MƏQALƏLƏR

“Qoxulu tüstü”nün sirləri

  • 01.07.2011
 

“Qoxulu tüstü”nün sirləri

İnsan həmişə gözəlliyə can atır, istənilən yaşda cavan və cəlbedici görünməyə çalışır. İnsan cazibədarlığını eleqant paltar, incə bədən quruluşu və gülümsəmək təmin edir. İnsanın xarici görünüşünün son cizgisi ustalıqla seçilmiş ətirdir. Fransız ətirlərini zərif fırça ilə çəkilmiş, çoxsaylı çalarlardan və keçidlərdən ibarət olan rəsm əsəri ilə müqayisə edirlər. Belə "əsər"in dərinliyini anlamaq, dəyər vermək üçün ona ancaq yaxından və uzun müddət baxmaq lazımdır.

Ətrin tarixi

Ətir sözü latınca “qoxulu tüstü” mənasını verən "perfumum" sözündən əmələ gəlmişdir.

Müasir xüsusiyyətlərə malik və məlum  olan ilk ətir 14-cü əsrdə, daha dəqiq desək,  1370-ci ildə hazırlanmışdır və  gözəlliyi ilə məşhur olmuş Macar kraliçasına hədiyyə olunmuşdur. 16-cı əsrdə şüşə istehsalı sənayesinin əmələ gəlməsilə  ялагядар  ətriyyat sahəsinin inkişafı da sürətlənmişdir. O illərdə ətirin ən çox istehsal və istehlak edildiyi ölkə Fransa idi. 17-ci və 18-ci əsrlərdə  ətriyyat sənayesi olduqca inkişaf edir. Xüsusilə, Fransanın Grasse bölgəsi ətriyyat sənayesinin “ürəyi”  olur. 20-ci əsrdə ətirlər möhtəşəm şüşələri ilə bir sənət əsəri halını alır. Ətirlər bədən qoxularını aradan qaldırmaq üçün deyil, şəxsiyyətlərini vurğulamaq üçün istifadə edilməyə başlanır. Beləliklə, ətirlər insanlar tərəfindən geniş istifadə edilən bir məhsul olur.

Ətirin hazırlanmasının  texnoloji prosesi necədir?

Ətir müxtəlif qoxulu maddələrin spirtdə həll edilmiş qarışığından alınır. Əvvəlcədən əldə edilmiş resept üzrə qarışıq hazırlanır. Daha sonra bu qarışıq ən keyfiyyətli spirtlə qarışdırılır. Ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunur. Spirtə az miqdarda su da əlavə olunur. Əldə edilmiş ətir qarışığı bir neçə həftəyə hazır olur. Bundan sonra isə soyudulur və şəffaflığını daim qorumaq üçün süzülür. Son zamanlar ətirlərə müxtəlif rənglər də qatırlar. Əslində isə ətrin rəngi alındığı maddənin təbii çalarından asılı olmalıdır. Bundan başqa, ətirlərə qoxusunu uzun müddət saxlaması üçün də müəyyən maddələr qatılır.

 Ətirin hazırlanması çətin bir texnoloji prosesdir. Bunun texnologiyasının sirri əvvəlcədən əldə edilən ətirli maddələrdir ki, bu da əsl mütəxəssis işidir. Bu qarışığın yaradılması elm deyil, əsl incəsənətdir.

Ətirin yaradılması intuisiya və estetik zövqə əsaslanan bir prosesdir. Düşünülmüş reseptin nəticəsinin dəqiq alınacağına əvvəlcədən əmin olmaq qeyri-ciddi olardı. Ancaq bu, bir faktdır ki, peşəkarlar qabaqcadan ətirin hazır vəziyyətdəki bütün xüsusiyyətlərini tam təsəvvür edə bilirlər. Rəssamlar, bəstəkarlar kimi ətir yaradıcıları - parfümerlər də incəsənət adamlarıdır. Fərq bundadır ki, musiqinin, rəsmin müəllifi ilə hamı maraqlanır, amma ətiri kimin yaratdığı isə çoxlarını düşündürmür. Ancaq ən əsası ətiri yaratmaqdır. Ətir xoş bir qoxuda təsvir olunan yeni ideyadır. Bu ideyaların arasından qəlbimizə yaxın olanı seçməliyik. Amma seçərkən də bəzi nüansları da unutmayaq.

Orijinal ətirin fərqi nədədir?

Bir ətirin spirt tərkibi nə qədər çoxdursa saxlanma müddəti də o qədər uzundur. Saf bir ətirin qoxu konsentrasiyası yüksəkdir, ancaq aşağı spirt nisbətinə sahib qoxuların ən geci altı ay içində istifadə edilməsi lazımdır. “Eau da parfum və eau da toilette” spirt nisbəti sıx qoxular olduğundan üç ilə qədər saxlana bilər.

Onu da bildirək ki, orijinal ətiri saxta ətirdən fərqləndirən başlıca cəhətlərdən biri polietilen qablaşdırmadır. Polietilen qablaşdırma ilə orijinal ətirlər iri bahalı fabriklərdə istehsal olunduğundan qablamanı dəqiq aqreqat hazırlayır. Polietilen  xüsusi “yapışdırıcı” ilə yapıştırılır. Belə ki, orijinalda polietileni dairə, yaxud düzbucaq formasında möhürlənmiş ştamp ilə ayırd etmək olar. Qutusuna görə də fərqləndirmək olar. Orijinal parfümeriya qutuları yüksək keyfiyyətli poliqrafiya ilə seçilirlər, onlarda bütün detallar dəqiqliklə çəkilib. Ən əsas fərq isə qoxusuna, yəni ətrinə görədir. Əsil ətirlər burun ilə deyil, «ruh» ilə hiss olunur. Ətir beyinə daxil olur və ani olaraq emosiya əmələ gətirir. Bu effekti süniləşdirmək olmaz. Qiymət faktorunu da unutmayaq. “Ucuz ətin şorbası olmaz” məsəlinə istinadən deyək ki, əsasən saxta ətirlər çox ucuz və keyfiyyətsiz olur. Orijinal ilə saxta ətir arasında fərq kifayət qədər çoxdur.

Ətir seçərkən diqqətli olaq, saxta mallara aldanmayaq

Belə ki, hazırda satışda ən məşhur brendlərin, Fransanın ən tanınmış ətir markalarına rast gəlirik. Fransız ətirləri adı altında satılan bu ətirlərin qiyməti isə 2 manatdan 10 manat qədər dəyişir. Bəzi mağazalarda isə qramla daha ucuz ətir almaq mümkündür. Bu nəticəyə paytaxtın ətir bazarında keçirdiyimiz müşahidələr zamanı gəldik.

Apardığımız araşdırma zamanı paytaxt ərazisindəki bəzi pərakəndəsatış mağaza-larında, metro keçidlərində “Kenzo”, “Chanel”, “Koko-Chanel”, “Dolche-Gabbana”, “Dupond”, “Versace”, “Dior” kimi   ən məşhur və bahalı olan Fransa ətirlərinin satılmasına da şahid olduq. Maraqlısı odur ki, ilkin baxışdan məşhur ətir brendlərini orijinalından fərqləndirmək o qədər də asan deyil. Ən maraqlısı da odur ki, bu növ mağazada qiymətləri 50-200 manatadək olan orijinal ətirlərin saxtasını 10-50 manata almaq mümkündür.

Onu da qeyd edim ki, orijinal ətirlərin xüsusi ştrix-kodu olur. Məsələn, fransız ətirlərinin kodu 3-lə başlayır. Digər ətir istehsalçılarının ştrix kodları belədir: Almaniya-440, İspaniya-84, İtaliya-80-83, Fransa-30-37, ABŞ, Kanada-00-09. Bu cür kodları olmayan ətirlər isə saxtadır.

Mütəxəssislər bildirirlər ki, keyfiyyətsiz ətirlər insan orqanizmi üçün zərərlidir. Belə ki, saxta ətirlərin cibimizə xeyri dəysə də bu ətirlərdən istifadə dəridə qızartı, şişkinlik və digər dəri xəstəliklərini, hətta dəri xərcəngini də yarada bilər. Çünki onların hazırlanması zamanı metil spirtindən istifadə olunur. Saxta məhsulların hazırlanması zamanı istifadə edilən yağlar da olduqca təhlükəlidir. Onu da bildirək ki, bu yağlar ucuz sabun və ağardıcıların hazırlanması zamanı istifadə edilən yağlardır.

Ətir bazarı

Dünya ətriyyat məhsulları bazarının həcmi 200 milyard dollar  təşkil edir. Bunun təxminən 16 milyard dollarlıq  hissəsini kişilər xərcləyir. Yerdə qalan hissəsini isə qadınlar xərcləyir. Qlobal kosmetika məhsulları bazarının 12 faizi L'oreal şirkətinə məxsusdur. Procter&Gamble, Shiseido, Estee Lauder Group və Avon kimi şirkətlər də dünyanın ən böyük kosmetika məhsulу  вя ətirin  istehsalçılarıdır.

Ölkəmizdə ətriyyat  sənayesində  cəmi iki istehsalçı mövcuddur. Bunlardan biri Zaqatala şəhərində fəaliyyət göstərən «Gülşən» səhmdar cəmiyyətidir. Cəmiyyətdən aldığımız məlumata görə hazırda müəssisədə istehsal çox aşağı səviyyədədir. Qeyd edək ki, “Gülşən” Ətriyyat-Kosmetika fabriki 1979-cu ildə tikilmiş, 1982-ci ildən isə burada 6 növ odekolon, 5 növ ətir, 1 növ losyon istehsal olunmuşdur.

İkinci şirkət isə “Gazelli” şirkətidir. Şirkət təbii bioloji fəal komponentlər əsasında ətriyyat-kosmetik məhsulları buraxılışı ilə məşğul olur.

Günel Zeynalzadə