Dayanıqlı İnkişaf Məqsədləri 2030: ərzaq təhlükəsizliyində hədəflər
XX əsrin 90-cı illərində 1,9 milyard insanın səfalət, yoxsulluq içində yaşaması beynəlxalq ictimaiyyəti təcili və təxirəsalınmaz tədbirlər görməyə məcbur etdi. XXI əsrin strategiyasının formalaşdırılması istiqamətində Birləşmiş Millətlər Təşkilatının (BMT) 2000-ci ildə keçirilən toplantısında təşkilatın 191 üzv ölkəsi və 22 beynəlxalq təşkilatın iştirakı ilə 2000-2015-ci illəri əhatə edən Minilliyin İnkişaf Hədəfləri (MİH) müəyən olunaraq qəbul edildi. Özündə 8 hədəfi ehtiva edən MİH-nin ilk hədəfi ifrat yoxsulluq dərəcəsinin və aclığın əsaslı surətdə azaldılması idi. Proqramın tətbiqi nəticəsində dünyada ifrat yoxsulluq, səfalət və aclıq içində yaşayan insanların sayı azalaraq 1990-cı illərdə 1,9 milyard təşkil edirdisə, artıq bu rəqəm 2015-ci ildə 836 milyona enmişdi. MİH böyük dərəcədə irəliləyişə nail olsa da, 800 milyondan çox insanın yoxsulluq və aclıq vəziyyətində olması hələ də həlli vacib olan və həyati əhəmiyyət daşıyan məsələlərin həllinə istiqamətlənməyi tələb edir. Dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT aclığa və yoxsulluğa son qoyulması istiqamətində növbəti qlobal çağırışı həyata keçirərək, bütün dünya ölkələrinin yerinə yetirməsi üçün 2015-ci ildə 17 məqsəddən ibarət Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) tərtib etmişdir və həmin məqsədlərə 2030-cu ilə qədər nail olunması nəzərdə tutulur. Qeyd olunan 17 məqsəddən ilk ikisi müvafiq olaraq “Yoxsulluğa son” və “Sıfır aclıq” başlığı altındadır. Yoxsulluğa son adlı birinci məqsəd özündə 5 hədəf birləşdirir (bax: şəkil 1).
Şəkil 1: DİM-in “Yoxsulluğa son” məqsədinin hədəfləri
Mənbə:https://sdgs.un.org/ məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
Aclıq və qida çatışmazlığına səbəb olan hadisələr 4 qrupda cəmləşdirilir. BMT tərəfindən təyin olunmuş bu səbəblər aşağıdakılardır:
- hökumətlərin yeritdiyi uğursuz siyasət;
- iqtisadi və istehsalla bağlı məsələlər;
- demoqrafik və sosial məsələlər;
- iqlim dəyişikliyi və ətraf mühit.
BMT-nin hesablamalarına görə, dünya əhalisinin təxminən 10%-i aclıqdan əziyyət çəkir. Başqa sözlə, dünyada hər 9 insandan 1-i aclıq vəziyyətindədir. Bütün bunları nəzərə alaraq qlobal çağırış kimi artıq qəbul olunan DİM-in ikinci məqsədi “Sıfır aclıq” 2030-cu ilə qədər dünyada aclığın kökünün kəsilməsini hədəfləməkdədir. Bu məqsəd özündə 8 hədəfi ehtiva edir (bax: şəkil 2).
Şəkil 2: DİM-in “Sıfır aclıq”məqsədinin hədəfləri
Mənbə: https://www.un.org/sustainabledevelopment/hunger/ məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
İnsanların qida olaraq qəbul etdikləri məhsullarda qidalanma dəyəri, məhsulun kkal formulu önəmli əhəmiyyət kəsb edir. Birləşmiş Ştatlar hökumətinə görə, bir kişinin gün ərzində orta qidalanma dəyəri 2700 kkal, qadının isə 2200 kkal təşkil etməlidir. FAO isə bir insanın gündəlik ortalama qidalanma dəyərinin 1800 kkal təşkil etməli olduğunu vurğulayır. Burada da qeyd etmək yerinə düşərdi ki, hazırki dövrdə inkişaf etmiş ölkələrdə (İEÖ) insanların gündəlik orta qidalanma dəyəri 3000 kkal+ olduğu halda, həmin göstərici inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) 2500 kkal civarında, yerdə qalan ölkələr üçün isə FAO-nun qəbul etdiyi ortalama göstəricidən aşağıdır.
Qidalanma norması eynilə həmin ölkələrin ərzaq təhlükəsizliyi sistemini xarakterizə edir. Yuxarıda qeyd olunan tendensiya – qida normasının insan ehtiyaclarını ödəməsi ərzaq təhlükəsizliyinin təminatından birbaşa asılıdır və ölkələrin inkişaf vəziyyəti ərzaq ilə təmin olunma səviyyəsi ilə üzvi surətdə bağlıdır. İqtisadi cəhətdən böyük inkişafa nail olmuş ölkələr rifah halının da yüksək olması ilə tanınır. Bütün sahələrdə olduğu kimi, onlar ərzaq təhlükəsizliyi siyasətində və təmin olunma dərəcəsində də öndədirlər (bax: şəkil 3).
Şəkil 3: Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində ilk 20-likdə yer alan Avropa ölkələri, 2021
Mənbə: Impact Economist məlumatları əsasında hazırlanmışdır.
Beynəlxalq reytinqə baxdıqda şəkil 3-də adları göstərilən ölkələrdən də göründüyü kimi, dünya üzrə ilk 20-likdə adı olan ölkələrin 70%-i, yəni 14-ü Avropanın payına düşür. İlk 5-lik isə müvafiq olaraq İrlandiya, Avstriya, Birləşmiş Krallıq, Finlandiya və İsveçrədir.
Azərbaycan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində
Ərzaq təhlükəsizliyinin təmin olunması nöqteyi-nəzərindən qeyd edə bilərik ki, 2016-cı ildə qəbul olunan Strateji Yol Xəritəsi özündə aqrar sahədə maliyyələşmə mexanizmlərinin formalaşdırılması və əldə edilməsi imkanlarının asanlaşdırılmasını ehtiva etməkdədir. Burada, eyni zamanda kənd təsərrüfatına investisiyaların cəlb olunması və onun müxtəlif vasitələr ilə stimullaşdırılması, həmçinin sığorta məsələləri də yer almaqdadır. Ölkəmizdə həyata keçirilən və bütün iqtisadi sferaları əhatə edən iqtisadi siyasət nəticəsində ərzaq təhlükəsizliyi ilə təmin olunma indeksinin beynəlxalq reytinq cədvəli vasitəsilə bir çox ölkələrdən irəli səviyyədə qərarlaşdığını görünür (bax: şəkil 4).
Şəkil 4: Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində Azərbaycan, 2016-2021-ci illərdə
Mənbə:Impact Economist məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
Qlobal Ərzaq Təhlükəsizliyi indeksinin məlumatlarına əsasən deyə bilərik ki, ölkəmiz beynəlxalq reytinq cədvəlində 2016-2021-ci illər arasında 113 ölkə arasından əllilikdə mövqe tutmuşdur. Azərbaycan qlobal indeksdə 2016-cı ildə 57-ci, 2019-cu ildə 53-cü, 2021-ci ildə isə 56-cı yerdə qərarlaşmışdır və bunun səbəbi dünyamızı bürüyən Covid-19 pandemiyasının qlobal səviyyədə yaratdığı iqtisadi, siyasi və sosial problemlər olmuşdur. Bu sıralamada ölkəmiz Şimali Afrika dövlətlərindən Misir, Əlcəzair, Tunis və Mərakeşi və eyni zamanda Ukrayna, Serbiya (2019) kimi Avropa dövlətlərini qabaqlayır.
Azərbaycan dövləti çoxtərəfli diplomatiyanı dəstəkləyən multilateral siyasət yürüdür və ölkəmiz beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıqla milli maraqlara söykənən konvensiyalara qoşulur. 2000-ci ildə Avropa Komissiyasının Ərzaq təhlükəsizliyi proqramına qatılan ölkəmiz həmçinin BMT-nin eyni ildə qəbul etdiyi MİH-yə qoşulmuş və ərzaq təhlükəsizliyi sahəsində əldə etdiyi uğurlara və yoxsulluğun azaldılmasına görə 2015-ci ildə FAO tərəfindən mükafatlandırılmışdır. Hazırda 2030-cu il üzrə qlobal gündəliyi rəhbər tutaraq dövlət DİM-in məqsədlərinin həyata keçirilməsi istiqamətində əməli-praktiki siyasət yürütməkdədir.
Maqsud Quliyev,
doktorant, iqtisadçı-ekspert