Azərbaycan tarixinin parlaq səhifəsi: reallıqlar və perspektivlər
Azərbaycan xalqının 2003-cü ildə taleyüklü məsələdə öz düzgün seçimini etməsini, tariximizin yeni mərhələsinin ən mühüm qərarını doğru qəbul etməyi bacarmasını tarix bir daha sübut etdi.
Azərbaycan bu gün sürətli inkişaf dövrünü yaşayır və ümummilli liderin uğurlu və uzaqgörən daxili və xarici siyasəti davam etdirilir. Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının çiçəklənməsinə xidmət edən böyük işlər görülüb, nəhəng infrastruktur layihələri həyata keçirilib, Azərbaycanda infrastrukturun o cümlədən nəqliyyat sisteminin yenidən qurulması ilə ölkəmizin dünyaya çıxışı təmin edilib.
Azərbaycanda son 20 ildə xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açıb və bunun nəticəsidir ki, hazırda ölkəmiz nəinki Cənubi Qafqaz regionu, eləcə də dünyada güclü ölkə kimi bütün sahələrdə öz sözünü deyir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan vətəndaşlarına tarixi müraciətində “mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deməklə əsasını qoyduğu siyasəti davam etdirə biləcək liderin dəqiq ünvanını göstərmişdi. Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, Prezident İlham Əliyev ümummilli liderimizin Azərbaycan xalqı üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı qalib ölkəyə çevirmişdir. Son 20 ildə iqtisadi artım dinamikasına dair rəqəmlər bütün mənzərini aydın göstərir. Əsas makroiqtisadi göstərici olan Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,6 dəfə artmışdır.
Bu, son 20 ildə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir. Ölkə başçısı tərəfindən iqtisadiyyatın şaxələndirilməsi milli iqtisadiyyat qarşısında əsas çağırış olaraq qoyulmuş və bu istiqamətdə görülən işlər nəticəsində ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə artmışdır. Dövlət büdcəsinin xərcləri 30 dəfə artmışdır. 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artmışdır. 2003-cü illə müqayisədə 2023-cü ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 256 manat təşkil etmişdir. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf təmin olunmuşdur. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 mlrd. ABŞ dollarını keçmişdir və hazırda birbaşa xarici borcu 10 dəfə üstələyir. Bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 mlrd. ABŞ dollarından çox olmuşdur ki, onun da 190 mlrd. dolları qeyri-enerji sektoruna yatırılmışdır. Ötən dövrdə qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, innovativ və yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və istehsal sahəsində məşğulluğu artırmaq məqsədilə ölkədə yüzlərlə istehsal və emal müəssisələri, iri sənaye mərkəzləri, parkları və məhəllələri yaradılmışdır. Qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafı ötən dövr ərzində diqqət mərkəzində saxlanılmışdır. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artmışdır. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılmışdır.İnfrastruktur layihələrinin icrası kimi ölkənin ümumi elektrik enerjisi sisteminə daxil olan yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, mövcud yarımstansiyalar yenidən qurulmuş və yeniləri inşa edilmişdir. Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artmışdır.Bu dövrdə orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artmışdır.
Son 20 ildə orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlmişdir.
İqtisadi artımın bərpasında vergi siyasətinin iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi maliyyə dayanıqlığının təmin edilməsində mühüm rolu olmuşdur . Əgər dövlət büdcəsinə vergi daxilolmalarının həcmini 2002-ci illə müqayisə etsək, iqtisadiyyatımızla yanaşı, dövlətimizin maliyyə imkanlarının da nə qədər artdığının şahidi ola bilərik. 2002-ci illə müqayisədə vergi daxilolmalarında artım 23 dəfəyə yaxın, qeyri-neft-qaz sektorundan daxilolmalar isə 23,4 dəfəyədək artıb. Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi nəticəsində bölgələrdən daxilolmalarda son 20 il ərzində 35,8 dəfə artım olub. Vergi daxilolmalarının əhəmiyyətli artımı ölkəmizin maliyyə imkanlarının genişlənməsinə mühüm dəstək olub. Azərbaycan iqtisadiyyatının böyüməsi işgüzar aktivliyin, həmçinin sahibkarların sayının ildən-ilə artması ilə nəticələnib. Əgər 2002-ci ildə ölkədə cəmi 180 minə yaxın sahibkarlıq subyekti mövcud idisə, 2023-cü ildə qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1,4 milyondan çox olmuş, aktiv vergi ödəyicilərinin sayı isə 712 mini ötmüşdür.
Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışaraq, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılmışdır. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilib və uğurla icra edilir.
Mövcud reallıqları təhlil edərək, belə bir nəticəyə gəlirik ki, 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə Azərbaycanın daha da parlaq gələcəyinə səs vermiş oluruq.
Zöhrab Paşayev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
Maliyyə və audit kafedrasının dosenti, i.f.d.