MƏQALƏLƏR

Vergi Məcəlləsinə əlavə və dəyişikliklər

  • 24.06.2011
 
 

Vergi Məcəlləsinə əlavə və dəyişikliklər

Xəbər verdiyimiz kimi, bu günlərdə Milli Məclisdə Vergi Məcəlləsinin 106, 122, 164 və 183-cü maddələrinə əlavə və dəyişikliklər edilmişdir. Məcəlləyə edilmiş bu əlavə və dəyişikliklərlə bağlı Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayevin fikrini öyrəndik. O bildirdi ki, dəyişikliklər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən, bilavasitə onun tərkib hissəsi olan hüquqi şəxslərin aralarında  əmlakın verilməsi və   mübadiləsi zamanı yaranan mənfəət və əlavə dəyər vergisi (ƏDV) ilə bağlıdır. Həmin hüquqi şəxslərin bir-biri ilə əmlak mübadiləsi təqdimetmə hesab olunmur və gəlir götürmək məqsədi daşımır. Mülkiyyətin sahibi dövlət olduğundan vahid struktur çərçivəsində hüquqi şəxslərin bir-biri ilə əmlak mübadiləsi zamanı hər hansı vergi öhdəliyi yaranmır. Məlumdur ki, beynəlxalq müqavilələrdə ARDNŞ dövləti təmsil edir. Hər hansı xarici şirkət Azərbaycanda fəaliyyətini başa vurduqda müqaviləyə əsasən formalaşan əmlakı dövləti təmsil edən quruma, yəni ARDNŞ-ə təhvil verməlidir. Bu isə təqdimetmə hesab edilmir və buna görə vergiyə cəlb olunmur. Lakin indiyə qədər mövcud olan vergi qanunvericiliyində bu, təqdimetmə hesab edilirdi və vergiyə cəlb olunurdu. Məsələn, fərz edin ki, hər hansı xarici şirkət ARDNŞ-ə milyard yarım dollar dəyərində bir platformanı təhvil verməlidir. Bu zaman verginin tutulması çoxlu problemlər yaradırdı. Bütün bu məsələlərin  aradan qaldırılması, beynəlxalq uçot standartlarına keçidin təmin edilməsi, vergi inzibatçılığının və   uçot sisteminin sadələşdirilməsi nöqteyi-nəzərdən qanunvericilikdə dəyişikliyə ehtiyac vardı. Digər dəyişiklik aksiz vergisinin ödəyicisinin müəyyənləşdirilməsi ilə bağlıdır. Edilən dəyişikliklər nəticəsində aksiz vergisi ödəyicisi dəqiqləşdirilmişdir. Dəyişikliklərdə nəzərdə tutulan mənfəət vergisindən azadolmalar ölkənin milli maraqlarının qorunmasına, ölkədə neft-qaz sənayesinin daha da inkişafına xidmət edəcək.