MƏQALƏLƏR

Samux rayonu müstəqillik illərində

  • 23.11.2023

Rayonun tarixi barədə. Səfərəliyev rayonu Azərbaycan SSR Ali Sovetinin 24 yanvar 1939-cu il tarixli 4 saylı qərarı ilə Kirovabad (hazırkı Gəncə) şəhərinin ərazisində yaradılmışdır. Azərbaycan SSR Ali Sovetinin 16 yanvar 1940-cı il tarixli 11 saylı qərarı ilə Kirovabad şəhər rayonlarının tərkibindən çıxarılaraq, respublika rayonlarının tərkibinə daxil edilmişdir. 1948-ci ildən başlayaraq Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə bağlı ərazisinin çox hissəsi su altında qalmış, 1931-ci il 24 noyabrda yaradılmış keçmiş Samux rayonu Azərbaycan SSR Ali Sovetinin 28 yanvar 1954-cü il tarixli qərarı ilə ləğv edilərək, Səfərəliyev rayonuna birləşdirilmişdir.
Azərbaycan SSR Ali Sovetinin 4 dekabr 1959-cu il tarixli qərarı ilə Səfərəliyev rayonu müstəqil rayon kimi ləğv edilərək, Gəncə şəhərinə birləşdirilmişdir. 1963-cü ilin yanvar ayından etibarən keçmiş Səfərəliyev rayonunun ərazisi Xanlar (hazırda Göygöl rayonu) rayonunun tərkibinə daxil edilmişdir.
Samux rayonu Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 18 fevral 1992-ci il tarixli 72 saylı qərarı ilə mərkəzi Səfərəliyev şəhər tipli qəsəbəsi olmaqla keçmiş Səfərəliyev rayonunun ərazisində təşkil edilmişdir. Milli Şuranın 31 dekabr 1992-ci il tarixli qərarı ilə Səfərəliyev qəsəbəsinin adı dəyişdirilərək, Nəbiağalı qəsəbəsi adlandırılmışdır. “Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli Qanunu ilə Nəbiağalı qəsəbəsi və Kolayır kəndi birləşdirilərək, Samux qəsəbəsi adlandırılmış və Samux qəsəbəsinə şəhər statusu verilmişdir.
Samux mahalının adı xarabalıqları Samux meşələrində hələ XX yüzilliyin başlanğıcında qalmaqda olan Samux şəhərinin adındandır. Bu şəhərin ərazisi Kürün hər iki sahilində Qazannı dağlarının ətəklərini - Qanlı Qobu ilə Qabırrı vadisi arasında olan ərazini əhatə edirdi. Tədqiqatçıların əsərlərində Samux toponiminin alban sözü olub, meşəlik, ov yeri mənasını bildirdiyi əsaslandırılır. Digər mənbələrə görə, Samux üç çayın (Kür, Qabırrı, Alazan) birləşdiyi yer mənasını bildirir. Vaxtilə rayonun ərazisi Qafqaz Albaniya dövlətinin tərkibində olmuşdur. XVIII əsrdə Samux Gəncə xanlığının dörd vilayətindən biri idi.
Relyefi. Samux rayonu Gəncə-Qazax bölgəsinə və Orta Kür iqtisadi rayonuna daxildir. İqlimi quru kontinentaldır.
Ərazisi 1455 km2.-dir. Ondan 1082 km². dövlət fond torpaqları, 82 km². bələdiyyə, 133 km² xüsusi mülkiyyətdə olan torpaqlardır. Rayonda 708 km² kənd təsərrüfatına yararlı torpaq vardır.
Samux rayonunda 23 inzibati ərazi vahidliyi, 35 yaşayış məntəqəsi vardır. Bunlardan 1-i şəhər, 5-i qəsəbə və 29-u kənddir. Burada 23 bələdiyyə fəaliyyət göstərir.
Rayonun ərazisi Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Qax, Yevlax, Goranboy rayonları və Gürcüstan Respublikası ilə həmsərhəddir. Samux rayonunun ərazisi əsasən düzənlikdir. Ərazinin bir hissəsi Kür çökəkliyinə, Ceyrançöl fiziki-coğrafi sahəsinə, Boz dağ massivinə düşməklə, şimaldan Alazan vadisi ilə əhatə olunmuşdur. Rayonun ərazisindən Kür, Qabırrıçay (İori), Alazan (Qanıx), Gəncəçay və Qoşqarçay çayları keçir.
Samux rayonunun ərazisində - Qabırrıçayın sol sahilində, dəniz səviyyəsindən 400-600 metr yüksəklikdə, Elləroyuğu adlanan dağ silsiləsində, 392 ha sahədə təbii halda yayılmış, yalnız bu ərazidə rast gəlinən relikt Eldar şamı meşəliyi mövcuddur. Bu unikal sahə Qafqaz təbiətində ilk olaraq Eldar Şamı meşəliyi kimi hələ 1910-cu ildə qoruq ərazisi elan edilmişdir. Vətəni Azərbaycan olan Eldar şamı qonşu ölkələrlə yanaşı, Orta Asiya Respublikasının səhralarında, Şərqi Asiya ölkələrində, Rumıniyada, Bolqarıstanda, hətta okeanın o tayında - ABŞ-da mədəni əkin sahələri kimi geniş yayılmışdır. Eldar şamı qoruğu dünya alimlərinin diqqətini cəlb etmişdir. Həmin ərazidə “Qırmızı kitab”a daxil edilmiş Eldar şamı ilə yanaşı, qiymətli ardıc və saqqız ağacları da inkişaf etmişdir.
Respublika Nazirlər Sovetinin 16 may 1958-ci il tarixli qərarı ilə Eldar Şamı meşəliyi Türyançay Dövlət Təbiət Qoruğunun tərkibində olmuş, 1965-ci ildə Göy-Göl Dövlət Təbiət Qoruğu bərpa edildikdən sonra 16 dekabr 2004-cü il tarixədək filial kimi fəaliyyət göstərmişdir.
Eldar şamı hələ 1901-ci ildən rus alimi S.Medvedyev tərəfindən öyrənilərək, dünyada analoqu olmayan relikt növ kimi qiymətləndirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının xüsusi mühafizə olunan əraziləri şəbəkəsinin genişləndirilməsi, səciyyəvi, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə saxlanılması məqsədi ilə Samux rayon inzibati ərazisində 1686 hektar sahədə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır.
İqtisadi xarakteristikası. Rayonun kənd təsərrüfatının əsasını üzümçülük, heyvandarlıq, taxılçılıq, həmçinin tərəvəzçilik, meyvəçilik təşkil edir. Bu yerlər üzümçülüyün inkişafı üçün əlverişlidir. İri üzüm salxımları gün kimi alışıb yanır. Meşələri canlı təbiət muzeyidir. Həyat boz dağlara doğru da addımlayır. İl payıza dönəndə Samuxun Ceyrançöl qışlağı çadırlar, binələr şəhərciyinə çevrilir.
“Paşa Holdinq”in Samuxda fəaliyyəti. Dövlət başçısı kənd təsərrüfatının ən müasir texnologiyalar və elmi əsaslar üzərində inkişaf etdirilməsinə aqrar siyasətimizin mərkəzində dayanan vacib məsələ kimi önəm verir. Ölkəmizdə aqroparklar məhz bu prinsiplər üzərində yaradılır. Samux rayonunda kənd təsərrüfatı əhalinin əsas məşğuliyyət sahəsidir. Rayon Gəncə şəhəri yaxınlığında yerləşdiyi üçün əhalinin xeyli hissəsi şəhərdə müxtəlif müəssisələrdə çalışır. Ucqar kənd əhalisi isə əsasən bitkiçilik və heyvandarlıqla məşğul olurlar. Rayonun magistral yollardan bir qədər aralı olması burada bir çox sahələrə investisiya qoyulmasına mənfi təsir göstərir.
Bu gün ölkə rəhbərliyinin regionlara diq­qət və qayğısı hesabına Samux rayonunda hələ qüdrətli hesab etdiyimiz SSRİ dövründə belə dövriyyəyə cəlb edilməsi mümkün olmayan, Kür çayının sahillərində suvarılması çətin hesab edilən torpaqların xeyli hissəsində artıq kənd təsərrüfatının inkişafına imkan yaradılıb.
Son illərdə ölkəmizdə aqrar sahədə yeni təsərrüfatçılıq formaları yaradılmışdır. Belə təsərrüfatlardan biri olan “Agro Dairy” MMC regionlarda kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması, müasir texnika və innovasiyaların tətbiqi ilə yüksək məhsuldarlığa malik keyfiyyətli məhsul əldə etməyə nail olmuşdur. “Agro Dairy” MMC Samux rayonunun Qaraağaclı kəndi ərazisində ümumi sahəsi 2698 hektar olan intensiv bitkiçilik təsərrüfatı yaratmışdır. Hazırda rayonda təsərrüfat uğurla fəaliyyət götərir. Yeni əraziləri əkin dövriyyəsinə cəlb etmək bitkiçilik məhsullarının bolluğunun yaranmasına, ərazidə yaşayan əhalini işə cəlb etmək isə məşğulluğun yüksəlməsinə və həyat şəraitinin yaxşılaşmasına xidmət göstərir.
REGİONLARIN İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMLARI
2003-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Andiçmə mərasimində “Mən xalqımın hər bir vətəndaşının prezidenti olacağam” söyləyən İlham Əliyev prezidentliyi dövründə regionlarda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları çərçivəsində ölkə vətəndaşlarının yaşayış tərzini və rifah halını yaxşılaşdırmaqla bunu sübut etmişdir. Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın yeni müasir dünya iqtisadiyyatına inteqrasiyasını təmin edə biləcək iqtisadi strategiya hazırlanmış və uğurla həyata keçirilməkdədir.
Dövlət başçısının prezidentliyi dövründə verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı haqqında olmuşdur. Prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərmanı verməsi heç də təsadüfi deyildir. Regionların inkişafına dair uğurla icra olunan, 2004-2008-ci illəri əhatə edən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratmaqla, paytaxt Bakı şəhərində və regionlarda infrastrukturların yenilənməsi, müasirləşdirilməsi ba­xımından uğurla həyata keçirildi.
Regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri gücləndirilməklə, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına xüsusi əhəmiyyət verildi. Ölkədə biznes mühitinin yaxşılaşdırılmasının bir istiqaməti kimi sahibkarlığın inkişafına mühüm önəm verilməsi, sahibkarlara göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məsələləri sahibkarlığın da­ha da inkişafına səbəb oldu.
Prezident İlham Əliyev 14 aprel 2009-cu il tarixli fərmanı ilə II Dövlət Proqramını - “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etdi. Yeni proqramın hazırlanmasını şərtləndirən əsas məqsəd ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi.
II Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə olundu. 2013-cü ildən regionlarda 14 “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi və icra müddətinin başa çatması, yeni - üçüncü proqramın zəruriliyini ortaya qoydu.
27 fevral 2014-cü il tarixli fərmanla Pre­zident İlham Əliyev “Azərbaycan Res­publikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proq­ramı”nı təsdiqlədi. Bu proqram ic­rası başa çatmış əvvəlki iki proqram çərçivəsində başlanmış işlərin davam etdirilməsini özündə ehtiva edirdi.
Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə inkişafı üçün də möhkəm zəmin yaratmışdır.
Hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir.
Proqram çərçivəsində görülən əsas tədbirlərdən biri də Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirməkdir. Bu istiqamətdə əsas məqsəd rəqabətqabiliyyətli və yüksək keyfiyyət standartlarına malik yerli məhsulların “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara çıxışını genişləndirməkdir. Dövlət proqramının uğurlu icrası nəticəsində əvvəlki illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatının emal müəssisələrinin ixracında ümumilikdə 14 faiz artım müşahidə edilmiş və bu tendensiya növbəti illərdə də davam etdirilmişdir. Proqram çərçivəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi hesabına bu sahə məhsullarının ixracda payının artırılması istiqamətində əməli tədbirlər həyata keçirilir.
Yuxarıda qeyd edilən Dövlət Proqramları yaşadığım Samux rayonundan da yan keçməmişdir. Müstəqillikdən ötən dövr ərzində həyata keçirilən Proqramlar çərçivəsində rayon iqtisadi və sosial cəhətdən inkişaf etmiş, əhalinin həyat səviyyəsi xeyli yüksəlmişdir.

Ölkə prezidentinin Samux rayonuna qayğısı
Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin Samux rayonuna göstərdiyi xüsusi qayğı rayonumuzun gündən-günə inkişafına şərait yaratmışdır.
Samux rayonunda 2003-cü ildən başlayaraq 2019-cu ilin sonuna qədər məhsul istehsalı 3,5 dəfə, sənaye 3,9 dəfə, kənd təsərrüfatı 2,6 dəfə artmışdır. 2020-ci ilin birinci rübünədək Samuxda əhalinin məşğulluq səviyyəsi yüksəlmiş, ümumilikdə 24 787 yeni iş yeri açılmışdır.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Samuxda uğurla həyata keçirilir. Qeyd edək ki, ölkə prezidenti hakimiyyətdə olduğu dövr ərzində dəfələrlə Samuxda səfərdə olub. Bu səfərlər rayonun inkişafında mühüm rol oynayıb.
Ölkə Prezidenti cənab İlham Əliyev 07 avqust 2023-cü ildə Samux rayonuna növbəti səfəri çərçivəsində Samux rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
Samux rayon Mərkəzi Xəstəxanasının tikintisinə 2019-cu ildə başlanmış və bu ilin avqustunda inşaat işləri başa çatmışdır. Xəstəxananın ərazisi 2,0 hektar olmaqla 90 çarpayılıqdır. Tibb müəssisəsinin üçmərtəbəli binasında Samux əhalisinə ən müasir tələblər səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün hər cür şərait vardır. Xəstəxanada Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən gətirilmiş ən müasir avadanlıqlar quraşdırılmışdır. Burada cərrahiyyə, te­ra­piya, uşaq xəstəlikləri, nevrologiya, travmotologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, doğuş, hemodializ, yoluxucu xəstəliklər, təcili tibbi yardım şöbələri yaradılmışdır.
Samux rayonuna səfəri zamanı İlham Əliyev rayonun Sərkar kəndində Heydər Əliyev Fondu hesabına tikintisi başa çatmış bir sıra sosial obyektlərin açılışında da iştirak etmişdir.
Ölkəmizin iqtisadi inkişafında Heydər Əliyev Fondu xüsusi fəaliyyəti ilə seçilir. Bu fondun hesabına ölkənin bütün regionlarında mühüm layihələr həyata keçirilməkdədir. Ötən dövr ərzində yaşadığım Sərkar kəndində bir çox sosial təyinatlı layihələr həyata keçirilmişdir. Fond hesabına 2020-ci ildə doğulub, boya-başa çatdığım və təhsil aldığım Sərkar kəndində müasir tələblərə cavab verən 800 şagird yerlik tam orta məktəb və körpələr evi-uşaq bağçası inşa edilərək istifadəyə verilmişdir.
Sərkar kəndi ilə yanaşı, 2020-ci ildə Samux rayonunun Ziyadlı kəndində 523 yerlik orta məktəb əsaslı təmir olunub, körpələr evi-uşaq bağçası üçün yeni bina inşa edilib.
Heydər Əliyev Fondunun “Təhsilə dəs­tək” layihəsi çərçivəsində inşa olunan Sər­kar kənd uşaq musiqi məktəbinin yeni binası istifadəyə verilmişdir. Sərkar kənd musiqi məktəbi 2002-ci ildən 1935-ci ildə inşa edilmiş kolxoza aid birmərtəbəli tikilidə fəaliyyət göstərirdi. Məktəb binası ötən dövr ərzində köhnəlmiş və yararsız vəziyyətə düşmüşdü.
Məktəbin tikintisi Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin iyulunda başlanmış və elə həmin ilin noyabrında da tikinti-təmir işləri yüksək səviyyədə yekunlaşmışdır. Məktəb 300 şagird yerlik olmaqla, ərazisi 0,5 hektar, üçmərtəbəli korpusun sahəsi isə 2500 kv.m-dir. Bina 8 ballıq zəlzələyə davamlıdır.
Məktəbin binasında 29 dərs otağı, orkestr, xor və tibb otaqları, qarderob, kitabxana, yeməkxana və akt zalı vardır. Təhsil ocağı müasir tələblərə uyğun olaraq, zəruri vasitələrlə yüksək səviyyədə təmin olunub.
Ərazidə həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə 6 min nəfərə yaxın sakinə xidmət göstərə biləcək tibb məntəqəsi tikilib istifadəyə verilmişdir.
Bu gün əminliklə deyə bilərəm ki, ümumilikdə Samux rayonu və yaşadığım Sərkar kəndi hazırda ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi qayğısı ilə özünün tarixi günlərini yaşayır. Kəndin mərkəzi kiçik şəhərciyə çevrilmişdir. Burada tam orta məktəb, uşaq bağçası, musiqi məktəbi, park, tibb məntəqəsi gözəl bir kompozisiya yaradır. Burada salınmış parkda yeni işə salınmış sosial müəssisələrdə çalışan işçilərin və kənd əhalisinin asudə vaxtlarında istirahət etməsi üçün hər cür şərait yaradılmışdır.
Son illərdə Samux rayonunda istər iqtisadi, istərsə də sosial yönümlü tədbirlərin həyata keçirilməsi rayon əhalisinin məşğulluq səviyyəsini və həyat şəraitini yaxşılaşdırmışdır. Biz samuxlular ölkə rəhbərliyinə, şəxsən Prezidentimiz İlham Əliyev cənablarına minnətdarıq və daim onun apardığı uğurlu siyasəti dəstəkləyirik.

Yusif Əbülfət oğlu Hümbətov,
iqtisad üzrə elmlər doktoru,
Sərkar kənd sakini