Fransanın siyasi-hərbi avantüraları sülhün əldə olunmasına maneədir
Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra sülhün əldə edilməsi üçün şanslar daha da çoxalıb. Bakı hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlıdır. Lakin Ermənistan tərəfi sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə, yenə də müxtəlif məzmunlu manipulyasiyalarla məşğuldur. Hazırda Ermənistan rəhbərliyi sülh sazişindən, münasibətlərin normallaşdırılmasından, sərhədlərin delimitasiyası və demarkasiyasından dəm vurur, 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bildirir. Amma əməli işə gələndə bütün bunlarla daban-dabana zidd olan davranış nümunələrini ortaya qoyur.
Azərbaycan diplomatiyası Fransanı BMT-də məğlub etdi
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqların nəticəsiz qalmasının əsas səbəblərindən biri də xüsusən Fransanın Ermənistan hakimiyyətinə təsir və təzyiqləridir. Məlum olduğu kimi, torpaqlarını işğaldan azad edən Azərbaycan hələ 2020-ci ilin 44 günlük müharibəsi zamanı Fransanın əsl simasını tam ifşa etdi. Maskası cırılan Fransanın 2020-ci ilin noyabrından bəri çıxmadığı hoqqalar qalmayıb. Bu ölkənin parlamentinin palatalarında qəbul edilmiş sənədlərin Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmədiyini, beynəlxalq hüquqi qüvvə daşımadığını Fransanın özündə də çox yaxşı anlayırlar.
Fransanın BMT səviyyəsində Azərbaycana qarşı aparmağa çalışdığı qarayaxma kampaniyası da iflasa uğradı. Parisin 44 günlük müharibə dövründə ölkəmizə qarşı BMT-də sənəd qəbul etdirmək cəhdləri də baş tutmadı.
Belə ki, 2020-ci ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra məhz Fransanın təşəbbüsü ilə Təhlükəsizlik Şurası prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Lakin bəyanatın layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdı.
Azərbaycanın milli maraqlarına zidd olan, Ermənistana dəstək ifadə edən bu bəyanatın layihəsi BMT TŞ-də təmsil olunan, Qoşulmama Hərəkatına üzv 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadın sayəsində qəbul edilməmişdi. Bu dövlətlər tərəfindən layihəyə BMT TŞ-nin qətnamələrinə istinadın daxil olunması da tələb edilmişdi. Bundan sonra bəyanat layihəsinin müəllifləri rüsvayçılıqla onu geri çəkməyə məcbur olmuşdular.
Ötən ilin sonuna doğru isə Azərbaycan növbəti siyasi-diplomatik qələbəsinə BMT müstəvisində imza atdı. Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyası ilə əlaqədar olaraq respublikamızın əleyhinə BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul etdirmək istəyən Fransa bu dəfə də rüsvaçılığa uğradı və hazırladığı riyakar mətni geri götürməyə məcbur oldu. Beləliklə, bu, BMT Təhlükəsizlik Şurasında Azərbaycanın parlaq diplomatik qələbəsi, Fransanın isə növbəti siyasi biabırçılığı oldu.
Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək, Fransanı məhz onun öz meydanında sözün bütün mənalarında məğlubiyyətə düçar etdi. Bu ölkə BMT TŞ-nin daimi üzvü olsa da, qlobal miqyasda özünü nüfuzlu dövlət hesab etsə də, bütün resurslarını işə salmasına rəğmən, hazırladığı riyakar sənədləri bu qurumda qəbul etdirə bilmədi.
Zəngin və tarixi dövlətçilik ənənələri ilə öyünən Fransa bu cür ədalətsiz və riyakar davranışları nəticəsində özünü gülünc vəziyyətinə saldı. Biz onu da unutmuruq ki, Azərbaycan-Fransa xalqları arasında tarixən gözəl münasibətlər olub. Hələ İkinci Dünya müharibəsində azərbaycanlılar Fransada alman faşizminə qarşı mübarizə aparıblar. Şəkili Əhmədiyyə Cəbrayılovun döyüş yolu Fransa Müqavimət Hərəkatının ən böyük qəhrəmanlıq salnamələrindən biridir.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Avropa ilə əməkdaşlıq siyasətinə həm də Fransadan başlayıb. Həmin dövrdən başlayaraq hər iki dövlətin dövlət və hökumət başçıları, parlament sədrləri, nazirləri dəfələrlə qarşılıqlı səfərlər ediblər. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev Fransaya, Fransanın sabiq prezidentləri J.Şirak, N.Sarkozi və F.Olland isə Azərbaycana səfərlər ediblər. Bir müddət öncəyə qədər prezidentlərin qarşılıqlı səfərləri ənənəyə çevrilmişdi. Ayrı-ayrı vaxtlarda Fransanın dövlət başçıları Azərbaycanın, Azərbaycan prezidentləri isə Fransanın ali orden və medalları ilə təltif olunublar. Heydər Əliyev Fondu Luvr, Versal Sarayı, Strasburq Kafedral Kilsəsi və digər tarixi abidələrin bərpasında iştirak edib.
Lakin Fransanın indiki prezidenti E.Makron və bu ölkənin qanunvericilik orqanları onilliklər boyu formalaşmış bu dostluq əlaqələrini öz ədalətsiz və riyakar əməlləri, erməni təəssübkeşlikləri ilə məhv etdilər.
Ermənistanın silahlandırılması sülhün qarşısının alınmasına hesablanıb
2023-cü ilin sentyabr ayında Qarabağda erməni separatizminə son qoyulmasından sonra isə Fransanın siyasi dairələri Azərbaycana qarşı yeni siyasi-diplomatik savaş açıblar. Və bu gün sülh üçün yeni imkanlar yarandığı bir şəraitdə Fransa bunun qarşısını almaq üçün müxtəlif siyasi-hərbi avantüralara əl atmaqdadır. Azərbaycana qarşı qərəzli iddialarını davam etdirən, xəstə erməni təfəkkürünün qatı müdafiəçisi rolunda çıxış edən Fransa Azərbycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı müzakirələrdə İrəvanın beynəlxalq hüququn norma və prinsiplərini görməzdən gəlməsi üçün bütün imkanlarını səfərbər edir.
Fransa tərəfindən heç bir zərurət olmadan Ermənistanın silahlandırılması da sülh müqaviləsinin qarşısının alınmasına hesablanıb. Məlum olduğu kimi, 2023-cü ilin noyabr ayında kütləvi-informasiya vasitələrində və sosial şəbəkələrdə Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı məlumatlar yayıldı. Bununla bağlı Fransa senatının büdcəni mühafizə şöbəsinin hesabatında deyilir ki, Ermənistana ümumilikdə 50 "Bastion" zirehli texnikası tədarük ediləcək. Artıq onlardan 24-ü göndərilib, daha 26-sı isə göndəriləcək.
Xatırladım ki, 2023-cü il oktyabr ayının sonunda Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornu Parisdə keçirilən görüşdə hərbi əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən İrəvanın müdafiə sistemləri alması barədə razılığa gəliblər. Razılaşmaya görə, Fransa Ermənistana hava hücumundən müdafiə ilə bağlı radarlar və 3 raket kompleksi satmalıdır. Lakin bundan əvvəl Fransa Ermənistana “Bastion” zirehli texnikalarını göndərməyə qərar verib. Əlbəttə ki, bu məsələ ilk növbədə sülh prosesini əngəlləməklə, regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edir. “Sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında bildirilir.
8 nəfərlik «Bastion» zirehli avtomobili Afrikanın iqlim şəraitinə uyğun olaraq, məhz bu qitədə və Yaxın Şərqdə olan Fransa silahlı qüvvələrinin bölmələrinin istifadəsi üçün hazırlanıb. Fransa isə hazırda Afrikadan qovulur. Məlum olduğu kimi, son aylarda Fransa bəzi Afrika ölkələrindəki hərbi qüvvələrini çıxarmaq məcburiyyətində qalıb. Çox güman ki, indi həmin ölkələrdəki istifadə olunmuş «Bastion» zirehli avtomobillərini Fransa Ermənistana göndərir. Başqa cür desək, “böyük bacı” qoymağa yer tapmadığı və istismar müddəti bitmiş bu texnikaları Ermənistana göndərməklə həm də başından edir. Bütün konstruksiyaları və texniki parametrləri, xüsusilə isti havaların hakim olduğu Afrikanın iqlim şəraitinə uyğun olan bu texnikaların ərazisi əsasən dağlıq və dağətəyi zonalardan olan Ermənistanda özünü doğrultmayacağı isə indidən aydındır.
Bu texnikaların əvvəlcə Ukraynaya göndərilməsi gözlənilirdi. Lakin texniki xüsusiyyətlərinin qeyri-effektiv olmasına görə Ukrayna onlardan imtina etmişdir.
Fransa özünü dünyada demokratik ölkə kimi göstərməyə çalışsa da, Ermənistanı silahlandırması, regiondakı sülh pozuculuğu kimi əməlləri ilə hələ də müstəmləkəçilik baxışlarına sadiq qaldığını sübut edir. İndiki məqamda isə Afrikadan qovulan Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Lakin bundan itirən yalnız Ermənistan olacaq. Çünki Azərbaycan ərazi bütövlüyünü tam bərpa edərək, qarşısına qoyduğu milli məqsədinə çatmışdır.
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətini bütün platformalarda ifşa edir
Ümumiyyətlə, ötən üç il müddətində Makron hakimiyyətinin bölgə ilə bağlı cızdığı riyakarlıq trayektoriyası təxminən belə olub: ölkəmizə qərəzli münasibətindən utanmayaraq, Ermənistanla Azərbaycan arasında normallaşma ilə əlaqədar aparılan danışıqlarda Ermənistanın maraqlarını güdən tərəf kimi iştirak etmək istəyib, bu niyyəti baş tutmadıqda riyakarlıq edib. Qoca qitənin məkr dağarcığı olan Fransa gah Avropa İttifaqı missiyası çərçivəsində öz agentlərini sərhədimizə yığaraq binokldan Azərbaycanı müşahidə edib, gah Laçın yolu ətrafında şoular yaradıb, ölkəmizə qarşı informasiya kampaniyası başladıb, gah da Avropa Parlamenti kimi riyakar Qərb təşkilatlarından ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edib, onlara qərəzli qətnamələr qəbul etdirib.
Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi və birbaşa Fransadan maliyyələşən separatçıların əl-qolunu qandallaması isə Parisə tərs şillə oldu.
Hazırda Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda müharibəyə zəmin yaratmaq üçün dəridən, qabıqdan çıxır, yenidən bölgədə savaş olmasını istəyir. Fransanın bu hərəkətləri artıq regionun digər ölkələrində də ikrah doğurur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, Qərbin və Fransanın məqsədi Cənubi Qafqazı daha bir qarşıdurma meydanına çevirməkdir: “Onlar region ölkələrinin maraqlarına məhəl qoymurlar, bölgədə təhlükəsizliyin, sabitliyin və çiçəklənmənin təmin olunması üçün heç nə etmirlər. Hesab edirəm ki, Bakı və həmçinin bəzi ölkələr artıq dünyanın digər yerlərində özünün kökdən düşmüş siyasi nüfuzunu Cənubi Qafqazda bərpa etməyə çalışan Parisin zəhlətökənliyindən yorulub”.
Onu da qeyd edim ki, Fransa dairələrinin ölkəmizə qarşı siyasi-diplomatik hücümlarının, qərəz və böhtan kampaniyalarının qarşısını alan Prezident İlham Əliyevin qətiyyətli və müstəqil siyasəti, güclü Azərbaycan dövlətidir. Hansı ki, bu siyasət indi Fransanın əsrlər boyu yürütdüyü müstəmləkəçilik siyasətinin acı nəticələrini bütün dünyada sürətlə ifşa edir.
Məlumdur ki, Fransa əsrlər boyu Afrika, Asiya, Amerika və Okeaniyada müxtəlif xalqlara, milyonlarla insana qarşı soyqırımı cinayətləri törədib, onların azadlıqlarını əllərindən alıb, dövlətçiliklərini məhv edib. Fransanın əsrlər boyu həyata keçirdiyi müstəmləkəçilik siyasətinin nəticələri sadəcə heyrət doğurur. Məsələn, Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilmiş, bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. XXI əsrdə dünyanın çox az dövlətində bu cür təfəkkürə rast gəlmək mümkündür.
Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir.
XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilmişdir. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqları tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməlidir və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir.
Əsrlər keçsə də, təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarında yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Məsələn, Qvadelupa dörd əsrdir ki, Fransanın əsarəti altında yaşayır. Ölkədə müstəqillik tərəfdarı olanlar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır. Fransanın müstəmləkəsi olan Martinikanın təbii sərvətləri talan olunur, əhalisi əsarət altında saxlanılır.
Fransız Qvianası Fransanın müstəmləkəçilik siyasəti nəticəsində maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə salınıb, qızıl mədənləri talan edilir, qızılı çıxarılaraq Fransaya daşınır.
Korsika adasında müstəqillik istəyənlər Fransa tərəfindən ya həbs edilir, ya da öldürülürlər. Repressiyalar Korsika xalqı üçün adi hala çevrilib. Fransa illər boyu onlara yalan vədlər versə də, Korsikada hakimiyyətə sadəcə Fransanın müəyyən etdiyi adamlar gəlir.
26 mart 2021-ci ildə tarixçilərdən ibarət “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul Komissiya” tərəfindən Fransa prezidentinə təqdim edilmiş “Fransa, Ruanda və Tutsinin soyqırımı (1990-1994)” adlı sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanmışdır.
Prezident İlham Əliyevin məktubu BMT-nin rəsmi sənədi kimi yayılıb
Fransanın müstəmələkə siyasətinin acı nəticələri barədə çoxlu faktlar göstərmək olar. Bütün bunları hazırda qlobal səviyyədə ifşa edən isə Azərbaycandır. 2023-cü il oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: insan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfrans Fransanın müstəmləkəçilik siyasətinin ifşasına xidmət edən mühüm beynəlxalq konfrans oldu.
Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına məktubunda deyilir: “Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən, kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır.
Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur”.
Məktubda o da qeyd olunur ki, Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir: “Ancaq Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılmışdır. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir”.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına bu məktubu BMT-nin rəsmi sənədi kimi yayılıb. Göründüyü kimi, Azərbaycan Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda gərginlik yaratmaq istəyən, sülh prosesinə maneçilik törədən Fransanın əsrlər boyu törətdiyi və bu gün də davam etdirdiyi cinayət əməllərini bütün beynəlxalq tribunalarda və platformalarda ifşa edir.
Fransa kimi müstəmləkəçi dövlət həm də bu gün Ermənistanın qatı təəssübkeşinə çevrilib. Bu mənada Fransadan müsbət, pozitiv və ədalətli davranış gözləməyə dəyməz. Ən əsası Azərbaycan heç zaman imkan verməyəcək ki, neokolonialist ölkə Cənubi Qafqaza soxulub, buranı yenidən müharibə meydanına çevirsin.
Ziyad SƏMƏDZADƏ,
akademik