Azərbaycan Ağsaqqallar Şurasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş iclas keçirilib
Dekabrın 12-də Azərbaycan Ağsaqqallar Şurasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş iclas keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, millət vəkili Ağalar Vəliyev, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, professor Misir Mərdanov, millət vəkili, professor Aqiyə Naxçıvanlı, akademik Abel Məhərrəmov, professor Şəmsəddin Hacıyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının Bakı şəhəri üzrə rayon sədrləri və müavinləri iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov Ümummilli Liderimizin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. O, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Ata vəsiyyətini yerinə yetirərək bizi qalib ölkənin vətəndaşı etdiyini, 30 ildən artıq işğal altında qalan torpaqlarımızı 44 gündə azad etdiyini fəxrlə vurğulayıb. Eldar İbrahimov, həmçinin, 2023-cü il – “Heydər Əliyev İli” ilə əlaqədar ölkəmizdə görülən işlərdən, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətindən bəhs edib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri və digər natiqlər müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında Ulu öndər Heydər Əliyevin müstəsna rolundan bəhs ediblər.