“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans keçirilib
27 noyabr 2023-cü il tarixində Bakı Biznes Mərkəzində İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransın açılış mərasimində ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda açılış nitqi ilə çıxış etmiş iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycanın dünya dövlətləri arasında layiqli mövqe tutmasında ümummilli lider Heydər Əliyevin əzmi, zəhmətkeşliyi və yüksək zəkasının mühüm rol oynadığını vurğulayıb. Cənab Ələkbərov qeyd edib ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə iqtisadi zəmində böyük dəyişikliklərin təməlləri qoyulub.
ESRI tərəfindən həyata keçirilmiş “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsindən də bəhs etmiş S.Ələkbərov sözügedən müsabiqənin Heydər Əliyev iqtisadi irsinin ölkə hüdudlarından kənarda öyrənilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edib.
Konfransda xüsusi qonaq qismində “Heydər Əliyev – canlı xatirələr və iqtisadi strategiya” adlı paneldə çıxış etmiş siyasi və dövlət xadimi Həsən Həsənov, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Heydər Əliyev dövründə təhsil naziri olmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov və “BP”nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dahi şəxsiyyət Heydər Əliyev barədə öz təəssüratlarını bölüşüb və Azərbaycanın onun tərəfindən əsası qoyulmuş uğurlu iqtisadi strategiyasına toxunublar.
Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə çıxışında deyib: 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev ilk növbədə, iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı, iqtisadiyyatın sürətli inkişafına xidmət edəcək məqsəd və vəzifələr dəqiqləşdirdi. Heydər Əliyev ölkədə yeni iqtisadi sistemin yaradılması prosesini təhlil edərək deyirdi: “İqtisadiyyat ağır yollardan keçərək irəliləyir. Bəzilərinə, yəni bu işi bilməyən adamlara, yaxud da ki, nə bilim, hansısa şəxsi məqsəd güdən adamlara, ya Azərbaycanı dağıtmaq istəyən adamlara elə gəlirdi ki, hər şeyi dağıtmaq lazımdır, hər şeyi tezliklə özəlləşdirmək lazımdır, ondan sonra Azərbaycanın iqtisadiyyatı inkişaf edə bilər. Onlar naşı adamlardırlar. Nəinki naşı adamlardırlar, ağılsız adamlardır.
O, bildirirdi: “Respublikanın yeni bazar münasibətlərinə əsaslanan iqtisadi mexanizmlərdən istifadə etmək təcrübəsi azdır. Ona görə də müəyyən edilmiş qaydaları şəraitdən asılı olaraq dəyişməyə ehtiyac yaranır. O deyirdi: “Çeviklik göstərmək lazımdır ki, hansısa qərar üç il bundan qabaq qəbul olunubsa və əgər indi şərait dəyişilibsə, bəlkə müəyyən dəyişikliklər etmək lazımdır. Yəni gərək biz daim bazara nəzarət edək.
Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyir: Daha bir vacib məsələ barədə danışmaq istərdim. 1995-1996-cı illərdə özəlləşdirmə proqramını həyata keçirməyə başlayanda bəziləri deyirdilər ki, gəlin hər şeyi bir ildə özəlləşdirək, nə varsa hamısını dağıdaq, şəxsi mülkiyyətə verək, onda hər şey yaxşı olacaqdır. Mən isə bunlara yol vermədim. O vaxt bəzi adamlar bu cür müəssisələri, bizim neft sənayesini özəlləşdirmək istəyirdilər. Onlar Azərbaycan xalqının ən böyük sərvətini, bu gün də bundan sonra da xalqımıza xidmət göstərəcək və onun sosial inkişafını təmin edəcək neft sənayesini, neft şirkətini özəlləşdirmək istəyirdilər. Başa düşürsünüz? Mən o vaxt bunların qarşısını aldım.
Mən bunu nə üçün deyirəm. Bu cəhdlərin məqsədi o idi ki, demək, bir adam, bir neçə adam murdar fikirlərlə bu zavodu əlinə keçirsin, sonra nə cür istəyirsə istifadə etsin. Mən bu barədə o vaxt da mövqeyimi bildirmişəm və bu gün də deyirəm. Hamı bilsin. Çünki bəzi yerlərdə müxtəlif fikirlər gəzir. Neft sənayesi Azərbaycanda özəlləşdirilə bilməz. Neft sənayesi, neft emalı sənayesi dövlətin əlində olmalıdır. “Əgər biz respublikamızın bazar iqtisadiyyatına doğru inkişafını tam təmin edə bilsək, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin səviyyəsinə qaldıra bilsək – buna hələ çox var – hesab edirəm, gələcək nəsillərə imkan vermək olar ki, bu sahədə də özəlləşdirmə aparsın. Amma indiki dövrdə bunların heç birini şəxsi ələ vermək olmaz. Onu bilin, heç kəsə vermək olmaz”.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dağılmasının qarşısının alınması, respublikamızın geriliyinin aradan qaldırılması, neft-qaz kontraktlarının bağlanması, ölkənin dinamik inkişafının təmin edilməsi, qloballaşan dünyada Azərbaycanın özünə layiqli yer tutması və s. fundamental problemlərin uğurla həll edilməsinə nail oldu. Azərbaycanı, onun xalqını dünyaya tanıtdı.
Hamımız qürur hissi keçiririk ki, müstəqil dövlətimizin gələcəklə bağlı Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiyası vardır.
Tam əminliklə demək olar ki, illər, əsrlər keçəcək, Heydər Əliyevin Azərbaycanın dünəni, bu günü, gələcəyi barədə əbədiyaşar ideyaları müstəqil dövlətimizin daha keyfiyyətl inkişafını, xalqımızın işıqlı gələcəyini təmin edəcəkdir.
Tədbirdə ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov qonaqlara ESRI tərəfindən təsis edilmiş yeni beynəlxalq jurnal – “Strateji iqtisadi düşüncə” jurnalı (JSET) barədə məlumat verib. O qeyd edib ki, bu jurnalın ilk sayında “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” adlı ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsinə təqdim edilmiş məqalələr arasından xüsusi seçilmiş materiallar yer alıb.
Daha sonra “Heydər Əliyev İli” çərçivəsində ESRI tərəfindən həyata keçirilmiş elmi və praktiki məqalə müsabiqəsinin qalibləri Məhəmməd Səmədov (Azərbaycan), Oleq Leşenyuk (Belarus), Haila Əlmekaimi (Küveyt), Ruslan Şevçenko (Moldova), Xalid Taimur Akram (Pakistan), Muhammad Zaman (Pakistan), Mehmood Ul Hassan Xan (Pakistan) və Doğacan Başarana (Türkiyə) da çıxış etmək üçün söz verilib.
Sonda müsabiqə qalibləri təltif edilib və xatirə şəkli çəkdirilib.