MƏQALƏLƏR

ƏBƏDİYAŞAR LİDER (II-ci hissə)

  • 21.12.2023

(əvvəli 14.12.2023-cü il tarixində)

 

Heydər Əliyevin enerji strategiyası Azərbaycanın inkişafının təməllərindən biridir
Heydər Əliyevin siyasi rəhbər və dövlət xadimi kimi fəaliyyətinin ən mühüm tərəflərindən biri milli sərvətlərdən səmərəli istifadə, ən əsası bu prosesdə ölkənin maraq və mənafelərinin qorunmasıdır. Müstəqillik dövründə xalqımızın nail olduğu ən böyük uğurlardan biri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının təntənəsi və Azərbaycan dövlətinə gətirdiyi siyasi və iqtisadi dividendlərdir.
Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın yeni neft strategiyasından danışarkən dövlət müstəqilliyimizin bərpasından sonra neft sənayesində gedən prosesləri xatırlamamaq olmur. 1993-cü ilin təlatümlü günlərində, Azərbaycan vətəndaş müharibəsinin astanasında, dövlət kimi parçalanma ərəfəsində olduğu, Ermənistanın hərbi təcavüzünün genişləndiyi, ölkədə siyasi, iqtisadi və maliyyə böhranın dərinləşdiyi vaxtlarda bəzi Qərb dairələri və neft şirkətləri belə hesab edirdilər ki, Azərbaycan iqtidarı istənilən razılaşmaya gedəcək.
Lakin 1993-cü ildə siyasi hakimiyyətə gələn Heydər Əliyevin danışıqların məzmunu ilə tanış olmasından sonra hadisələr tamamilə başqa istiqamətdə inkişaf etdi. Xarici neft şirkətləri ilə danışıqlar faktiki olaraq dayandırıldı. Bu addımın nə qədər müdrik və uzaqgörən olduğunu sonrakı hadisələr göstərdi. Çünki bundan bir il sonra xarici şirkətlərlə aparılan neft danışıqları və onların uğurlu nəticələri, Heydər Əliyevin müəllifi olduğu yeni neft-qaz strategiyası Azrbaycan dövlətinin və xalqının milli maraqları üzərində qurulmuşdu. İndi Azərbaycan xalqı ilk dəfədir ki, öz təbii sərvətlərinin əsl sahibi kimi çıxış edirdi. Məhz bu strategiyanın uğurla reallaşmasının nəticəsi olaraq dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatına cəlb olundular. Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının həyata keçməsində ilk addım olan və “Əsrin müqaviləsi” adı alan bu saziş ötən əsrin 90-cı illərində hərbi təcavüzə məruz qaldı, ciddi siyasi və iqtisadi sınaqlarla qarşılaşmış gənc Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrilərək, onun dünya birliyinə sıx inteqrasiyasını təmin etdi.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” regionda beynəlxalq enerji əməkdaşlığının bünövrəsini qoydu, Azərbaycan dövlətini öz hədəflərinə doğru aparan böyük bir yolun başlanğıcı oldu. Ölkəmiz tədricən dünya birliyində enerji təhlükəsizliyinin təmini baxımından etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirdi. Qarşımızda açılan gələcəyin üfüqləri məhz bu ilk addımdan sonra görünməyə başladı. Bu saziş təbii sərvətlər amilinin Azərbaycanın gələcək inkişafındakı rolu barədə ictimai düşüncədə dolaşan mücərrəd təsəvvürləri konkretləşdirdi, qarşıdakı istiqamətlərə aydınlıq gətirdi. «Əsrin müqaviləsi» ilə Azərbaycan özünün halal sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini sərgilədi, bu müqavilə dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından hasilat 26 il əvvəl – 1997-ci ilin noyabr ayında başladı.
Yeni neft strategiyasının reallaşması Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl oldu: genişmiqyaslı islahatlar aparıldı, sənayenin şaxələndirilməsi həyata keçirildi.
Təkcə Azərbaycan yox, Qərb dövlətləri, Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya ölkələri üçün də böyük strateji əhəmiyyət daşıyan «Əsrin müqaviləsi» ilə dünyanın neft sənayesi tarixində yeni bir dönəm başlandı.
“Əsrin müqaviləsi”nin imzalanmasından sonra qarşıda duran əsas məsələlərdən biri Xəzərin Azərbaycan sektorundan hasil olunacaq “qara qızıl”ın dünya bazarlarına çatdırılması idi. Bu sahədə görülən işlərin ilkin nəticəsi kimi 1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş verdi. Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.
Lakin bunlar Azərbaycanın perspektiv enerji siyasəti üçün yetərli deyildi və altenativ marşrutlar lazım idi. Bakı-Tbilisi-Ceyhan ideyasının ortaya çıxması da məhz neftin bir neçə kəmər vasitəsilə nəql olunması arzusundan doğmuşdu.
BTC-nin reallığa çevrilməsi, həqiqətən də, çox çətin mərhələlərdən keçməli oldu və nəhayət, bu məsələyə də Heydər Əliyev dühası son qoydu. Məhz Heydər Əliyev qətiyyətinin sayəsində 2002-ci il sentyabrın 18-də Azərbaycanın və Türkiyənin milli maraqlarına cavab verən, ermənipərəst siyasi dairələrin müxtəlif çabalarının əksinə olaraq Ermənistandan yan keçən BTC neft kəmərinin təməli qoyuldu. Heydər Əliyev 2002-ci il sentyabrın 18-də kəmərin təməlinin qoyulma mərasimində deyirdi: “...Müxtəlif yollar var idi, müxtəlif marşrutlar var idi. Ancaq biz Azərbaycan olaraq öz dostlarımızla - Türkiyə Cümhuriyyəti ilə, Gürcüstanla və təbiidir ki, bu layihədə iştirak edən şirkətlərlə birlikdə gələcəkdə hasil olunacaq nefti Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çatdırmağı qərara aldıq. Bu qərarın özü də çox mübahisələr doğurdu. Çünki o vaxt həm bizim imzaladığımız müqaviləyə qarşı çıxış edənlər, həm də boru xəttinin məhz Bakı-Tbilisi-Ceyhan marşrutu ilə getməsinin əleyhinə çıxanlar var idi. Bunlar məlumdur. Bizə, yəni birinci növbədə Azərbaycana mane olurdular”.
BTC 2006-cı il iyulun 13-də keçirilən açılış mərasimindən sonra həyata rəsmən vəsiqə aldı. Beləliklə, bu böyük enerji layihəsinin reallaşdırılması ilə Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə düşünülərək, həyata keçirilən neft strategiyası tarixi yolçuluğunda özünün ən uca zirvəsinə çatdı. Bütün dünyada «əsrin layihəsi» kimi dəyərləndirilən və üç ölkəni birləşdirən BTC-nin əfsanədən reallığa çevrilməsi müəllifi Heydər Əliyev olan Azərbaycanın neft strategiyasının, İlham Əliyev qətiyyətinin təntənəsini və eləcə də Azərbaycanın dünyanın və regionun söz sahibi olan ölkələrindən birinə çevrildiyini bariz şəkildə ortaya qoydu.
Enerji kəmərlərinin işə düşməsi Azərbaycana milyardlarla dollar gəlir gətirib. Ötən illər ərzində Azərbaycanın iqtisadi inkişafında həmin gəlirlər əhəmiyyətli dərəcədə rol oynamışdır. Azərbaycanın İlham Əliyevin rəhbərliyi ilə bugünkü inkişafının təməlində də məhz neft strategiyasının uğurları dayanır.


Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat-logistika mərkəzidir
Geniş və çoxşaxəli, mükəmməl infrastruktura malik, dövrün tələblərinə cavab verən yol-nəqliyyat şəbəkəsinə malik olmayan hansısa dövlətin dinamik inkişafından da söz açmaq qeyri-mümkündür. Bu reallığı böyük müdrikliklə qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev respublikanın əlverişli geostrateji mövqeyini, eləcə də beynəlxalq əhəmiyyətli qlobal kommunikasiya xətlərinin kəsişdiyi əlverişli coğrafi məkanda yerləşdiyini nəzərə alaraq, yol-nəqliyyat sisteminin tamamilə yenidən qurulmasını və modernləşdirilməsini özünün dərin elmi əsaslara söykənən iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu baxımdan əlverişli geostrateji mövqeyə malikdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmasının ölkənin iqtisadi həyatında və qlobal proseslərdə iştirakında böyük rol oynadığını düzgün dəyərləndirirdi. Bu sahədəki uzaqgörən fəaliyyəti ilə Heydər Əliyev həm də beynəlxalq nəqliyyat dəhlizlərinin ideyadan praktik müstəviyə keçirilməsinə böyük töhfələr verdi, o cümlədən TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) proqramının reallaşması üçün iştirakçı dövlətləri səfərbər etdi.
Avropa İttifaqının TRASEKA proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Er­mənistan, Gürcüstan, Özbəkistan, Qa­zaxıstan, Qırğızıstan, Tacikistan və Tür­kmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRASEKA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.
TRASEKA-nın imkanlarını və respublikamızın potensialını böyük uzaqgörənliklə qiymətləndirən Ümummilli Liderin siyasi uzaqgörənliyi və səyləri nəticəsində 1998-ci ildə 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçılarının, 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirakı ilə Tarixi İpək Yolunun bərpasına həsr olunmuş konfrans məhz Bakıda təşkil olunmuş və həmin tədbirdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir.
Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə keçirilən beynəlxalq konfrans ölkəmizin müstəqilliyinin qorunması, iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün tarixi hadisə kimi qiymətləndirildi. Heydər Əliyev konfransda demişdir: “... Qədim, böyük, tarixi İpək Yolunun bərpa olunması məsələsi ümumi, dünyəvi, qlobal bir məsələ kimi meydana çıxmışdır. Bu, yeni kommunikasiya, nəqliyyat xətləri yaratmaq, Avropanı Asiya ilə daha yaxın, əlverişli, təhlükəsiz və daha ucuz yollarla bağlamaq və bu vasitə ilə də ölkələr arasında iqtisadi əməkdaşlıq yaratmaq, onu inkişaf etdirmək və Avropa Birliyinin bu ölkələrə təsirini artırmaq məqsədi daşımışdır.”
Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınmış və 2001-ci il fevralın 21-də rəsmi açılışı olmuşdu. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynamışdır.
Heydər Əliyev əmin idi ki, ölkəmizin qədim İpək Yolu nəqliyyat dəhlizində aktiv iştirakının təmin edilməsi çox faydalı olacaqdır. Qədim İpək Yolunun bərpası Azərbaycan üçün daimi kapital, daimi gəlir, daimi güclü siyasi mövqe, daimi inkişaf təməli demək idi. Bu isə ölkəmizin müstəqilliyini qorumaq, iqtisadi təhlükəsizliyini təmin etmək üçün müstəsna əhəmiyyət kəsb edən amildir.
Zaman Heydər Əliyevin bu məsələyə nə qədər müdrikcəsinə yanaşdığını təsdiq etdi. Çünki sonrakı illərdə Avrasiya nəqliyyat dəhlizinin, Transqafqaz dəhlizinin intensiv fəaliyyətinin Azərbaycanın sosial-iqtisadi həyatında böyük əhəmiyyəti olmuşdur. Bu, özünü əsasən yük daşınmalarından əldə olunan gəlirdə, dəniz və dəmir yol nəqliyyatı, boru nəqliyyatı üçün uzun dövr ərzində etibarlı bazarın yaranmasında, respublikada yük daşınması ilə bağlı infrastruktur sahələrin bərpasında, yeni iş yerlərinin açılmasında, Azərbaycanın iqtisadi təhlükəsizlik məsələlərinin həll edilməsində, Bakının bu magistral xəttin mərkəzində və Xəzər sahilində yerləşən ən iri liman kimi inkişafında göstərmişdir.
Ulu Öndərin layiqli siyasi davamçısı, möhtərəm Prezident İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirmiş, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi ölkəmizin nüfuzunu artırmışdır. Əlbəttə ki, bu məsələdə bir çox uğurlarımızla yanaşı, Azərbaycanın dövlətlərarası nəqliyyat-logistik münasibətlərin dərinləşməsinə verdiyi töhfələr, həmçinin bu prosesin sürətlənməsi üçün həyata keçirdiyi layihələr böyük rol oynamış, respublikamız beynəlxalq nəqliyyat qovşağına çevrilmişdir.
Respublikamızda hava limanlarının yenidən qurulması, yeni aeroportların istifadəyə verilməsi, dəmir yolları şəbəkəsinin inkişaf etdirilməsi, Çindən Avropaya yüklərin çatdırılması müddətinin dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldılmasını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, o cümlədən Ələt Azad Ticarət Zonasının yaradılması Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi ilə bağlı qarşıya qoyulan hədəflərə çatmağımızda böyük rol oynamışdır.
Ötən dövr ərzində Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə avtomobil yolları şəbəkəsi də inkişaf etdirilmiş, beynəlxalq standartlara uyğun yeni yollar salınmışdır və bu proses indi də davam edir. Avtomobil yolları şəbəkəsinin yenidən qurulması və ya yeni yolların inşası Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi, həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə vermiş, həm də respublikamızın Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində həyata keçirilmiş işləri uğurla tamamlamışdır. Ölkəmizin yol infrastrukturunun keyfiyyəti reytinqində Ümumdünya İqtisadi Forumunun avtomobil yollarının vəziyyətinə dair hesabatına əsasən MDB dövlətləri arasında 1-ci, Asiya qitəsində 10-cu, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşması Azərbaycanın yüksəlişini dünyaya bəyan edən nailiyyətlərdir.
Qarabağ və Şərqi Zəngəzurda inşa edilən magistral avtomobil yollarının istifadəyə verilməsi respublikamızın beynəlxalq nəqliyyat qovşağı kimi imkanlarını daha da artıracaq.
Respublikamızın beynəlxalq nəqliyyat qovşağı kimi imkanlarının daha da artması qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolunu daha da artırır və strateji əhəmiyyət kəsb edir. Görülən işlər göstərir ki, yaxın gələcəkdə respublikamızın bu müstəvidə mövqeləri daha da güclənəcək.

Heydər Əliyev siyasəti yaşayır və layiqincə davam etdirilir
Bu gün Azərbaycan dövlətinin elə bir sahəsi, cəmiyyət həyatının elə bir istiqaməti yoxdur ki, orada Ümummilli Liderimizin möhtəşəm imzası, sanballı izi olmasın. Hər bir sahədə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunu, onun ideyalarının uğurla davam etməsini aydın müşahidə edirik.
Heydər Əliyevin ən böyük arzuları işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Ulu Öndər Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyirdi. Ulu Öndərin ruhu bu gün şaddır, çünki Azərbaycan hazırda onun ən layiqli siyasi davamçısı İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən güclü dövrünü yaşayır. İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi.
Dahi Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyim yazını Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə andiçmə mərasimində dediyi aşağıdakı sözlərlə yekunlaşdırmaq istəyirəm: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünə layiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Ötən 20 ildə Azərbaycanın keçdiyi inkişaf yolları, respublikamızda baş verən bütün pozitiv dəyişikliklər və torpaqlarımızın işğaldan azad edilməsi göstərir ki, Heydər Əliyev siyasəti yaşayır, layiqincə davam etdirilir. Vəfatının 20-ci ildönümündə respublikamızın keçdiyi tarixi inkişaf yoluna nəzər salmaqla bir daha Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik. Azərbaycan yaşadıqca Heydər Əliyev də yaşayacaq. Azərbaycan isə əbədi var olacaq.


Ziyad SƏMƏDZADƏ,
akademik