikamızda həm iqtisadi, həm də sosial sfera üzrə prioritetlərin uğurla reallaşmasına xidmət etməkdədir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində qazanılan iqtisadi uğurların bir qisminə nəzər salaq: 20 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 34 milyard manatdan artıq, xərclərimiz isə 36 milyard manata yaxın olacaq. Bu, 2003-cü illə müqayisədə təxminən 20 dəfə artım deməkdir. Azərbaycanın müdafiə xərcləri 2003-cü ildə cəmi 150 milyon ABŞ dollarına bərabər idisə, artıq bu rəqəm 5 milyard manatdan çoxdur və gələn il bir qədər də artacaq. 20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Bu il isə valyuta ehtiyatlarımız 67 milyard ABŞ dollarına çatıb ki, bu da təxminən 37 dəfə artım deməkdir.
Bu dövrdə Xəzərdə ən böyük liman olan Ələt Beynəlxalq Dəniz Limanı salınıb, respublikamızda altısı beynəlxalq olmaqla, yeddi aeroport tikilib, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, orbitə 3 peyk çıxarılıb, yeni elektrik stansiyalarının inşası nəticəsində 3 min meqavatdan artıq yeni generasiya gücü yaradılıb, ölkə üzrə qazlaşdırmanın səviyyəsi 51 faizdən 100 faizə yaxınlaşıb, 21 min kilometrə yaxın avtomobil yolu tikilib və ya yenidən qurulub.
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, nəzərdə tutur. Hələ 2003-cü ildə xalqın etimadını qazanaraq ölkə Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında qazanılan uğurların miqyasını daha da genişləndirmək, bütün regionları sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etdirmək idi. Çünki iqtisadiyyatın regional baxımdan inkişafının zəifliyi ölkədə ümumən sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətə mənfi təsir göstərir, əhalinin iş dalınca ölkə paytaxtına axınını sürətləndirirdi. Qarşıya qoyulan yeni hədəflərə çatmaq üçün isə regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, yeni iş yerlərinin açılmasını, iqtisadiyyatın və sənayenin ayrı-ayrı sahələrinin, aqrar sektorun tərəqqisini, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsini təmin etmək, bir sözlə, kompleks inkişafa nail olmaq lazım idi.
Bu vəzifələrin yerinə yetirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi in­kişafının yeni keyfiyyət mərhə­ləsinə yüksəlməsində regionla­rın sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proq­ramları böyük əhəmiyyət kəsb edir. Ötən dövr ərzində region­ların inkişafı istiqamətində 4 dövlət proqramı qəbul olunmuşdur. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.
Dövlət Proqramları çərçivəsində görülmüş işlər ölkədə həyata keçirilən ümumi sosial-iqtisadi inkişaf siyasətinə ciddi dəstək vermiş və nəticədə ötən 20 ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 3,4 dəfədən çox, sənaye potensialı 3 dəfəyə yaxın artmışdır. 2 milyondan artıq yeni iş yeri yaradılmışdır. Ötən 20 ildə Azərbaycan üçün xarakterik olan iqtisadi uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi həssas dönəmlərdə belə öz yolu ilə inamla addımlamasıdır. Bunun da əsas səbəblərindən biri dövlət proqramlarının icrası nəticəsində yaradılmış iqtisadi potensialdır. Beynəlxalq iqtisadi geriləmənin yaşandığı və sınaq dövrü olan illərdə də Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

 

Regionun lider dövləti və nüfuzlu prezident
Ötən 20 ilin ən mühüm uğurlarından biri Azərbaycanın bir dövlət kimi müstəqilliyini və dünya birliyində öz yerini möhkəmləndirməsi, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib. Bu gün regionun lideri olan Azərbaycan beynəlxalq əhəmiyyətli məsələlərdə də söz sahibidir. Ona görə Avropanın bir çox dövlətləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş oluqlarını elan ediblər. Bunun da əsas səbəblərindən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tamamilə müstəqil siyasət yürüdən ölkə olmasıdır.
Beləliklə, Prezident İlham Əliyev ölkəmizin inkişafı ilə yanaşı, həm də dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib. Dövlət başçısının həyata keçirdiyi tam müstəqil və qətiyyətli xarici siyasət regionda cərəyan edən siyasi, iqtisadi proseslərin axarına da həlledici təsir göstərir.
Məhz buna görədir ki, fəaliyyəti ilə ölkə cəmiyyətindən daim dəstək alan, gərgin qlobal münasibətlər şəraitində istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev beynəlxalq miqyasda da əsl lider olaraq ehtiramla qarşılanır. Məsələn Serbiya Prezidenti Aleksandar Vuçiçin İlham Əliyevin ünvanına söylədiyi «sizin fəaliyyətiniz daha məhsuldardır», «bilirəm ki, ölkəmizə səfərinizi öz gündəliyinizə salmaq nə dərəcədə çətin idi», «bu gün Prezident Əliyevdən bir çox məsələləri öyrəndik», «Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır», «onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir» kimi ifadələr Azərbaycan Prezidentinin şəxsiyyətinə, fəaliyyətinə, etibarlı tərəfdaş olmasına verilən ali qiymətlərdir və yüksək ehtiramın təcəssümüdür.
Baş nazir Viktor Orbanın Prezident İlham Əliyevlə bağlı fikirləri də dövlətimizin başçısına yüksək beynəlxalq nüfuzun növbəti təsdiqidir. Viktor Orbanın, «Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm», sözləri Prezident İlham Əliyevin qlobal nüfuzuna verilən ali qiymətin, dövlətimizin başçısının şəxsiyyətinə olan yüksək ehtiramın göstəricisidir. Macarıstan Baş nazirinin bu sözləri Prezident İlham Əliyevin geopolitik məkanda proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən lider olması barədə söylənən fikirlərin davamıdır.
Dövlətimizin başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. Bu mənada fəxarət doğuran məqamlardan biri də, Prezident İlham Əliyevin dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olunmasıdır.

 

İctimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır
Prezident İlham Əliyevin fəaliyyətinin ən qabarıq tərəflərindən biri də ictimai-siyasi sabitliyin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi, cəmiyyət həyatının təhlükəsizliyinin təmin olunmasıdır. Lakin bizi bu günlərə gətirən yollar heç də həmişə hamar olmayıb. Ən azından müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin başıpozuq fəaliyyətlərinin nəticəsində Azərbaycanda təhlükəsizliyə təhdidlərin baş alıb getməsi çoxunun yaddaşında dərin iz buraxıb. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar edildi. Son 20 ildə bu siyasət uğurla davam etdirilib və bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Təsadüfi deyil ki, Bakı şəhəri və bütövlükdə respublikamız dünyanın ən təhlükəsiz diyarlarından biri kimi tanınır. Bu günün reallıqları ondan ibarətdir ki, Azərbaycan yerləşdiyi bölgənin ən sabit ölkəsidir. Başqa bir həqiqət odur ki, ölkə əhalisi mövcud siyasi kursu dəstəkləyir və bu da vətəndaş həmrəyliyinin təmin olunmasında əsas şərtlərdən biridir. Bütün bunlar isə zəncirvari şəkildə bir-birini tamamlayaraq, bütövlükdə Azərbaycanın dövlətçiliyinin güclənməsinə, müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə və nəhayət cəmiyyətimizdə bərqərar edilmiş sabitliyin və vətəndaş həmrəyliyinin əbədi olmasına mü­hüm töhfələr verir.
Ölkədə əldə edilən hər bir uğur vətəndaşların Prezident İlham Əliyevə olan etimadını daha da artırıb, milli həmrəyliyi daha sıx edib. İndiyədək keçirilmiş bütün yerli və xarici rəy sorğularının nəticələri Prezident İlham Əliyevin yüksək reytinqini dəfələrlə sübuta yetirib. Bunun da əsas səbəbi cənab prezidentin fəaliyyət və bu fəaliyyətin xalq tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanmasıdır. Təsadüfi deyil ki, bütün prezident seçkiləri seçicilərin mütləq əksəriyyətinin öz səslərini cənab İlham Əliyevə verməsi ilə yadda qalıb. İnkişaf proseslərinin davamlı olmasını arzulayan Azərbaycan xalqı hər dəfə seçkilərdə İlham Əliyevə dəstəyini nümayiş etdirib. Bu dəstək Azərbaycan cəmiyyətinin mövcud siyasi kursa inam və rəğbətinin əyani təcəssümü olmaqla, mütləq əksəriyyətin istək və arzusunu özündə əks etdirir.

 

Şəffaf idarəçilik, xalqa verilən hesabatlar
Əlbəttə, hər bir uğur Prezident İlham Əliyevin siyasi kursunun təntənəsi olmaqla yanaşı, həm də dövlətimizin başçısının liderlik keyfiyyətlərinin nəticəsi kimi nəzərdən keçirilir. Eyni zamanda, biz Azərbaycanın yüksəlişi, xüsusən iqtisadi inkişafı barədə danışarkən əsasən ənənəvi amillərdən söz açmışıq. Bunlar ölkə rəhbərliyinin yürütdüyü düşünülmüş və elmi əsaslara söykənən inkişaf strategiyası, həyata keçirilən islahatların uğurlu nəticə verməsi, dövrün çağırış və tələblərindən irəli gələrək islahatların davamlı olması, iqtisadi potensialın hərəkətə gətirilməsi, regionların tarazlı inkişafının təmin edilməsi, neft gəlirlərindən səmərəli istifadə olunması, xüsusən bu gəlirlərin qeyri-neft sektoruna və insan kapitalına yönəldilməsi, sənayeləşmə siyasəti və sairdir. Amma etiraf etməliyik ki, bir məsələyə o qədər də yaxından və ya yetərincə diqqət yetirməmişik. Bu da Azərbaycan cəmiyyətində bərqərar olunan konsensus və həmrəylik, ölkə ictimaiyyətinin Prezident İlham Əliyevin ətrafında sıx həmrəyliyidir. Bütün bunların təmin olunmasında isə Prezident İlham Əliyevin vətəndaşlarla, ictimaiyyət nümayəndələri ilə ünsiyyəti, keçirdiyi görüşlər əvəzsiz rol oynayır.
Politoloji nəzəriyyələrə əsasən, siyasi uğur və nailiyyətləri şərtləndirən mühüm amillərdən biri sosial məsuliyyət prinsipidir. Hakimiyyət cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirəndə xalqa layiqli xidmət məramını əsas tutmaqla ölkənin bütün resurslarını strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edə bilir. Bu baxımdan səmərəli və şəffaf idarəçiliyi hökumətin mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik konsepsiyasında bu prinsip daim önə çəkilir.
Hələ 2003-cü ildə prezident kimi hökumətin ilk iclasında çı­xışı zamanı “Biz xalqın xidmətçisiyik”, - deyən cənab İlham Əliyev ötən 20 ildən artıq müddətdə ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Bu cür hesabatlar, hər rüb və il üzrə əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, uğurların ictimaiyyətə düzgün, obyektiv çatdı­rılması, mövcud problemlər ət­rafında müzakirələrin aparılması, həmin problemlərin həlli yollarının tapılması baxımından səmərəli vasitəyə çevrilmiş­dir. Səmərəli, məqsədyönlü və praqmatik idarəetmənin bariz təcəssümü kimi Prezident İlham Əliyev xalq qarşısına daim yeni uğurlarla, inkişafı stimullaşdıran perspektivli layihələrlə çıxır. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu idarəetmə sistemi respublikanın tərəqqisi­nə, sabitliyə, vətəndaş sülhünə yö­nəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.
Bu baxımdan İlham Əliyevin fəaliyyətində diqqətəlayiq ən üstün cəhətlərdən biri onun siyasi hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirməsi, hökumətin fəaliyyəti ilə bağlı cəmiyyətə müntəzəm hesabatların verilməsini idarəçilikdə demokratik ənənələrdən biri kimi formalaşdırmasıdır. Bu cür hesabatlar həm də konkret dövr ərzində qazanılmış nailiyyətlərin qiymətləndirilməsi, əldə edilmiş uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, gündəmdəki məsələlər və problemlər ətrafında müzakirələrin aparılması və onların həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilib.
Əlbəttə ki, inkişafın təməlində dayanan əsas şərtlərdin biri cəmiyyətimizdəki konsensusdur. Bu konsensusun təmin olunmasında isə siyasi-iqtisadi amillərlə yanaşı, Prezident İlham Əliyevin vətəndaşlarla görüşləri və vətəndaş müraciətlərinə çevik reaksiyası əsas rol oynayır. Müxtəlif tədbirlər çərçivəsində, bayramlarda, rayonlara səfərlər zamanı əhali ilə birbaşa təmasda olan prezident cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirərək, qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görür.
Xatırladım ki, ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə idarəçilikdə təməlini qoyduğu mütərəqqi ənənələrdən biri də məhz xalq arasına çıxmaqla, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmək olmuşdu. Heydər Əliyev hələ o dövrdən insanlarla ünsiyyətdə olmağı, onların üzləşdiyi çətinlikləri yerindəcə öyrənib təxirəsalınmaz tədbirlər həyata keçirməyi idarəçilikdə müsbət ənənə kimi formalaşdırmışdı.

* * * * *

Hazırda bu xətti cənab İlham Əliyev öz fəaliyyətində layiqincə və uğurla tətbiq edir. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin ölkənin regionlarına səfər proqramlarında əsas yeri məhz sakinlərlə görüşlər təşkil edir. Bu səfərlər zamanı müxtəlif obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etməklə yanaşı, dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə ünsiyyəti, onlarla görüşdə göstərdiyi səmimiyyət diqqətdən kənarda qala bilməz. Rəsmiyyətçilik baryerlərini aşaraq, son dərəcə səmimiyyət fonunda keçən bu görüşlər cənab prezidentin vətəndaşlara olan həssas münasibətini nümayiş etdirir.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi dövlət siyasətinin ayrı-ayrı istiqamətləri də məhz Prezident İlham Əliyevin regionlara səfərləri və burada vətəndaşlarla görüşləri zamanı formalaşıb. Bu görüşlər dövlət siyasətinin daha da təkmilləşməsi üçün yeni imkanlar açıb. Məsələn, Prezident İlham Əliyev bölgələrə ardıcıl səfərlər edir və hər səfərindən, vətəndaşlarla ünsiyyətindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə yeni tədbirlər planını təsdiqləyir. Prezidentin ehtiyat fondundan bu məqsədlə əlavə vəsaitlər ayrılır. Bu isə öz növbəsində həm ölkənin hərtərəfli inkişafını, həm də cəmiyyətimizdəki konsensusun daha da möhkəmləndirilməsini təmin edən vacib amil kimi özünü göstərir.
Prezident İlham Əliyevin regionlara səfəri şəhər və rayonlarda təkcə sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanğıcı olmayıb, eyni zamanda sadə insanların həyatında dərin və silinməz izlər buraxır. Cənab İlham Əliyevin kütlələrlə ən qısa ünsiyyəti belə onun əksər siyasi keyfiyyətlərini parlaqlığı ilə əks etdirir. Danışıq tempi, nitqindəki rəvanlıq, məntiqi ardıcıllıq, soyuqqanlı reaksiya, təmkin, psixoloji sabitlik Azərbaycan pezidentinin siyasi portretinin aydın cizgiləridir.

 

Torpaqlarımızın azad olunması Prezident İlham Əliyevin məqsədöyönlü siyasətin uğurlu nəticəsidir
Prezident İlham Əliyevi xalqa sevdirən cəhətlər dövlətimizin başçısının daim xalqın yanında olması, verdiyi bütün vədləri yerinə yetirməsidir. Yeganə ağrılı problemimiz isə torpaqlarımızın işğal altında olması idi. Prezident İlham Əliyev ilk gündən millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini hər zaman belə ifadə edib: "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar. Qarabağ Azərbaycandır və nida”.
Əlbəttə, 2003-2020-ci illərdə Azər­baycanın nailiyyətləri, yüsəlişi mi­silsiz və möhtəşəmdir. Təsadü­fi deyil ki, biz artıq tarixin ən güclü Azərbaycanından bəhs edirik. Lakin torpaqlarımızın işğal altın­da qalması kimi yeganə ağrılı problemimiz vardı və Qarabağsız, Şərqi Zəngəzursuz uğurlarımız sanki tam deyildi. Çünki nisgilli idik, torpaqlarımızın işğal altında olması ilə barışa bilməzdik.
XXI əsrin riskləri çox böyükdür. Qlobal maliyyə-iqtisadi böhranları, hegemon dövlətlərin beynəlxalq hüquqda güc amilini qabartmaları və ədalətsizliyin baş alıb getməsi bir çox ölkələr üçün təhdidedici amilə çevrilsə də, Prezident İlham Əliyevi yolundan döndərə bilmədi və dövlətimizin başçısı öz siyasi xətti ilə bütün təhdidləri neytrallaşdırdı, dünya erməniliyinin kök atmasına baxmayaraq, Qarabağ məsələsində ölkəmizə qarşı beynəlxalq cəbhənin yaranmasına imkan vermədi.
2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm zəfər bir daha İlham Əliyevin vədinə sadiq, öz fəaliyyətini dövlətə və xalqa xidmət məramı üzərində quran lider olduğunu sübuta yetirdi. Şanlı ordumuz elə həmin gün başlatdığı əks-hücum əməliyyatları ilə düşməni ilk andan işğal olunmuş ərazilərimizdən qovub çıxardı. Savaşın ilk günündən bütün dünya Azərbaycanın gücünü, ordumuzun döyüş əzmini gördü. 44 gün davam edən müharibədə 30 ilə yaxın işğal altında olan əzəli torpaqlarımız azad edildi.
Vətən müharibəsində qazanılan qələbə İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətin uğurlu nəticəsi idi. Belə ki, bu illərdə cənab prezidentin atdığı addımlar, həyata keçirdiyi genişmiqyaslı tədbirlər torpaqlarımızın azad edilməsinə istiqamətlənmiş kompleks siyasətdən xəbər verir. Ermənistanın məğlubiyyəti, torpaqlarımızın azad edilməsi ilə nəticələnən bu müharibə həm də milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbərinin ətrafında sıx birləşməsinin nümayişi oldu.
2020-ci il noyabrın 10-da imzalanan bəyanatla Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyəti bütün dünyaya bəyan olundu. Şuşanın azad edildiyi gün – 8 noyabr tariximizə Qələbə Günü kimi həkk olundu. Bu qələbə Azərbaycanın son əsrlərdəki ən böyük zəfəri oldu. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını işğaldan azad etdi.
Prezident İlham Əliyevin dediyi kimi, hazırlaşdıq və düşməni məğlub etdik: “Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz”.
Bu şərəfli salnamənin davamı kimi ötən ay keçirilən antiterror tədbirlərinin nəticəsi olaraq ordumuz Qarabağdakı erməni separatizminin də kökünü kəsdi.
Məlumdur ki, Ermənistanın 2020-ci il 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən biri məğlub ordusunun qalıqlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağdan çıxarması idi. Lakin Ermənistan bu dövrdə öhdəliyini yerinə yetirmir, üstəlik Qarabağda olan silahlı terrorçu dəstələr Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işlərinə ciddi maneələr yaradır, təxribatlar törədirdilər. Xatırladım ki, hələ bu ilin may ayında Prezident İlham Əliyev Laçından həmin növbəti xəbərdarlığını edərək demişdi ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımızın olduğunu hər kəs yaxşı bilir.
Amma xəstə təfəkkürə malik olmaları 44 günlük müharibəyə qədər və müharibə günlərində olduğu kimi indi də Ermənistan rəhbərliyinə və Qarabağdakı separatçılara reallıqları dərk etməyə imkan vermədi. Elə buna görə də bu dəfə də onları “dəmir yumruq” başa saldı. Sentyabrın 19-20-də keçirilən və cəmi 23 saat davam edən antiterror tədbirləri ilə Qarabağdakı erməni silahlı dəstələri darmadağın edildilər. Sağ qalanların isə ağ bayraq qaldırmaqdan başqa yolları qalmadı.
Bu tarixi qələbə nəticəsində Prezident İlham Əliyev tarixi torpaqlarımız olan Qarabağ üzərində Azərbaycanın suverenliyini tam təmin etdi. Bununla da dünya erməniliyinin Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması ideyası tarixdən birdəfəlik silindi. Erməni ideoloqlarının 1988-ci ildən dünyaya təlqin etməyə çalışdıqları “miatsum” ideologiyası darmadağın edildi. Bu hadisə ilə Azərbaycan dövləti yalnız Ermənistanı deyil, burada ikinci erməni dövlətini yaratmaq istəyən Fransanı məğlubiyyətə uğratdı. Bir daha təsdiq olundu ki, öz milli maraqlarını təmin edən Azərbaycan dövlətinin qarşısını heç bir qüvvə ala bilməz.
İlham Əliyev son 200 ildə ilk dəfə olaraq işğal olunmuş torpaqlarımızı azad edən böyük sərkərdədir. İlham Əliyev tariximizə şanlı Qələbəni yazan liderdir. Ona görə torpaqlarımızın azad edilməsi İlham Əliyevə olan inam və etimadı qat-qat artırdı. Eyni zamanda, bu zəfər Azərbaycanın bundan sonrakı inkişafı üçün yeni perspektivlər açıb. Bu yolda xalqımız cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx səfərbər olacaq və tariximizə yeni, möhtəşəm uğurlar həkk olunacaq.

 

İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura yeni həyat bəxş edir
Azərbaycanın işğal altında olan ərazilərindəki bütün maddi də­yərlərin, bütün şəhər və kənd­lə­rimizin vandallığa məruz qal­ma­sı, dağıdılması hələ Vətən mü­­­hari­bəsindən əvvəl ölkə icti­maiy­yətinə məlum idi. Sadəcə həmin ərazilər düşmənin nəza­rətində ol­duğundan bununla bağlı faktları d ünyaya çatdırmaq mümkün deyildi. Əslində beynəlxalq təşkilatlar vəziyyəti çox yaxşı bilirdilər, sadəcə görməzlik­­dən gəlirdilər. Halbuki işğal dövründə iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası Qarabağ və Şərqi Zəngəzura göndərilmişdi, amma onlar da Minsk qrupu kimi ikili standartlardan çıxış edərək, işğal altındakı Azərbaycan ərazilərinin vandallığa məruz qalmasını etiraf etməkdən uzaq olmuşdular.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra ermənilərin bu ərazilərdə həyata keçirdikləri vandallıq da dünyaya əyan oldu. Şəhər və kəndlərimiz azad olunduqca əyani şəkildə aydın oldu ki, işğalçı Ermənistan yaşayış məntəqələrimizdə daşı daş üstə qoymayıb. 44 günlük müharibə zamanı Azərbaycan ordusu 300-dək yaşayış məntəqəsini işğaldan azad etdi. Bunların tam əksəriyyəti yerlə-yeksan edilib. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı kimi şəhərlərdən, o cümlədən yüzlərlə kənddən, demək olar əsər-əlamət qalmayıb. Qalan binalarda isə erməni hərbçiləri yaşayıblar. Ağdam şəhərində məscid binasını ermənilər hərbi məqsədlər üçün istifadə etdiklərinə görə dağıtmayıblar.
O cümlədən yeraltı və yerüstü sərvətlərimizi 30 il ərzində qanunsuz şəkildə istismar edib, oğurlayıblar. İşğal altında olan ərazilərimizin gözəl təbiəti də erməni xislətinin qurbanı olub, meşələr, qiymətli ağac növləri kəsilib, tarixi orta əsrlərə qədər uzanan ağaclar məhv edilib. Yaşı əsrlərə söykənən Zəngilanın çinar meşəlikləri artıq yoxdur.
Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan tarixində yeni dövrün başlanğıcı oldu. Bu dövrün milli prioriteti işğaldan azad edilmiş ərazilərimizin – Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşünün təmin olunmasıdır. Prezident İlham Əliyevin həm də milli ideya olaraq qarşıya qoyduğu bu vəzifə hazırda sürətlə, yüksək dinamizmlə və keyfiyyətlə yerinə yetirilməkdədir. Təsadüfi deyildir ki, cəmi 3 ilə yaxın dövr ərzində azad edilmiş ərazilərdə xeyli dəyişikliklər baş verib. Demək olar ki, azad edilmiş bütün şəhərlərdə nəhəng tikinti-quruculuq işləri gedir. Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərinin, Laçının Zabux kəndinin, habelə Laçın və Füzuli şəhərlərinin sakinləri artıq öz doğma evlərinə qayıdıblar.
O cümlədən, yol-nəqliyyat infra­strukturunun yaradılması is­tiqa­mətində bir neçə nəhəng layihənin icrası başa çatıb. Hazırda bütün Qarabağ və Şərqi Zəngəzurun elektrik enerjisi ilə dayanıqlı təminatı prosesi davam edir. Eyni zamanda, regionun ermənilər tərəfindən vandallığa məruz qalmış flora və faunasının da bərpası diqqət mərkəzindədir. Bir sözlə, azad edilmiş ərazilərimizin bərpası kompleks şəkildə həyata keçirilir.
Qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlər azad olunmuş ərazilərin yenidən qurulmasının Azərbaycanda milli ideyaya çevrildiyini, Azərbaycan dövlətinin quruculuq əzmini, siyasi qətiyyətini və iqtisadi gücünü nümayiş etdirir. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanda dövlət və milli səviyyədə qarşıda duran vəzifələri yeniləyib, yeni hədəflər müəyyən edib. Təsadüfi deyil ki, indi Azərbaycan dövləti Livan boyda, dörd Lüksemburq boyda bir ərazidə bərpa və quruculuq işləri aparır. Başqa cür ifadə etsək, 10 min kvadratkilometrdən çox olan ərazidə hərtərəfli infrastruktur qurulur, yollar çəkilir, tunellər inşa olunur, beynəlxalq hava limanları tikilib istifadəyə verilir, “ağıllı şəhər”lər, “ağıllı kənd”lər salınır. Eyni zamanda, barbar düşmənin vəhşicəsinə dağıtdığı tarixi, dini, mədəni abidələrimiz bərpa olunur.
Təbii ki, bütün bunlar bu ərazilərin yenidən qurulması ilə bağlı güclü siyasi iradənin olmasının göstəricisidir. İndiyədək görülmüş işlərin istiqamətləri və əhatə dairəsi bu cür düşünməyə əsas verir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi diqqət və nəzarətində saxlayır. Dövlət başçısının hər səfəri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur.
2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının prezidenti olacağam” deyən cənab İlham Əliyev ötən 20 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi lider kimi daim uğurlamızın təminatçısı olmuşdur. Ötən 20 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir. Geridə qoyduğumuz hər bir ilin yekunları təsdiq edir ki, Prezident İlham Əliyev ulu öndərin ən layiqli davamçısı olaraq onun başladığı, təməlini qoyduğu taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır. Məhz Heydər Əliyevin dühasından və qüdrətli zəkasından ilham alan milli inkişaf strategiyası Azərbaycanın müstəqillik və inkişaf yolunda inamla addımlamasını təmin edir.
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur göstərir ki, bu 20 il həm də Azərbaycanın öz dövlətçilik tarixində ən yüksək inkişaf mərhələsinə qədəm qoyduğu dövrdür.

 

 


Akademik Ziyad Səmədzadə