Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib
Noyabrın 29-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Milli Məclisin deputatları: akademik Ziyad Səmədzadə, akademik Əhliman Əmiraslanov, akademik Rafael Hüseynov, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Dərya Örs, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, ali təhsil müəssisələrinin rektorları və KİV əməkdaşları iştirak ediblər.
İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.
Ümumi yığıncaqda akademik İsa Həbibbəylinin “AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi-tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək” mövzusunda giriş məruzəsi dinlənilib.