MƏQALƏLƏR

Ölkənin həyat səviyyəsi işsizlik göstəricisi ilə ölçülür

  • 01.07.2011
 
 

Ölkənin həyat səviyyəsi işsizlik göstəricisi ilə ölçülür

 Hər bir dövlətin qarşısında duran mühüm vəzifələrdən biri iqtisadiyyatda əmək  resurslarının məşğulluğunun təmin  edilməsi ilə işsizliyinin qarşısının alınmasıdır.  Tam məşğulluq şəraitində əmək qabiliyyəti olan  və işləmək istəyən hər bir şəxs işlə təmin  edilməlidir. Lakin bütün resurslardan və istehsal həcmindən tam istifadəedilmə şəraitində belə işsizlik ola bilər və onun səviyyəsi friksion işsizliklə struktur  işsizliyin məcmusu ilə müəyyən olunur.  Tam məşğulluq şəraitində işsizlik səviyyəsinə təbii işsizlik səviyyəsi kimi baxılır.  İşsizlik həm iqtisadi, həm də sosial problemdir. İşsizlik iqtisadi problem olmaqla  resursların ortaq məsrəflərini  yaradır, yaşayış imkanlarını zəiflədir və çətinləşdirir. İşsizlik problemi ən çox iqtisadi  böhranlar və tsiklər dövrü baş verir. Bəzi  iqtisadçılar belə nəticəyə gəlmişlər ki, işsizlik təxminən 3 faiz vacibdir. Bu aşağıdakıların olması üçün zəruridir:

- insanlara iqtisadiyyatın tələbinin yeni şəraitinə uyğun sahələrində işini dəyişməyə  imkan vermək üçün;

- hər bir işçiyə düşən yüksək məşğulluğu  təmin etmək üçün;

- stabil qiymət səviyyəsi saxlamaq üçün;

- daxili məhsulun daim artım dərəcəsini  əldə etmək üçün.

İş yerini itirmək insanın həyatında ən məyusedici hadisə ola bilər. Çağdaş dünyada əksər insanlar iş yerinə yalnız öz  həyat səviyyəsini saxlamaq və onu yüksəltmək vasitəsi kimi baxmırlar. Burada həmçinin özünütəsdiq, ləyaqət hissi kimi məsələlər böyük önəm daşıyır. İşsizlik problemini iki kateqoriyaya ayırmaq olar – uzunmuddətli və qısamüddətli işsizlik. Əgər işsizlik qısamüddətli  olarsa, bunun böyük problem olmadığını qəbul etmək olar. Əksinə, işsizlik uzunmuddətli olduqda bu problemlə üzləşən insanlar təbii olaraq daha çox iqtisadi, mənəvi- psixoloji cəhətdən çətin duruma düşürlər. İqtisadiyyatda həmişə işsizliyin olmasının səbəblərindən biri iş axtarışıdır.  Ölkənin həyat səviyyəsini daha açıq  şəkildə müəyyənedən amil həmin ölkədəki  işsizlik göstəricisidir. Milyonlarla işçinin və şirkətin  mövcud  olduğu mürəkkəb iqtisadi şəraitdə müəyyən dərəcədə işsizliyin labüd olmasına baxmayaraq, zaman və ölkələr üzrə işsizliyin həcmi, əhəmiyyətli dərəcədə  dəyişir. Azərbaycan Respublikasında məşğulluq və işsizlik problemi dövlətin  qarşıya qoyduğu ən prioritet vəzifələrdən  sayılır. Məhz bu sahədə görülən əhəmiyyətli tədbirlərin nəticəsində (birinci  mərhələ 2004-2008-ci illər) Dövlət Proqramı çərçivəsində ölkəmizdə 643353 yeni iş yeri, o cümlədən 458016 daimi iş  yerləri açılmışdır. Həmin dövrdə yeni yaradılmış daimi iş yerlərinin 20,8%-i yeni  yaradılmış, 34,3%-i mövcud, 4%-i fəaliyyətlərini bərpa etmiş müəssisə və təşkilatlarda, 40,8%-i isə fiziki şəxslər  tərəfindən yaradılmışdır. Sonrakı  illərdə də  bu tendensiya uğurla davam etdirilmiş, 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramının iki ili ərzində yaradılan yeni iş yerlərini nəzərə alsaq 2003-cü ildən  bu günədək təxminən bir milyona qədər iş yerləri yaradılmışdır. Yaradılan  iş yerlərinin 85%-i regionların payına  düşür. Yeni yaradılan iş yerlərinin 85,6  faizi qeyri-dövlət sektorunda, mütləq əksəriyyəti qeyri-neft sektorudur.

Azərbaycan dövləti müxtəlif yollarla iş axtarışını asanlaşdırmağa çalışır. Buna məşğulluq  idarələri agentlikləri tərəfindən mütəmadi olaraq həyata keçirilən əmək yarmarkaları, kurslar, treninqlər, seminarlar və digər ictimai tədris proqramları misal ola bilər. Yeni  iş yerlərinin açılması, məşğulluğun təmin olunması sahibkarlıq fəaliyyəti ilə sıx bağlıdır. Dövlət müxtəlif yollarla iş axtarışını asanlaşdırır. İşsizlik zamanı dövlətin əsas vəzifəsi  sosial sabitliyi təmit etmək investisiyaları artırmaq, sərbəst işçi  qüvvəsi üçün fiziki  və psixoloji şərait yaradılmasını təmin etməkdir. Bir sözlə, bu sahə hərtərəfli şəkildə dövlət nəzarətinə alınır və tənzimlənir. Qeyd etmək  yerinə düşərdi ki, dövlətimizin apardığı uğurlu iqtisadi və sosial siyasət nəticəsində təxminən son 7 il ərzində ölkəmizdə  yoxsulluq səviyyəsi 49 faizdən 10 faizə  qədər aşağı salınmışdır. Mütəxəssislərin fikrincə, məşğulluq qabiliyyətinə malik  olan əhalinin 15 faizdən çoxu işsiz olarsa, bu, dövlət üçün ciddi problemdir. Azərbaycanın dinamik inkişaf tempi bu sahədə ciddi problemlərin olacağını  istisna edir. Dünyada baş verən qlobal böhran zamanı deyilənlər  bir daha öz təsdiqini tapdı.  Yuxarıdakı fikri söyləməyə əsas verən digər  amil budur ki, ölkəmizdə həyata  keçirilən  bütün tədbirlər konkret proqramlar  əsasında aparılır. Bunların da ana xəttini əhalinin sosial rifahının yüksəldilməsi və yaşam tərzinin yaxşılaşdırılması təşkil edir.

Son illər ərzində paytaxt Bakı ilə yanaşı ölkənin digər iqtisadi rayonlarında dünya standartlarına cavab verən yüzlərlə istehsal, emal və xidmət  müəssisələri istifadəyə verilmiş, yeni rabitə-informasiya infrastrukturu yaradılmışdır. Bununla yanaşı, hələ də regionlarda inkişaf elementlərinə malik olan, lakin imkanlarını reallaşdıra bilməyən müəssisələrin sayı  kifayət qədərdir. Onların bir çoxunun isə  salınması, bərpası, yenidən qurulması və  iqtisadi səmərəliliyinin yüksəldilməsi 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında  nəzərdə tutulmuşdur. İnanırıq ki, hətta tədbirlərin icrası nəticəsində işsizliyin aradan qaldırılması, məşğulluğun təmin olunması istiqamətində çox ciddi dəyişikliklər baş  verəcəkdir. Əvvəlki illərdə əldə edilmiş nailiyyətlər tam nikbin olmağa əsas verir. Belə ki, 1998-ci ildə adambaşına düşən ÜDM-nin məbləği 520,3  ABŞ dollarına bərabər olduğu halda, 2008-ci  ildə bu 3700 ABŞ dollarına, 2010-cu ildə isə  4500 ABŞ dollarına çatdırılmışdır. Cari ildə  və qarşıdakı illərdə bu göstəricinin daha da  artacağını indidən proqnozlaşdırmaq olar.

Zülfü İlyasov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü