MƏQALƏLƏR

Bəhruz Əliyev, tədqiqatçı: İnformasiya texnologiyalarında görünməyən əlaqələr

  • 30.12.2023

Axşam oğlum (6 yaş) yanıma gəlib məndən soruşur:
Ata, olar sənə sual verim?
Təbii ki olar, soruş...
Necə olur ki, əlimizdəki telefonlar bir-birinə nə iləsə bağlanmır, amma biz danışa bilirik? (məftil və ya tel kimi əlaqə vasitəsini nəzərdə tutur).
Çox yaxşı və düşünülmüş sualdır, Xəqani, amma öncə de görüm, sən nə düşünürsən, sənin təsəvvürün nədir?
Məncə, bizim görmədiyimiz tellər var və onlar bir-birlərinə bağlanırlar, biz də danışırıq.
Afərin, oğlum, əslində, bu, səhv cavab deyil.
Sənin o çox sevdiyin teleqüllə yadındadır?
Bəli.
Bax, onun kimi şəhərin müxtəlif yerlərində, hündürdə dayanan antenalar var, onun vasitəsilə telefonlar bir-birilə əlaqə saxlayır. Bir növ telefonlar bir-birini tapır. Amma bu, işin ən sadə formasıdır, sənə yenə izah edirəm. Bir az böyüyəndən sonra, sən hərfləri, rəqəmləri və hesablamağı, oxumağı öyrəndikdən sonra belə mövzular barədə daha çox danışa biləcəyik. Amma sən həmişə çəkinmədən suallarını ver, həmişə!
Yaxşı, ata. Bu gün anam ilə 2 səhifə hesablama etmişəm.
Bu maraqlı dialoq bir çox məsələyə işıq tuta bilər. Həqiqətən, bu dalğaların mahiyyəti nədir və necə işləyir? Bu məsələni dərin elmi açıqlamalara varmadan hər oxucuya maraqlı ola biləcək formada, daha əvvəlki qeydlərimdən də istifadə edərək, bir qədər izah etməyin sizlər üçün də maraqlı olacağı qənaətindəyəm.
«Kainatın sirrini tapmaq istəyirsinizsə, enerji, tezlik və titrəmə (vibrasiya) dili ilə düşünün», - Nikola Tesla deyib. Bənzər digər yanaşmanı Albert Eynşteyn söyləyib: - «Maddə dediyimiz şey, titrəmələri hisslərimizin hiss edə biləcəyi səviyyəyə enmiş enerjidir. Heç bir maddə yoxdur».Tarixə iz qoymuş alimlərin dediyi sözlər bir qədər düşündürücüdür. Ətrafımızda hiss etmədiyimiz və görmədiyimiz radiodalğalar var. Bu radiodalğalar 30 Hz-300 GHz arasında bütün dünyada özünü göstərir. Təbiətdə idarə edə bilmədiyimiz radiodalğalar da mövcuddur. Məsələn: şimşək, kosmosdan gələn radiodalğalar və s. İnsanlıq isə bu radiodalğaları 1867-ci ildə kəşf edib, öz xeyrinə istifadə etməyə başlayıb.
«Ceyms Maksvelin elektromaqnit nəzəriyyəsini sübuta yetirən Henrix Hersin (Heinrich Hertz) şərəfinə periodik tezliyin ölçülməsi vahidi Hers (Hertz) olaraq adlanırdı. Hers 1 saniyədə yerinə yetirilən əməliyyatların sayıdır. Görünən və görünməyən bütün dalğaların tezliyi Hers ilə ölçülür. Belə bir misalla məsələni daha aydın göstərmək olar: Evimizdəki işıq lampasının, önümüzdəki kompüter monitorunun daim işıqlandığını düşünsək də, əslində texniki olaraq belə deyil.
Xüsusi hallar mövcud olsa da, bəzi mənbələr insan gözünun əsasən 50-60 Hz-dən yuxarı tezliyi fərq etmədiyini yazır. Mənası budur ki, insan gözü saniyədə 60-dan çox təzələnən görüntünü eyni formada görür. Misal kimi sərinkeşin pərləri sürətli fırlandığında onu bir parça kimi görür və ya qarşımızdakı kompüterin monitoru 120 Hz-lik monitor olarsa, yəni ekran saniyədə 120 dəfə özünü təzələyərsə, gözümüzün 50-60 Hz limitini keçdiyi üçün, biz yenilənmənin fərqinə varmırıq və monitordakı görüntünü stabil vəziyyətdəymiş kimi qəbul edirik. Analoji əşyaları da eyni formada fikirləşmək mümkündür.
Gözlə gördüyümüz işıq dalğalarının məntiqindən çıxış edərək, görmədiyimiz dalğalara nəzər salmaq olar.
Görünməyən dalğalara misal kimi hamı­ya bəlli olan dalğa növləri Wi-Fi və GSM-i (mobil telefonların işlətdiyi sistem) misal çəkmək istərdim. Əslində, bu dalğalara da görünən işıq dalğalarına baxdığımız kimi baxsaq, bəzi yerlərdə mobil telefonların və Wi-Fi aparatlarının niyə işləmədiyini aydın formada anlaya bilərik. Necə ki, evimizin, ofisimizin içərisində yanan işıq ancaq pəncərədən və şəffaf materiallardan keçə bilir və divardan keçə bilmirsə, Wi-Fi və GSM dalğaları ilə işləyən avadanlıqlar da bir növ divarın digər tərəfində qalırsa və ona gələn dalğaları görmürsə, avtomatik olaraq bizim Wi-Fi və mobil telefonlarımız işləməyəcək. Wi-Fi və GSM dalğaları ilə işləyən avadanlıqlar görünən işıqdan fərqli olaraq, bəzi yüngül materiallardan müəyyən nisbətdə keçə bilsə də, qalın beton və divarlardan çox məhdud formada keçir və ya heç keçmir. Bu səbəblə qalın beton divarları olan obyektlərdə və yeraltı tunellərdə, metrolarda GSM dalğaları işləmir. Telefonların tunellərdə və bənzər yerlərdə şəbəkəsinin itməsi yayımlanan yerüstü GSM antenaları ilə əlaqəsinin kəsildiyi üçündür.
Metro kimi əhəmiyyət kəsb edən yerlərdə mobil telefonların işləməsi üçün yer altına xüsusi GSM antenalar yerləşdirilir ki, mobil telefonların şəbəkəsinin işləməsi ilə bağlı məhdudiyyət olmasın. Əgər belə bir antenna yerləşdirilməyibsə, mobil telefonların şəbəkəsinin işlə­məsi mümkün deyil.
«Wi-Fi (Wireless Fidelity) aparatları əsasən 2.4Ghz, 5.0 Ghz və 6.0 Ghz tezliklərdə işləyən radiodalğalardır. Gələcəkdə bu dalğaların standartlarında və tezliklərində əlavələr də ola bilər. Wi-Fi ilk dəfə Wi-Fi Alliance şirkəti tərəfindən yaradılan lokal simsiz şəbəkə texnologiyasıdır.
Wi-Fi IEEE (Institute of Electrical and Electronics Engineers - Elektrik və Elektronika Mühəndisləri İnstitutu) cəmiyyəti tərəfindən təyin olunmuş 802.11 standartları əsasında işləyir. Wi-Fi «Wireless Fidelity - Simsiz Sədaqət» sözü mənasına gəlsə də, həqiqət başqa cür baş verib. Wi-Fi heç nəyin abbreviaturası sayılmır. Wi-Fi Alliance şirkətinin aparıcı işçilərindən olan Phil Belanger öz açıqlamasında demişdir:
«Wi-Fi tamamilə gülünc bir sözdür. Hər hansı bir abbreviatura deyil. Bunun heç bir mənası yoxdur. Assosiasiyanın qurucu üzvləri olaraq, biz dərnəyimizin loqosu və adı üçün İnterbrand reklam firması ilə razılaşdıq. Nəhayət, bu texnologiya üçün IEEE 802.11b Direct Sequence adından daha cəlbedici ad lazım idi.» Beləliklə, bu reklam firması «Wi-Fi» sözünü ortaya çıxardı».
Hətta son illərdə LED işıqlarla işləyə bilən Lİ-Fİ simsiz texnologiyası da İEEE tərəfindən 802.11bb standartı ilə təsdiqlənib. Yəni, artıq oturduğumuz otağın işığını yandırdığımızda, o işıq vasitəsi ilə internet xidmətlərindən istifadə edə biləcəyik. Təbii ki, bunun üçün mobil telefonlarımızda qəbuledici olmalıdır.
Otaqların beton divarları çox qalındırsa, və ya Wi-Fi aparatı qalın beton divarların arxasına yerləşdirilirsə, digər otaqlarda Wi-Fi dalğaları ya olmayacaq, ya da çox zəif olacaq. Bəzi materiallardan dalğaların keçmə nisbətini təxmini olaraq, aşağıdakı cədvəldəki kimi qeyd etmək olar (cədvəl 1).


Maneə         Siqnalın itməsi (dB)       Təsir məsafəsi
Açıq sahə                0                                100%
Rəngsiz pəncərə     3                                 70%
Rəngli pəncərə      5-8                                50%
Taxta divar              10                                30%
Daxili divar         (15.2 cm)

                              15-20                            15%
Əsas divar         (30.5 cm)

                               20-25                            10%
Beton divar,

tavan, yer               15-25                           10-15%

Aşağıdakı düsturdan istifadə edərək Wi-Fi aparatlarını uyğun yerlərə yerləşdirmək olar. (Açıq sahə) x (Təsir məsafəsi) = (Real məsafə)
Misal: Aldığımız Wi-Fi aparatının siqnal məsafəsi açıq sahədə 400 m olsun. Otağın 1-ci daxili divarından keçdikdə, 400m x 15% = 60m olacağını görürük. Yəni, divarın o biri tərəfində dalğanın məsafəsi 400 m-dən 60 m məsafəyə düşür. İkinci divardan keçdikdə isə 60 m x 15% = 9 m. Üçüncü divardan keçdikdə isə 9 m x 15% = 1.35 m qədər siqnal məsafəsi olacaqdır. Beton divar qalınlığı çoxaldıqca, mobil avadanlıqların həmin dalğaları görmək məhdudiyyəti yaranır. Bu da öz növbəsində istifadəçinin avadanlığında zəif və donmalarla müşahidə edilən internet istifadəsi təminatına çevrilir. Bu cədvəl və düsturdan istifadə edərək, Wi-Fi aparatlarını daha uyğun yerlərdə yerləşdirib daha münasib formada işlətmək mümkündür.