MƏQALƏLƏR

YENİ ƏSRİN YENİ LİDERİ CƏNAB İLHAM ƏLİYEVİN (2003-2023-CÜ İLLƏR) UĞURLU SOSİAL-İQTİSADİ SİYASƏTİ

  • 01.02.2024

Dünya xalqlarını məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri deyil, həm də onların mədəniyyətləri, dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Dünya üzrə nadir şəxsiyyətlərdən sayılan Ulu Öndər Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin banisi olmuşdur. O, təkcə güclü dövlət yaratmaq deyil, bununla yanaşı özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirdi. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyən Ulu Öndər xalqımıza özünün layiqli davamçısını təqdim etdi. Cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti bu fikrin qəti qənaət olduğunu sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyev bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar. Mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə dünya arenasının diqqətini özünə cəlb etmişdir. Milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyaraq, müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır. Prezident İlham Əliyev düşünülmüş islahatları, müdrik qərarları və cəsarətli addımları ilə Azərbaycan xalqınının həyatına yeni ruh, yeni nəfəs gətirib. Azərbaycanın yeni əsrdə yeni lideri olan möhtərəm cənab İlham Əliyevin 2003-2023-cü illər ərzində gördüyü işlər danılmazdır. Tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. Xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi. “Cənab İlham Əliyevin vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili”nə nəzər saldıqda bu illər ərzində onun fəaliyyətinin möhtəşəmliyinin bir daha şahidi oluruq.
2003-cü il 24 noyabr tarixli Fərmanla “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”, 2004-cü ildə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramı qəbul edilmişdir. Bu proqramlar çərçivəsində 100 mlrd. manatdan çox investisiya qoyulmuş, regionlarımız başdan-başa dəyişmişdir.
2006-cı il iyulun 13-də Heydər Əliyevin adını daşıyan nəhəng Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi. Davamlı olaraq “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı.
2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu, gərgin fəaliyyəti və ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yarandı. Bununla da, dünyanın enerji xəritəsində yeni səhifə formalaşmış oldu.
2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlandı.
2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrilərək, irimiqyaslı neft və qaz layihələri həyata keçirildi.
2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi.
2023-cü ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır.
Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, böyük uğurlara imza atacaq.

Kifayət Xudaverdiyeva,
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC)
Maliyə və Audit kafedrasının
dosenti, BMT-nin Zaqafqaziya üzrə sülhməramlı səfiri