Nurlan Nəsibli, UNEC-in tələbəsi: MÜHASİBAT UÇOTUNUN ÜMUMİ PRİNSİPLƏRİ
Maliyyə hesabatı bütün dünyada bir çox şirkətlər tərəfindən tərtib edilərək, kənar istifadəçilərə təqdim edilir. Maliyyə hesabatı ilk baxışdan eyni görünsə də, onların arasında, ehtimal ki, sosial, iqtisadi və hüquqi fərqlərdən irəli gələn müxtəliflik mövcuddur.
Bundan başqa, müxtəlif ölkələrdə milli standartlar müəyyən edilərkən maliyyə hesabatının müxtəlif istifadəçiləri nəzərdə tutulur. Bu müxtəliflik ona gətirib çıxarır ki, maliyyə hesabatının əsas elementləri, məsələn, aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər müxtəlif ölkələrdə müxtəlif cür anlaşılır.
Maliyyə hesabatının Beynəlxalq Standartlar üzrə Komitəsi maliyyə hesabatı ilə bağlı olan mühasibat uçotu qaydalarının, standartlarının və proseduralarının bir-birinə uyğunlaşdırılması yolu ilə bu fərqlərin aradan qaldırılmasına çalışır.
Maliyyə hesabatının istifadəçilərinə mövcud olan və potensial investorlar, işçilər, borc verənlər, mal satanlar və sair ticarət tərəf-müqabilləri, alıcılar, dövlət orqanları və ictimaiyyət aid edilə bilər. Bu istifadəçilər müəssisələrin maliyyə hesabatından özlərinin müxtəlif informasiya tələbatlarını ödəmək üçün istifadə edirlər.
Maliyyə hesabatının məqsədi müəssisənin maliyyə vəziyyəti, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri və müəssisənin maliyyə vəziyyətindəki dəyişikliklər barədə informasiya verməkdir. Bu informasiya bir çox istifadəçilərə iqtisadi qərarlar qəbul etmək üçün lazımdır. Bu məqsədlər üçün hazırlanmış maliyyə hesabatı əksər istifadəçilərin ümumi tələbatını ödəyir. Lakin maliyyə hesabatı iqtisadi qərarlar qəbul edən istifadəçilərin bütün tələbatını tam şəkildə ödəmək iqtidarında deyildir, çünki o, əsasən keçmiş dövrlərin maliyyə nəticələrini əks etdirir və onda qeyri-maliyyə informasiyası demək olar ki, yoxdur.
Maliyyə hesabatı, həmçinin, müəssisə rəhbərliyinin fəaliyyətinin nəticələrini və yaxud etibar edilmiş ehtiyatlara görə müəssisə rəhbərinin məsuliyyətini xarakterizə edir. Müəssisə rəhbərliyinin fəaliyyətini və ya məsuliyyətini qiymətləndirmək istəyən istifadəçilər bunu iqtisadi qərarlar qəbul etmək üçün edirlər.
Qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün maliyyə hesabatı hesablama metodu əsasında tərtib edilir. Bu metoda müvafiq olaraq baş vermiş əməliyyatların və digər hadisələrin nəticələri pul vəsaitlərinin ödənilməsi və ya daxil olması zamanı deyil, həmin əməliyyatların və ya hadisələrin baş vermə faktı üzrə tanınır. Maliyyə hesabatı tərtib edilərkən belə bir fərziyyə əsas götürülür ki, müəssisə fəaliyyət göstərir və gələcəkdə də fəaliyyət göstərəcək. Beləliklə, fərz edilir ki, müəssisə ləğv edilmir və ləğv edilmək və ya öz fəaliyyətini əhəmiyyətli dərəcədə ixtisar etmək fikrində deyildir. Əgər müəssisənin ləğv edilmək və ya öz fəaliyyətini əhəmiyyətli dərəcədə ixtisar etmək planı varsa, onda maliyyə hesabatı başqa əsasda tərtib edilməli və tətbiq edilən əsaslar açıqlanmalıdır.
Maliyyə hesabatını istifadəçilər üçün faydalı edən atributlar maliyyə hesabatının keyfiyyət göstəriciləridir. Bunlara aşğıdakılar aid edilir:
Aydınlıq. Maliyyə hesabatının əsas keyfiyyəti onun geniş istifadəçi kütləsi üçün aydın, başa düşülən olmasıdır. Eyni zamanda, fərz edilir ki, bu informasiyanı qavramaq üçün istifadəçilər işgüzar və iqtisadi fəaliyyət, mühasibat uçotu sahəsində kifayət qədər biliyə və bu hesabatı lazımi diqqətlə öyrənmək arzusuna malikdirlər. Lakin mürəkkəb məsələlər üzrə informasiya istifadəçilər üçün qavranılması nə qədər çətin olsa da, iqtisadi qərarlar qəbul etmək üçün vacibdirsə, hesabata daxil edilməlidir.
Lazımlıq. Qərar qəbul edən istifadəçiyə təqdim olunan informasiya ona lazım olmalıdır. İnformasiya о zaman lazımlı olur ki, həmin informasiya keçmiş, indiki və gələcəkdə baş verə biləcək hadisələri düzgün qiymətləndirməkdə istifadəçiyə kömək etsin, onların əvvəlki qiymətləndirmələrini təsdiq etsin və ya bunu düzəltsin və son nəticədə istifadəçinin qəbul edəcəyi qərara təsir göstərə bilsin.
Keçmiş dövrlərdəki maliyyə vəziyyəti və təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri haqqında informasiya bir çox hallarda gələcək maliyyə vəziyyətini və təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrini proqnozlaşdırmaq və istifadəçiləri bilavasitə maraqlandıran digər aspektlər üçün istifadə edilir. Belə aspektlərə dividendlərin və əməkhaqqının ödənilməsi, müəssisənin buraxdığı qiymətli kağızların dəyərinin dəyişməsi və müəssisənin öz öhdəliklərini vaxtında yerinə yetirə bilmək qabiliyyəti aiddir.
Əhəmiyyətlilik. İnformasiyanın lazımlığına onun xarakteri və əhəmiyyəti mühüm təsir göstərir. İnformasiya о zaman əhəmiyyətli hesab edilir ki, onun olmaması və ya təhrif edilməsi istifadəçilərin maliyyə hesabatı əsasında qəbul etdikləri qərara təsir göstərə bilsin.
Etibarlılıq. Yalnız etibarlı informasiya istifadəçilər üçün faydalı ola bilər. İnformasiya о zaman etibarlı hesab edilir ki, onda əhəmiyyətli səhv və təhriflər yoxdur və istifadəçilər bu informasiyaya əsaslana bilərlər. Başqa sözlə desək, informasiyanın etibarlılığı onun düzgünlüyünü əks etdirir.
Maliyyənin formadan üstünlüyü. İnformasiya həyata keçirilmiş əməliyyatları və baş vermiş digər hadisələri düzgün əks etdirməlidir. Bunun üçün isə həmin əməliyyat və hadisələr hüquqi forması nöqteyi-nəzərindən deyil, onların mahiyyəti və iqtisadi reallığı əsas götürülməklə əks etdirilməlidir. Başqa sözlə desək, məsələnin formal tərəfi deyil, iqtisadi mahiyyəti əsas götürülməlidir.
Təcrübədən məlumdur ki, həyata keçirilmiş əməliyyatların iqtisadi mahiyyəti heç də həmişə onların hüquqi formasına cavab vermir. Məsələn, müəssisə öz aktivini digər müəssisəyə elə satır ki, sənədlərə əsasən bu, mülkiyyət hüququnun hüquqi baxımdan digər müəssisəyə təqdim edilməsi kimi qiymətləndirilə bilər, amma eyni zamanda müəssisələr arasında bu aktivdən irəli gələn iqtisadi faydanın satıcı müəssisədə saxlanılmasını təmin edən razılaşma da mövcud ola bilər. Bu halda satış faktı həyata keçirilmiş əməliyyatın iqtisadi mahiyyətini düzgün əks etdirməyəcəkdir.
Neytrallıq. Etibarlı olması üçün maliyyə hesabatındakı informasiya neytral olmalıdır, yəni heç bir kənar təsirə məruz qalmadan tərtib edilməlidir.
Ehtiyatlılıq. Maliyyə hesabatını tərtib edən şəxslər bir çox hadisələri və şəraiti əhatə edən qeyri-müəyyənliklərlə, məsələn ümidsiz borcların alınması, maşın və avadanlıqların ehtimal olunan xidmət müddəti, qarantiya təmiri ilə bağlı gözlənilə bilən xərclər və s. ilə qarşılaşmalı olurlar. Belə qeyri-müəyyənliklər onların xarakterinin və dərəcəsinin açıqlanması yolu ilə və maliyyə hesabatının hazırlanması zamanı ehtiyatlılığı gözləməklə tanınır. Ehtiyatlılıq dedikdə qeyri-müəyyənlik şəraitində hesablaşmalar apararkən qarşıya çıxan ehtimallara müəyyən qədər elə ehtiyatla yanaşmaq başa düşülür ki, aktivlər və gəlirlər əsassız olaraq artırılmasın, öhdəliklər və xərclər isə azaldılmasın. Lakin ehtiyatlılıq prinsipinin gözlənilməsi heç də, məsələn, gızli və ya həddindən artıq ehtiyatlar yaradılmasına, şüurlu surətdə aktivləri və gəlirləri azaltmağa və ya öhdəlikləri və xərcləri artırmağa yol vermir. Çünki bu halda maliyyə hesabatı neytral olmaz və buna müvafiq olaraq etibarlılıq keyfiyyətini itirər.
Tamlıq. Etibarlı olması üçün maliyyə hesabatındakı informasiya onun əhəmiyyəti və çəkilmiş xərclər nəzərə alınmaqla tam olmalıdır. Hər hansı bir informasiyanın maliyyə hesabatında əks etdirilməməsi maliyyə hesabatının təhrif edilməsinə və müvafiq olaraq onun etibarlığının lazımlığının aşağı düşməsinə gətirib çıxarar.
Müqayisəlik. İstifadəçilər müəssisənin maliyyə göstəricilərini müxtəlif hesabat dövrləri üzrə və bir müəssisənin göstəricilərini digər analoji fəaliyyətlə məşğul olan müəssisələrin göstəriciləri ilə müqayisə etmək imkanına malik olmalıdırlar. Bu, istifadəçilərə müəssisənin maliyyə vəziyyətindəki inkişaf meyillərini aydınlaşdırmağa və onların maliyyə vəziyyətinin digər müəssisələrə nisbətdə təhlil etməyə imkan verir. Beləliklə, maliyyə göstəricilərinin ölçülməsi və hesabatda əks etdirilməsi həm eyni bir müəssisədə onun bütün fəaliyyət dövrü ərzində, həm də analoji fəaliyyətlə məşğul olan müəssisələrlə müqayisədə eyni metodologiya üzrə aparılmalıdır.
Hesabatın vaxtında təqdim olunması. İnformasiyanın vaxtında təqdim olunmaması onun lazımlığının itirilməsinə gətirib çıxara bilər. Bu zaman müəssisə rəhbərliyi informasiyanın vaxtında təqdim edilməsi ilə təqdim olunan informasiyanın etibarlığının təmin edilməsi arasında tarazlığa nail olmalıdır. Bəzən belə olur ki, informasiyanın vaxtında təqdim edilməməsini təmin etmək istəyi həyata keçirilmiş əməliyyatların və baş vermiş hadisələrin bütün təfərrüatlarını aydınlaşdırmağa imkan vermir və bu da təqdim olunmuş informasiyanın etibarlılığını aşağı salır. Digər tərəfdən, həyata keçirilmiş əməliyyatların və baş vermiş hadisələrin bütün təfərrüatlarını aydınlaşdırmaq istəyi informasiyanın təqdim olunmasının gecikməsinə səbəb ola bilər ki, bu da həmin informasiyanın lazımlığının aşağı düşməsinə gətirib çıxarar. Bu iki keyfiyyət xarakteristikası arasında düzgün tarazlığın müəyyən edilməsi zamanı konkret istifadəçilərin tələbatını əldə rəhbər tutmaq lazımdır.
Fayda və xərclər arasında tarazlıq. İnformasiyanın faydası ilə həmin informasiyanın tərtib edilməsinə çəkilmiş xərclər arasında tarazlıq informasiyanın keyfiyyət xarakteristikasından daha çox prinsipial məhdudiyyətdir. Təbii ki, informasiyanın faydası həmin informasiyanın tərtib edilməsinə çəkilmiş xərclərdən artıq olmalıdır.
Keyfiyyət xarakteristikaları arasında tarazlıq. Təcrübədə çox zaman keyfiyyət informasiyanın xarakteristikaları arasında müəyyən tarazlığa və ya kompromisə nail olmaq lazım gəlir. Məqsəd keyfiyyət xarakteristikaları arasında elə bir tarazlığa nail olmaqdır ki, son nəticədə maliyyə hesabatının qarşısına qoyulmuş əsas məqsədə çatılsın.
Dürüst və obyektiv təsəvvür yaradılması. Maliyyə hesabatı müəssisənin maliyyə vəziyyəti, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri və müəssisənin maliyyə vəziyyətində baş vermiş dəyişikliklər barədə dürüst, obyektiv və qərəzsiz təsəvvür yaratmalıdır. Təcrübə göstərir ki, yuxarıda sadalanan keyfiyyət göstəricilərinin və müvafiq mühasibat standartlarının tətbiqi müəssisənin maliyyə vəziyyəti, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri və müəssisənin maliyyə vəziyyətində baş vermiş dəyişikliklər barədə dürüst, obyektiv və qərəzsiz informasiya hazırlayıb təqdim etməyə imkan verir.
Maliyyə hesabatı həyata keçirilmiş əməliyyatların və baş vermiş hadisələrin iqtisadi xarakteristikalarını nəzərə alaraq, onları geniş kateqoriyalarda birləşdirir və müəssisənin maliyə vəziyyəti barədə informasiya verir. Bu geniş kateqoriyalar maliyyə hesabatının elementləri adlandırılır. Balansda maliyyə vəziyyətinin ölçülməsi ilə bilavasitə bağlı olan elementlərə müəssisənin aktivləri, öhdəlikləri və kapitalı aiddir. Mənfəət və gəlir hesabatında müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin ölçülməsi ilə bilavasitə bağlı olan elementlərə gəlir və xərclər aiddir.
Aktivlər keçmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində müəssisənin nəzarət etdiyi və müəssisənin fayda gözlədiyi ehtiyatlardır.
Öhdəliklər müəssisənin cari borclarıdır ki, onlar keçmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində yaranmışdır və nizamlanması müəssisəyə iqtisadi fayda gətirə biləcək ehtiyatların müəssisədən getməsi ilə nəticələnəcəkdir.
Kapital müəssisənin aktivlərindən onun öhdəliklərini çıxdıqdan sonra yerdə qalan hissədir.
Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin səmərəlilik nəticəsi kimi çox zaman mənfəət göstəricisindən istifadə olunur. Mənfəətin ölçülməsi ilə bilavasitə bağlı olan elementlər gəlir və xərclərdir. Gəlir və xərclərin və buna uyğun olaraq mənfəətin tanınması və ölçülməsi çox zaman müəssisə tərəfindən maliyyə hesabatı tərtib edilərkən tətbiq olunan kapitalın uçotu konsepsiyasından asılıdır.
Gəlir hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması şəklində iqtisadi faydanın artması və ya öhdəliklərin azalmasıdır ki, bu da son nəticədə müəssisənin kapitalının artmasına gətirib çıxarır.
Xərc hesabat dövrü ərzində aktivlərin xaric olması və ya azalması şəklində iqtisadi faydanın azalması və ya öhdəliklərin artmasıdır ki, bu da son nəticədə müəssisənin kapitalının azalmasma gətirib çıxarır.
Nurlan Nəsibli,
Azərbaycan Dövlət İqtisad
Universitetinin Mühasibat uçotu
fakültəsinin tələbəsi