MƏQALƏLƏR

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rayon tədbiri keçirilib

  • 13.12.2023

07 dekabr 2023-cü il tarixində Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rayon tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, Milli Məclisin deputatları, dövlət rəsmiləri, Şuşa Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, elm və incəsənət xadimləri, rayonun idarə, müəssisə rəhbərləri, rayon ziyalıları, gənclər iştirak ediblər.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva “Heydər Əliyev İli” çərçivəsində respublikanın regionlarında, dünyanın müxtəlif ölkələrində yubiley tədbirlərinin keçirildiyini qeyd edib. Bildirib ki, bu yubiley Vətənimizin, hər bir azərbaycanlının bayramıdır: “Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Ulu Öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük uğurlara nail olmuşdur. Ulu Öndər özündən sonra Azərbaycana şərəflə, ləyaqətlə və uğurla rəhbərlik edərək, xalqın rifahını, dövlətin isə mənafeyini təmin edəcək qətiyyətli lider yetişdirməklə tarixi missiya yerinə yetirdi. Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq, regionun lider dövlətinə, etibarlı və perspektivli tərəfdaşa çevrilib, qalib ölkə adı və statusu qazanıb.”
Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikasının Xalq yazıçısı, nasir, publisist Çingiz Abdullayev Ümummilli Liderin çoxşaxəli fəaliyyətindən danışaraq, çıxışlarında qeyd ediblər ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə çox böyük işlər görmüş Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, Ümummilli Lider Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməllər yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə isə 2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə kimi davam edən 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı parlaq qələbə dayanır.
Tədbirin sonunda 2020-ci il tarixində möhtəşəm qələbə zamanı Şuşaya Azərbaycan bayrağını sancan həmyerlimiz, polkovnik Səbuhi Abdullayev Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilib.