Ziyad Səmədzadə: “Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə cavablandıracaq”
Bu gün Azərbaycan bütün dünyada qalib dövlət kimi tanınır. Dövlət başçımız, Prezident İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıdıb, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirib. Bunun məntiqi nəticəsidir ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq Azərbaycan tarixi Qələbə qazandı. Şübhəsiz ki, bütün bunlar qonşu Ermənistanı və onun tərəfdarlarını qıcıqlandırır. Ermənistan həyasızcasına şantajlara, təxribatlara, yalanlara, şərlərə əl ataraq, bəzi Qərb ölkələrini, ABŞ-ni Azərbaycana qarşı müxtəlif yollarla təxribatlara sövq edir. Lakin biz bilirik ki, bütün bunlar Azərbaycanı haqq yolundan döndərə bilməz. Bu günlərdə - noyabrın 21-də Milli Məclis keçirdiyi iclasda ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar Bəyanat qəbul edib.
- Bu barədə fikirlərini bizimlə bölüşmək üçün Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadəyə müraciət etdik.
- Bəli, son vaxtlar Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar əsrlər boyu bizimlə düşmənçilik edən Ermənistanı qıcıqlandırır və onlar Azərbaycana qarşı müxtəlif yollarla hücumlar edirlər. Elə bu yaxınlarda – noyabrın 15-də ABŞ Senatı “2023-cü il erməniləri müdafiə aktı”nı qəbul etdi və bu, hesab edirəm ki, ölkəmizə qarşı çox ədalətsiz ittihamdır.
Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 15-də ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı”nı qəbul etməsinə qəti etirazını bildirdi və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınadı.
Bununla birlikdə, Milli Məclis həmin gün ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində keçirilmiş dinləmələri, orada ölkəmiz əleyhinə səslənən çıxışları, ümumiyyətlə, son dövrdə ABŞ dövləti rəsmilərinin Azərbaycana qarşı ifadə etdikləri qərəzli fikirləri iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə kimi qiymətləndirir.
Sözügedən aktın qəbul edilməsi və Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar regionda sülh və sabitlik yaradılması səylərinə ciddi maneçilik törədir.
Bəyanatda deyildiyi kimi, Bayden Administrasiyasının təhriki ilə anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın növbəti bariz nümunəsidir. Absurd teatr səhnəsini xatırladan dinləmələr isə ABŞ-ın riyakar siyasətinin yeni bir təzahürüdür.
Ermənistanın Azərbaycana qarşı işğalının genişləndiyi 1992-ci ildə Qarabağda Xocalı soyqırımı ilə yanaşı, Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində, Xocavənd rayonunun Qaradağlı kəndində, Kəlbəcər rayonunun Ağdaban, Ballıqaya kəndlərində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın aktları törədilərkən, Şuşa və Laçında etnik təmizləmə aparılarkən ABŞ tərəfi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan xalqına qarşı qətliamların qarşısını almağa səy göstərmək əvəzinə, bu ölkənin qanunvericilik orqanı erməni təbliğatının təsiri altında “Azadlığa dəstək aktı” adlanan qanuna 907-ci düzəlişi qəbul etmişdir. Bununla da ABŞ hökumətinin Azərbaycana maliyyə yardımı göstərməsi qadağan olunmuşdur. Keçmiş SSRİ respublikaları arasında Azərbaycan yeganə ölkə idi ki, onun əleyhinə bu cür qərar qəbul edilmişdi. Nəticə etibarilə ABŞ-ın təcavüzkar Ermənistana verdiyi maliyyə dəstəyi Azərbaycan torpaqlarının işğalına kömək göstərmişdir.
Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir.
Lakin Amerika Birləşmiş Ştatları özünün də lehinə səs verdiyi bu sənədlərin Ermənistan tərəfindən yerinə yetirilməsi üçün heç bir tədbir görməmiş və bu ölkəyə qarşı hər hansı sanksiya tətbiq etməmişdir. Əksinə, ABŞ Azərbaycanın işğal edilmiş ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı rejimi dəstəkləmiş, ona maliyyə yardımı göstərmiş, rejim nümayəndələrinin ABŞ-a müntəzəm səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil etmişdir. ABŞ-ın bu cür birtərəfli addımları onun uğursuz vasitəçiliyini və Azərbaycan ictimaiyyəti arasında nüfuzunu itirməsi ilə nəticələnmişdir.
Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləməyə, Xocalı soyqırımına və digər qətliamlara, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, tarixi, mədəni və dini abidələrin dağıdılmasına etinasızlıq göstərən ABŞ tərəfi 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra təcavüzkar Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etmədiyi üçün də məsuliyyət daşıyır. Digər tərəfdən, ABŞ Senatı Azərbaycan ərazisində qalmaqda davam edən Ermənistan Respublikası silahlı qüvvələrinin birləşmələrinə və qanunsuz erməni dəstələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra belə bir aktı qəbul etməklə revanşist qüvvələrə açıq dəstək verir.
Fikir verin, ABŞ hökuməti “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılmasını ləğv etmişdi. İndi isə o, Azərbaycana qarşı 1992-ci ildə yol verdiyi tarixi səhvi, təəssüf ki, yenidən təkrarlayır. Halbuki 2001-ci il 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrora qarşı mübarizə səylərini dəstəklədiyi zaman 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də məhz ABŞ olmuşdur.
-Tarix göstərir ki, Azərbaycan həmişə ABŞ-a dəstək olub...
-Bəli, Ermənistan deyil, məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə yardım əlini uzatmışdır. Əfqanıstanda terrorizmə qarşı ABŞ ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də Azərbaycan olmuşdur. Eyni zamanda, Azərbaycan Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə idi.
Qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdikdən sonra Amerikanın onu müdafiə etməsi siyasi riyakarlıq olub regionda vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Sözdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan ABŞ tərəfi məhz ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycana qarşı qeyri-dost addımlarını intensivləşdirməklə ikiüzlü siyasət yeritdiyini ortaya qoymuşdur.
Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədi ilə bölgədə sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir.
BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların rəylərinə tamamilə zidd olaraq, bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçkün salındığının iddia edilməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
Amerikanın son illərdə həyata keçirdiyi xarici siyasət, xüsusən Əfqanıstan və Yaxın Şərq siyasəti tamamilə iflasa uğramışdır. ABŞ-ın Əfqanıstanda apardığı 20 illik qanlı müharibədən sonra məsuliyyəti digərlərinin üzərinə ataraq ölkəni hərc-mərclik içərisində qoyub tərk etməsinin, Əfqanıstanı narkotik bitkilər plantasiyasına çevirməsinin ağır nəticələrini aradan qaldırmaq üçün hələ uzun müddət lazım gələcəkdir. 2003-cü ildə İraqın işğalı nəticəsində milyonlarca iraqlı doğma yurdlarından didərgin düşmüş, yüz minlərcə insan həlak olmuşdur.
Dünyanın müxtəlif regionlarında təşkil etdiyi “rəngli inqilablar” nəticəsində baş verən faciələrə görə ABŞ hələ da cavab verməmişdir. ABŞ-ın hakimiyyət orqanlarında, o cümlədən Konqresində kök salmış islamofob qüvvələrin güclənməsi nəticəsində müxtəlif təşkilatlar, xüsusən USAID humanitar yardım çətiri altında casus şəbəkəsi yaradaraq, müstəqil siyasət yeridən ölkələrdə “rəngli inqilablar” və dövlət çevrilişləri etməyə cəhd göstərməklə ölkələrin daxili işlərinə kobud müdaxilə edirlər.
-ABŞ Türkiyəyə qarşı da qərəzli mövqedədir, bu, artıq heç kimə sirr deyil...
- Bəli, ABŞ-ın Türkiyədə dövlət çevrilişinə dəstək verməsi, çevriliş cəhdində əsas rol oynayan FETÖ və onun kimi terrorçu təşkilatları himayə edərək özünün əlaltı rejimini yaratmağa səy göstərməsi məlum faktdır. Bu gün İsrail-Fələstin münaqişəsinin alovlanmasında əsas məsuliyyət də məhz ABŞ-ın üzərinə düşür.
- ABŞ Cənubi Qafqaz regionuna daxil olmayan ölkədir, buna baxmayaraq, bu regionun hər işinə qarışır, bəyanatlar verir, bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyini təmin etmək səylərinə ciddi maneə yaradır. Azərbaycana bunların təsiri barədə nə deyə bilərsiz?
- Azərbaycan öz milli maraqlarına uyğun olaraq region ölkələri ilə nəqliyyat dəhlizlərini özü formalaşdırır və bu baxımdan Azərbaycan-İran nəqliyyat dəhlizi Azərbaycanın suveren seçimidir. Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyini təmin etmək səylərinə zərbə vurur. ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq etmişdir. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı İranla müqavilə bağlanılması Azərbaycanın suveren hüququdur.
Milli Məclisin ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar Bəyanatı tarixi xarakter daşıyır. Biz bu Bəyanatla bir daha təsdiq etdik ki, Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq öhdəliklərinə uyğun hərəkət edərək öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq.