ƏBƏDİYAŞAR LİDER
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Böyük şəxsiyyətin fiziki yoxluğundan illər ötsə də, xalqımız öz əbədi rəhbərini hər zaman böyük minnətdarlıqla, dərin ehtiramla yad edir. Zaman ötdükcə, illər bir-birinə calandıqca, Azərbaycan öz yüksəlişinin və müvəffəqiyyətlərinin miqyasını artırdıqca hər birimiz Heydər Əliyev şəxsiyyətinin əzəmətini daha aydın görür, onun müəyyən etdiyi siyasi xəttin, ölməz ideyalarının dəyərini daha dərindən anlayırıq. Öz xalqının önündə addımlamaq, onu ən çətin sınaqlardan keçirmək, onun gələcəyi üçün möhkəm bünövrə yaratmaq missiyasını şərəflə yerinə yetirən bu dahi şəxsiyyətin əbədiyaşar ideyaları bizim milli sərvətimizdir. Bu irsin Prezident İlham Əliyev tərəfindən yaşadılmasının, davam etdirilməsinin və zənginləşdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dövləti dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır.
Bütün fəaliyyətini Azərbaycana həsr edən böyük şəxsiyyət
Ümumiyyətlə, tarix də sübuta yetirib ki, xalqların və millətlərin taleyində tarixi şəxsiyyətlərin, görkəmli siyasətçilərin müstəsna rolu danılmazdır. Liderlərin, müdrik rəhbərlərin dövlətlərin tarixində və inkişafında rolu barədə çox nümunələr qeyd etmək olar. İstənilən dövlətin keçdiyi yola nəzər salsaq, onun həm yaranmasında, həm formalaşmasında, həm də inkişafında lider amilinin nə qədər böyük rol oynadığını görərik. Çox keçmişə getmədən, Türkiyədə Atatürkün, Böyük Britaniyada Uinston Çörçillin, Fransada Şarl de Qollun fəaliyyətini misal göstərməklə deyə bilərik ki, dövlətin yüksəlişində, dünya səhnəsinə çıxmasında, müasir sivilizasiyanın parametrlərinə cavab verə bilməsində, beynəlxalq birlikdə özünə yer tutmasında fenomen şəxsiyyətlərin rolu böyükdür. XX əsr Azərbaycan tarixi isə Heydər Əliyevin timsalında hələ ötən əsrin 70-80-ci illərindən lider amilinin dövlətin və xalqın tarixində, onun gələcəyinin formalaşmasında, inkişafında, beynəlxalq aləmdə özünü sübut etməsində ən vacib amil olduğunu təsdiq edir. Heydər Əliyev kimi dahilər mübarizələri və əməlləri ilə mənsub olduqları xalqların qürur doğuran tarixini yaratmaqla bərabər, həm də inkişaf salnaməsinin müəllifinə çevrilirlər, tarixi yaradaraq, eyni zamanda onun gərdişini nizamlamağa qadir olurlar. Ulu Öndərimizin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixdəki rolunu əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.
Heydər Əliyevin siyasi həyat yolu, fəaliyyəti xalqımızın yaddaşına ona görə əbədi həkk edilib ki, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həyatının başlıca qayəsi kimi öz Vətəninə xidmət edib. Ona görə belə bir gündə hər birimiz bir daha Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin ucalığı barədə fıkir söyləməyə ehtiyac duyur, bunu mənəvi borc kimi qəbul edirik.
Lakin bu da bir həqiqətdir ki, Ulu Öndər Heydər Əliyev barədə nə qədər yazsaq, nə qədər danışsaq da, onun fəaliyyətini, dövlət və xalq qarşısındakı xidmətlərini tam şəkildə əhatə edə bilmərik. Çünki həm Heydər Əliyevin özü nəhəng şəxsiyyət idi, həm də rəhbər kimi fəaliyyət göstərdiyi 35 ilə yaxın dövrdə gördüyü işlərin miqyası olduqca böyük idi. Təsadüfi deyil ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq yüksəliş və quruculuq, Azərbaycanın hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir. Eyni zamanda, respublikamızın ən çətin anlarında Heydər Əliyevə ehtiyac duyulub və üzərinə düşən böyük missiyanı uğurla yerinə yetirən Ulu Öndər hər zaman ona bəslənilən ümidləri layiqincə doğruldub. Heydər Əliyev irsinin hər bir istiqaməti elm ictimaiyyəti üçün aktual məsələlərdir və bunların araşdırılması, tədqiq olunması bundan sonra da davam etdirilməlidir.
Qeyd etdiyim kimi, Heydər Əliyevin fəaliyyəti boyu gördüyü işlərin miqyası olduqca böyükdür. Ona görə bu yazıda Ulu Öndərin siyasi və dövlətçilik fəaliyyətinin bir neçə aspektinə nəzər yetirmək istəyirəm. Cəmi bir neçə tarixi faktların fonunda görəcəyik ki, Heydər Əliyev dühasının Azərbaycan tarixindəki yeri və rolu nə qədər böyük və əzəmətlidir.
Heydər Əliyev erməni millətçiliyinin baş qaldırmasına imkan verməmişdi
2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ilin sentyabr ayında isə Qarabağda erməni separatizminə son qoyulması müasir tariximizin ən böyük hərbi-siyasi hadisələridir. Prezident İlham Əliyev öz qətiyyəti, müdrikliyi və uzaqgörənliyi ilə Qarabağ probleminə birdəfəlik son qoydu.
Bu hadisələr indi bizim baş mövzumuzdur. Azərbaycanın zəfəri barədə bundan sonra da çox deyiləcək, çox yazılacaq, bu qalibiyyət siyasət, iqtisadiyyat, sosial, hərbi, mədəniyyət və digər sahələrdə elmi araşdırmalara vəsilə olacaq. Lakin biz bu gün artıq keçmişdə qalmış Qarabağ münaqişəsi və erməni separatizmi barədə danışarkən hadisələrə yalnız son 30 ilin kontekstindən baxmalı deyilik. Çünki Ermənistan onilliklər boyu bu ərazinin Azərbaycandan qoparılmasına çalışmış, hələ sovet dövründən Qarabağda erməni separatizmi baş qaldırmışdı. Məhz Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə erməni separatizminin qarşısı alınmışdı.
Azərbaycana rəhbərliyə başladıqdan sonra Heydər Əliyev Qarabağda milli mənafelərin qorunması, dövlət təhlükəsizliyinin təmin edilməsi, Ermənistandakı millətçi dairələrin təxribatlarının qarşısının alınması istiqamətində xüsusi olaraq məqsədyönlü və təsirli tədbirlər görmüşdür. Hələ 1967-ci ildə DQMV ərazisində üç azərbaycanlının avtomobilinin içində yandırılması nəticəsində başlayan milli qarşıdurma elementlərini büruzə verən separatizm qığılcımlarının nəticəsini əvvəlcədən görən ölkə rəhbəri qətiyyətli addımlar atdı.
Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Qarabağın erməniləşdirilməsinin qarşısını almaq idi. Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinin siması xeyli dəyişdi. Xankəndidə Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı.
Heydər Əliyev Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Bu, səbəbsiz deyildi. Ermənilər Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək, vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda Qarabağın digər rayonlarımızla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Bu məqsədlə atılan addımlardan biri Ağdam-Xankəndi dəmiryolu xəttinin çəkilişi oldu.
Sovet illərində Şuşa şəhərinin də dirçəldilməsi və qədim Azərbaycan şəhəri kimi inkişaf etdirilməsi məhz Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra mümkün oldu. 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayandan dərhal sonra Ulu Öndər Şuşanı abadlaşdırmaq, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda tarixi abidələri qoruyub saxlamaq və böyük muzeyə çevirmək üçün əhəmiyyətli işlərin görülməsinə dair göstərişlər vermişdi.
Ermənilərin əzəli Azərbaycan torpaqlarına çox yaxın tarixdə köçürüldüyünü onların özlərinin əli ilə əbədiləşdirmək Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur. Belə ki, Dağlıq Qarabağ erməniləri 1978-ci ildə əvvəlki Mardakert - indiki Ağdərə rayonunun Marağa kəndində ucaltdıqları abidə ilə bu torpaqlara 150 il əvvəl gəldiklərini təsdiqləmişlər.
Bütövlükdə, Heydər Əliyevin qətiyyəti nəticəsində ötən əsrin 80-ci illərinin sonlarına qədər ermənilərin Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı niyyətləri baş tutmamışdı. 1985-ci ilin fevralında Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma “erməni soyqırımı”nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də “Soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd olunması təklifi ilə müraciət etmişdi. Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və A.Qromıkonun sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdı.
Heydər Əliyev ermənilərin bütün məkrli planlarının qarşısını qətiyyətlə alırdı. Xalqımızın dahi oğlunun qətiyyətli mövqeyi M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyində olan erməni millətçilərini çox narahat edirdi. Çünki Heydər Əliyev onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi bir maneə idi. Yalnız Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sov. İKP MK Siyasi Bürosunun və şəxsən baş katib M.Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefasından sonra xalqımıza qarşı erməni ekspansiyasının növbəti mərhələsi başladı. Xalqımızın dahi oğlunun ermənipərəst qüvvələr tərəfindən siyasi fəaliyyətdən uzaqlaşdırılıb təzyiq və təqiblərə məruz qalması Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışan erməni-daşnak qüvvələrinə öz məkrli niyyətlərini həyata keçirmək fürsəti verdi. Prezident İlham Əliyev həmin dövrü təhlil edib səciyyələndirərkən demişdir: “Heydər Əliyevin istefasından sonra Azərbaycanın problemləri başladı. İki həftə keçmədən erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb, Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu, birinci addım atıldı. Əfsuslar olsun ki, o vaxtkı sovet rəhbərliyi həmin separatçıların fəaliyyətinə heç bir məhdudiyyət qoymadı, heç bir reaksiya vermədi və nəticə etibarilə bu meyillər Sovet İttifaqının dağılmasına gətirib çıxardı”.
Heydər Əliyev bütün vəzifələrindən istefa verdikdən sonra da öz xalqının yanında idi. Xüsusilə qeyd edilməlidir ki, Heydər Əliyevin 1990-cı il yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, 20 Yanvar faciəsi ilə bağlı etiraz səsini ucaltması, daha sonra həmin ilin iyul ayında Naxçıvana gəlişi respublikamızdakı milli azadlıq mücadiləsinə təkan vermişdi. Heydər Əliyev o dövrdə ermənilərin Naxçıvanla bağlı işğalçı planlarının qarşısını qətiyyətlə almışdı.
Bu gün çox haqlı olaraq torpaqlarımızın işğaldan azad edilməsini Heydər Əliyev ideyalarının həyata vəsiqə alması kimi dəyərləndiririk. Çünki torpaqlarımızın azad edilməsinə hesablanmış hazırlıq işləri dahi strateq kimi Heydər Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kursun uğurlu davamının məntiqi nəticəsi idi. Bu kurs isə 1993-cü ildən başlamışdı və ilkin olaraq Azərbaycan üçün olduqca əlverişsiz bir şəraitdə Füzuli istiqamətində işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə nəticələnmişdi. Sonrakı dövrdə isə Heydər Əliyevin böyük uzaqgörənliklə nail olduğu atəşkəs Azərbaycan torpaqlarının azad edilməsi üçün kompleks şəkildə – yəni iqtisadiyyatımızı inkişaf etdirməklə, ordumuzu gücləndirməklə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin maraqlarına uyğun beynəlxalq hüququ təmin etməklə hazırlıq işlərinin aparılması üçün tarixi zəmin yaratdı.
Bu gün dönüb geriyə baxanda görürük ki, müxtəlif istiqamətlərdə aparılan hazırlıq işləri vəhdət təşkil edərək, qələbəmizin qazanılmasına əsas vermişdir. Görünən həm də odur ki, bu hazırlıq zəncirinin hansısa bir həlqəsində olan boşluq gələcəkdə Azərbaycanın hərbi yola əl atmaq məcburiyyətində qalacağı təqdirdə ciddi problmlər yarada bilərdi. Amma bu hazırlıq işlərinin təməllərini müəyyən edən Heydər Əliyev idi. Ötən illərin mənzərəsi isə sübuta yetirir ki, Heydər Əliyev Azərbaycanın dövlət və milli maraqlarını layiqincə və qətiyyətlə təmin edib.
1993-cü ildə siyasi hakimiyyətə gəldiyi vaxtdan Heydər Əliyev Ermənistanın işğal siyasətinə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi üçün də yorulmadan çalışırdı. Bunun nəticəsidir ki, 1993-cü ilin iyul-oktyabr aylarında BMT Təhlükəsizlik Şurasının iclaslarında Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 3 qətnamə qəbul olunmuşdu.
Atəşkəsin əldə edilməsindən sonra Heydər Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün səviyyələrdə mübarizə apardı. Ulu Öndər bütün mötəbər qurumların platformalarından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edir, onların potensialından istifadə etməklə problemin həllinə çalışırdı. 1996-cı ilin dekabrında Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində respublikamızın dövlət maraqlarının tam təmin olunduğu siyasi tədbir kimi tarixə düşdü. Belə ki, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının baza formulu məhz Lissabonda müəyyən edildi. Qəbul olunmuş tarixi qərar sülh danışıqlarının Azərbaycanın maraqları çərçivəsində yekunlaşdırılmasını zəruri edirdi.
Heydər Əliyev ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etmişdi. Bu gün zəfərimizin və Qərbin erməni təəssübkeşliyinin fonunda dönüb tarixə baxanda görürük ki, Heydər Əliyev nə qədər böyük təzyiqlərə sinə gərmiş, Azərbaycanın mənafelərini müdrikcəsinə qorumuşdur.
Azərbaycan dotasiyasız yaşayan respublikaya çevrildi
Bu məqalədə toxunmaq istədiyim digər məqam Heydər Əliyevin həm sovet, həm də müstəqilliyimizin bərpasından sonra Azərbaycanın iqtisadi imkanlarından, milli sərvətlərimizdən, yerləşdiyi coğrafi məkanın strateji üstünlüklərindən düzgün istifadə ilə bağlı gördüyü işlərdir. Mənim üçün olduqca qürurvericidir ki, hələ sovet dövründə istər elmi araşdırmalar aparan iqtisadçı kimi, istərsə də dövlət strukturlarında çalışan bir şəxs kimi fəaliyyətimdə Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafı ilə bağlı atdığı addımların şahidi və həmin proseslərin iştirakçısı olmuşam.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi seçilən vaxt respublika iqtisadiyyatı öz göstəricilərinə görə ittifaqın digər üzvləri ilə müqayisədə çox geri idi. Obyektiv və subyektiv səbəblərə görə Azərbaycanın iqtisadi inkişafdan geri qalması fakt idi. Ölkəmiz bir çox sahələrdə - milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının artım sürətinə və əmək məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geridə qalırdı.
Lakin 1969-cu ilin yayında respublikaya enerjili və məqsədə doğru addımlayan lider - Heydər Əliyevin gəlişi ilə bu istiqamətdə çox şeylər dəyişdi, respublikanın sürətli inkişafını təmin etmək məqsədilə yeni ideyalar həyata keçirildi. Belə ki, onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə perspektiv inkişaf proqramları hazırlandı və həyata keçirildi.
Heydər Əliyevin iqtisadi sahədə nail olduğu inkişaf nəticəsində Azərbaycan tezliklə keçmiş ittifaqın ən inkişaf etmiş respublikalarından birinə çevrildi. Sənaye və kənd təsərrüfatı məhsullarının dinamik artan istehsalı, öhdəliklərin vaxtından qabaq və artıqlaması ilə yerinə yetirilməsi, xalq təsərrüfatının bütün sahələrində keyfiyyət göstəricilərinin yüksəlməsi 70-80-ci illərdə Azərbaycanın inkişafının nə qədər dinamik olduğunu əks etdirirdi. Ümumittifaq əmək bölgüsündə respublikanın payı, həmçinin Sovet İttifaqının xarici iqtisadi əlaqələrində onun iştirakı əhəmiyyətli dərəcədə artmışdı.
1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, xalq istehlakı mallarının istehsalı 3 dəfə, sənaye istehsalı 2,7 dəfə artmışdı. Həmin illər ərzində iqtisadiyyata əvvəki 50 ildəkindən 1,4 dəfə çox kapital qoyulmuşdu. Xalq təsərrüfatının inkişafına 21,3 milyard rubl vəsait cəlb olunmuşdu ki, bu da əvvəlki əlli illə müqayisədə 1,5 dəfədən də artıq idi. 250-dən çox iri zavod, fabrik və istehsal sexləri tikilmişdi. Azərbaycanda buraxılan 350 adda sənaye məhsulu dünyanın nə az, nə çox, düz 65 ölkəsinə ixrac olunurdu. Bu məhsulların bir çoxu nəinki Azərbaycanda, eləcə də bütün ittifaq miqyasında ilk dəfə istehsal edilən məhsullar idi. Sənaye müəssisələrinin, yaşayış binalarının, mədəni-məişət obyektlərinin tikilib istifadəyə verilməsi sosial-iqtisadi tərəqqinin yüksək mərhələsinə çatmışdı. İki milyondan çox adam öz yaşayış şəraitini yaxşılaşdırmışdı. Bu illərdə Azərbaycan üçün yeni olan bir neçə sənaye sahəsinin əsası qoyulmuşdu.
Təbii ki, bunun səbəbini, ilk növbədə Heydər Əliyevin bir rəhbər kimi yüksək mənəvi keyfiyyətlərində, ədalətli və şəffaf idarəçiliyində, öz dövlətinə və xalqına bağlılığında axtarmaq lazımdır. Azərbaycan ittifaq miqyasında dotasiyasız yaşamaq imkanları olan bir respublikaya çevrilmişdi.
Elə bu uğurlar da Heydər Əliyevin Moskvada daha yüksək vəzifəyə təyinat almasında əsas rol oynadı. Heydər Əliyev 1982-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçiləndə və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunanda Azərbaycan artıq ittifaqın inkişaf etmiş respublikalarından biri kimi tanınırdı. O illərdə çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu.
(davamı gələn sayımızda)
Ziyad SƏMƏDZADƏ,
akademik