MƏQALƏLƏR

Bir ömür xalqın xidmətində...

  • 06.12.2023

“Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan da hər şey heçnədir”. Alman filosofu Artur Şopenhauerun ifadə etdiyi bu fikirlərdə çox böyük məna var. Lakin insanı dərin düşüncələrə qərq edən bu cür fikirləri, sözün həqiqi mənasında duymaq üçün həm də onun icrası naminə çalışmaq lazımdır. Yalnız dahi şəxsiyyətlər, böyük düha sahibləri belə dərin fikirləri duyaraq, həm özü, həm də bütün cəmiyyət üçün onun icrasına çalışar, xalqın xilaskarı olmağı bacarar. Ulu Öndər Heydər Əliyev kimi...
Müasir Azərbaycan dövlətinin bütöv bir inkişaf dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O, bütün həyatı boyu xalqının xoşbəxtliyi, əmin-amanlığı və firavanlığı naminə çalışmışdır. Təsadüfi deyildir ki, bu gün müxtəlif sahələrdə tədqiqatlar aparan mütəxəssislər Heydər Əliyevin məhz həmin sahəyə daha çox diqqət ayırdığını qeyd edirlər. Bu isə Ulu Öndərin hər bir sahəyə dərin diqqət və qayğısının, bütün sahələrin inkişafını həmahəng sürətdə həyata keçirdiyinin bariz göstəricisidir.
Azərbaycanın daxili qlobal sarsıntılarla üz-üzə olduğu bir zamanda hakimiyyətə gələn Heydər Əliyev müstəqil dövlətçiliyimizin qorunması naminə ciddi addımlar atmış, millətin genefondunun qorunması, sağlamlığının mühafizəsi naminə çoxşaxəli fəaliyyət göstərmişdir. Bu gün müasir tariximizin qürurlu səhifələrinin müəllifi olan Ümummilli Lider Heydər Əliyev bütün digər sahələrlə bərabər, səhiyyə sahəsində də təməli qoyulan böyük uğurların memarı və qurucusudur.
Heydər Əliyevin Azərbaycan səhiyyəsinə, tibb elmi və insanların sağlamlığına, ölkədə savadlı kadr potensialının formalaşmasına diqqət və qayğısının nəticəsi idi ki, bu sahədə mövcud problemlərin həllinə məhz səhiyyə sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsi ilə başladı. Ölkədə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən edən və bu sahədə perspektiv nailiyyətlərin təməli sayılan “Sağlamlıq Məcəlləsi” məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyasında qəbul olunmuşdur.
“Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”, - deyən Ulu Öndərin diqqət və qayğısının nəticəsi olaraq bu sahədə ciddi kompleks tədbirlər görüldü. Azərbaycan səhiyyəsinin köhnə prinsip və qaydalarını dəyişərək, bu sahədə ciddi tərəqqiyə nail olmaq sahəsində Heydər Əliyevin göstərdiyi əzm qısa müddətdə öz nəticəsini verməyə başladı. İnsanların sağlamlığına ilk növbədə cəmiyyətin sağlamlaşdırılması prinsipi ilə yanaşan Ulu Öndər səhiyyə sahəsində özbaşınalığı, hərc-mərcliyi aradan qaldıraraq, korrupsiya hal­larına qarşı ciddi addımlar at­dı, həmçinin bu sahədə tikinti və yenidənqurma işləri əsaslı mər­hələyə keçdi. Uroloji Kliniki Xəstəxana, Diaqnostika Mərkəzi, Neyrocərrahiyyə Mərkəzi, Toksikoloji Mərkəz kimi yeni səhiyyə ocaqları, poliklinikalar inşa edildi, yararsız binalar yeniləri ilə əvəz olundu, onların ən müasir avadanlıqlarla təchiz olunması həyata keçirildi, səhiyyənin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əsaslı işlər görüldü.
Heydər Əliyev çox fenomenal bir şəxsiyyət idi. Onun haqqında dünyanın aparıcı ürək-damar cərrahlarından olan Dr.Murat Tuzcunun fikirləri çox maraqlıdır. O qeyd edir ki, “xəstə-həkim münasibətlərində zənn edilir ki, yalnız həkim xəstəyə çox şey verir. Halbuki, həkim də bacarırsa, xəstədən öyrənir. Sayın Əliyev kimi qüvvətli, bu qədər özəllikləri olan bir lideri yaxından görüb tanımaq, - təbii ki, onun buna imkan verməsi də vacibdir...
...O, çox cəzbedici şəxsiyyət idi. Bu insanın heç tanınmadığı bir salona, – dünyada elə bir salonun olmadığını zənn edirəm, - daxil olarkən bir qüvvənin, fərqliliyin, şəxsiyyətin daxil olduğu hiss edilirdi.” Bu fikirlər Heydər Əliyev əzəmətini və böyüklüyünü bir daha gözlər önünə gətirir. Məhz Ulu Öndərin uzaqgörənliyinin nəticəsi idi ki, O, səhiyyə sahəsində aparıcı xarici mütəxəssislərin diqqətini ölkəyə cəlb etməyə, qarşılıqlı əməkdaşlıq mühiti formalaşdıraraq, ölkə səhiyyəsindəki durğunluğu aradan qaldırmağa, mötəbər beynəlxalq tədbirlərin ölkədə təşkilinə və azərbaycanlı gənclərin bu sahədə biliklərini təkmilləşdirmək və daha yaxşı təhsil almaları üçün xaricə göndərilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışırdı. Bütün bunların nəticəsi olaraq isə ölkədə getdikcə tibbi kadr çatışmazlığı sahəsində problemlər aradan qaldırılır, onların mövcud bilik və bacarıqlarının təkimilləşdirilməsi istiqamətində ciddi işlər görülürdü. Elə 1998-ci ildə Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılması da bu sahədə atılan mühüm addımlardan idi.
“Sizin peşəniz elə bir peşədir ki, hər bir insana lazımdır və dünyanın hər bir yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir. Çünki siz hamıya, hər bir vətəndaşa, cəmiyyətə, dövlətə lazımsınız. Ona görə də sizin sahəniz çox dəyərli sahədir, xalq, cəmiyyət, ölkə, dövlət üçün çox vacib sahədir”, - deyən Ulu Öndərin bu sahəyə diqqətinin nəticəsidir ki, sonralar tibb elmi sahəsində öz nəzəri bilikləri və təcrübi fəaliyyətləri ilə dərin izlər qoyan, səhiyyənin inkişafına dəyərli töhfələr verən bir çox alim və mütəxəssislər yetişdi.
Heydər Əliyevin təşəbbüsü ilə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haq­qında”, “İnsanın immunçatışmaz­lığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” qanunlar qəbul olundu, bir çox xəstəliklərin qarşısının alınması məqsədilə proqramlar işlənib hazırlandı. Bütün bunların sürətli və uğurlu icrası məqsədilə Heydər Əliyev tərəfindən “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə” Sərəncam imzalandı. Tərəddüd etmədən qeyd etmək mümkündür ki, ölkəmizdə hər bir sahədə olduğu kimi, xalqın sağlamlığı üçün keçirilən islahatlar da birbaşa olaraq Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ölkə səhiyyəsinin inkişafı, mövcud problemlərin aradan qaldırılması sahəsində Heydər Əliyevin ömür-gün yoldaşı, həkim oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da böyük xidmətləri olmuşdur. Ulu Öndərə hər zaman mənəvi dayaq, sədaqətli dost olan Zərifə xanım səhiyyə sahəsində mövcud çatışmazlıqlar və uğurlu həllər barədə onunla birgə düşünür, həllinə çalışırdı.
Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmi sahəsində çox ciddi və fundamental tədqiqatların, tibb elmi sahəsində əldə edilən nailiyyətlərin müəllifidir. Görkəmli oftalmoloq alim ətrafındakı hər kəsə sözün hər iki mənasında nur paylayan, gözlərinə işıq olan ziyalı və parlaq şəxsiyyət olmuşdur. Ölkəmizdə traxomanın xəstəlik kimi ləğvi, elm aləmində peşə oftalmologiyasının əsasının qoyulması və dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyasının yaradılması məhz onun adı ilə bağlıdır. Milli oftalmologiyanın əsasını qoyan və bu sahədə dəyərli elmi ideyaların müəllifi olan Zərifə Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına da qayğıyla yanaşmış, məhz onun birbaşa rəhbərliyi ilə ölkədə gənc alimlər və həkim oftalmoloqlar nəsli yetişmişdir.
“Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Yaşaparıcı yolların fiziologiyası”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” kimi əsərlər dəyərli akademikin zəngin bilik və gərgin əməyi sayəsində ərsəyə gələn əsaslı tədqiqat əsərlərindəndir. Sağlığında olduğu kimi, bu gün də akademik Zərifə Əliyevanın səhiyyə sahəsində qoyub getdiyi dərin izlər əsla silinməmişdir.
Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın Azərbaycanda səhiyyə sistemi sahəsindəki uğurlu nailiyyətləri Əliyevlər ocağında dünyaya göz açan və bu nəslin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Dövlət başçısı ailəsinin başlıca həyat prinsipi hesab olunan xalqa, millətə xidmət və sədaqət amalını hər zaman olduğu kimi, bu gün də yaşadır, bu amala sadiqliyini öz əməlləri ilə əks etdirir. Prezident İlham Əliyev tərəfindən səhiyyə sisteminin uğurlu inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər, tikinti və yenidənqurma işləri, yeni avadanlıqlarla təchizat, müasir infrasturktur bütövlükdə Azərbaycan səhiyyə sisteminin inkişafına, onun dünya səviyyəsinə uyğunlaşdırılmasına xidmət edir. Onun “İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var” fikirləri də bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir.
“Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının yaradılması haqqında”, “Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında” sərəncamlar, "2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı", "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı", tibb işçilərinin ixtisas səviyyəsinin artırılması Prezident İlham Əliyevin səhiyyə sisteminə və insan amilinə həssas münasibətinin göstəricisidir.
Xüsusilə, səhiyyə sahəsində əldə edilən uğurlarda, bu sahəyə yönəlik proqramların reallaşdırılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da əvəzsiz xidmətləri vardır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələrlə respublikada insanların sağlamlığının qayğısına qalır, daim səhiyyə sisteminə öz töhfələrini verir.
Səhiyyənin inkişafından bəhs edər­kən xüsusi olaraq qeyd etmək lazımdır ki, bu sahədə beynəlxalq təc­rübə nəzərə alınmaqla, tibb müəs­sisələrinin idarə edilməsinin tək­milləşdirilməsi, fəaliyyətin optimallaşdırılması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə icbari tibbi sığortanın geniş vüsət alması üçün böyük işlər görülür. 2018-ci il 20 dekabr tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) yaradıldı. Bu qurumun əsas məqsədi əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini dünya səhiyyəsində geniş yayılmış, həmrəyliyə əsaslanan və əhalinin tibbi yardım almaq hüququnu təmin edən icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır, tibbi xidmətlərin təşkili və keyfiyyətinin yüksəldilməsi sahəsində beynəlxalq təşkilatlarla uğurlu layihələr həyata keçirir. Etibarlılıq, ədalətlilik, şəffaflıq, peşəkarlıq və səmərəlilik kimi dəyərlərə xüsusi önəm verən TƏBİB COVİD-19 və 44 günlük Vətən müharibəsi dövründə də ölkə səhiyyəsi sahəsində ciddi addımlar atmış, əsaslı dəstək proqramlarının iştirakçısına çevrilmişdir.
Bu gün Azərbaycanda səhiyyə sistemi dinamik inkişaf edir, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təqdir olunur. “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”, - deyən Prezident İlham Əliyev vətəndaşların sağlamlığına göstərilən qayğının gələcək nəsillərin sağlamlığının təminatçısı olduğunu bilir və bu sahədə öz səylərini əsirgəmir, əzmlə çalışır, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi bu işıqlı yolla inamla irəliləyir.


Mətanət Hüseynova

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının

“Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.