MƏQALƏLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

  • 16.11.2023

“...Milli iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən amillər qismində yeni dövrün tələblərinə uyğunlaşdırılmış dövlət nəzarəti və müstəqil audit sisteminin, habelə qeyri-dövlət nəzarətinin önəmli bir forması kimi ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.”


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 


 

Dünyada iqtisadiyyatın inkişafı yolunda bir sıra problemlər hələ də qalmaqdadır ki, bunlardan da biri cinayət yolu ilə əmlakın əldə edilməsi və ondan istifadə hallarının mövcudluğudur.
Çox önəmlidir ki, belə halların yolverilməzliyini davamlı olaraq qeyd edən Prezident İlham Əliyevin 2023-cü il 28 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı” bu istiqamətdə çox mühüm kompleks tədbirlərin reallaşdırılmasını hədəfləyir.
Fikrimizcə, keçirilmiş konfrans da bu sahədə konkret bir addım kimi dəyərləndirilə bilər.
Bu baxımdan, 2023-cü il 27 oktyabr tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu və vəzifələri” mövzusunda elmi-praktik konfrans maliyyə nəzarətinin effektivlik meyarlarının hazırlanması və tətbiqi, mütərəqqi seçmə prosedurlarından istifadə edilməsi, ən əsası isə nəzarətin keyfiyyətinin yüksəldilməsi və təsirliliyinin təmin olunmasına öz töhfəsini vermiş olacaqdır.
Keçirilmiş konfransda müvafiq qurumların nümayəndələrinin iştirakı ilə bu məqsədlərə daha səmərəli şəkildə çatmağın yolları araşdırılmışdır.
Konfransın keçirilməsində məq­səd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli, “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 783-VIQD nömrəli qanunlarının qüvvəyə minməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli 3770 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın nəzarət qurumları və öhdəlik daşıyan şəxslər qarşısında yaratdığı yeni vəzifələrin icrası istiqamətində işgüzar müzakirələrin aparılması və tövsiyələr hazırlamaqdan ibarət olub.
Tədbirdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Hesablama Palatası, Dövlət Vergi Xidməti, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, Vəkillər Kollegiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Mil­li Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası və digər qurumlar yüksək səviyyədə təmsil olunub. Tədbirə ölkəmizin dövlət qurumlarını, aparıcı elm-təhsil müəssisələrini, kütləvi-informasiya vasitələrini təmsil edən nümayəndələr, Auditorlar Palatasının kollektivi və üzvləri olmaqla ümumilikdə 100-dən çox iştirakçı qatılıb.
Konfransı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xid­mətinin İdarə Heyətinin sədri Zaur Fətizadə və Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq tədbirin əhəmiyyətindən bəhs ediblər.

Açılış nitqi ilə çıxış edən Zaur Fətizadə bildirib ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan edilmişdir. Müsəlman dünyasının ilk demokratik respublikasını qurmuş Azərbaycan xalqı çoxəsrlik tarixə malik dövlətçilik ənənələrini 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməklə dirçəltdi. Həmin dövrdə gedən siyasi proseslər, hərc-mərclik, anarxiya, özbaşnalıq ölkəmizi çox çətin vəziyyətə salmış, daxili çəkişmələr, Ermənistanın təcavüzü Azərbaycanın gələcəyini sual altında qoymuşdu. Azərbaycanın müstəqil dövlət kimi dünya xəritəsindən silinmə təhlükəsi yarandığı 1993-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə vəziyyət tamamilə dəyişdi, böyük səylər nəticəsində Azərbaycanda inkişaf və rifah dövrü başlandı.
“Heydər Əliyev ili”ndə həyata keçirilən çoxsaylı elmi, mədəni, sosial, ictimai və digər mühüm tədbirlərin tərkibində iştirakçısı olduğumuz konfransın təşkil edilməsi təsadüfi deyildir. Belə ki, ulu öndər Heydər Əliyev respublikamızda cinayətkarlıq, ekstremizm və terrorçuluqla mübarizə strategiyasının banisi olmuş və onun uğurlu siyasəti nəticəsində Azərbaycan beynəlxalq antiterror koalisiyasının fəal iştirakçılarından birinə çevrilmiş, qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilmiş konvensiyalara qoşulmuşdur. Həmçinin, cinayət yolu ilə əmlak əldə edilməsi və terrorçuluğun maliyyələşdirilməsi üçün əsas vasitələrdən biri olan narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi hesab edilmiş və bu sahədə dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda cinayətkarlıq, ekstremizm və terrorçuluqla mübarizə strategiyası, açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, habelə açıq hökumətin təşviqi Prezident İlham Əliyevin yürütdüyü siyasətin də təməlini təşkil edir.
Bu məqsədlə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tərkibində aidiyyəti hüquq mühafizə orqanlarının, dövlət qurumlarının və ictimai birliklərin vəzifəli şəxslərindən ibarət Koordinasiya Şurası yaradılmış və fəaliyyətinin əsas istiqamətləri kimi milli qanunvericiliyin bu sahə üzrə beynəlxalq standartlara uyğunlaşdırılması, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə birgə fəaliyyətin təşkili, Milli Risk Qiymətləndirilməsinin dövri qaydada aparılması müəyyən olunmuşdur.
Koordinasiya Şurasının effektiv və uğurlu fəaliyyəti nəticəsində Maliyyə Monitorinqi Xidməti ilə aidiyyatı hüquq mühafizə orqanları, nəzarət qurumları və öhdəlik daşıyan şəxslər arasında effektiv məlumat mübadiləsi təmin edilmiş, bu sahədə milli risk qiymətləndirilməsi aparılmış, onun əsasında müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Milli Fəaliyyət Planı hazırlanmış, qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi üçün yeni qanunlar qəbul edilərək qüvvəyə minmişdir.
Auditorlar Palatası ilə birlikdə təşkil olunmuş bu konfransın əsas məqsədi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən hüquq mühafizə orqanları, nəzarət qurumları, özəl sektordan olan mütəxəssislər, tədqiqatçılar arasında bilik, fikir və təcrübə mübadiləsinin aparılması üçün yeni platformanın yaradılmasıdır. Əminəm ki, tədbir zamanı yaratdığımız qarşılıqlı əlaqələr bu sahədə üzləşdiyimiz problemləri daha dərindən dərk etməyə, onların həlli üçün yeni, effektiv mexanizmlərin müəyyən edilməsinə kömək edəcəkdir.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun ma­liyyələşdirilməsinə qarşı mü­barizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmlakın qanunsuz yol­larla əldə edilməsi, terror aktının hazırlanması, təşkili, törədilməsi, maliyyələşdirilməsi üçün istifadə olunması ilə bağlı şübhəli hallar (11.2 və 21.1), xüsusilə xarici dövlətlərin siyasi nüfuzlu şəxslərinin, onların yaxın qohumlarının və ya yaxın münasibətdə olduğu şəxslərin əməliyyatları haqqında məlumatlar (11.3.) auditor xidməti göstərən şəxslər tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməlidir.
Qeyd etmək lazımdır ki, Auditorlar Palatası Koordinasiya Şurasının tərkibində aktiv iştirak edir. Hesab edirəm ki, konfransda bu sahədə həyata keçirilməli tədbirlər barədə geniş müzakirələrin aparılması mövcud problemlərin daha dəqiq başa düşülməsinə, effektiv mexanizmlərin müəyyən olunmasına şərait yaratmaqla, auditor xidməti göstərən şəxslərin mübarizə sisteminə aktiv formada qoşulması ilə nəticələnəcəkdir.
Qeyd etmək lazımdır ki, Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatası arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin təşkili, zəruri tədbirlərin həyata keçirilməsi, öhdəlik daşıyan şəxslər üzərində effektiv nəzarətin təmin olunması sahəsində də faydalı əməkdaşlıq mövcuddur.
Məlum olduğu kimi, hazırda ölkəmizin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən V raund qiymətləndirilməsi aparılır. Qiymətləndirməyə hazırlıq mərhələsində Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatası bu sahədə islahatların aparılması, aidiyyatı qanunvericilik aktlarında dəyişikliklərin edilməsi, institusional mühitin qiymətləndirilməsi zamanı effektivliyin artırılması üçün tədbirlər həyata keçirilməsi işlərində öz üzərlərinə düşən vəzifələri icra etmək üçün bütün səylərini səfərbər etmişlər.
Son olaraq Z.Fətizadə bu sahədə mövcud problemlərin qarşısını almaq məqsədilə dövlət və özəl sektorun qarşılıqlı əməkdaşlıq perspektivlərini qeyd edib, görülə biləcək işlərin əhəmiyyətindən danışıb.
Daha sonra professor Vahid Novruzov çıxış edərək, konfransın işinə müvəffəqiyyətlər arzulayıb.
O, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın bir tərəfdən dövlət nəzarət qurumlarının öz aralarında, digər tərəfdən isə dövlət və qeyri-dövlət nəzarəti orqanları arasında qarşılıqlı əlaqələrin qaydaya salınması və təkmilləşdirilməsi işini aktuallaşdırdığını söyləyib. V.Novruzov qeyd edib ki, Milli Fəaliyyət Planı öz əhatəliliyi və təkmilliyi baxımından çox əhəmiyyətli sənəd olmaqla, cəmiyyətimiz üçün həyati vacib olan dörd istiqaməti özündə ehtiva edir:
- Birincisi, ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə səylərin gücləndirilməsi;
- İkincisi, bu sahədə müxtəlif iştirakçılar – məhkəmə və cinayət təqibi orqanları, nəzarət orqanları, digər səlahiyyətli qurumlar, habelə özəl sektor arasında əməkdaşlıq imkanlarının artırılması;
- Üçüncüsü, ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə imkanlarının məhdudlaşdırılması;
- Dördüncüsü, nəzərdə tutulan tədbirlərin sistemli və əlaqəli şəkildə həyata keçirilməsinə əlverişli şəraitin yaradılması.
Həllini gözləyən aktual problemlərdən biri də aparılan yoxlamalarla bağlı risk qiymətləndirilməsi sisteminin yaradılması və yoxlamaların risklərin idarə olunması əsasında təyin edilməsinin təşkili problemidir. Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaradıb.
Həllini gözləyən aktual problemlər: Aparılan yoxlamalarla bağlı risk qiymətləndirilməsi və yoxlamaların risklərin idarə edilməsi əsasında təyin edilməsinin təşkili; Maliyyə nəzarətinin effektivlik meyarlarının hazırlanması və tətbiqi; Nəzarətin özünün keyfiyyətinin yüksəldilməsi və təsirliliyinin təmin olunması kimi istiqamətlər bugünkü konfransımızın mövzu dairəsinə daxil olan məsələlərdəndir.
Yeni ödəniş üsullarına geniş yol açan rəqəmsallaşma şəraitində nəzarət orqanlarının vəzifələrinin daha da mürəkkəbləşməsi və onların əməkdaşlarının peşə hazırlıq səviyyəsinin müasir tələblər baxımından yüksəldilməsi yoxlayıcılar və öhdəlik daşıyan şəxslər, o cümlədən auditorlar üçün illik təlim planının hazırlanmasını və bu plan əsasında təlimlərin keçirilməsini zəruri edir.
Bizim üçün daha bir mühüm və aktual məsələ Milli Fəaliyyət Planının 8.5.2-ci bəndində nəzərdə tutulmuş “Hesabına dövlət büdcəsi vəsaitinin daxil olduğu sahibkarlıq subyektlərinin və onların subpodratçılarının fəaliyyətinin sistematik, fasiləsiz auditinin aparılması” da öz metodoloji və təşkilati həllini tapmalıdır.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə yanaşı, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə daha kəsərli aparılmalıdır. Son vaxtlarda dünyada, o cümlədən Azərbaycanda baş verən hadisələrlə əlaqədar olaraq, bəzi ölkələr tərəfindən terrorçuluqdan ölkəmizin daxili işlərinə qarışmaq aləti kimi istifadə olunması cəhdlərinin şahidiyik. Sosial, siyasi, iqtisadi, humanitar və digər amillərin pərdələnmiş cəhdləri terrorizmin əlaməti kimi dəyərləndirilməli və onların qarşısı bundan sonra da qətiyyətlə alınmalıdır.
Bu baxımdan cinayət yolu ilə əldə olunmuş aktivlərin qaytarılması sahəsində nəzarət qanunvericiliyinin təkmilləşdirilməsi günün vacib məsələlərindəndir.
Məxfilik tələblərinin bəzi sahələrdə yumşaldılması və daxili nəzarətin və daxili auditin tətbiqinə dair mövcud qanunvericiliyin icra vəziyyəti də yüksəldilməlidir.
Şübhə yoxdur ki, bu kimi addımlar Milli Fəaliyyət Planında qarşıya qoyulan problemlərin həllinə, ölkəmizdə sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan ciddi amilə çevriləcəkdir.
Yeri gəlmişkən, ölkə prezidenti 2023-cü il 15 sentyabr tarixində Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına ünvanladığı müraciətdə qeyd etmişdir:
“Müasir dövrümüzün qlobal çağırışlarına effektiv və çevik reaksiya verilməsi, eləcə də ha­zırkı dönəmdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri ölkəmizdə maliyyə sektorunda aparılan islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd edir. Dövlətin maliyyə resurslarının qorunub saxlanılması, onlardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün bu sahədə nizam-intizamın möhkəmləndirilməsi, şəffaflığın artırılması və dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi vacibdir. Həmçinin, milli iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən amillər qismində yeni dövrün tələblərinə uyğunlaşdırılmış dövlət nəzarəti və müstəqil audit sisteminin, habelə qeyri-dövlət nəzarətinin önəmli bir forması kimi ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.”
Ölkə auditorları üçün həm şərəfli, həm də yüksək məsuliyyət doğuran bir haldır ki, Milli Fəaliyyət Planında digər nəzarət orqanları ilə birlikdə Auditorlar Palatasına da çox mühüm vəzifələrin icrası həvalə olunmuşdur.
O, son olaraq vurğulayıb ki, ümumiyyətlə, ölkə auditorlarının istər şəffaflığın artırılmasında, korrupsiya və kölgə iqtisadiyyatına qarşı mübarizədə, istərsə də Milli Fəaliyyət Planında nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Prezidentinin göstərişlərinə uyğun olaraq, hazırda Auditorlar Palatasının kollektivi və üzvləri bu mühüm vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək əzmindədirlər ki, bu da dövlət başçısının ölkə auditorlarının fəaliyyətinə verdiyi yüksək dəyərə layiq olmaq zərurətindən irəli gəlir.
Sonra Azərbaycan Banklar Assosiasiyasının pre­­zi­denti Zakir Nuriyev “Ci­nayət yo­lu ilə əldə edilmiş əmlakın le­qal­laş­dırıl­masına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə son dəyişikliklər, yeni çağırışlar və maliyyə institutları” mövzusunda çıxış edərək bildirib ki, ƏL/TMM sahəsi üz­rə Qanunun tələblərinə əsa­sən bir sıra yeni qaydalar təsdiq edil­mişdir.

Maliyyə və qeyri-­maliyyət institutları, habelə auditorlar, dini qurumlar, QHT-lər “hədəfli maliyyə sanksiyala­rına dair internet informasiya eh­tiyatı”nda hər hansı subyektin hə­dəfli maliyyə sanksiyasına cəlb edilməsi barədə məlumat dərc edildiyi andan qanunda müəy­yən edilmiş aktivləri heç bir xəbərdarlıq etmədən dondurmalı və bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə və Maliyyə Monitorinqi orqanına məlumat verməlidir.
Konfransın davamı olaraq, Azərbaycan Respublikası Mal­iyyə Monitorinqi Xidmə­tinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev “ƏL/TMM üzrə auditorlar üçün şübhəlilik indikatorları” mövzusunda çıxış edərək, Azərbaycan üçün xarakterik olan hüquqi şəxslərdən cinayət məqsədləri üçün sui-istifadə üsulları olan benefisiar mülkiyyətçi­nin gizlədilməsi, vəsaitlərin nağd­laşdırılması, yalançı əqdlərin bağ­lanması və vergidən yayınma sxem­lərinin qurulması hallarından, habelə cinayət yolu ilə əldə edil­miş əmlakın leqallaşdırılması üsul­ları olan yalançı əqdlərin bağlan­masından, şell şirkətlərdən, nominal təsisçi və direktorlardan istifadə edilməsindən, fiziki şəxslərin kart hesablarına köçürmələrindən və s. bəhs edib.
Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov “Terrorizmin maliyyələşdirilməsi və ona qarşı mübarizədə nəzarət orqanları: yeni çağırışlar, trendlər və imkanlar” mövzusunda çıxış edərək vurğulayıb ki, beynəlxalq terrorizm və onun maliyyələşdirilməsi məsə­lələri beynəlxalq və milli təhlükəsizlik orqanlarının daim diqqət mərkəzindədir.
Ölkəmizdə aparılan çoxşaxəli dövlət quruculuğu, iqtisadi və məhkəmə-hüquq sistemi islahatlarının tərkib hissəsi kimi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində də ötən dövr ərzində bir sıra işlər görülmüş və mühüm nəticələr əldə olunmuşdur. Bu sahədə beynəlxalq standartları müəyyən edən FATF tövsiyələrinə uyğun olaraq yeni qanunlar qəbul edilmiş, ölkədaxili əməkdaşlığın təmin edilməsi üçün yeni mexanizmlər formalaşdırılmış, ixtisaslaşmış institutların fəaliyyət effektivliyinin artırılması üçün addımlar atılmış, həmçinin müvafiq sahədə beynəlxalq əməkdaşlıq imkanları genişləndirilmişdir.
Konfransın davamı olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə monitorinqi departamentinin 2-ci monitorinq şöbəsinin rəisi Vüsal Həsənov “Maliyyə institutlarının ƏL/TMM üzrə nəzarət və audit tədbirləri” mövzusunda çıxış edərək, maliyyə institutlarının ƏL/TMM-in tətbiqində rolundan, onların nəzarət tədbirlərindən və maliyyə institutlarının ƏL/TMM üzrə audit fəaliyyətlərindən bəhs edib.

Daha sonra Azərbaycan Döv­lət İqtisad Universitetinin (UNEC) professoru Saleh Məm­mədov “Beynəlxalq terro­rizm və iqtisadi cinayətlərə qarşı mübarizədə süni intellektin istifadəsi” mövzusunda çıxış edərək, beynəlxalq terrorizmə və iqtisadi cinayətlərə qarşı mübarizədə süni intellektin rolu, dövlət idarəçiliyində süni intellektin iştirakı, beynəlxalq konvensiya və çoxtərəfli müqavilələrin süni intellekt vasitəsilə tam rəqəmsallaşdırılması, beynəlxalq idarəetmənin müasir xarakteristikası, Azərbaycanda süni intelllektin istifadəsi: nailiyyətlər, çatışmazlıqlar və təkmilləşdirmə istiqamətləri kimi sahələrdən geniş bəhs edib.
Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşad Səmədzadə “Maliyyə bazarı şəffaflığının artırılması istiqamətləri” mövzusunda çıxış edərək, maliyyə bazarının tərifini verərək, onun ayrı-ayrı kateqoriyaları üzrə həcmindən,

FATF-nin yaradılmasının əhəmiyyətindən, çirkli pulların daha çox qiyməti çətin müəyyən olunan aktivlər, idman və mərc oyunları, lotoreyalar vasitəsilə yuyulmasından bəhs edib.
Konfransın davamı olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin aparıcı məsləhətçisi Yusif Məmmədov “Vergi inzibatçılığının təkmilləşdirilməsinin gəlirlərin şəffaflaşdırılmasında rolu” mövzusunda çıxış edərək, vergitutma və gəlirlər arasında mühüm əlaqə zəncirinin qurulmasından, gəlirlərin səmərəli yığılması vasitəsilə vergidən yayınma hallarının azaldılması, ədalətli və şəffaf vergi sisteminin təmin edilməsi və əmlakın qanunsuz əldə edilməsinə qarşı mübarizənin effektivliyindən danışıb.

Sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə “ƏL/TMM sahəsində Ədliyyə Nazirliyi tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib.
Daha sonra konfransın proqramına uyğun olaraq Auditorlar Palatasının üzvü, sərbəst auditor Şamxal Kərimov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə müştəri uyğunluğu tədbirləri” mövzusunda çıxış edərək, öhdəlik daşıyan şəxslərin müştəri uyğunluğu tədbirləri çərçivəsində görməli olduğu işlər, öhdəlik daşıyan şəxslərin işgüzar münasibətlərə müştəri uyğunluğu tədbirlərini davamlı olaraq tətbiq etməli olduğu hallar, fiziki şəxslərə münasibətdə eyniləşdirmə tədbirləri, fərdi sahibkarlara münasibətdə eyniləşdirmə tədbirləri, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlar, hüquqi şəxslərə və xarici hüquqi təsisatlara münasibətdə eyniləşdirmə tədbirləri kimi sahələrdən bəhs edib.
Daha sonra “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyev “ƏL/TM riskləri və vətəndaş cəmiyyəti: Azərbaycan təcrübəsinin təhlili” mövzusunda çıxış edərək, FATF yanaşmasına, beynəlxalq və milli səviyyədə ƏL/TMM sahəsində vətəndaş cəmiyyəti təşkilatlarının roluna, ƏL/TM siyasətlərinə vətəndaş cəmiyyəti təşkilatlarının təsirinə və QHT-lərin narahatlığına diqqət çəkib.
Məruzələrin yekununda “KPMG Audit Azərbaycan” MMC-nin Audit üzrə partnyoru Nəsibə Muradxanova “Komplayns sahəsində audit yanaşması” mövzu­sunda çıxış edərək, şübhәli әmәliy­yatlar barәdә Maliyyə Monito­rinqi Xidmətinə mәlumat tәqdim etmәli olan qurumlardan, komplayns sahәsinә auditorların yanaşmasından, auditin aparılmasına dair əsas mәsәlәlәrdən bəhs edib və çirkli pulların yuyulması ilə mübarizə prosedurlarının həyata keçirilməsi zamanı ən çox aşkar edilən hallar kimi müştərilərdən vəsaitlərin mənbəyi sənədlərinin əldə edilməsi və vəsaitlərin mənbəyinin dəqiqləşdirilməsi üçün həyata keçirilən prosedurların olmaması, siyasi xadimlərlə tranzaksiyaların identifikasiyası, icrası və monitorinqi üçün müvafiq nəzarət prosedurları və proseslərinin olmaması, müştərilərin qəbulu zamanı onların uyğun olmayan risk təsnifatı, tranzaksiyaların əllə monitorinqi, fəaliyyət, profil, ölkə və digər yüksək risk faktorları əsasında tranzaksiyaların avtomatik risk qiymətləndirməsinin olmaması kimi məsələləri vurğulayıb.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, habelə təqdim edilən materialların toplu şəklində nəşr etdirilməsi və tövsiyələrin hazırlanması qərara alınıb.
Ümid edirik ki, keçirilmiş konfransımızda səsləndirilən fikirlər əsasında hazırlanacaq tövsiyələr ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının vəzifələrinin daha da ciddi yerinə yetirilməsinə öz müsbət töhfəsini verəcək.