Azərbaycanda üzümçülüyün inkişafını şərtləndirən bir tarixi sənəd barədə
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında, Azərbaycanın iqtisadi inkişafında müstəsna xidmətləri vardır.
Bu gün də, sabah da Azərbaycanda iqtisadiyyatın mühüm və qədim sahələrindən biri olan üzümçülüyün inkişafı diqqət mərkəzində olacaqdır. Ulu Öndər Heydər Əliyev 1970-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına xidmət edən çox mühüm tədbirlər həyata keçirdi. Nəticədə Azərbaycan keçmiş Sovetlər Birliyində üzümçülüyün inkişafına görə birinci yerə çıxdı. SSRİ üzrə istehsal edilən üzümün 28%-i respublikamızın payına düşürdü.
Bu böyük nailiyyət heç də asan başa gəlməmişdi. Azərbaycan xalqının gərgin əməyi, düşünülmüş iqtisadi islahatlar, xüsusilə də, Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən qərarlar...
Aşağıdakı yazıda bu qərarlardan biri haqqında söhbət açacağıq.
Ötən əsrin sonları və 70-ci illərin əvvəllərində respublikanın müvafiq icra strukturları Heydər Əliyevin tapşırığı ilə xalq təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı konkret təhlillər aparır, meydana çıxan problemlərin həlli yollarını mütəxəssislər yerli orqanlarla müəyyənləşdirir və bu barədə respublika rəhbərliyini məlumatlandırırdılar.
Araşdırmalar sübut edirdi ki, ittifaq hökuməti sərt inzibati metodlardan istifadə etməklə Azərbaycana yüksək plan tapşırıqlarının verilməsinə baxmayaraq, onların yerinə yetirilməsi üçün lazımi şərait yaradılmasına o qədər də diqqət yetirmirdilər. Bu cür yanaşma özünü üzümçülükdə də göstərirdi.
16 noyabr 1971-ci ildə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti «Azərbaycan SSR-də üzümçülüyün inkişafı barədə» bu gün üçün də öz əhəmiyyətini saxlayan tarixi qərar qəbul etdi. Qərarda göstərilirdi ki, üzümçülüyün inkişafı sahəsində bütün imkanlardan, aqrotexnikadan, gübrələrdən tam istifadə olunmur, ziyanvericilərə qarşı lazımi səviyyədə mübarizə aparılmır. Sovxoz və kolxozlar 1966-1970-ci illər ərzində üzümlüklər salınması üzrə planı 74,6% yerinə yetiriblər. 1969-1970-ci illərdə isə ixtisaslaşmış sovxozlar üçün ayrılmış torpaqların 24,9 min hektarında üzümlüklər salınmamışdır. Göstərilən çatışmazlıqlar nəticəsində 1966-1970-ci illər ərzində plan tapşırığı yerinə yetirilməmiş və dövlətə 84,4 min ton üzüm satılmamışdır. Üzüm emal edən zavodların tikintisi ləng həyata keçirilir, müntəzəm olaraq tikinti-quraşdırma işləri üzrə plan yerinə yetirilmir. İstehsal olunan şərabların keyfiyyəti aşağı olaraq qalmaqdadır.
Ona görə də sahənin respublika iqtisadiyyatında rolunun artırılması üçün kompleks tədbirlər görülməli, üzümçülüyə respublikanın perspektiv inkişafında xüsusi yer verilməlidir.
Respublika rəhbəri çox ciddi keçən müzakirəyə yekun vuraraq demişdir: «Biz bu məsələni bilərəkdən büronun müzakirəsinə qaldırdıq, çünki görürük ki, Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi, yerli orqanların rəhbərləri və başqa yoldaşlar üzümçülüyün inkişafına lazımi diqqət göstərmirlər. VIII beşillikdə respublika rəhbərliyi bəyan etmişdi ki, biz üzüm və şərab istehsalı üzrə qabaqcıllar sırasına çıxmaq arzusundayıq, respublika iqtisadiyyatının inkişafında pambıq və digər kənd təsərrüfatı bitkiləri istehsalı aparıcı sahə ola bilməz. Biz o fikirlə razı deyilik ki, üzümdən başqa digər bitkilər perspektivli deyil. Lakin bununla yanaşı, ittifaq qarşısında götürülmüş öhdəlik yerinə yetirilməlidir. Komitə və yerli orqanlar məsələyə səthi yanaşır və hesab edirlər ki, milyon ton üzüm heç bir tədbir görülmədən istehsal olunacaq. Mən bir neçə dəfə Rəhimov yoldaşla söhbət etmişəm və o, mənə bildirirdi ki, plan yerinə yetiriləcək, 350-400 min ton üzüm də yığılacaq. Əkin sahələrinin genişləndirilməsi müəyyən qədər istehsalın artırılmasına səbəb oldu, amma bu, çıxış yolu deyildir. Hesab edirəm ki, pambığa göstərilən münasibət üzümə göstərilmir. Əgər üzüm istehsalı respublika iqtisadiyyatının inkişafına xidmət etmiş olacaqsa, bu, belə olmalı deyil.
Qərar qəbul edərkən üzüm istehsalı ilə yanaşı, onun emalı məsələlərinə də toxunmaq lazımdır. Birincisi, veriləcək tapşırıqlar real olmalıdır, ikincisi isə material-texniki təchizat vaxtında yerinə yetirilməlidir. Ona görə də hesab edirəm ki, qərar layihəsi yenidən işlənməlidir. Hesab edirəm ki, yeni qərar layihəsində buraxılmış səhvlərə tənqidi yanaşılmalı, görülmüş işlərə yekun vurulmalı və doqquzuncu beşillik üçün götürdüyümüz öhdəliyin yerinə yetirilməsi məqsədilə konkret tədbirlər əks etdirilməlidir».
Qərarda göstərildi ki, 1975-ci ildə üzüm istehsalı 737 min tona çatdırılsın. Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinə tapşırıldı ki, SSRİ Nazirlər Sovetinin 19 may 1969-cu il tarixli 355 saylı qərarına uyğun olaraq, 1971-ci ildə 15 min, 1972-ci ildə 25 min, 1973-cü ildə 15 min, 1974-cü ildə 15 min və 1975-ci ildə 12 min hektar (ha) sahədə üzümlüklər salınsın. Üzümlüklərdə mineral və üzvi gübrələrdən istifadə olunsun, ziyanvericilərlə mübarizə aparılaraq 1972-1973-cü illərdə məhsuldarlıq hər hektardan 70 sentnerə, suvarılan torpaqlarda isə 100 sentnerə çatdırılsın. Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi, Sovxozlar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinə tapşırıldı ki, hər bir rayon üzrə özünəməxsus üzüm növlərinin yetişdirilməsinə nəzarət edilsin. Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyinə tapşırıldı ki, 1972-ci ildə Yenikənd sovxozunda ildə 2 milyon peyvənd istehsal edəcək peyvənd emalatxanasının tikintisini başa çatdırsın. Meliorasiya Su Tikinti Baş İdarəsinə Qazax rayonunun M.Hüseyn adına sovxozun əkin sahələri və bağlarının suvarılması üçün Xramçay üzərində, Vaqif adına, Caparidze adına, Vidadi adına, Krupskaya adına sovxozlarda suvarma sistemlərinin təkmilləşdirilməsi üçün Kür çayı üzərində nasos stansiyalarının tikintisini başa çatdırmaq tapşırıldı; «Azqiprovodxoz» Layihə İnstitutunun, Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sifarişi ilə 1972-1973-cü illərdə Ağstafaçay kanalının Qazax rayonunun Dimitrov adına sovxozunadək çatdırılması, Əlincəçay suvarma sisteminin yenidən qurulması, Qazax rayonunun Krupskaya adına və Dimitrov adına sovxozlarının suvarılması üçün Kür çayı üzərində nasos stansiyasının tikintisi məqsədilə layihə-smeta sənədlərini hazırlasınlar.
Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinə isə tapşırıldı ki, istehsal olunmuş üzümün saxlanması üçün soyuducu anbarların tikintisini həyata keçirsin. 1975-ci ildə istehsal olunmuş məhsulun 89%-i emal olunsun.
Respublika Maliyyə Nazirliyi Hidrometeoroloji Xidməti İdarəsinə dolu ilə mübarizə aparmaq üçün 1972-ci ildə 150 min, 1973-cü ildə 250 min, 1974-cü ildə 250 min və 1975-ci ildə 200 min rubl vəsait ayırmalıdır. Azərbaycan SSR Nazirlər Soveti yanında mətbuat üzrə Dövlət Komitəsinə tapşırıldı ki, 1972-ci ildə «Azərbaycan üzümçülüyü» kitabının, 1973-cü ildə Azərbaycan dilində 25-30 səhifəlik üzümçülük dərsliyinin, Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sifarişi ilə plakat və broşürlərin çapını həyata keçirsin. Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinə tapşırıldı ki, 1972-ci ildə respublikanın kolxoz və sovxozlarında üzümçülüyün inkişafı barədə film çəksin.
Müəyyən edildi ki, üzüm bağları salınması üçün sahələr seçmək, öyrənmək, torpaqları yararlı hala salmaq üçün respublikamızın müvafiq elmi tədqiqat müəssisələri çox iş görməlidirlər. Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərindəki yüz min hektarlarla istifadəsiz qalmış sahələrdə üzüm və meyvə bağları salınması üçün geniş miqyasda elmi tədqiqat işlərinin aparılmasına, bu işlərin sistemli şəkildə öyrənilməsi üçün üzümçülük institutunun yaradılmasına ehtiyac var.
Müzakirələrdə xüsusi vurğulandı ki, bir vaxtlar Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda üzümçülər və şərabçılar yetişdirilirdi. Hazırda həmin kadrlar respublikamızın üzümçülük təsərrüfatlarında çalışır və özlərini işdə doğruldurlar. Gələcəkdə də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ixtisaslı üzümçü və şərabçı mütəxəssislərin yetişdirilməsinə diqqət artırılmalıdır.
AHİŞ, Azərbaycan LKGİ MK, vilayət, şəhər və rayon partiya komitələrinin respublikanın üzümçülük və şərabçılıq işçilərinin sosializm yarışına rəhbərliyi gücləndirilsin, yarışın əyaniliyi təmin edilsin, üzümçülərin təşəbbüsü və əmək fəallığı artırılsın, istehsalat qabaqcıllarının mənəvi və maddi həvəsləndirilməsi amillərindən geniş istifadə edilsin. Tövsiyə edildi ki, üzüm istehsalına və dövlətə satışına dair planların və sosialist öhdəliklərinin yerinə yetirilməsinə və üzümçülük mədəniyyəti səviyyəsinin yüksəldilməsinə nail olmağa görə kolxozlara, sovxozlara, şöbələrə, briqadalara təqdim etmək üçün rayonlar üzrə keçici Qırmızı bayraqlar təsis olunsun.
Respublika qəzetlərinin redaksiyalarına, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə təklif edildi ki, respublikada üzümçülüyün inkişafı ilə əlaqədar olan məsələlərin işıqlandırılmasına daha çox diqqət yetirsinlər, təsərrüfatların, briqadaların və ayrı-ayrı üzümçülərin müsbət iş təcrübəsinin yayılmasına kömək etsinlər.
Qətiyyətlə demək lazımdır ki, Mərkəzi Komitənin yuxarıda adıçəkilən qərarı respublikada üzümçülüyün inkişafı üçün fundamental əsaslar yaratdı, üzümçülüyü və emal sənayesini respublika iqtisadiyyatının mühüm bir sahəsinə çevirdi, kənd əhalisinin gəlirləri artdı, 10 minlərlə yeni iş yerləri açıldı. 1971-ci ildəki 321,9 min tona qarşı 1972-ci ildə 232 min ton üzüm yığıldı. Lakin IX beşilliyin iki ili ərzində kolxoz və sovxozlar dövlətə təqribən 220 min ton az üzüm verdilər. Əlbəttə, bu rəqəm narahatlıq doğurmaya bilməzdi. Ona görə də araşdırılması müvafiq icra strukturlarından tələb edildi, mütəxəssislərlə məsləhətləşmələr aparıldı, üzüm bağlarının becərilməsi mədəniyyətini yüksəltmək üçün kompleks tədbirlərin həyata keçirilməsi təxirəsalınmaz bir vəzifə kimi qiymətləndirildi. Bu məqsədlə 1973-cü ilin may ayında Mərkəzi Komitənin və Nazirlər Sovetinin bir iclasına “Üzümçülüyün inkişafında ciddi nöqsanlar və respublikada üzüm istehsalının və şərabçılığın daha da yüksəldilməsi sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək tədbirləri haqqında” məsələ müzakirəyə çıxarıldı.
Müzakirədə qeyd olundu ki, üzüm istehsalını artırmaq və şərabçılığı inkişaf etdirmək üçün dövlətin ayırdığı pul vəsaitindən və maddi-texniki vəsaitdən bir çox illər ərzində son dərəcə pis istifadə edilmişdir.
Arxiv materialları göstərir ki, müzakirə çox ciddi keçmiş, üzümçülüyün inkişaf məsələlərinə yüksək peşəkarlıqla yanaşılmış, respublikanın aqrar sektorunda bir neçə ildən sonra ciddi müsbət dəyişikliklər əldə edilməsinə imkan verəcək tədbirlər müəyyən edilmişdir ki, bu gün də onlar üzümçülüyün inkişafı üçün vacib əhəmiyyət kəsb edə bilər. Həmin tədbirlər nəticəsində 1971-1972-ci illərdə 42 yeni ixtisaslaşdırılmış üzümçülük sovxozu yaradılmış, 30 min hektar sahədə yeni üzümlüklər salınmış, üzümçülüyün və şərabçılığın maddi-texniki bazası möhkəmləndirilmişdir.
Lakin elə həmin 1971-1972-ci illərdə üzümçülük üçün əlverişli olmayan iqlim şəraitində quraqlığın və şiddətli şaxtaların nəticələrini aradan qaldırmaq üçün təsirli tədbirlər görülməmiş, lazımi aqrotexniki tədbirlər hərtərəfli aparılmamışdır. Üzüm bağlarının məhsuldarlığına mənfi təsir göstərən amillərdən biri də bu olmuşdur ki, 20 min hektardan çox üzümlüklərdə tənəklər məftillərə qaldırılmamışdır. Plantasiyaların bərpa edilməsinə dair tapşırıqların hər il ancaq yarısı yerinə yetirilmişdir.
1971-ci ildə nəzərdə tutulduğundan 3 min, 1972-ci ildə 7 min hektar az plantasiya salınmışdır. Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi əkin materialını yetişdirmək üçün calaqetmə emalatxanalarının və ixtisaslaşdırılmış sovxozların təşkil edilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin qərarını yerinə yetirməmişdir. 1972-ci ildə 85 milyon ədəd ting əvəzinə gətirilmə tinglər nəzərə alınmaqla yalnız 28 milyon ədəd ting tədarük edilmişdir. Əslində kökü olan bitkilər 5-6 min hektar sahəyə çatır, qalan sahələrdə isə çubuqlar əkilir ki, bu da onların cücərmə qabiliyyətinin azalmasına gətirib çıxarır.
Üzümlüklərə qulluq üzrə işlərin vaxtında və keyfiyyətli həyata keçirilməsi tədbirləri barədə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin qərarının müzakirəsi zamanı bildirildi ki, tənəklərin sort tərkibində qayda-qanuna riayət edilmir, çox vaxt rayonlaşdırılmamış sortlar əkilir, yeməli üzüm sortlarının istehsalının artırılmasına az diqqət yetirilir. Karantin şərtlərinə kifayət qədər əməl edilmir, profilaktika tədbirlərinin görülməsində ardıcıllıq yoxdur, xəstəliklər yayılır və filloksera bütün rayonları bürüyür.
Qərarda göstərilirdi ki, üzümün yetişdirilməsi mədəniyyəti müasir səviyyədən geri qalır, çox zəhmət tələb edən işlərin mexanikləşdirilməsi səviyyəsi aşağıdır, ixtisaslaşdırılmış texnikadan istifadə olunmur, bir çox işlərdə əl əməyi üstünlük təşkil edir.
Əməyin təşkilində də bir çox nöqsanlar var. Belə ki, kadrlara kütləvi peşələrin öyrədilməsi sistemi yoxdur, xüsusən bu bitkinin becərilməsi sahəsində ənənəvi səriştənin olmadığı rayonlarda kadrların hazırlanması miqyası və keyfiyyəti qənaətbəxş deyildir. Heç də hər yerdə üzümçülər üçün normal məişət şəraiti yaradılmır, mənəvi və maddi həvəsləndirmə tədbirlərindən zəif istifadə olunur.
Respublikada üzüm istehsalının xeyli yüksəldilməsinin nəzərdə tutulması üzümçülüyün emaledici bazasını genişləndirmək – şərabçılıq müəssisələrini inkişaf etdirmək və bu müəssisələri texniki cəhətdən təkmilləşdirmək sahəsində təxirəsalınmaz tədbirlər görülməsini tələb edirdi. Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin rəhbərliyi bu mühüm vəzifənin yerinə yetirilməsinə məsuliyyətsiz yanaşmış və bunun nəticəsində yeni şərab zavodlarının tikintisi çox ləng aparılmış, həmin zavodların işə salınması üçün müəyyən edilmiş müddətlər pozulmuşdur.
Azərbaycan KP MK Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinə, Kənd Təsərrüfatı Nazirliyinə, vilayət, şəhər və rayon partiya komitələrinə bir vəzifə olaraq tapşırdı ki, qərarda göstərilən nöqsanların aradan qaldırılması üçün təsirli tədbirlər görsünlər, üzümçülüyün inkişafında əsaslı dönüş yaratsınlar, cari beşillik üçün üzümçülük və şərabçılıq sahəsində Azərbaycan KP XXVIII qurultayının qarşıya qoyduğu vəzifələrin hökmən yerinə yetirilməsi məqsədilə üzümçülük təsərrüfatlarının və şərabçılıq müəssisələrinin işçiləri arasında təşkilatçılıq işini və kütləvi siyasi işi genişləndirsinlər. “Azərbaycan SSR-də üzümçülüyü və şərabçılığı daha da inkişaf etdirmək tədbirləri haqqında” Azərbaycan KP MK-nın və respublika Nazirlər Sovetinin 1971-ci il 16 noyabr tarixli qərarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsini təmin etsinlər.
Azərbaycan KP MK respublikanın müvafiq nazirliklərindən, üzümçülük rayonlarının partiya, sovet və kənd təsərrüfatı orqanlarından tələb edirdi ki:
- hər bir sovxozda və kolxozda işlərin vəziyyətini diqqətlə yoxlayıb təhlil etsinlər. Keyfiyyətli əkin materialının hazırlanmasında, üzümlüklərin sortluq tərkibinin yaxşılaşdırılmasında, üzümlüklərə ixtisaslı qulluq edilməsində, üzümlüklərin becərilməsində, gübrələnməsində və müalicəsində, karantin şərtlərinə əməl olunmasında, üzümlükdə mexanikləşdirmə səviyyəsinin yüksəldilməsində sovxoz və kolxozlara real yardım göstərmək barəsində konkret tövsiyələr işləyib hazırlasınlar;
Görülmüş tədbirlərin nəticəsində respublikada üzüm yığımı 1975-ci ildə 1970-ci ilə nisbətən 2 dəfə artdı ki, bu da 1957-1965-ci illərdə cəmi yığılmış üzümdən çox idi. İttifaq üzrə ümumi üzüm istehsalında Azərbaycanın xüsusi çəkisi 13 faizə yüksəldi...
IX beşillikdə həm mövcud üzüm bağlarının vəziyyətinin yaxşılaşdırılmasına, həm də yeni üzüm bağlarının salınmasına diqqət artırıldı, üzümçülüyün inkişafının intensivləşdirilməsi, elmin və qabaqcıl təcrübənin nailiyyətlərinə əsasən əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsi sahəsində konkret tədbirlər həyata keçirildi. Respublikanın üzümçüləri 1974-cü ildə bağlardan 630 min ton üzüm dərdi. 1975-ci ildə isə üzüm istehsalı 720 min tonu ötüb keçdi. Beşillikdə hər hektarın məhsuldarlığının 22 sentner artması təmin edildi. Dövlətə 666 min ton, yəni 1965-ci ildəkindən 10 dəfə çox üzüm satıldı.
X beşillikdə üzümçülükdə əldə edilmiş müsbət meyilləri daha da gücləndirmək məqsədilə 1976-cı ildə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti “Üzümlüklərə qulluq üzrə işlərin vaxtında və keyfiyyətli həyata keçirilməsi tədbirləri barədə” və “Azərbaycan SSR-də üzüm istehsalının artırılması və şərab sənayesinin gələcək inkişaf tədbirləri barədə” 2 mühüm qərar qəbul etdi.
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev 1979-cu ildə keçirilən tədbirdə çıxış edərək demişdir: “Biz müşavirələrə yekun vurarkən deyə bilərik ki, ilin əvvəlindən bəri kənd təsərrüfatı sahəsində görülən böyük işlər öz müsbət bəhrələrini vermişdir. Fərəhlidir ki, həm üzümçülükdə, həm də kənd təsərrüfatı istehsalının başqa sahələrində biz yüksək məhsulun yaxşı təməlini qoya bilmişik. Buna görə də bu gün bir daha qətiyyətlə demək olar ki, respublikada rekord miqdarda üzüm məhsulu götürmək üçün əlverişli şərait yaranmışdır.Beşilliyin yekun ilində respublika dövlətə azı 1 milyon 100 min ton üzüm sata bilər. Respublikamızın hər yerində üzüm yetişdirmək sahəsində zəngin təcrübə toplanmışdır, indi respublika kənd təsərrüfatının əsas sahələrindən biri olan üzümçülük mədəniyyətini, bu sahədə çalışan işçilərin məsuliyyət hissini yüksəltmək çox vacibdir.
Müstəqilliyin ilk illərində iqtisadiyyata, o cümlədən kənd təsərrüfatına vurulmuş zərbələr nəticəsində üzümçülükdə ciddi geriləmələr baş vermişdi. Bu gün iqtisadi inkişafın yeni mərhələsində Azərbaycanda ənənəvi üzümçülüyün inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir ki, onlar da öz müsbət nəticəsini verməkdədir.
Bax.: Ziyad SƏMƏDZADƏ,
“Azərbaycan iqtisadiyyatı 100 ildə”, II cild, Bakı, 2021, səh. 136-145