“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda dəyirmi masa keçirilib
Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi, Fəlsəfə və İctimai elmlər kafedrası, “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda dəyirmi masa keçirilib.
Açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli dəyirmi masa haqqında məlumat verib.
Universitetin rektoru akademik Kamal Abdulla Azərbaycanın inkişafının müxtəlif mərhələlərindən danışıb, hazırda dövlətimizin iqtisadi və digər istiqamətlərdə inkişafı haqqında fikirlərini bölüşüb. Bildirilib ki, bu inkişafın bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir:
“Ötən illərə nəzərə saldıqda bugünkü Azərbaycanın inkişafı göz önündədir. Bu da Ümummilli Liderin Azərbaycan naminə irəli sürdüyü ideyaların ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsinin nəticəsidir. İqtisadiyyatımızın inkişafı, iqtisadi uğurlarımız Azərbaycanın Qarabağdakı zəfərinin təntənəsini, dünya ölkələri arasındakı qürurunu bizə yaşadır".
Rektor ADU-nun Elmi Şurasının qərarı ilə çap olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabını qonaqlara təqdim edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Ziyad Səmədzadə Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı naminə qarşısına qoyduğu məqsədlər, qəbul etdiyi qərarlar, gördüyü işlər barədə geniş məlumat verib.
Akademik neft strategiyası ilə sürət götürən Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasının sonrakı illərdə daha genişmiqyaslı formada davam etdiyini vurğulayıb.
Tədbir zamanı o, həmçinin müəllifi olduğu "Azərbaycan iqtisadiyyatı 100 ildə" adlı beşcildliyini universitet rəhbərliyinə təqdim edib.
Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilmiş tədbirlərdən danışarkən, Heydər Əliyevin mətbuat sahəsinə olan diqqətindən, jurnalistlərə verdiyi yüksək dəyərdən bəhs edib.