MƏQALƏLƏR

Dünyadakı yeniliklər və innovasiyalar gün keçdikcə tükənir, yoxsa artır?

  • 23.11.2023

Reallığın göstərdikləri
Yeniliklərin və kəşflərin bitdiyini düşünən insanlar 1000 il əvvəl də dünyaya gəlsəydi, eyni şeyi düşünərdi...
Hər gün texnologiya ilə bağlı müəyyən yeniliklər eşidirik. Bir qrup şəxs deyir ki, artıq kəşflər tükənmək üzrədir. Digər qrup fikirləşir ki, bu, əsla belə deyil. Bəs, reallıq necədir? Doğurdanmı artıq yeniliklər, innovasiyalar bitəcək və hər şey təkrarlanacaq? Yoxsa kəşflər, icadlar və innovasiyalar gün keçdikcə daha da çoxalacaq?!
Kəskin müzakirələrə səbəb olan bu mövzuya reallığın gözü ilə baxmaq və onu müvafiq metodoloji yanaşma ilə nəzərdən keçirmək mümkündür. Bu halda məsələni daha düzgün araşdırmaq və təhlil etmək üçün etibarlı mənbələrə istinad edərək, həqiqəti müşahidə edə bilərik. Belə ki, mən oxucularıma bir mühəndis-ekspert, tədqiqatçı kimi Azərbaycanın da üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO- World Intellectual Property Organization) 2021-ci ilə aid bəzi datalarını vizuallaşdıraraq təqdim etmək istərdim:
Qrafik 1-də 2021-ci ilin dataları (məlumatları) göstərir ki, ölkələr patent yarışına davam edirlər. Aparıcı dünya ölkələri bir çox patentləri əldə etmək üçün rəqabət aparırlar. Hər bir patent yeni bir icad, innovasiya, yanaşma və fərqli baxış bucağından xəbər verir. Son illərdə, əsasən Çin Xalq Respublikasının bir çox sahələrdə yeniliklər etməsini, elm və innovasiya sahəsində olan inkişafını patent qeydiyyatında olan yüksək fərqdə də müşahidə etmək mümkündür. Bu ölkə 2021-ci ildə dünya patentlərinin 37.8%-nə sahib olmuşdur. İkinci yerdə 17.8%-lə ABŞ mövqe tutmaqdadır. ABŞ ikinci yerdə olsa belə, ÇXR-in patent sayının yarısına belə çatmır. Bu, ÇXR-in çox ciddi inkişaf göstəricisidir. Üçüncü yeri 16%-lə Yaponiya, dördüncü yeri isə Cənubi Koreya 9.8%-lə tutmaqdadır.
Dünyada olan patent müraciətlərinin hansı sahələrdə olduğunu da müşahidə etmək mümkündür:
Qrafik 2-dən göründüyü kimi, dünyada ən çox patent müraciətləri 10.3%-lə kompüter texnologiyaları üzrədir, ikinci yeri isə elektrik maşınları, aparatlar və enerji sahələrinə aid patentlər tutur. Digər sahələri də qrafikdən müşahidə etmək mümkündür.
Qrafik 3-də isə ABŞ üzrə 20 illik patent müraciətləri əks olunub. Bu qrafik ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO - United States Patent and Trademark Office) dataları əsasında vizuallaşdırılmışdır.
Qrafikdə görünür ki, 2000-ci ildə patent müraciətlərinin sayı 295 mindən çox olduğu halda 2019-cu ildə patent müraciətlərinin sayı 621 mindən çox olmuşdur. Bəzi illərdə qrafikdə kiçik enişlər görünsə də, ümumi olaraq hər il patent müraciətlərinin sayı artmışdır. Enişlər isə adətən müxtəlif təsiredici məqamlarla əlaqədardır. Məsələn, 2020-ci ildə qrafikdə bir qədər enişin görünməyi COVİD-19 pandemiyası və onun fəsadları ilə bağlıdır.
Nəticə olaraq, datalara əsasən əsaslandırmaq mümkündür ki, yeniliklər, kəşflər, innovasiyalar əsla tükənməyib və gün keçdikcə daha da çoxalır. İnkişaf öz arxasınca inkişaf gətirir. Əksi isə absurd və əsassızdır. Bəlkə də irəlidə süni intellektin indi düşünməkdə çətinlik çəkdiyimiz bir çox imkanlarını görəcəyik. İnqilabı texnoloji yeniliklərin ayaq səsləri uzaqda deyil. Yeniliklərin və kəşflərin bitdiyini düşünən insanlar 1000 il əvvəl də dünyaya gəlsəydi, eyni şeyi fikirləşib deyərdilər. Zehinlər və beyinlər yeniliyə açıq olduğu müddətcə hər gün yeni doğan günəşlər və parlaq gələcəklə qarşı qarşıya olacağıq.
Yetər ki, niyyətimiz saf və etmək istədiklərimiz bəşəriyyətin inkişafı və faydası üçün olsun. İkinci müzakirələrə səbəb olan fikir isə texnologiyanın inkişafının iş yerlərini məhv etməsi və işsizliyə səbəb olması fikridir.
İnnovasiya və texnologiyaların inkişafı iş yerlərini azaldırmı, yoxsa əksinə, artırır? Ola bilərmi, mövcud iş yerləri yeni iş yerləri ilə əvəzlənsin? Bununla bağlı beynəlxalq qurumların araşdırmalarına əsaslanaraq, onları təhlil edərək, reallığı növbəti məqaləmizdə diqqətinizə çatdıracağıq.

Bəhruz Əliyev, informasiya
texnologiyaları üzrə
mühəndis-ekspert, tədqiqatçı