MƏQALƏLƏR

Azərbaycan Ağsaqqallar Şurasının Ümumi yığıncağı keçirilib və Bəyanat qəbul edilib

  • 27.12.2023

25 dekabr tarixində Azərbaycan Kooperasiya Universitetinin iclas zalında Azərbaycan Ağsaqqallar Şurasının Ümumi yığıncağı keçirilib.
Ümumi yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, müavinlər – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, Ağalar Vəliyev, professor Vahid Novruzov, Tahir Süleymanov, İdarə heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, professor Kamran İmanov, akademik Abel Məhərrəmov, professor Misir Mərdanov, professor Şəmsəddin Hacıyev, professor İbrahim Quliyev, Vahid Quliyev, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, o cümlədən Şuranın 77 şəhər və rayon təşkilatından olan nümayəndə heyətləri, ölkəmizin tanınmış alimləri, ziyalıları və gənclər iştirak ediblər.
Ümumi yığıncaq Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman şəhidlərimizin və ötən dövr ərzində vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 illlik uğurlu fəaliyyətindən və misilsiz xidmətlərindən bəhs edən videoçarxın nümayişindən sonra Ümumi yığıncaq öz işinə başlayıb. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev giriş nitqi ilə çıxış edərək qonaqları salamlayıb. O, öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının 2023-cü ildəki fəaliyyətindən ətraflı danışaraq bildirib ki, cari il ərzində təşkilat ölkəmizdəki ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə xalqımızın milli mənafeyinə xidmət göstərib. Qarşıya qoyulan əsas məqsəd ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etmək, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində ağsaqqalların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğini geniş şəkildə həyata keçirmək olub. Əlavə edib ki, Azərbaycan Ağsaqqallar Şurasının 2023-cü ildəki fəaliyyətinin yekunlarına dair hesabatı geniş şəkildə kitabça formasında çap olunaraq tədbir iştirakçılarına paylanılıb.
Sonra Ümumi yığıncaqda Azərbay­can Ağsaqqallar Şurasının Nəzarət-­təftiş komissiyasının hesabatı dinlənilib.
Ümumi yığıncağın sonunda Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatı qəbul olunub və Bəyanat Şuranın sədr müavini, millət vəkili, professor Eldar İbrahimov tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırılıb.