Xronometraj metodu ilə müşahidə
Heç də sirr deyil ki, bəzi vergi ödəyiciləri vergidən yayınmaq üçün müxtəlif üsullar düşünür, qanunazidd yollardan istifadə edirlər. Ona görə də vergi nəzarətinin düzgün təşkili aktual məsələ olaraq qalır. Vergi nəzarəti ödəyicilərin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu keçirməklə, gəlir əldə etmək üçün istifadə olunan binalara baxış təşkil etməklə, eləcə də Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər formalarda həyata keçirilir. Vergi orqanları tərəfindən həyata keçirilən nəzarət formalarından biri də xronometraj metodu ilə müşahidə aparılmasıdır.
Azərbaycanda vergi orqanları tərəfindən xronometraj metodu ilə müşahidə Nazirlər Kabinetinin 13 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Xronometraj metodu ilə müşahidə aparılması Qaydaları»na müvafiq qaydada həyata keçirilir. Vergi qanunvericiliyinə görə, vergi orqanları tərəfindən müşahidə aşağıda göstərilən hallarda aparıla bilər:
- vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin araşdırılması zamanı onların obyektlərində müşahidə aparılması zərurəti yarandıqda;
- əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyatdan keçmədən fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə əlavə dəyər vergisi üzrə vergi öhdəliklərinin aşkar edilməsi zərurəti yarandıqda;
- obyektdə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və ya satış dövriyyəsinin artması (azalması) barədə vergi ödəyicisi tərəfindən vergi orqanlarına rəsmi müraciət olunduqda.
Vergi ödəyicilərinin obyektlərində müşahidə aparılması müşahidəyə hazırlıqdan, onun aparılmasından, məlumatların ümumiləşdirilməsindən və təhlilindən, nəticələrin rəsmiləşdirilməsindən ibarətdir. Bununla bərabər, hər bir konkret halda müşahidə aparılmasının zəruriliyi vergi orqanının rəhbəri tərəfindən əsaslandırılır, onun özü və ya müavini tərəfindən təsdiq olunmuş forma üzrə müvafiq qərar çıxarılır.
Xronometraj metodu ilə müşahidə aparılması qaydalarına görə, vergi ödəyicisinin uçotda olduğu vergi orqanının müraciətinə əsasən, vergi ödəyicisinin fəaliyyət göstərdiyi ərazidə vergi orqanı tərəfindən müşahidə keçirilə bilər. Bu halda müşahidənin keçirilməsi barədə qərar vergi ödəyicisinin fəaliyyət göstərdiyi ərazinin vergi orqanı rəhbəri (və ya onun müavini) tərəfindən qəbul edilir. Eyni zamanda, müşahidənin nəticələri müraciət etmiş vergi orqanına bildirilməlidir.
Qaydalarda qeyd olunur ki, vergi orqanı tərəfindən müşahidə vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanılır və onun iş vaxtı ərzində həyata keçirilir. Eyni zamanda, vergi orqanının vəzifəli şəxsi (şəxsləri) bilavasitə müşahidəyə başlayarkən, müşahidənin aparılması haqqında qərarı vergi ödəyicisinə təqdim edir. Bundan sonra obyektin müşahidədə iştirak edən nümayəndəsinin şəxsiyyəti müəyyənləşdirilir, hüquqi və ya fiziki şəxsin bütün rekvizitləri onun hüquqi sənədlərinə istinad etməklə dəqiqləşdirilir. Müşahidənin aparılması obyektin normal fəaliyyətinə maneçilik törətməməlidir. Aparılan müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq qaydalara uyğun olaraq rəsmiləşdirilir. Müşahidə 15 iş günündən çox olmayan müddətdə aparılır. Qanunvericiliyə əsasən, zəruri hallar yarandıqda vergi orqanının rəhbərinin qərarı ilə müşahidənin keçirilməsi əlavə 15 gün müddətində uzadıla bilər.
Müşahidəyə başlamazdan əvvəl müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədilə nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirilir və bu, cəlb edilmiş müşahidəçilərin iştirakı ilə rəsmiləşdirilir. Müşahidə keçirilən zaman vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqli müəyyənləşdirilməsi faktları aşkar edildikdə istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Müşahidənin nəticələri müəyyən edilmiş gündəlik göstəricilər əsasında orta günlük göstərici hesablanmaqla ümumiləşdirilir və bu barədə akt tərtib olunur. Bundan başqa, nəticələr ümumiləşdirilərkən onun göstəricilərinin müvafiq dövrlərin göstəriciləri ilə müqayisəliliyi təmin edilir. Tərtib olunmuş aktlar vergi orqanının müşahidədə iştirak edən vəzifəli şəxsi (şəxsləri), vergi ödəyicisi (onun səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanır.
Müşahidə aparılarkən vergi ödəyicisi (onun səlahiyyətli nümayəndəsi) tərəfindən gəlir götürmək üçün istifadə edilən, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət binalarında və digər sahələrdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, vergitutma obyektlərinin uçotunun aparılmaması aşkar olunduqda inzibati xəta haqqında İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada protokol tərtib olunur. Aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markaları ilə istehsal edilməsi, satışı və saxlanılması faktları aşkar olunduqda, habelə qanunsuz və ya yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və ya müəssisələr müəyyən edildikdə də müşahidə aparan vergi orqanının əməkdaşı tərəfindən protokol tərtib edilir.
Vergi ödəyicisi vergi orqanının vəzifəli şəxsinin (şəxslərinin) müşahidə aparmaq üçün obyektinə (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmasına icazə vermədikdə akt tərtib edilərək müşahidəni aparmalı olan vergi orqanının vəzifəli şəxsi (şəxsləri) və vergi ödəyicisi tərəfindən imzalanır və qüvvədə olan qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
Vergi ödəyicisi, həmçinin onun səlahiyyətli nümayəndəsi aktı (və ya protokolu) imzalamaqdan imtina etdikdə, vergi orqanının vəzifəli şəxsi aktda (və ya protokolda) müvafiq qeydlər aparır. Tərtib olunmuş aktların və protokolların surətləri vergi ödəyicisinə təqdim olunur. Növbəti mərhələdə aktlar və protokollar müşahidə keçirildikdən dərhal sonra vergi orqanının müşahidənin nəticələrini ümumiləşdirməli olan vəzifəli şəxsinə təhvil verilir.
Qeyd edək ki, 2011-ci ilin beş ayı ərzində xronometraj metodu ilə 1962 müşahidə aparılıb. Ötən il isə bu rəqəm 1862 olub. Sonda onu da əlavə edək ki, bir sıra obyektlərin dövriyyəsini aşkar etməkdə müəyyən çətinliklər var. Bu, xüsusilə şadlıq evlərinin və bir sıra obyektlərin dövriyyəsinin müəyyən edilməsində daha çox özünü göstərir. Məhz bu səbəbdən də vergi ödəyicisinin dövriyyəsini xronometraj metodu ilə aşkar etmək üçün zəruri təkmilləşdirmələr aparılmalıdır. Əks təqdirdə, həmin obyektlərin vətəndaşlarla olan gizli kommersiya sövdələşmələri külli miqdarda vəsaitin vergidən yayındırılması ilə nəticələnir.
|