“Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfrans keçirilib
Dekabrın 9-da Bakıda Türkiyə və Azərbaycan İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə “Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfrans keçirilib.
Türkiyə səfiri Cahit Bağçının himayəçiliyi ilə keçirilən tədbirdə Azərbaycan və Türkiyə dövlət rəsmiləri, Azərbaycandakı Türkiyə səfirliyinin nümayəndələri, deputatlar, sahibkarlıq təşkilatlarının rəhbərləri, iş adamları, idarəçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu ilin sonunadək ölkələrimiz arasında ticarət dövriyyəsinin 7,5 milyard dollar olacağını bildirib: “Azərbaycan və Türkiyə arasında bu ilin 10 ayında 6,7 milyard dollar dəyərində ticarət əməliyyatları aparılıb. Bu rəqəmi ilin sonunadək 20 faiz artıracağıq”.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənov ölkələr arasındakı investisiya məsələlərinə toxunub: “Bu gün nəinki Türkiyənin Azərbaycana yatırmış olduğu investisiyalar, o cümlədən Azərbaycanın Türkiyəyə yatırmış olduğu investisiyalar xarici ölkələrə yatırılmış olan investisiyalarla müqayisədə birinci yerdədir. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara qədər investisiya yatırıb. O cümlədən, Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya yatıran Türkiyə şirkətləridir”.
Onun sözlərinə görə, infrastruktur və digər sahələrdə olan ən strateji layihələrimiz bu göstəricilərin ortaya çıxmasında baza rolunu oynayıb.
“Bu gün Türkiyə şirkətlərinin Qarabağa investisiya yatırması üçün 111 müraciət var. Bütün bunlar onu deməyə əsas verir ki, önümüzdə müəyyən olunan hədəflər böyük nəticələr əldə etməyə səbəb olacaq. Türkiyə şirkətlərinin sektoral və sahələr olaraq təşkilatda olmaq mədəniyyəti və təcrübəsi kifayət qədər yüksəkdir və biz bu təcrübədən gələcəkdə istifadə edəcəyik”, - deyə N.Həsənov qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev işğaldan azad olunan Qarabağda aparılan quruculuq və bərpa işlərində ən böyük iştirakçıların məhz türk şirkətləri olduğunu bildirib: “Türkiyədən Azərbaycana birbaşa investisiyanın həcmi 15,2 milyard dollar təşkil edir. Bunun 11,7 milyard dolları neft-qaz sektorunun, 3,5 milyard dolları isə qeyri-neft sektorunun payına düşür”.
O qeyd edib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası Türkiyədə fəaliyyət göstərən palataların, iş adamları dərnəklərinin Azərbaycana səfəri, onların burada əməkdaşlıq qurmaları və birgə üçüncü ölkələrə çıxmaq imkanları ilə bağlı yaxından kömək göstərir.
Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə Azərbaycan və Türkiyə arasında sosial-iqtisadi əlaqələrin inkişaf və əhəmiyyətindən danışaraq, bildirib ki, Heydər Əliyev türk dünyasının daha sürətlə inkişafını arzulayırdı və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın türk dünyası ölkələri ilə iqtisadi sahədə əməkdaşlığı daha da inkişaf etməlidir, investorlar hər iki ölkənin milli maraqlarına cavab verən layihələr həyata keçirməlidirlər. O, həmçinin, əlavə edib ki, bu gün ölkələrimiz arasında işgüzar əlaqələr uğurla davam etməkdədir.
Tədbirdə çıxış edən digər natiqlər iki ölkənin biznes qurumlarının əməkdaşlığı barədə məlumat verərək, ATİB-in fəaliyyətinə uğurlar arzu ediblər.