Belarus Milli Məclisinin Respublika Şurasının sədr müavini “Böyük Qayıdış” proqramı barədə məlumatlandırılıb
Noyabrın 14-də Milli Məclis sədrinin müavini Adil Əliyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeri Belski ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Adil Əliyev xalqlarımızı birləşdirən ənənəvi dostluq əlaqələrindən söz açıb, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb. O, dövlətlərarası münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrimizin strateji xarakter daşıdığını, qarşılıqlı faydalı münasibətlərin formalaşmasında və inkişafında dövlət başçıları arasında mövcud olan səmimi dostluq münasibətlərinin, yüksək səviyyəli dialoqun və qarşılıqlı anlaşmanın mühüm rol oynadığını vurğulayıb.
Görüşdə ikitərəfli əlaqələrimizin möhkəm müqavilə-hüquq bazasının olduğu qeyd olunub, bunun artan ticarət dövriyyəsi, iqtisadi, sosial, mədəni sahələrdə əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə müsbət töhfə verdiyi bildirilib.
Bu gün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün unikal tarixi fürsət yarandığını deyən Adil Əliyev bildirib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub. Müharibənin bitməsindən 3 il keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də sülh sazişini imzalamaqdan boyun qaçırır, bu isə regionda kommunikasiyaların açılmasına, sabitliyin bərqərar olmasına imkan vermir.
Qonağa Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə başlatdığı genişmiqyaslı bərpa-quruculuq işlərinin gedişatı barədə məlumat verilib.