Görkəmli alim Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi barədə fikirlərini bölüşüb
Dekabrın 12-də Dünya TV-nin Aktual verilişində Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı xatirələrini bölüşüb.
Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi barədə danışan Ziyad Səmədzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri böyükdür. Bu xidmətlər əbədiyaşar xidmətlərdir. İllər, onilliklər, əsrlər keçəcək, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində əbədi yaşayacaqdır. Çünki onun qurduğu müstəqil Azərbaycan dövləti bu gün dinamik inkişaf edir. Ulu Öndərin arzuları uğurla həyata keçirilir və dövlətimiz gündən-günə möhkəmlənir.
Akademik qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə 1993-cü ildə hakimiyyətə gəlməsəydi, təbii ki, bizim müstəqilliyimiz olmayacaqdı. Bir tərəfdən erməni işğalı, digər tərəfdən qaçqın və köçkünlər problemi, respublikalararası iqtisadi əlaqələrin qırılması, ölkənin daxilində qeyri-sabit həyat Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi qarşısında qoymuşdu. O illər hamımızın yadındadır. Belə bir ağır şəraitdə vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı.
Akademik Z.Səmədzadə Ulu Öndərin tarixi çıxışlarını xatırladaraq, onun Azərbaycanın dövlətçilik tarixində xidmətlərini bir daha vurğulayıb.